Məhkəmə qərarları › İş №2-1(103)-2440/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2440/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2440/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2481/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hüquqa zidd hərəkətləri nəticəsində məcburiyyət qarşısında qalaraq ailənin dolanışığını təmin etmək üçün götürdüyü kredit nəticəsində ona dəymiş ziyanın iki qat olaraq (yəni iki il ərzində kredit faizlərinin tərəfindən ödənilməsi nəticəsində) 326.32 x 2= 652.64 AZN (altı yüz əlli iki manat altmış dörd qəpik) və mənəvi zərərin (o və onun ailə üzvlərinin keçirdiyi istirabın əvəzi olaraq) 5000 AZN (beş min) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rəhbərliyinin hüquqa zidd hərəkətləri nəticəsində (əməkdaşları və ya digər məsul vəzifəli şəxslərindən reqres üsulu ilə əmək məvacibindən yolu ilə) dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq müddət ərzində həqiqi hərbi xidmət etmişdir. Xidmət dövrü ərzində xidməti vəzifələrinin icrası zaman baş vermiş silahlı atışma nəticəsində ağır yaralandıqdan bir qədər sonra səhəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına polkovnik - leytenant hərbi rütbəsində buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixində keçirilmiş müayinəyə əsasən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil olduğu (sol bud çanaq oynağının dəli-kəçən yaralanması (27.04.02) bud sümüyünün boyun və burmalar nahiyəsinin dağılmış sınıqlan,bud arteriyası və venası sahələrinin zədələnməsinə görə keçirilmiş c/dan s/v.Sol bud çanaq oynağının koksartrozu İİİ mər.,kontrakturası.Şəkərli diabet İİ dər,yüngül forma. Əlilliyin müəyyən olunması meyarı: İkinci dərəcə əlillik => Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqları.:) müəyyən edilmişdir.xx.xx.2011-ci il tarixindən 2-ci qrup əlil kimi və daha 2ci qrupdan 3-cü qrup əlillik təyin edildikdən sonra xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası alır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyasının ödənişini tam olaraq dayandırmış və bu qanunsuz hərəkətini xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci ilədək tarixə qədər ona artıq ödəniş edilməsi ilə əsaslandırmışdır. 2021-ci il tarixilərində Mərkəzi Filialının rəhbərliyinə şifahi və ya yazılı müraciət etməyinə baxmayaraq bütün müraciətləri diqqətsiz qalmışdır, inzibati orqan olan Mərkəzi Filialın rəhbərliyi onu dinlənmə hüququndan məhrum edərək, onu dinləmək istəməmişdir .Qeyd etdiyi fakt ilə əlaqədar xx.xx.2022-ci il tarixində etdiyi sonuncu müraciətindən sonra Fondun idarə heyyətinin göstərişinə əsasən onun üçün ciddi əhəmiyyət kəsb edən məsələyə Mərkəzi Filialın rəhbərliyi tərəfindən diqqət yetirilmiş və ünvanına xx.xx.2022-ci il tarili, **********1 №-li cavab məktubu daxil olmuşdur. Məktubda 8 avqust 2011-ci il tarixində ona ödənilən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək üçün Mərkəzi Filiala müraciət etməli olduğu bildirilmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda ona 8 avqust 2011-ci il tarixindən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilmişdir. Nəticədə xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 118472,31 manat pensiya məbləği ödənilməli olduğu halda, 134145,30 manat (104588,51 manatı müvafiq kart hesabınıza köçürülmüş, 29556,79 manat isə aliment olaraq ödənilmişdir) manat ödənilib. Bununla əlaqədar həmin dövr üzrə ona 15672,99 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 3687,72 manat pensiya məbləği hesablanmışdır. Ona artq ödənilən 15672,99 manat pul vəsaitindən ona ödənilməli olan 3687,72 manat pensiya məbləği çıxılmış, qalan 11985,27 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir. Lakin sözügedən cavab məktubu ünvanına daxil olmadan öncə o artıq xx.xx.2022-ci il tarixində Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixli, 2-1(112)- 5805/22 №-li iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyanın tam şəkildə, birdəfəlik şəkildə ödənilməsi haqqında öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə pensiyası hesablanaraq ödənilməsi tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli qərarı ilə təmin edilmişdir. Cavabdeh inzibati orqan, Mərkəzi Filial tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-5805/2022 nömrəli qərarında apellyasiya şikayəti verilmiş və şikayət təmin edilmədiyindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı onun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-3177/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2- 1(103)-3177/2022 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli Qərarndan görünür ki, sözügedən mübahisə ilə əlaqədar diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı cavabdeh inzibati orqan fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 4 may 2011-ci il tarixli 000245 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 16 aprel 2011- ci il tarixindən Mərkəzi Filial tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 25 il 6 ay 28 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar təxris olunmaqla) əmək pensiyası təyin edilmişdir. İddiaçı maddi ziyanın cavabdehin hansı hərəkətləri nəticəsində dəydiyi, bu ziyanın real zərər, yaxud əldən çıxmış fayda olaraq irəli sürdüyünü əsaslandırmamış, ümumiyyətlə maddi ziyan vurulmasını təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olan halda zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İnzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2481/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, qərarda məhkəmənin mövqeyi hissəsində ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilmədiyi haqqında qeyd edilənlər əsassızdır. Belə ki, tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar (17.06.21-ci il tarixli, BMP**********65 №-li və 17.08.21-ci il tarixli, BMP**********96 №-li Kredit Müqavilələri) məhkəmə tərəfindən AR İPM-nin 12-ci maddəsinin tələblərinə əsasən ətraflı araşdırılmamış (Əgər aparmışdırsa bu barədə nə qərarda nə də ki, şifahi olaraq iddiaçıya fikir söyləməmiş, təqdim olunan sənədlər kifayət etmirdisə, hansısa digər sənədin təqdim edilməsini və ya iddiaçının bu barədə fikirlərin söyləmək hüququndan onun istifadə etməsini təmin etməmişdir) və götürülmə səbəblərini nəzərə alınmamışdır. Cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərə zidd olan bir şəkildə hərəkət etməsi yəni öz mülahizələrinə əsasən artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləği kimi qələmə verilən məbləği əmək pensiyaçısının razılığı və əmək pensiyasını təyin edən orqanın qərarı olmadan, əmək pensiyaçısının razılığı olmadıqda isə məhkəmə qaydasında tutulmadığı BİM-nin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli Qərarnın 6-cı səhifəsində öz əksini tapmışdır. Belə ki, BİM-nin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli Qərarının 6cı səhifəsində qeyd edilənləri oxuduqda məlum olur ki, BİM-də “aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə baqlı inzibati aktı ləqv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir”. BİM-nin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli Qərarının 7ci səhifəsində Məhkəmə “Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılmasının aparıla biləcəyini qeyd edərək pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olduğunu vurğulayır. BİM-nin xx.xx.2022-ci il tarixli 2-1 (112J-5805/2022 nömrəli Qərarında Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Qeyd edilənlər ilə yanaşı bildirmək istəyir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci (Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması) maddəsinin ikinci cümləsində təsbit edilənlərə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə icraatı zaman xx.xx.2023-cü il tarixində (elektron məhkəmə sistemində sənədlər sıra sayı 33) iddiaçı məhkəməyə müvafiq ərizə ilə müraciət edərək cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş bəzi sənədlərə məhkəmənin diqqətini cəlb etmiş və onların saxtalaşdırılması haqqında şübhələrin olduğunu bildirmişdir. Lakin məhkəmə iclas zamanı həmin sənədlərə diqqət yetirməmiş və xx.xx.2024- cü il tarixli, e-2-1(112)-2481/2024 nömrəli Qərarda heç bir fikir söyləməmişdir. Qeyd edilən bu faktiki hal məhkəmənin işinə müdaxilədən (ona məlum olmayan səbəblərdən) və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə rəğmən hakimin müstəqilliyinin təmin olunmaması haqqında şübhələrin yaranmasına səbəb olur. Ümumiyyətlə xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2481/2024 nömrəli Qərarı oxuduqda belə bir təəssürat yaranır ki, məhkəmə tərəfindən təqdim olunmuş sübutları qətiyyən nəzərdən belə keçirməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərin saxtalaşdırılmasına dair şübhələrinin olduğunu söylədiyinə və cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinin pozulması nəticəsində (Yəni cavabdehin qanuna zidd hərəkətləri nəticəsində) ona və ailə üzvlərinə ən azından kredit götürmək məcburiyyəti qarşısında qaldığına dair sübutları təqdim etməsinə rəğmən məhkəmə iddianı təmin etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2021-ci ilin iyun, iyul və avqust aylarında ödənilməyən əmək pensiyasının hesablanıb tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5805/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunması, İddiaçı xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə 3687,72 manat ödənilməyən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3177/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 715/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)3177/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5805/2022 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmənin 2-1(112)-5805/2022 nömərli xx.xx.2022-ci il tarixli qərarı icra edilməsi üçün Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 3-17-1/2-188100/2023 saylı xx.xx.2023-cü il məktubda 08 iyun 2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli qərarının icrası məqsədilə tərəflərindən İddiaçıa xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 3687,72 manat pul vəsaitinin xx.xx.2023-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində hər ay 1229,24 manat olmaqla hissə-hissə onun müvafiq kart hesabına köçürülərək sözügedən məhkəmə qərarının icrasının başa çatdırılacağı bildirilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5805/2022 nömrəli qərarına əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 3687,72 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd olunan məbləğin xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabına köçürlməsi nəzərdə tutulmuşdur. Kollegiya iddia tələbinin maddi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi ziyan vurulduğunu sübut edə bilməmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından da göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmır. Məhkəmə kollegiyası iddia tələbini və apellyasiya şikayətinin dəlillərini cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı mənəvi zərərin əvəzini tələb etmək hüququna malik olmur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2481/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2481/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar