Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2441/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Kazımov Elşən Cəlləddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının qəyyumu Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı (üçüncü şəxs AR Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 28 nömrəli Şəhər Poliklinikası) “əlilliyin təyin olunma tarixinin dəyişdirilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3143/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona “ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlilliyinin təyin olması barədə” Agentliyin xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi və ilk dəfə Bakı şəhəri 28 saylı şəhər poliklinikası tərəfindən TSEK-ə Forma 088 göndərildiyi xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlilliyinin təyin olunması öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçıya təyin edilmiş əlilliyi qanunsuz və əsassız olaraq dayandırıldıqdan sonra xx.xx.2021-ci il tarixdə “ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair” qərar qəbul edilmişdir. Bundan sonra qəyyumu, Agentliyə övladının əlilliyinin dayandırıldığı müəddətdən bərpa olunana qədər olan müəddətdə əlilliyə görə müvafiq ödənişin verilməsi barədə müraciət etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinn xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik səbəbindən ona birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bununla əlaqədar olaraq əlilliyə görə müvafiq ödənişi əlilliyin müəyyən edildiyi tarixdən xx.xx.2021-ci il tarixdən hesablanacaqdır. Cavabdeh inzibati orqanın verdiyi cavabla razı deyil, həmin cavabı qanunsuz və əsassız hesab edir…» Cavabdeh iddia ərizəsinə etirazında «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun, «Əlilliyin qiymətləndirilməsi Qaydası»-nın tələblərinə, həmnçinin, analoji işlərdəki hallara istinadən, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs (Poliklinika) iddiaya dair 35 №-li xx.xx.2024-cü il tarixli münasibətində göstərilmişdir ki, iddiaçı uşaq vaxtından xəstədir. 2009-cu ildən uşaq X4 Dispanserində qeydiyyatda olub və sosial təminat alıb. xx.xx.2021-ci il tarixdə 18 yaşı tamam olduğu üçün Poliklinikaya müraciət etmiş, müvafiq tibbi sənədlər toplandıqdan sonra, xx.xx.2021ci il tarixdə əlillik dərəcəsinin təyini üçün xəstənin sənədləri Dövlət Tibbi Sosial Ekspertiza Agentliyinə (TSEK-ə) göndərilmiş, xx.xx.2021-ci il tarixdə TSEK-dən. Səbəbi: “Əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə imtina verilmişdir Xəstənin anasının dediyinə görə imtina cavabı ona oktyabr ayında gedib çatmışdır. Poliklinikaya müraciət etmədən Nərimanov Rayon Məhkəməsinə müraciət edib. xx.xx.2021-ci ildə xəstənin anası poliklinikaya müraciət etmiş və yenidən “Forma 088” yazılmasını xahiş etmiş,xx.xx.2021-ci il tarixdə xəstənin sənədləri Forma 088 tərtib olunaraq təkrarən TSEK-ə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə isə 1-ci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: “Ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi və davranış pozuntusu”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3143/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı “ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlilliyinin təyin olması barədə” Agentliyin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, ona ilk dəfə 28 nömrəli Şəhər Poliklinikası tərəfindən TSEK-ə Forma 088-in göndərildiyi xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlilliyinin təyin olunması öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki: “...Maddi hüquq normalarının tələbləri baxımından, Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın: 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir…” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının qəyyumu isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir. «İnzibati icraat haqqında» Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İş materiallarından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı uşaq vaxtından xəstəsi olmuş, 2009-cu ildən uşaq X4 Dispanserində qeydiyyatda olub və sosial ödənişlər almış, onun 18 yaşı tamam olduqdan sonra isə xx.xx.2021-ci il tarixdə əlillik təyinatı ilə bağlı göndəriş verilməsi üçün poliklinikaya müraciət etmiş,tibb sənədələri toplandıqdan sonra xx.xx.2021-ci il tarixdə poliklinika tərəfindən forma 088 tərtib olunaraq TSEK-ə göndərilmiş, lakin xx.xx.2021-ci il tarixdə sonuncunun qərarı ilə “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə imtina verilmişdir. İddiaçı tərəfindən isə həmin imtina məcburetmə haqqında iddia vasitəsilə mübahisələndirməmişdir. Bundan sonra, iddiaçının iddia ərizəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyət olmayan hesab edilmiş və həmin qətnamə əsasında da Bakı şəhəri Nərimanv rayon İcra Hakimiyyətinin 245 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə onun qəyyumu təyin edimişdir. Qanuni nümayəndə iddiaçının qəyyumu təyin edildikdən sonra xx.xx.2021-ci il tarixdə yenidən poliklinkaya forma 088 göndəriş verilməsi üçün müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə TSEK-ə təkrarən forma 088 göndərmiş verildikdən sonra xx.xx.2021-ci il tarixdə cavabdehin tibbi sosial ekspert komissiyası tərəfindən ona “Anadangəlmə ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi və davranış pozuntusu” diaqnozu ilə birinci dərəcə əlillik təyin edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı, cavabdehin əvvəlki ilə “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə xx.xx.2021-ci il tarixdə verdiyi imtina qərarı ilə razılaşaraq, onu məcburetmə qaydasında mübahisələndirmədiyi halda, yeni 088 formalı göndəriş verilməsi üçün poliklnikaya müraciətinə əsasən cavabdehin komissiyasına verilmiş yeni forma-088 göndəriş əsasasında komissiya tərəfindən qiymətləndirilmə aparılaraq xx.xx.2021-ci il tarixdə, yəni, 7 aydan sonra yalnız, ona əllillik təyinatı aparılmışdır. Konret halda isə o, əvvəlki imtina qərarının qüvvədə olmasına baxmayaraq, barəsində olan sonuncu xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək əlilliyinin əvvəlki forma 088 göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən təyin olunmasını tələb etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 71.1-ci maddəsinin tələbinə görə maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə də iddiaçı tərəfindən cavabdehin əvvəlki imtinasını mübahisələndirmək üçün proessual qanunvericiliyin tələbləri ilə müəyyən olunan müddət 7 aydan da çox ötürülmüşdür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3- 1-ci maddəsi isə nəzərdə tutur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir xx.xx.2021-ci il tarixdə TSEK-ə təkrarən verilən Forma 088 göndəriş əsasında TSEK-in xx.xx.2021-ci il tarixli qərarı ilə ona əlillik təyin edilməsinə gəldikdə, həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na və həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə müvafiq qaydada Forma 088 göndərişə uyğun olaraq qəbul edilmiş, iddiaçının xəstəliyinin göstəricilərinə uyğun uyğun olan bir əlverişli inzibati aktdır. Həmin qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Çünki, sözügedən “Əlilliyin qiymətləndirilməsi qaydası” ilə müəyyən olunur ki: 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Eyni zamanda, “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə münasibətdə isə iddiaçıının əliliyinə əsas olan xəstəliyi həmin Əsasnamənin 2.1.15-ci bəndində təsbit olunmuşdur (şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9). Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işin yuxarıda qeyd olunan hallarına münasibətdə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə sübutlara və maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3143/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3143/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2441/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2441/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver