Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2442/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-1(112)-3015/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-1731/3-3-7390/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında Qərardan görünür ki, İddiaçı təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmış pensiya məbləği 1939,72 manatdır. Pensiyanın ilkin təyin olunduğu tarix xx.xx.2017-ci il, əvvəlki pensiya məbləği 1209,55 manat, yenidən hesablamanın səbəbi “6 il yenidən hesablanma” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-10560/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında Qərardan görünür ki, İddiaçı təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmış pensiya məbləği 1727,75 manatdır. Pensiyanın ilkin təyin olunduğu tarix xx.xx.2017-ci il, əvvəlki pensiya məbləği 2156,97 manat, yenidən hesablamanın səbəbi 6 il y/hesab, 45-ci maddə tətbiq edildi, xx.xx.2023-cü il tarixdən artıq vermə, 3-1731/3-3- 7390/2023 nömrəli sərəncam etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən (əmək pensiyasının yenidən hesablandığı tarixdən) artıq ödəmə aşkar edilməsi, pensiyasının azaldılması, pensiyasından tutulmaların qanunsuz sayılması barədə qərarının ləğv edilməsi, əvvəlki pensiyanın bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- P161803/2024 №-li İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında məktubu aşağıdakı məzmundadır. Bildirilmişdir ki, müraciəti əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 26 fevral 2023-cü il tarixindən ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 1939.72 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda əmək pensiyasının aylıq məbləği 2156.97 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ’’Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibaati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq barəsində inzibati icraat başlanıb. Həmin inzibati icraatın gedişində Mərkəzi Flial tərəfindən müraciəti əsasında 26 fevral 2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanaraq 1553.73 manat (indeksləşdirilmə nəzərə alınaraq: hazırda 1727.75 manatı məbləğində müəyyən edilməli olduğu halda, 1939.72 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-cil il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasını eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa gora əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 156 aya (53692.08:156 ay (65 il-58 il=84 ay+ (144 ay-72 ay)) bölünməli olduğu halda 72 aya bölünüb. Əmək pensiyasının cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1727,75 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. “İnzibatı icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd edilənləri nəzərə alaraq, "İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən yuxanda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinizin dinlənilməsi üçün 25 iyul 2024-cü il tarixinədək Mərkəzi Filialın Bakı şəhəri, Nərimanov rayonu, X3 60 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur. Cavabdehin qərarı iddiaçıya təqdim edilməmiş və çatdırılmamışdır. Ona ancaq məktub vasitəsi ilə məlumat verilmişdir. Qərarın tam məzmunu ona çatdırılmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin xx.xx.2025-ci il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialınının üzərinə əmək pensiyasının yenidən hesablanması haqqında 25 iyul 2024-cü il tarixli 3-17-1/3-3-10560 2024 №-li qərarının ləgv edilməsi və əvvəlki pensiyanın bərpa edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-17-1/2-259480/2024 nömrəli yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı əmək pensiyası xx.xx.2023cü il tarixdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 1939,72 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 1553,73 manat (xx.xx.2024-cü il tarixə indeksləşdirilməklə 1727,75 manat) məbləğində müəyyən edilməli olduğu halda, 1939,72 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş müddəasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsi qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizganizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı gədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar və həmin təyinatlar üzrə yenidən hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların pensiya təminatı haqqında” və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında dəfələrlə istinad etdiyi hüquqi müəyyənlik prinsipi hüququn əliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu. öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edilir ki, qanunverici tərəfindən "Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddia tələbi onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022- ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma" qaydası deyil, “hesablanma" qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017 –ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar 29.06 2022-ci il tarixədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3 2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanması” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Qanunun 45-ci maddəsinin ikinci cümləsi xx.xx.2017- ci il tarixdə Qanuna əlavə olunduqdan sonra 11 dekabr 2017-ci tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48-ci misalında Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45- ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı gədər artırılmışdır.Qanunun 45-ci maddəsi adından da göründüyü kimi “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlagədar olmağla, əmək pensiyasının məbləğinin hesablanması zamanı nəzərə alınan göstəricilərdən biridir.Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haggında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə uyğun olarag gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2017ci il tarixində pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (53692,08:156 ay (65 il-58 il=84 ay+(144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 8631/2024 nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqında" qərarla qanunvericiliyin tələblərinə uyqun qaydada yenidən hesablanaraq, 1727,75 manat məbləğində müəyyən edilmişdir. "İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar iddiaçı A.Behbudovun mülahizələrinin dinlənilməsı üçün 26 avqust 2024-cü il tarixədək mülahizələrin və eyni zamanda artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-1(112)-3015/2025 nömrəli qərarı ilə (hakim A.M.Almazova) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialınının üzərinə əmək pensiyasının yenidən hesablanması haqqında 25 iyul 2024-cü il tarixli 3-17-1/3-3- 10560 2024 №-li qərarının ləgv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2- 1(112)-3015/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən“Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakıayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanması” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Qanunun 45-ci maddəsinin ikinci cümləsi xx.xx.2017-ci il tarixdə Qanuna əlavə olunduqdan sonra 11 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48-ci misalında Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Qanunun 45-ci maddəsi adından da göründüyü kimi “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, əmək pensiyasının məbləğinin hesablanması zamanı nəzərə alınan göstəricilərdən biridir. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2- 1(112)-3015/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-1(112)-3015/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Əmək pensiyasının yenidən hesablanması” haqqında 25 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əmək pensiyası 26 fevral 2017-ci il tarixdə təyin edilmiş, mübahisələndirilən hesablama qaydasının tətbiq olunduğu, yəni pensiya kapitalının 72 aya bölünməsinə dair qaydaya dair hesablama isə xx.xx.2022-ci il tarixdən olmuşdur. Göründüyü kimi, istər pensiya təyinatının aparıldığı dövrdə, istərsə də mübahisələndirilən hesablamanın aparıldığı dövrdə, yəni nə 03 aprel 2023-cü il tarixdə, nə də 25 iyul 2024-cü il tarixdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən“Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir.” Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mövqeyinə əsasən, xx.xx.2022-ci il tarixdən etibarən həmin tarixdən əvvəlki dövr üçün pensiya təyin edilməsi və ya yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) deyil, daha artıq ay sayına (iddiaçıya münasibətdə 156 aya) bölünməlidir. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsinə əsasən, Qanunun 9-cu maddəsinə görə, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 7-ci maddəsinə əsasən, xx.xx.2021ci il tarixdən etibarən kişilərin pensiya yaşı 65 yaş təşkil edir. Bu o deməkdir ki, xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə pensiya təyin edilən şəxsin pensiya kapitalı o halda gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan həmin ayların sayına (72 aya) bölünür ki, şəxsin 65 yaşı tamam olsun. Digər hallarda isə pensiya kapitalı pensiyaya çıxma yaşı (məsələn, 60 yaş) ilə pensiya yaşı (65 yaş) arasındakı ayların sayı (məsələn, 5 il, yaxud 60 ay) arasında fərqin üzərinə gəlinən gözlənilən pensiya ödənişi müddəti aylarının sayından (72 ay) ibarət rəqəmə bölünür. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddənin 2-ci cümləsi çıxarılmış və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinə əsasən, 1.11-ci maddə həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Qanunun xx.xx.2017xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi əmək pensiyasının yenidən hesablanması halına deyil, əmək pensiyasının təyin olunması halına aid edilən müddəadır. Çünki həmin müddəada “əmək pensiyası yenidən hesablanan şəxs” anlayışından deyil, “əmək pensiyası təyin olunan şəxs” anlayışından istifadə edilmişdir ki, həmin anlayışlar fərqli mənaları ifadə edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında fərq qoyulmuş, əmək pensiyasının yenidən hesablanmasının ilk təyinatdan sonra həyata keçirilən pensiya hesablamalarını nəzərdə tutması barədə mövqe ifadə edilmişdir. Bu baxımdan Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsini xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tətbiq edərək ərizəçinin pensiyasının yenidən hesablanması qanuni və əsaslı inzibati fəaliyyət hesab edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530- VİQD nömrəli Qanunun keçid müddəalarının 2.2-ci maddəsi ilə 1.11-ci maddənin həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına halına tətbiqinin istisna edilməsi həmin Qanun qüvvəyə minənək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması imkanını aradan qaldırmır. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə çıxarılaraq pensiya hüququ olan şəxslərin hüquqi vəziyyəti yaxşılaşmışdır, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təsirini (normativ-hüquqi aktın retrospektiv tətbiqini) nəzərdə tutan qayda isə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmişdir. Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.3-cü maddəsinə əsasən qanunla Azərbaycan Respublikasının Konstitusiyası ziddiyyət təşkil etdikdə, Konstitusiya tətbiq edilir. Bu baxımdan xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci maddəsi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ilə ziddiyyət təşkil etdiyindən Konstitusiya tətbiq edilməli və 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Bununla yanaşı, həmin “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmçinin, qeyd edilən Konstitusiya Qanunun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Normativ hüquqi aktların qüvvədə olması ilə bağlı qaydalar “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə tənzim edildiyindən və həmin Konstitusiya Qanunu xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunla bərabər hüquqi qüvvəyə malik olsa da, hüquqi aktların qüvvəsi münasibətində sahəvi akt hesab edildiyindən 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin geriyə təsiri (Qanun qüvvəyə minənədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması halına münasibətdə tətbiqi) baxımından “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 87.2-ci maddəsi əsas götürülməli və həmin müddəaya uyğun olaraq 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Belə olan halda isə pensiya kapitalının yalnız gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) bölünərək əmək pensiyasının hesablanması qaydası xx.xx.2022ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə də tətbiq edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, cavabdehin 3-17-1/3-3- 7390/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 1939,72 manat müəyyən edilmişdir. Yenidən hesablamanın səbəbi kimi “6 illik” qeyd edilmişdir. Daha sonra, yəni xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 1727.75 manat müəyyən edilmişdir. Yenidən hesablamanın səbəbi kimi isə “Yenidən hesablama 6 il.h/hesab; 45-ci maddə tətbiq edildi; xx.xx.2023-dən artıq vermə; 3-17-1/3-3-7390/2023 nömrəli sərəncam etibarsız hesab edilsin” qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh təxminən 1 il 3 ay sonra “səhv” etdiyinin fərqinə varmış və mübahisləndirilən qərarı qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın iddiaçının əmək pensiyasını məbləği (əmək pensiyasının hesablanma qaydasına münasibətdə) barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli e-2-1(112)-3015/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2442/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2442/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver