Məhkəmə qərarları › İş №2-1(103)-2444/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2444/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2444/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı X19 və onun nümayəndəsi və vəkili Nümayəndə3, Üçüncü şəxs X11, Üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X21, X22, X23, X10, X31) “koordinatların uyğunlaşdırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və üçüncü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X5 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının (torpaq sahəsi barədə əvvəlki JN- 13094H (kod ********) və alqısatqıdan sonrakı JN-17225D (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə qeyd edilmiş cizgilərin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğun olmadığı nəzərə alınmaqla) ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamında və ona əlavə edilmiş plan-cizgi sxemində göstərilmiş qaydada uyğunlaşdırılması vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə“ 12 dekabr 1994-cü il tarixli 4147 saylı sərəncamı əsasında ona Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa İcra hakimiyyəti tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN- 1309H saylı (kod ********) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi ona verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış, cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “400” nömrəlidir. Həmin cizgi plana və hazırkı yerləşməyə elə vizual baxanda da onun evinin yerləşməsi və yanıdakı yoldan da görünür ki, əmlakı elə ona təqdim edilən 400 nömrəli torpaq sahəsində yerləşir. İddaçı orada 1995ci ildən ev inşa etmişdir, ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsininin ətrafını bütövlükdə hasarlamışdır. Daha sonra evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m hissəsini satmaq qərarına gəlmişdir. 30 oktyabr 2004-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m hissəsini Ariz Xasıyevə satmışdır, alqı-satqıdan sonra Ariz Xasıyevə satdığı hissənin hasarını sökərək özünə saxladığı hissənin kənarı ilə çəkmişdir. Ariz Xasıyev 11 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.03 ha torpaq sahəsini Cəmilə Zakaryayevaya satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair 02 fevral 2008-ci il tarixli çıxarış verilmişdir. O da həmin torpaq sahəsini daşla hasara alınmış, giriş üçün darvaza qoyulmuş vəziyyətdə almışdır. O, 2004-cü ildə alqı-satqı edərkən torpaq sahəsinin evinin sağında yerləşən hissəsini satmış, ayıraraq alıcıya vermişdir. Həmçinin torpaq sahəsinin bölgü planı da müqaviləyə əlavə edilmişdir. İddiaçı cavabdehlər X15, X16, X17, X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-90/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Həmin iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilir ki, 1. İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin JN-13094H (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş cizgisi həmin “400" nömrəli torpaq sahəsinin ayrılmasına dair Sərəncama əlavə edilmiş ilkin torpaq ayırma sxeminə (cizgisinə) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, İddiaçı ilkin torpaq ayırma sxemində 0.06 ha torpaq sahəsi hal-hazıırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 20 metr, yola perpendikulyar 30 metr ölçülərdə qeyd edilmişdir. JN1309411 (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən isə ilkin torpaq ayırma sxemində qeyd edilmiş ölçülər dəyişdirilərək hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 30 metr, yola perpendikulyar 19.35 metr ölçülərdə qeyd edilmişdir. Şəhadətnamədə qeyd edilən cizgi trapesiya formasında qeyd edildiyi üçün 30 metrlik hissəsinin qarşı tərəli 32 metr göstərilmişdir. İddiaçı inşa etdiyi fərdi yaşayış evi ilkin torpaq ayırma sxeminə əsasən satdığı torpaq sahəsində deyil, öz mülkiyyətində qalmış 0.03 ha torpaq sahəsində yerləşir. İddiaçı ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin 0.03 ha hissəsi xx.xx.2004-cü ildə satılarkən həmin 0.06 ha torpaq sahəsinin cənub hissəsi satılmışdır. Həmin 0.03 ha torpaq sahəsi satılarkən hazırlanmış bölgü cizgisi naturaya (torpaqdan faktiki istifadə vəziyyətinə uyğun) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, alqı-satqı yuxarıda da qeyd edildiyi kimi ilkin torpaq ayırma sxeminə uyğun hazırlanmamış JN-1309411 (kod ********) saylı şəhadətnaməyə əsasən aparılmışdır. xx.xx.2004-cü ildə İddiaçı satdığı 0.03 ha torpaq sahəsi hal-hazırda taktiki daş hasara alınıb istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində deyil, cənub hissədə İddiaçı daş hasarına bitişik boş sahədir. X18 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış ”415“ nömrəli 0.06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin İddiaçı məxsus olmuş 0.06 ha torpaq sahəsinə nisbətdə harada yerləşməsini müəyyən etmək mümkün olmadı. ”400" nömrəli torpaq sahəsinin yeri müəyyən olunub, həmin torpaq sahəsinin 0.03 hektarlıq hissəsindən halhazırda İddiaçı daş hasara alaraq fərdi yaşayış evi tikərək istifadə edir, digər 0.03 hektarı isə boşdur. ”415” nömrəli torpaq sahəsinin harada yerləşməsini isə müəyyən etmək mümkün olmadı. Göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən, torpağın yerləşməsinə dair koordinatlar Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plancizgi sxemə uyğun qeydə alınmamışdır. Bu səbəbdən də əvvəl A.Xasıyevə, daha sonra C.Zakaryayevaya faktiki satılmış və hazırda onun mülkiyyətində olan 0.03 ha torpaq sahəsinə dair şəhadətnamələr və dövlət reyestrində aparılmış qeydiyyat düzgün olmamışdır. C.Zakaryayevanın adına dövlət reyestrində qeydiyyata alınmış ərazi iddiaçının faktiki satmadığı və hazırda da iddiaçının mülkiyyətində olan sahədir. C.Zakaryayevanın faktiki aldığı və onun hazırda mülkiyyətində olan 0.03 ha torpaq sahəsi isə cavabdeh Y.Quluyevanın adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin yerləşmə koordinatları ilə üst-üstə düşür. Belə ki, Y.Quluyevaya sərəncamın əsasında ayrılmış 415 nömrəli torpaq sahəsinin faktiki yerini müəyyən etmək mümkün olmamışdır. İşdə olan sübutlarla təsdiq edilir ki, daşınmaz əmlakın Dövlət reyestrində ilkin torpaqayırına sənədlərinə zidd olaraq torpaq sahəsinin koordinatları düzgün qeydiyyata alınmamış, əsassız qeydiyyata alınmışdır. Cavabdehlər Namiq Qasımov, İlahə Quluzadə tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3976/2021 saylı qərardadı ilə həmin iddia tələbi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsinin qismən, yəni “Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və C.Zakaryayevanın mülkiyyətində olan 0.03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaq ayırma sənədi olan Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plancizgi sxeminə” uyğunlaşdırılması barədə tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin tarixli qətnamə ilə isə hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “X15 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarış, onun əsasında X21 və X23 arasında bağlanılmış xx.xx.2014cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və bu müqavilə əsasında X12 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış X21 və X22 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və bu müqavilə əsasında X11 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. Ali Məhkəmənin 2(102)- 399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qətnamədən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi X15 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilmişdir. Qərar onunla əsaslandırılır ki, X15 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatla bağlı münasibətlərdən irəli gəlir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə qərarına əsasən müraciət etmişdir. Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X20 mülkiyyətində olan torpaq sahəsi barədə əvvəlki JN-13094H (kod ********) və alqısatqıdan sonrakı JN- 17225D (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə qeyd edilmiş cizgilərin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğun olmadığı nəzərə alınmasını, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X5 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamında və ona əlavə edilmiş plan-cizgi sxemində göstərilmiş qaydada uyğunlaşdırılmasını, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamının və ona əlavə plan cizginin, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamının və ona əlavə edilmiş plan cizginin arxivdən məlumatları əldə edilməsini, inzibati icraat başlanılmasını, əlaqədar şəxslər cəlb edilməsini, onun mülkiyyət hüququnu pozduğundan, X13 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı, X12 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* nömrəli, X11 xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* nömrəli qeydin əsassız aparıldığından ləğv edilməsini xahiş etmişdir. Lakin inzibati orqan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi qanunsuz olaraq heç bir inzibati icaat aparmadan xx.xx.2022-ci il tarixli **********79 saylı məktubu ilə məhkəmə qərarı ilə onların üzərinə hər hansı bir öhdəlik qoyulmamasını əsas gətirmiş, inzibati icraatın aparılmasını həyata keçirməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9233/2022 nömrəli qərardadı ilə X21, X22, X23, X10, X31 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9233/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı və üçüncü şəxs apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Üçüncü şəxs X4 apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun hazırlanmış və işin halları sadalanmışdır. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (112)-1287/2023 saylı qərarı ilə iddia ərizəsi rədd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Onun mülkiyyət hüquqlarım kobud şəkildə cavabdeh idarə tərəfindən pozulmuş, dövlətin təminat verdiyi mülkiyyət hüququnun pozulmasına zəmin yaratmış, torpaq sahəmin koordinatlarını qanunvericiliyinə zidd olaraq başqa şəxsin torpaq sahəsi üçün qeydə almışdır. Ona ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən, torpağın yerləşməsinə dair koordinatlar Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxemə uyğun qeydə alınmamışdır. Bu səbəbdən də əvvəl A.Xasıyevə, daha sonra C.Zakaryayevaya faktiki satılmış və hazırda onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə dair şəhadətnamələr və dövlət reyestrində aparılmış qeydiyyat düzgün olmamışdır. C.Zakaryayevanın adına dövlət reyestrində qeydiyyata alınmış ərazi iddiaçının faktiki satmadığı və hazırda da iddiaçının mülkiyyətində olan sahədir. C.Zakaryayevanın faktiki aldığı və onun hazırda mülkiyyətində olan 0,03 ha torpaq sahəsi isə cavabdeh Y.Quluyevanın adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin yerləşmə koordinatları ilə üst-üstə düşür. Belə ki, Y.Quluyevaya sərəncam əsasında ayrılmış 415 nömrəli torpaq sahəsinin faktiki yerini müəyyən etmək mümkün olmamışdır. İş üzrə mütəxəssis rəyi əsasında ekspert rəyi verilmiş, sübut olunmuşdur ki, mənim torpaq sahəmə dair koordinatlar yanlış işlənmiş, ilkin torpaqayırma sənədlərinə müvafiq olmamışdır. Məhkəmə özünün araşdırmaq vəzifəsini faktiki olaraq icra etməmişdir. Tərəflərindən təqdim edilən ekspert rəyini araşdırmamışdır. Yenidən başqa tərəflərdən olmayan, müstəqil, obyektiv, işə dair maraqlarına toxunmayan ekspert və ya mütəxəsissdən rəy alınması barədə vəsatətini aylarla yubadaraq sonda heç bir əsaslandırma aparmadan təmin etmədiyini bildirmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf və üçüncü şəxs X4 vəkili Nümayəndə2 apellyasiya şikayətlərinin müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X22 və üçüncü şəxs X12 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 4147 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında X24 Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmış, xx.xx.2004-cü il tarixli, KOD 004000** JN ***94H nömrəli şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi X19 mülkiyyətinə verilmişdir. X28 xx.xx.2004-cü il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0,03 ha hissəsini X8 və JN 17227D saylı, xx.xx.2004-cü il tarixli şəhadətnamə əsasında 0,03 hektar torpaq sahəsi X26 adına qeydə alınmışdır. X19 mülkiyyətində qalan 0.03 ha torpaq sahəsinə dair KOD 004000** JN ***25D saylı xx.xx.2004-cü il tarixli şəhadətnamə tərtib edilmişdir. X31 xx.xx.2005-ci il tarixdə sözügedən 0,03 hektar sahəni X6 satmış, X4 adına JN-24079D nömrəli torpaq şəhadətnaməsi tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən sonuncunun adına xx.xx.2008-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü hazırlanmış, 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə **********98 reyestr nömrəsi ilə X4 adına qeydə alınmışdır. Həmçinin, müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1975 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı əsasında X15 Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə onun adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində 415 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, xx.xx.2014-cü il tarixdə həmin 0,03 hektar torpaq sahəsi mülkiyyət hüququ üzrə X13 adına qeydə alınmış, 19 mart 2014-cü il tarixdə sonuncu 0,02ha torpaq sahəsini X1, xx.xx.2014-cü il tarixdə X11 adına qeydiyyata alınmış, 19 mart 2014-cü il tarixdə 0,01 ha torpaq sahəsini X2, xx.xx.2014-cü il tarixdə X12 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında mülki mübahisə olmuş, Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cəmilə Zakaryayevaya məxsus 0,03 ha torpaq sahəsinin 54 kvadrat metr hissəsinin İlahə Quluzadə, 3 kvadrat metr hissəsinin Namiq Qasımov tərəfindən tutulması, Cəmilə Zakaryayevanın mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin çatışmayan 243 kvadrat metr hissəsinin İddiaçı tərəfindən zəbt olunması müəyyən olunmuş və nəticə etibarı ilə üçüncü şəxslərin adlarına aparılmış qeydlər müvafiq olaraq İlahə Quluzadəyə aid 54 kv.m hissəsində, Namiq Qasımova aid 3 kv.m hissədə etibarsız hesab edilmiş, X28 tərəfindən zəbt edilmiş 243 kv.m hissəsində Rafiq Nağıyev tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək oradan çıxarılması qət edilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdə Səbail RİH tərəfindən ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə koordinatlarının daşınmaz əmlakın dövlət reyestrində düzgün müəyyən edilmədiyini, Ariz Xasiyevə satdığı 0,03 ha torpaq sahəsinin koordinatlarının uyğunsuzluğu nəticəsində hazırda istifadəsində olan 0,03 ha torpaq sahəsinin yerləşmə koordinatlarının Cəmilə Zakaryayevanın adına verilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünə işlənildiyini, C.Zakaryayevanın adına xx.xx.2008-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış ərazinin iddiaçının satmadığı və hazırda da iddiaçının faktiki istifadəsində olan sahə olduğunu, C.Zakaryayevanın aldığı və mülkiyyətində qalmalı olan 0.03 ha torpaq sahəsinin isə cavabdeh Y.Quluyevanın (sonradan digər 3-cü şəxslər N.Qasımov və İ.Quluzadənin adına verilmiş) çıxarışda göstərilən torpaq sahəsində yerləşdiyini, bununla da qeydlərin düzgün aparılmadığını iddia edir və bu əsasdan ona məxsus olmuş torpaq sahəsinin ilkin şəhadətnamələrinin koordinatlarının düzgün müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, tələbi təmin olunmadıqdan sonra hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İddiaçının əsas dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 1) İddiaçı adına 18 iyun 2004-cü il tarixli JN-13094H (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş 0.06 ha torpaq sahəsinin cizgisi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə ayrılmış “400” nömrəli 0.06 ha torpaq sahəsinin ayrılmasına dair sərəncama əlavə edilmiş ilkin torpaqayırma sxeminə (cizgisinə) uyğun hazırlanmamışdır. İddiaçı hesab edir ki, İddiaçı ilkin torpaq ayırma sxemində (yerləşmə cizgisində) 0.06 ha torpaq sahəsi hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 20 metr, yola perpendikulyar (yan tərəf) 30 metr ölçülərdə qeyd edilmişdir. JN-13094H (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən isə ilkin torpaqayırma sxemində qeyd edilmiş ölçülər dəyişdirilərək hal-hazırda onun həyətyanı torpaq sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 30 metr, yola perpendikulyar (yan hissədə) isə 19.4 metr ölçülərdə qeyd edilmişdir. Şəhadətnamədə qeyd edilən cizgi trapesiya formasında qeyd edildiyi üçün 30 metrlik hissənin qarşı tərəfi 32 metr göstərilmişdir 2) İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə ona ayrılmış 0.06 ha torpaq sahəsinin 0.03 ha hissəsini xx.xx.2004-cü ildə X3 həmin 0.06 ha torpaq sahəsinin cənub hissəsini, yəni ona məxsus olan fərdi yaşayış evinin cənub hissəsində olan boş torpaq sahəsini satmışdır. İddiaçı tərəf qeyd edilən dəlillərini Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə tərtib edilmiş yerləşmə cizgisinə əsasən və həmin dəlillərin sübutu kimi X25 adlı kommersiya hüquqi şəxsin verdiyi rəyə istinadən irəli sürür. Qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçının dəlillərinin əsası torpaq sahəsinin yerləşmə cizgisi ilə bağlıdır. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi kimi Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyinin xx.xx.2004-cü il tarixdə 552 nömrəli möhür ştampı ilə qeydə alınmış torpaq sahəsinin planı təqdim edilmişdir. Təqdim edilmiş həmin cizgidə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin konfiqurasiyası torpağın yola paralel tərəfi 20 metr, yan tərəflərdən isə yola perpendukliyar olmaqla 30 metr olaraq göstərilmişdir (en 20m x uzunluq 30m). İddiaçı həmin cizgidə torpağın yerləşmə vəziyyətinə istinad edərək qeyd edir ki, ona ayrılmış torpaq sahəsinin forması yola perpendukliyar (uzununa) düzbucaqlı şəklində olmuş, həmin torpaq sahəsinin yola baxan 0.03 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin evin cənubunda qalan 0.03 ha hissəni isə A.Xasiyevə satmışdır. Hazırkı halda onun hasarı daxilində olan 543 kv.m torpaq sahəsinin şəhadətnamə ilə mülkiyyətində qalan 0.03ha hissə və həmin hissənin qərbində olan 243 kv.m ölçüdə torpaq sahəsi isə qeydiyyata alınmamış, sənədsiz olan torpaq sahəsi olmalıdır. İddiaçının adına tərtib edilmiş şəhadətnamə, həmin şəhadətnamə əsasında verilmiş bölgü sxem torpaq sahəsinin ilkin cizgisinə uyğun tərtib edilməmiş, nəticədə iddiaçının istifadəsində sənədsiz olan (olmalı) sahənin yerləşdiyi koordinatlar onun şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi kimi qeydə alınmış, daha sonra 0.06 ha torpaq sahəsindən A.Xasiyevə satdığı 0.03 ha hissə isə hazırda üçüncü şəxs C.Zakaryayevanın adına reyestrdə qeydə alınmış torpaq sahəsi kimi işlənmişdir. Kollegiya qeyd edilən dəlillər ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.2004-cü ildə ərizə ilə müraciət edərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı sərəncamı ilə Badamdar qəsəbəsində ayrılmış 600.0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsini xahiş etmiş, bu zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin şəhadətnamənin verilməsinə əsas olan sənədlərdən görünür ki, Səbail rayonu ərazisində İddiaçı mülkiyyətinə verilən 0.06 ha həyətyanı torpaq sahəsinin yeruquruluşu planı-köməkçi plan xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yeruquluşu Layihə institutunun torpaq şöbəsinin mütəxəssisi tərəfindən eyni vaxtdaxx.xx.2004-cü il tarixdə tərtib edilmiş, imzalanmış və Komitəyə aid möhürlə təsdiq edilmişdir. Təqdim edilmiş xx.xx.2004-cü il tarixli yerquruluşu planında İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin konfiqurasiyası yerləşmə cizgisindən fərqli olaraq torpağın yerləşməsi yola paralel hissədə 30 metr, yan tərəflər isə 19.4 metr olaraq göstərilmişdir (en 30m x uzunluq 19.4m). İddiaçı adına 0.06 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN 13094H nömrəli şəhadətnamədə 0.06 ha hissənin konfiqurasiya cəhətinə, elecə də yerləşmə istiqamətinə əsasən uzunluğunun 30 m, eninin 20 m, yola paralel trapesiya formasında olduğu, həmin sahənin sənəd üzrə sağında, naturadakı vəziyyətinə uyğunlaşdırdıqda isə yol tərəfdən qərb hissəsində 9170H nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş qonşu torpaq sahəsinin yerləşdiyi müəyyən olunur. İddiaçı və A.Xasiyev arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən tərəflərin imzaları və ləğv edilmiş DTXK-nin mütəxəsissləri tərəfindən təsdiq edilmiş bölgü sxemində də həmin 13094H nömrəli şəhadətnamədə trapesiya formasında olan torpaq sahəsinin bölgü xətti ilə ayrıldığı, bu zaman sənəd üzrə solda (naturada yol tərəfdən şərq hissədə) qalan 300 kv.m hissənin İddiaçı mülkiyyətində, sənəd üzrə sağ tərəfdə (naturada yol tərəfdən qərb hissədə) 300 kv.m hissənin isə A.Xasiyevə satıldığı müəyyən olunur. İddiaçı adına tərtib edilmiş sonrakı 0.03 ha torpaq sahəsinə dair xx.xx.2004- cü il tarixli JN 17225D nömrəli şəhadətnamədə iddiaçının mülkiyyətində qalan 0.03 ha hissənin planında həmin torpaq sahəsinin sənəd üzrə sağında (naturada yol tərəfdən qərbində) A.Xasiyevə satılmış JN 17227D nömrəli şəhadətnamənin aid olduğu 0.03 ha hissə, A.Xasiyevə aid 0.03 ha torpaq sahəsinin sənəd üzrə sağında (naturada yol tərəfdən qərbində) yenə də 9170H nömrəli şəhadətnamə ilə verilmiş qonşu torpaq sahəsinin yerləşdiyi əks olunur. Eləcə də A.Xasiyevin adına tərtib edilmiş xx.xx.2004cü il tarixli JN 17227D nömrəli şəhadətnamədə A.Xasiyevə aid torpaq sahəsinin sənəd üzrə solunda (naturada yol tərəfdən şərqində) İddiaçı aid 17225D nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsi, sənəd üzrə sağında (naturada yol tərəfdən qərb hissəsində) isə 9170H nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşdiyi müəyyən olunur. C.Zakaryayevanın adına xx.xx.2005-ci il tarixdə JN 24079D nömrəli 0.03 ha torpaq sahəsinə dair DTXK tərəfindən verilmiş şəhadətnamədə torpaq sahəsinin yerləşmə planında C.Zakayayevanın mülkiyyətində olan 0.03 ha JN 24079D nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin sənəd üzrə solunda 17225D nömrəli şəhadətnamənin aid olduğu yəni İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin, yenə də sənəd üzrə sağ tərəfində qonşu 9170D nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşdiyi görünür. Göründüyü kimi, İddiaçı məxsus olmuş 0.06 torpaq sahəsinə dair ilkin sənədlər- DTXK tərəfindən tərtib edilmiş yerquruluşu planında iddiaçının adına olan 0.06 ha torpaq sahəsininin yola paralel uzununa 30 m, eninə 20 m trapesiya formasında olduğu əks olunmuş, həmin torpaq sahəsinin cənubunda hər hansı torpaq sahəsi öz əksini tapmamış, yeruquruluşu planında torpaq sahəsinin sağ və solunda qonşu torpaq sahələrinin yerləşdiyi, eyni zamanda həmin 0.06 ha torpaq sahəsinə dair ilkin şəhadətnamədə və İddiaçı, A.Xasiyev və C.Zakayayevanın adına tərtib edilmiş sonrakı şəhadətnamələrdə torpaq sahəsinin yerləşmə vəziyyətinin yerquruluşu planına uyğun olduğu, həmin şəhadətnamələrdə 0.06 ha torpaq sahəsindən satılmış 0.03 ha torpaq sahəsinin cənub hissədə deyil, sənəd üzrə iddiaçının mülkiyyətində qalan 0.03 ha torpaq sahəsindən sağda (naturada yol hissədən qərbdə) yerləşdiyi müəyyən olunur. İddiaçı yerquruluşu planının və sonrakı hüquqmüəyyənedici sənədlərin faktiki vəziyyəti uyğun tərtib edilməməsini iddia etsədə Kollegiya iddiaçının qeyd edilən dəlili ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlaklara dair ilkin hüquqmüəyyənedici sənədlər əldə edilərək təhlil edilmiş və haqlı olaraq aşağıdakı nəticəyə gəlinmişdir. İddiaçının adına 2004-cü ildə tərtib edilmiş JN 13094H nömrəli şəhadətnamədə torpaq sahəsinin planında həmin sahənin qərbində qonşu sahədə 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşdiyi, sonrakı şəhadətnamələrdəhəm A.Xasiyevin adına olan JN 17227D nömrəli şəhadətnamə, C.Zakayayevanın mülkiyyətində olan 0.03 ha JN 24079D nömrəli şəhadətnamə, həm də İddiaçı adına olan JN 17225D nömrəli şəhadətnamədə qonşuluqda yerləşən həmin 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, həmin sahənin yenə də sənəd üzrə mübahisəli torpaq sahələrindən sağda (naturada yol tərəfdən qərbdə) eyni vəziyyətdə, eyni konfiqurasiyada yerləşdiyi görünür. JN 9170H nömrəli şəhadətnaməyə aid 0.06 ha torpaq sahəsinin ilkin olaraq X9 adına xx.xx.2003-cü il tarixdə tərtib edilmiş şəhadətnamədə (JN 8687D), sonradan isə xx.xx.2003-cü il X7 adına tərtib edilmiş JN 9170H nömrəli şəhadətnamədə yerləşmə istiqaməti yola paralel düzbucaqlı formasında olduğu müşahidə olunur. İş materiallarında olan iddia olunan ərazinin hazırkı halda ortofoto görüntüsündə də sözügedən JN 9170H nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, mübahisəli torpaq sahəsinin qərb hissəsində, eyni konfiquriyaslı, eyni ölçü və eyni formada faktiki yerləşdiyi aydın şəkildə adi gözlə görünür. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan dəlili ətrafında ətraflı araşdırma aparmış və həmin dəlilə əsaslı şəkildə qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi kimi torpaq sahəsinin yerləşmə vəziyyətinin düzgün tərtib edilmədiyi, xx.xx.2004-cü ildə tərtib edilmiş yerləşmə cizgisindən təxmini 1 ay fərqlə xx.xx.2004-cü ildə tərtib edilmiş yerquruluşu planının həqiqi vəziyyəti düzgün əks etdirmədiyi öz təsdiqini tapmamışdır. Əksinə, xx.xx.2004-cü ildə yerquruluşu planının iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həqiqi faktiki və hüquqi vəziyyətinə uyğun olduğu müəyyən olunur. Bu həm də onunla əlaqədardır ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən JN 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyəti nə sənəd üzrə, nə də ortofoto görüntüdəki faktiki vəziyyəti 2004-cü ildən hazırkı tarixədək verilmiş hüquqmüəyyənedici sənədlərdə, o cümlədən mübahisəli şəhadətnamələrdə dəyişməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin planı (yerləşmə cizgisi) hüquqi cəhətdən mötəbər sənəd kimi kimi qiymətləndirilə bilməz. Belə ki, sözügedən yerləşmə cizgisi yalnız RİHB-nın Badamdar qəsəbə nümayəndəsi H.Qasımzadənin imzası və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsini 1994-cü ildə ayıran rayon icra hakimiyyəti olduğu halda torpaq sahəsinin yerləşmə cizgisini rayon icra hakimiyyətinin qəsəbə nümayəndəliyi 2004-cü ildə tərtib etmişdir. Həmin cizgi torpaqayırma qaydalarına uyğun olaraq rayon icra hakimiyyəti, onun səlahiyyətli qurumları-rayon icra hakimiyyətinin təsərrüfat müdiri, rayon icra hakimiyyətinin memarı və rayon icra hakimiyyətinə aid möhürlə təsdiq edilməmiş, yalnız qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş və qəsəbə nümayəndəliyinə aid möhürlə təsdiq edilmişdir. Lakin, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də cizginin hazırlandığı 2004-cü ildə qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra torpaqayıran qurum tərəfindən hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Yuxardada qeyd edildiyi kimi, həmin cizgi isə torpaqayıran rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmiş, qəsəbə nümayənədəliyi tərəfindən tərtib edilmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən X25 tərəfindən verilən və tərəflərindən məhkəməyə təqdim edilən ekspert rəyinə qiymət verilmədiyini bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları ətraflı şəkildə araşdırılaraq, hüquqi qiymət verilmiş və dolayısı ilə qeyd edilən rəyədə qiymət verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Eyni zamanda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2019-cu il tarixli 883 №-li Fərmanına və həmin Fərmanın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli 843s saylı Sərəncamına əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq edilməli, həmçinin məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları müəyyən edilməlidir. Lakin hazıra kimi həmin sənədlərin siyahısı və qaydaların təsdiq edilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməmişdir. Ona görə də, hal-hazırda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23cü maddəsinin 1-ci hissəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrindən başqa digər elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən məhkəmə ekspertlərinin fəaliyyətinin həyata keçirilməsinin qanuni əsası mövcud deyildir. Yuxarda qeyd olunanlara əsasən Kollegiya iddiaçının və üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının və üçüncü şəxsin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar