Məhkəmə qərarları › İş №2-1(103)-2442/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2442/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2442/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3140/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “artıq alınmış pensiya məbləğinin qaytarılması” barədə qərar qəbul edilməsinı xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3140/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, onun 1 noyabr 2010-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 638,33 manat, qulluq stajına görə əlavə 45,19 manat, ixtisas dərəcəsinə görə əlavə 44,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 151,73 manat olmaqla orta aylıq əmək haqqı 879,25 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbayqan Respublikası Qanununun 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 1 ay 13 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (879,25 manat) 80 faizi-703,40 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 880,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə ümumilikdə 6534,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən onun 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 864,00 manat, qulluq stajına görə əlavə 61,17 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 205,81 manat olmaqla orta aylıq əmək haqqı 1230,98 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən onun 15 il 1 ay 13 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1230,98 manat) 80 faizi- 984,78 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1148,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 8324,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 15 il 1 ay 13 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 50,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən onun 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 950,75 manat, qulluq stajına görə əlavə 67,31 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 226,39 manat olmaqla orta aylıq əmək haqqı 1344,45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018- ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (1230,98 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1344,45 manat) arasındakı fərq məbləğinin (113,47 manat) 50,25 faizi-57,02 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (984,78 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyasının məbləği 1041,80 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1215,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 3126,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən onun 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1426,67 manat, qulluq stajına görə əlavə 101,01 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 339,79 manat olmaqla orta aylıq əmək haqqı 1967,47 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada onun 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (1344,45 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1967,47 manat) arasındakı fərq məbləğinin (623,02 manat) 50,25 faizi-313,07 manat 1 sentyabr 2019-cu il tarixinədək onun hesablanmış pensiyasının (1041,80 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1354,87 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1583,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavbabdehə 4562,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Cavabdehə xx.xx.2010-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 22547,62 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 22547,62 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh, məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Kollegiya qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirilir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehə xx.xx.2010-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 22547,62 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 22547,62 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi yazılı bildiriş göndərilərək xahiş edilmiş və daha sonra xx.xx.2021-ci il tarixli, **********7 nömrəli “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul edilmiş, daha sonra isə bununla bağlı məhkəməyə müraciət edilmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın rədd edilməsilə düzgün nəticəyə gəlinmişdir. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, iddiaçı orqanın müvafiq qurumu tərəfindən aparılmış daxili araşdırma nəticəsində cavabdehə pensiya təyin edilməsində yalnışlığa yol verilməsi nəticəsində artıq ödənilmiş 22.547,62 manat məbləğin geri ödənilməsi iddiaçı tərəfindən tələb edilir. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, xx.xx.2010-cu il tarixli qərarla Cavabdeh yaşa görə pensiya təyin edilməsinə dair qərar qəbul edilmiş, sonradan iddiaçı orqanın müvafiq qurumu tərəfindən aparılmış daxili araşdırma nəticəsində cavabdehə pensiya təyin edilməsində yalnışlığa yol verildiyi müəyyən edilmiş, bundan sonra cavabdehə xx.xx.2021-ci il tarixli, **********4 nömrəli yazılı bildiriş göndərilərək xx.xx.2010-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 22547,62 manat artıq ödənilmiş pul vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını təqdim etməsi xahiş olunmuş və belə razılıq olmadıqda isə xx.xx.2021-ci il tarixli, **********7 nömrəli “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul edilmişdir. İşdən göründüyü kimi cavabdehə pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. Belə ki, daxili araşdırma nəticəsində pensiyanın hesablanmasında yanlışlığa yol verilməsi müəyyən edilməsi əsası ilə xx.xx.2021-ci il tarixli, **********4 nömrəli yazılı bildiriş göndərilərək artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması xahiş olunmuş, belə razılıq olmadıqdan sonra isə xx.xx.2021-ci il tarixli, **********7 nömrəli “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qəbul edilmiş qərarla cavabdehdən artıq ödənildiyi qeyd edilən 22547,62 manat pul vəsaitinin geri ödənilməsi tələb edilmişdir. Lakin, işin hallarından görünür ki, vətəndaş xeyrinə olan inzibati aktın uyğunsuzluğuna dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Kollegiya vurğulayır ki, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilməsi xx.xx.2010-cu il tarixli inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Bununla belə iddiaçı inzibati orqan xx.xx.2021-ci il tarixli, **********7 nömrəli “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul edərək qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, inzibati orqan yuxarıda sadalanan tələbləri nəzərə almamış, daxili araşdırma əsasında yanlışlığa yol verildiyini bildirdiyi əlverişli inzibati aktı ləğvetmədən, qanuni qüvvəsini saxlamaqda olan aktın icrası nəticəsində ödənilmiş məbləğin geri qaytarılmasını iddiaçıdan tələb etmiş, iddiaçının razılığı olmadığı halda məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qanunsuz qərar qəbul etmişdir Digər tərəfdən, qeyd edilir ki, məhkəmə əlverişli inzibati aktın icrasının dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinə, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun olmasına qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Kollegiya qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırki iş materiallarından görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Həmçinin, iddiaçı cavabdehə pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Beləliklə, iddiaçı cavabdehə pensiya təyin edilməsi barədə inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən pensiya təyin olunmasına dair inzibati akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Kollegiya bildirir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3140/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar