Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2444/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6504/2021 saylı 07.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının həyat yoldaşı X2 1985-1996-cı illərdə Tovuz X13 müəssisəsində sürücü işlədiyi illəri iddiaçının sosial sığorta stajına hesablanmaqla ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 20 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1957-ci il tarixdə Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur. Hal-hazırda Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Onun yaşa görə pensiyaya çıxmaq hüququ yarandığından, eləcə də əmək stajı az olduğundan mərhum həyat yoldaşı X3 1985-1996-cı illərdə Tovuz X13 müəssisəsinin əmək haqqının aylar və illər üzrə əmək haqqı məbləği barədə arxiv arayışını, Tovuz rayon Dövlət Arxivinin arxiv arayışını ərizəsinə əlavə edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 20 saylı Regional Ərazi Filialına təqdim edərək, mərhum həyat yoldaşı X3 1985-1996-cı illərdəki əmək stajının iddiaçının sosial sığorta stajına hesablanmaqla ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir. Ərizəsinə, həmçinin notarial qaydada təsdiq olunmuş 02.03.1985-ci il tarixli Ш-ЖГ № 424901 saylı nikahın bağlanması haqqında şəhadətnaməni də əlavə etmişdir. Həmin şəhadətnamədən görünür ki, X7 onun həyat yoldaşıdır. Notarial qaydada təsdiq olunmuş 08.12.1920-ci il tarixli, AZ-İİ № 136978 saylı ölüm haqqında şəhadətnamədən də görünür ki, X7 11.03.1996-cı ildə vəfat etmişdir. Tovuz rayon Dövlət Arxivinin 20.12.2017-ci il tarixli, 675 nömrəli arxiv arayışında, eləcə də Tovuz X13 müəssisəsinin əmək haqqının aylar və illər üzrə əmək haqqı məbləği barədə arxiv arayışında da göstərilir ki, X7 22.08.1985-ci il tarixdən, 13.03.1996-cı il tarixə kimi Tovuz X13 müəssisəsində sürücü işləmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 20 saylı Regional Ərazi Filialı müraciətə 15.02.2021-ci il tarixli, **********3 saylı imtina cavabı vermişdir. İmtina cavabında X3 əmək kitabçası təqdim edildikdən sonra ailə başçısını itirməyə görə pensiya işinə baxılacağı bildirilmişdir. Mərhum həyat yoldaşının əmək kitabçası isə işlədiyi müəssisədə itmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 20 saylı Regional Ərazi Filialının həmin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, həmin imtina ilə onun Konstitusiyada təsbit olunmuş ailə başçısını itirməyə görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-684/2021 saylı, 30.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 20 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaş 06 aydan, yəni 01.01.2018-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6504/2021 saylı 07.07.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6504/2021 saylı 07.07.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: A.Əhədova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 № li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ”'Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edilən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı Cəfərova Serfiyat Nəcməddinovnanın vəziyyətində isə onun mərhum həyat yoldaşı X3 1985-1996-cı illərdə “X6” müəssisəsində sürücü işləməsi əmək kitabçasında qeyd edilmir. Buna görə də həmin dövrün sığorta stajı kimi qəbul edilməsi mümkün hesab edilməmişdir. Hazırkı iş üzrə İddiaçı 01.01.2018-ci il tarixində pensiya yaşına çatmışdır və həmin tarixdən onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılması üçün İddiaçı mərhum həyat yoldaşı X3 əmək kitabçası olmadığı üçün tələb olunan stajı mövcud deyildir. Həmçinin məhkəmənin nəzərinə onu da çatdırmaq istəyirlər ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv idarəsi Tovuz İH Tovuz rayon Dövlət Arxivinin 675 nömrəli 20.12.2017-ci İİ tarixli arayışında qeyd edilmişdir ki, şəxsi hesab kitablarında iddiaçının mərhum həyat yoldaşının atasının adı qeyd edilməyib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən təsdiqlənir. Hesab edirlər ki, adıçəkilən arayışda iddiaçının mərhum həyat yoldaşının atasının adı qeyd edilmədiyinə görə arayışda qeyd edilən şəxsin həqiqətən X7 olması faktı rayon məhkəməsi tərəfindən təsdiqlənməlidir. Bununla yanaşı, o da qeyd edilməlidir ki, Filial tərəfindən Tovuz rayon Dövlət Arxivinə ünvanlanmış sorğuya göndərilmiş 71 nömrəli 22.04.202.1-cı il tarixli arayışda 1985-ci ilin avqust ayında əməkhaqqı məbləği 46 yazılsa da, yuxarıda qeyd edilən 675 nömrəli 20.12.2017-ci il tarixli arayışda həmin ay üçün əməkhaqqı məbləği 45 göstərilmişdir. Beləliklə, qeyd edilən sənədlər arasında uyğunsuzluq yaranmışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 60 yaş 06 aydan, yəni 01.01.2018-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən mərhum X7 22.08.1985-13.03.1996-cı illərdə Tovuz avtomobil nəqliyyat müəssisəsində işləmiş, eyni zamanda iş materiallarına əlavə edilmiş hərbi biletin surətinə əsasən mərhum T.C.Əmiraslanov 13.05.1981-17.05.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Qeyd edilən dövrlər nəzərə alındıqda vəfat etmiş sığortaolunanın ümumilikdə 12 il 06 ay 28 gün sığorta stajı mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il də təvəllüdlüdür. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, X7 13.05.1981-ci ildə hərbi xidmətə çağırılmış, 17.05.1983-cü ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarında olan 02.03.1985-ci il tarixdə verilmiş İİİ-ЖГ 424901 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, 01.01.1961-ci il təvəllüdlü X7 ilə xx.xx.1957-ci il təvəllüdlü X9 02.03.1985-ci ildə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvadın familiyası Əmiraslanova qeyd edilmişdir. İş materiallarında olan 08.12.2020-ci il tarixdə verilmiş AZ-İİ 136978 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 10.03.1996-cı ildə Tovuz rayonunun Muncuqlu kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.03.1996-cı il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.12.2017-ci il tarixli, 675 nömrəli arxiv arayışından görünür ki, Tovuz avtomobil nəqliyyat Müəssisəsinin rayon Dövlət arxivində saxlanılan sənədlərində mərhum X7 22 avqust 1985-ci il tarixdə 86 L/s №-li əmrlə müəssisəyə sürücü qəbul edilmiş, 13 mart 1996-cı il tarixdə 8 ş/h №-li əmrlə vəfatı ilə əlaqədar olaraq adı 11.03.1996-cı il tarixdən şəxsi heyət siyahısından çıxarılması göstərilmişdir. Əsas: Fond № 206 siyahı 2 1985-ci ilin 3 №-li əmr kitabı v 102 iş 1996-cı ilin əmr kitabı v 8. Sözügedən arxiv arayışına Tovuz X13 müəssisəsinin X7 barəsində əmək haqqının aylar üzrə məbləği barədə cədvəl əlavə edilmişdir. İş materiallarında olan Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli, 98 nömrəli arxiv arayışından görünür ki, Tovuz “X13” müəssisəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində mərhum X7 22.08.1985-ci il tarixdə 86 L/s №-li əmrlə müəssisəyə sürücü qəbul edilmiş, 13.03.1996-cı il tarixdə 8 Ş/h №-li əmrlə vəfatı ilə əlaqədar olaraq adı 11.03.1996-cı il tarixdən şəxsi heyət siyahısından çıxarılması göstərilmişdir. Əsas: Fond № 206, siyahı 2. iş 1985-ci ilin 3№-li əmr kitabı, v 102, iş 1996-cı ilin əmr kitabı, v 8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 20 saylı Regional Ərazi Filialının 15.02.2021-ci il tarixli, **********3 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə X10 rayon “ASAN” xidmət mərkəzindən daxil olmuş 11.12.2020-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən bildirilir ki, X4 əmək kitabçasını Tovuz rayon “ASAN” xidmət mərkəzinə və ya Fondun 20 saylı regional ərazi filialına təqdim etdikdən sonra sizin ailə başçısını itirməyə görə əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 14.1 və 14.1.2-ci maddələrinin tələbindən görünür ki, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1-ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin arvadına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur: -arvad qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; -vəfat etmiş şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2017 - 30 iyun 2018-ci il tarixədək qadınlar üçün pensiya yaşı həddi 60 il 6 aydır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 60 il 06 ayını 01.01.2018-ci il tarixdə tamamlamışdır. Vəfat etmiş şəxsin tələb olunan sığorta stajına gəlincə isə Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 01.01.1961-ci il tarixdə doğulmuş və 10.03.1996-cı il tarixdə vəfat etmiş 35 yaşlı sığortaolunan üçün 6 il 07 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (35 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 20) x 4 ay = 80 ay/12 = 6 il 7 ay) sığorta stajı tələb olunur. İş materialları ilə müəyyən olunur ki, mərhum X7 13.05.1981-17.05.1983-cü illərdə hərbi xidmətdə olmuş (2 il 4 gün), arxiv arayışına əsasən 22.08.1985-13.03.1996-cı illərdə Tovuz avtomobil nəqliyyat müəssisəsində işləmişdir (10 il 6 ay 21 gün). Göründüyü kimi iddiaçının mərhum ərinin 12 il 06 ay 25 gün sığorta stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası cavabdehin “İddiaçının mərhum həyat yoldaşının 1985-1996-cı illərdə “X6” müəssisəsində sürücü işləməsi əmək kitabçasında qeyd edilmir. Buna görə də həmin dövrün sığorta stajı kimi qəbul edilməsi mümkün hesab edilməmişdir.” apelyasiya şikayətinin dəlilini əsaslı hesab etmir və aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının mərhum ərinin işlədiyi 1985-ci ildən 1996-cı ilə qədər olan dövr əmək kitabçasında göstərilməsə də, onun “X6” müəssisəsində sürücü işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Tovuz rayon Dövlət Arxivinin arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Bundan başqa məhkəmə kollegiyası cavabdehin “Filial tərəfindən Tovuz rayon Dövlət Arxivinə ünvanlanmış sorğuya göndərilmiş 71 nömrəli 22.04.202.1-cı il tarixli arayışda 1985ci ilin avqust ayında əməkhaqqı məbləği 46 yazılsa da, yuxarıda qeyd edilən 675 nömrəli 20.12.2017-ci il tarixli arayışda həmin ay üçün əməkhaqqı məbləği 45 göstərilmişdir. Eləcə də şəxsi hesab kitablarında iddiaçının soyadının qeyd edilməmişdir” apelyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi qeyd olunan dəlilə münasibətdə formal mülahizə kimi qiymətləndirərək qeyd etmişdir ki, arxiv arayışına əlavə edilmiş Tovuz X13 müəssisəsinin əmək haqqının aylar üzrə məbləğinə dair cədvəlin birində 1985-ci ilin avqust ayında əmək haqqı məbləğinin 46, digərində 45 yazılmasını məhkəmə texniki səhv kimi qiymətləndirir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, işçinin işləməsini təsdiq edən hüquqi fakt işə qəbul və işdən çıxma əmrləridir. İddiaçının təqdim etdiyi, cavabdehin inzibati icraat gedişində əldə etdiyi və məhkəmənin sorğusu əsasında təqdim edilmiş dövlət arxivi arayışlarının hər üçündə X3 Tovuz X13 müəssisəsinə 22.08.1985-ci il tarixli 86L/s nömrəli əmrlə işə qəbul edildiyi və 13.03.1996-cı il tarixli 8Ş/h nömrəli əmrlə işdən azad edildiyi göstərilmiş və bu qeydlər arxiv idarəsi tərəfindən 206 nömrəli fondun 2 nömrəli siyahısında, 1985-ci ilin 3 nömrəli əmrlər kitabında 102 nömrəli vərəqində və 1996-cı ilin əmrlər kitabında 8 nömrəli vərəqində edilmiş qeydlərə istinadən vermişdir. X2 işə qəbulu və işdən çıxması barədə əmrlər kitabında qeydlərin olması onun işləməsi faktını təsdiq edir, əmək haqqı cədvəlində bir ayda əmək haqqının məbləğində bir rəqəmin fərqli qeyd edilməsi mərhumun işə qəbul və işdən çıxma barədə qeydlərin mötəbərliyini şübhə altına alan dəlil kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, arxiv arayışında cavabdehin qeyd etdiyi kimi X1 deyil, atasının adının qeyd edilmədiyi göstərilmişdir. Cavabdehin qeyd etdiyi bu hal da mərhumun əmək fəaliyyətinin sübuta yetirilmədiyi qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, arxiv arayışında yalnız əmək haqqının aylar üzrə məbləğinə dair cədvəl hissəsində arxiv fondu şəxsi hesab kitablarında vətəndaşın atasının adının qeyd edilmədiyini göstərmişdir. Başqa sözlə, mərhumun atasının adının əmrlər kitabında deyil, şəxsi hesab kitablarında qeyd edilməmişdir. Əmrlər kitabında X3 işə qəbulu və işdən çıxması barədə əmrlərə dair qeydlər var, əmək haqları qeyd edilən şəxsi hesab kitablarında mərhumun atasının adının qeyd edilməməsi bu qeydlərin mötəbərliyini təkzib edəcək sübuti əhəmiyyətə malik hesab olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum ərinin hərbi xidmət müddəti nəzərə alınmaqla, qanunvericiliklə tələb olunan sığorta stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mərhum əri X312 il 06 ay 25 gün sığorta stajı malik olması nəzərə alınmaqla, ona 60 yaş 06 aydan, yəni 01.01.2018ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6504/2021 saylı 07.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2444/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2444/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver