Məhkəmə qərarları › İş №2-1(103)-2440/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2440/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2440/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə Laçın ray., Hacılar kəndində anadan olmuş, Bakı şəh., Nizami ray., R.Teymurov küç., Yat., ev 30 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-4195/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 09 fevral 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 12.04.1992-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 706, 810, 850, N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 12.04.1992-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olundugu 17.09.1995-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan 706, 810, 850, N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iddiaçının iştirak etməsi barədə aktdan irəli gələn ehtiyata buraxılması barədə Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 18 fevral 2021-ci il tarixli sərəncamı ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-4195/2021 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. 12.08.2021-ci il tarixdə iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yekun məhkəmə aktının olmasını my.gov.az. elektron portalda qeydiyyatdan keçdikdən sonra bilmiş, bundan sonra məhkəməyə müraciət edərək, qərardadı almışdır.Həmin tarixədək məhkəmə qərardadını və qərardadından çıxarışı poçt və digər vasitəsilə qəbul etməmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçının Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-4195/2021 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməlidir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yekun məhkəmə aktında məhkəmə tərəfindən ona iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edildiyi göstərilsə də, o belə bir təklif qəbul etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəfindən iddiaçının qeydiyyat ünvanına - ünvan 1ştrix kod – SS736280553AZ) köçüb qeydi ilə geri qayıtmışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə göndərilmiş 20 sentyabr 2021-ci il tarixli ərizədə 21.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbini 12.04.1992-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 706, 810, 850, N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 12.04.1992-ci il tarixdən 12.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olundugu 17.09.1995-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan 706, 810, 850, N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iddiaçının iştirak etməsi barədə aktdan irəli gələn ehtiyata buraxılması barədə Arxiv Arayışının verilməsi təşkil edir. İş materiallarında olan cavabdehin yazılı etirazında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair 01 iyul 2020-ci il tarixli arayış tərtib edilərək iddiaçıya təqdim edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan ona iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilməməsi ilə bağlı qeyd edir ki, işin birinci instansiya icraatı materiallarında olan 16 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçı isə izahatında iddia ərizəsində göstərdiyi formada işə baxılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı məhkəmə tərəfindən ona edilmiş iddia tələbinin dəqiqləşdirilməsi təklifi barədə məlumatlı olduğundan, onun apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən müvafiq arayış tərtib edilərək, təqdim edildiyindən iddia tələbinin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-4195/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar