Məhkəmə qərarları › İş №2-1(103)-2440/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2440/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2440/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinin 2-ci abzasında qeyd olunanları nəzərə alaraq, iddiaçıya veteran adının və Prezident təqaüdünün (80 manat) verilməsi ilə bağlı Müdafiə Nazirliyinə qarşı olan iddianın təmin olunmasında köməklik göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı aprel 2015-ci il tarixindən oktyabr 2016-cı il tarixinədək N №-li hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Goranboy rayonu Tapqaraqoyunlu və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarının iştirakçısıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı olduğu üçün “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsinin 2-ci abzasında qeyd olunanları əsas tutaraq (Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir.), ona veteran statusunun və Prezident teqaüdünün (80 manat) verilməsinə köməklik göstərmələri ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məktubla müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»ni yazılı olaraq ona göndərmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-826/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldırmışdır. İddia ərizəsində qeyd edir ki, aprel 2015-ci il tarixindən oktyabr 2016-cı il tarixinədək N №-li hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdə olduğu zaman xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Goranboy rayonu Tapqaraqoyunlu və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarının iştirakçısıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı olduğu üçün “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsinin 2-ci abzasında qeyd olunanları əsas tutaraq (Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir.), ona veteran statusunun və Prezident təqaüdünün (80 manat) verilməsi barədə qərarın çıxarılması üçün köməklik göstərmələrini xahiş etmişdir. Məhkəməyə müraciət etməmişdən öncə məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»ni yazılı olaraq ona göndərmişlər. Məhkəmə prosesi zamanı qarşı tərəfin və məhkəmənin nəzərinə çatdırmışdır ki, «Veteranlıq haqqında» qanun iyerarxik olaraq, Müdafiə Nazirliyinin cavab məktubunda əsas tutduğu əsasnamədən daha üstündür. Normativ hüquqi aktlar haqqında qanuna əsasən əgər qanunla əsasnamə və ondan daha aşağı normalar arasında ziddiyyət yaranarsa, qanun tətbiq olunur. Cavabdeh tərəf Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilən əsasnaməni əsas tutaraq qeyd edir ki, 12 may 1994-cü il tarixindən sonra bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatlarında xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsi verilir və iddiaçının döyüş əməliyyatlarında iştirakı nəticəsində xəsarət almasına dair hər hansı məlumat, sənəd mövcud deyildir. Halbuki, əsasnamədə “döyüş əməliyyatlarında iştirak edən" söz birləşməsi ilə “həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara" fikri sadalanaraq «və» bağlayıcısı ilə bağlanıb. Azərbaycan dilinin qrammatik qaydalarına əsasən vergül, eləcə də «və» bağlayıcısı ilə sadalanan həmcins üzvlərin hər biri ayrılıqda cümlənin xəbəri ilə qrammatik baxımdan əlaqəli olduğu kimi, məna baxımından da sıx bağlıdır. Daha aydın olsun deyə cümlənin xəbərinin həmcins üzvlərin hər birinə aid edilməsini əyani göstərək: "... döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara və həmin döyüş əməliyyatlarında xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsi verilir” mənası bu cümlədə çox aşkar şəkildə ifadə olunmuşdur. Əks təqdirdə bu fikir feili bağlama ilə verilməli idi, yəni "... döyüş əməliyyatlarında iştirak edərkən həmin döyüş əməliyyatlarında xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsi verilir” şəklində olmalı idi. Yalnız belə olan təqdirdə məhkəmənin iddiası doğru ola bilərdi. Məhkəmə isə əsasnamədə ifadə olunan fikrin yalnız ikincisini əsas tutmuşdur, yəni “döyüş əməliyyatlarında iştirakı nəticəsində xəsarət alan” fikri əsas tutulmuşdur ki, bunu yanlış hesab edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli (03 noyabr 2016-cı il tarixli 438 nömrəli Qərar) Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq 12 may 1994-cü il tarixdən sonra “Müharibə Veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı hərbi hissədə xidmət etməsinə dair hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində heç bir qeydiyyat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı hərbi hissədə 01xx.xx.2016-cı il tarixlərdə Talış kəndi istiqamətində döyüşlərdə iştirak etməsinə dair hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində heç bir qeydiyyat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2015-ci il tarixdə xx.xx.2016-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olunmuşdur. Həmin məktubla İddiaçı qeydiyyat kartasının surəti məhkəməyə göndərilmişdir. İddiaçı qeydiyyat kartasının surətindən görünür ki, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə 130 nömrəli h/h, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərdə N nömrəli h/h tərkibində sürücü kimi hərbi xidmət keçmişdir. xx.xx.2016-cı MN-nin xx.xx.2016-cı il tarixli 285 saylı əmrinə əsasən təxris olunub. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin Qeydində göstərilir: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 9-cu və 10cu abzaslarına əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İddia tələbindən görünür ki, iddiaçı xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş edir. İddiaçı öz tələbini “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsi ilə əsaslandırmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən isə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə öz əksini tapmışdır. Qeyd olunan Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər üç kateqoriyaya ayrılmışdır: 1. 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək olan dövrlərdə döyüş əməliyyatlarında iştirak edənlər; 2. 1994-cü il 12 may tarixindən sonrakı dövrlərdə baş vermiş döyüş əməliyyatlarında iştirak edənlər; 3. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrlərdə döyüş əməliyyatlarında iştirak edənlər. Sadalanan normalardan görünür ki, 1994-cü il 12 may tarixindən sonra (xx.xx.2020-ci il tarixədək) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Yəni qeyd olunan dövrdə döyüş əməliyyatlarında iştirak edən şəxslərə o halda müharibə veteranı adının verilməsi mümkün olur ki, şəxs aktiv döyüş əməliyyatlarında iştirak etməklə yanaşı, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsun. İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş edir, lakin iddiaçının hərbi xidmət dövründə bilavasitə döyüş əməliyyatlarında iştirakı zamanı xəsarət alması iş üzrə materiallar ilə təsdiq olunmur. Qeyd olunan dövrdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı statusu verilməsi üçün onların döyüş əməliyyatlarında iştirak etməsi ilə yanaşı, həm də döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması da tələb olunur. İddiaçının xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək döyüş əməliyyatlarında iştirak etməsi qəbul edilsə belə, qanunvericiliyin sadalanan tələbinə əsasən döyüş əməliyyatında yaralanma, travma, kontuziya alması ilə bağlı hər hansı bir sübut (yəni travma haqqında arayış, travmaların qeydiyyatı kitabından çıxarış, Hərbi Həkim komissiyasının şəhadətləndirməsi və s. təqdim etməmişdir) təqdim edilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-826/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar