Məhkəmə qərarları › İş №2-1(103)-2442/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2442/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2442/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3054/2024 saylı 04 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İşdə olan, lakin nömrəsi və tarixi qeyd olunmayan “Əmək pensiyasının təyin edilməsi haqqında” qərardan görünür ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən İddiaçı 01 iyun 2023-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışdan görünür ki, əmək haqqının ümumi məbləği 60764,27 manat kimi qeyd edilmişdir. Arayışa əlavə edilmiş cədvəldən görünür ki, 12704,33 manat kompensasiya məbləği 2 illik əmək haqqı cədvəlində əksini tapmışdır. 26 may 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçının dövlət qulluğuna 31 may 2023-cü il tarixdən xitam verilmiş, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqı və tam hesablama apararaq 01 may 2016-01 may 2021-ci il, 01 may 2022-ci il-31 may 2023-cü il dövrləri üçün 180 gün müddətində istifadə edilməmiş məzuniyyət günlərinə görə son haqq-hesabın ödənilməsinin təmin edilməsi əmr olunmuşdur. 29 sentyabr 2023-cü il tarixli cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanan Əmək pensiyasının hesablanması haqqında məktubunda qeyd edilmişdir ki, 1 iyun 2023-cü il tarixdən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. 26 il 4 ay 24 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq dövlət məvacibinin 80 faizi - 1776,19 manat məbləğində pensiya təyin edilmişdir. Bu zaman 01 iyun 2021-31 may 2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə ödənilmiş 53285,82 manatın 24-ə nisbəti əsas götürülərək orta aylıq dövlət məvacibi 2220,24 manat əsas götürülmüşdür. Bundan sonra İddiaçı ona pensiyaya çıxarkən pensiyasının son 24 ayda verilmiş kompensasiyadan hesablanmadığını əsas gətirərək cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının dəqiqləşmə ərizəsi icraata qəbul edilərək cavabdeh əsl cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona son haqq-hesaba görə ödənilən, lakin nəzərə alınmamış kompensasiya məbləğinin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq artırılmasının və ödənilməmiş məbləğin ona ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 01 iyun 2023-cü il tarixdən pensiya təyin edilmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən Fonda təqdim olunmuş 3 nömrəli əlavədə kompensasiya bölməsində istifadə olunmamış məzuniyyət dövrlərinin qalıqlarına görə hesablanmış 12704 manat kompensasiya məbləği nəzərə alınmamışdır. Hesablanmama onunla əsaslandırılır ki, qalıq məzuniyyət günləri əvvəlki illərə təsadüf edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, 1 iyun 2023-cü il tarixindən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilmişdir. 26 il 4 ay 24 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq dövlət məvacibinin 80 faizi - 1776,19 manat məbləğində pensiya təyin edilmişdir. Bu zaman 01 iyun 2021-31 may 2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə ödənilmiş 53285,82 manatın 24-ə nisbəti əsas götürülərək orta aylıq dövlət məvacibi 2220,24 manat əsas götürülmüşdür. İddiaçının istinad etdiyi kompensasiya məbləği dövlət qulluğunun son 24 ayının əmək haqqı və digər əlavələrinə aid deyildir. Qanunvericilikdə isə dövlət qulluğunun son 24 ayı ərzində alınan bütün əmək haqqı, kompensasiya və digər əlavələrin orta aylıq məbləğindən deyil, son 24 aydakı əmək fəaliyyəti ilə bağlı alınan əmək haqqının orta aylıq məbləğindən hesablanması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3054/2024 saylı 04 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı əlavə olaraq bildirilmişdir ki, cavabdehə pensiyanın Azərbaycan Respublikası Prezidentinin 194 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının 2-ci, 3-cü və 9-cu maddələrinin tələbləri daxilində yenidən hesablanması barədə müraciət etmiş, imtina verilmişdir. Qeyd etdiyi hüquq normalarının pozulması ilə bağlı mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi bu kimi faktiki hallar məhkəmə tərəfindən də yetərincə araşdırılmamışdır. Məhkəmə tərəfindən araşdırma aparılrması üçün təqdim etdiyi Arayışın kompensasiya bölməsində son haqq-hesab və istifadə olunmamış məzuniyyət dövrlərinin qalıqlarına görə aldığı kompensasiya məbləği -12704,33 manatın MDSS-ə cəlb olunubolunmaması ilə əlaqədar işləmiş olduğu dövlət orqanına (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə) sorğu göndərilirmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, həmin məbləğ MDSS-ə cəlb olunmuşdur. Bununla da işin halları üzrə aparılmış məhkəmə araşdırması bitmişdir. Cavabdehin tabe olduğu ƏƏSMN tərəfindən pensiya hesablanması qaydalarına (ƏP haqqında qanunda əks olunmayan) xüsusi bir əlavə təlimatın tətbiqinə dair DSMF-yə icra olunması üçün göndərilmiş xx.xx.2021-ci il tarixli, **********7 qeydiyyat nömrəli nazir müavinin Xidməti Məruzəsi məhkəmə işinə əlavə olunmuşdur. Dəqiq araşdırma aparılması üçün həmin sənəd məhkəmə hazırlıq iclasında hakimə təqdim edilmişdir. Həmin sənəddə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilən təlimatlar hüquq normalarına deyil, əslində Nazirliyin aparatı daxilində aparılan müzakirələrdə qəbul edilən yanlış qərarlara əsaslanır. Apelyasiya şikayətinə əlavə edilən bu daxili sənəd cavabdehin pensiya hesablamasında (qanunvericiliyə zidd osa da) əsas hüquqi normativ sənəd kimi istifadə olunur və hal hazırda mübahisələndirilən işin hallarına birbaşa təsir edir. Cavabdeh hüquq normalarının pensiya hesablamasına aidiyyəti olan (ƏP haqqında Qanun, 194 nömrəli Fərman ilə qəbul edilmiş Qaydaların) və heç bir aidiyyəti olmayan (NK-nın 126 nömrəli Qərar) maddələrinin ortaq məxrəci əsasında qəbul edilmiş qərar və tapşırıqlara uyğun olaraq hazırlanmış (pensiya qanuvericiliyinə aid olmayan) hesablama qaydası tətbiq etməklə mübahisəli hal yaratmışdır. ƏP haqqında Qanunun 20.11.2 maddəsinin tətbiqində Nazirliyin xidməti məruzəsi ilə təlimatlandırılmış qaydada tətbiqinə dair tapşırıqların nəzərə alınması (yəni pensiyanın hesablanmasında “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli Qərarına istinad olunaraq 20.11.2 maddəsinin özünəməxsus qaydada tətbiqi mübahusələndirilən haldır. Beləliklə məhkəmədə hakim cavabdehin özünəməxsus lakin qanunvericilikdə nəzərdə tutulmayan qaydada hesablama aparmasının ( orta aylıq əmək haqqı hesablanan zaman tətbiq edilən hesablamada ə/h -nın verildiyi tarix üzrə deyil, aid olduğu dövr üzrə hesablama metodikasının hüquqi əsasları araşdırılmamışdır. Mübahisəli halın qanuni və ədalətli həlli üçün 194 nömrəli Fərmanla təsdiq olunmuş Qaydaların tələblərinin icrası kifayətdir. Pensiya qanunvericiliyində nəzərdə tutulmayan, lakin ƏƏSMNdə pensiya hesablanmasında tətbiq olunan qəbul edilmiş nazirlik daxili qaydaların qanunvericiliyə uyğun olub-olmamasına aydınlıq gətirilməsi liə əlaqədar yuxarı dövlət orqanlarına- Milli Məclisin Əmək və sosial siyasət Komitəsinə, Nazirlər Kabinetinə, Ədliyyə Nairliyinə göndərdiyim informasiya sorğularına aldığı rəsmi cavab məktublarını, həmçinin ƏƏSMN -nin Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli Qərarının pensiya hesablamasında tətbiq edilməsinin yolverilməz olduğuna dair rəsmi cavab məktubunu, habelə ƏƏSM Nazirliyinin 18 noyabr 2021-ci il tarixli, **********7 nömrəli xidməti məruzəsini həmçinin maddi hüquq normalarının tələblərinə dair təqdim olunmuşdur) Növbəti məhkəmə iclasinda hakim Bakı İnzibati Məhkəməsinin adına aşağıda qeyd olunan (mənə əmək məzuniyyətimə görə hesablanmış 12704,33 manat kompensasiyanı nəzərə almaqla hesablamadan çıxarılmış 9636,94 manat hissəsinin pensiya hesablanmasında nəzərə alınmasını cavabdehə həvalə edilməsini xahiş edirəm.) məzmununda ərizə yazdırmış, lakin məhkəmə məşvərətindən sonra gözlənilmədən iddianın rədd edilməsi barədə Qərar vermişdir. Qərarın əsaslandırma hissəsində cavabdehin hüquq normalarına uyğun olmayan mövqeyini qanuni hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin çıxardığı 2- 1(112)-3054/2024 sayli, 04 mart 2024-cü il tarixli Qərarı mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan yuxarıda qeyd olunan pensiya qanunvericilik aktlarının tələblərini nəzərə almadan hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(112)-659/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından oxşar nümunə götürərək iddianı rədd edilməsi barədə Qərar verməyi məqsədəuyğun hesab etmişdir. İddianın rədd edilməsi barədə verilən Qərarı ədalətsiz hesab edir. Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılması hüququn lazımi formada inkişafının əsassız məhdudlaşdırılmasına, hakimin əsaslandırılmış fərqli qərar qəbul etmək imkanının aradan qaldırılmasına yönəlməməlidir. Bu baxımdan işin bütün halları yenidən araşdırılmalı hakimin vahid məhkəmə təcrübəsinə istinad edərək çıxardığı qərar ləğv edilməli və hüququn aliliyi naminə ədalət mühakiməsi əsasında iddia təmin edilməlidir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan məktubla iddiaçı səhhəti əlaqədar əməliyyat olunacağı üçün 03 oktyabr 2024-ü il tarixdən 10 oktyabr 2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində ola bilməyəcəyinə görə işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı son dəqiqləşmiş tələbi “ona son haqq-hesaba görə ödənilən, lakin nəzərə alınmamış kompensasiya məbləğinin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq artırılmasının və ödənilməmiş məbləğin ona ödənilməsinin cavabdehə həvalə edilməsi” barədədir. Bu barədə iddiaçı cavabdeh quruma müraciət etsə də, onun tələbi təmin olunmamışdır. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.0.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... - 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. İddianın tələbinin əsası ondan ibarətdir ki, ona 01 iyun 2023-cü il tarixdən pensiya təyin edilərkən, Gənclər və İdman Nazirliyi tərəfindən Fonda təqdim olunmuş 3 nömrəli əlavədə kompensasiya bölməsində istifadə olunmamış məzuniyyət dövrlərinin qalıqlarına görə hesablanmış 12704 manat kompensasiya məbləği nəzərə alınmamışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Nazirliyin 26 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, 12704,33 manat ödənişə dair məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş edilmişdir. Xidməti məruzədən görünür ki, 12704,33 manat məbləğində kompensasiyanın 9636,94 manatı orta aylıq əmək haqqı hesablanan dövr üzrə (01 iyun 2021-31 may 2023cü il tarixləri arasındakı dövr) ödənilmədiyindən həmin məbləğ (9636,94 manat) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmamışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, Qanunun 20.1.7ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İşin faktiki hallarından müəyyən olunur ki, Gənclər və İdman Nazirliyinin 26 may 2023-cü il tarixli əmrli ilə iddiaçının dövlət qulluğuna 31 may 2023-cü il tarixdən xitam verilmiş, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğdində birdəfəlik haqqı və tam hesablama apararaq 01 may 2016-01 may 2021-ci il, 01 may 2022-ci il-31 may 2023-cü il dövrləri üçün 180 gün müddətində istifadə edilməmiş məzuniyyət günlərinə görə son haqq-hesabın ödənilməsinin təmin edilməsi əmr olunmuşdur. Nazirliyin arayışına əlavə edilmiş cədvəldən görünür ki, 12704,33 manat kompensasiya məbləği 2 illik əmək haqqı cədvəlində əksini tapmışdır. Beləliklə, müəyyən olunur ki, istifadə edilməmiş məzuniyyətə görə 12704,33 manat məbləğin bir qismi, 9636,94 manat kompensasiya məbləği iddiaçının dövlət orqanında qulluğun son 24 ayı dövlət məvacibinin orta aylıq məbləği ilə əlaqədar olmamış, həmin dövrə aid olmayan ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiya olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin “9636,94 manat məbləği qanuni və əsaslı olaraq son 24 aya aid olmadığından əmək pensiyasının hesablanması zamanı nəzərə alınmaması”na dair qənaəti düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə əsaslandırmaya zərurət yoxdur. Həmin dəlillər maddi və prosessual baxımdan düzgün olan məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının təmin olunması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3054/2024 saylı 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3054/2024 saylı 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar