Məhkəmə qərarları › İş №2-1(103)-2444/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2444/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2444/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “rəyin verilməsi” iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü, hüquqi maraq) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “rəyin verilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e-2-1(112)- 1466/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-M-93xx-xx/2024 saylı artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılması barədə məktubdan görünür ki, Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Aparılmış araşdırma zamanı 2023-cü ilin sentyabrdekabr ayları ərzində bank hesabı məlumatlarına əsasən cəmiyyətin təsisçi və rəhbəri Elvin Məmmədovun adına 1399,2 min man dəyərində məxaric əməliyyatları həyata keçirilmiş, lakin bu əməliyyat 2023-cü ildə dividend gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Eyni zamanda X4 onunla qarşılıqlı surətdə asılı olan və 2023-cü ildə müəssisənin işçisi olmuş X2 (**********) elektron qaimə-faktura əsasında 2023-2024-cü llərdə 165,0 min manat dəyərində xidmət əldə etmişdir. Belə ki, aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslər Vergi Məcəlləsinin 18.1-ci maddəsi ilə vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilir. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Həmçinin 2023-cü il üzrə aparılmış bank əməliyyatlarına görə bank xidməti üzrə xərc və faiz xərci ümumilikdə 17,9 min manat olmasına baxmayaraq, tərəfinizdən 2023-cü il üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində bank xərci 101,5 min manat bəyan edilmiş, ƏDV bəyannaməsində dövrün sonuna olan debitor borcların dəyəri 0 (sıfır) olmasına baxmayaraq, 2023- cü il Mənfəət vergisi bəyannaməsində dövrün sonuna qalığın 6904,9 min manat əks etdirildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamələr, müvafiq təsdiqedici sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edildikdən sonra artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı müraciətə yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin üzərinə 240.849.03 manat məbləğində pulun iddiaçıya geri ödənilməsi barədə rəy verilməsi öhdəliyinin qoyulması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5” MMC günəş panellərinin gətirilməsi, qurulması və eyni zamanda bu sahədə təlim göstərən bir şirkətdir. 28 iyul 2023-cü ildə layihə əsasında Qarabağ bölgəsində günəş panelləri qurulması məqsədilə "xxxx" QSC ilə uzun müddətli müqavilə bağlanmışdır.Müqavilənin ƏDV ilə birlikdə dəyəri 5,541,385.93 USD ( 9,420,356.08 manat) manat olmuşdur.Müqavilə şərtlərinə əsasən xx.xx.2023 tarixində 5,588,346.83 manat əsas, 1,005,902.43 manat ƏDV ödənilmişdir. Ödənilmiş ƏDV növbəti ay ƏDV depozit hesabından avans məbləğə görə ödənilmiş ƏDV dövlət büdcəsinə ödənilmişdir. Bu müqaviləyə əsasən oktyabr-noyabr-dekabr 2023 tarixində xaricdən gətirilimiş günəş panellərinə görə 711,050.7 manat ƏDV -nin 692,550.70 manatı bank hesabından ödənilmiş və ƏDV bəyannaməsinə azalmaya verilmişdir.Müqavilə şərtlərinə əsasən qalan 30% iş yekunlaşdıqdan sonra ödəniləcəyindən hal hazırda işlərin davam etdirilməsi baxımından maliyyə sıxıntısı yaşayır.Layihə uzunmüddətli olduğundan və vergi məcəlləsinin 138.3-cü maddsəinə əsasən müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi nəticəsində 74% olmuş və mənfəət vergisi bəyannaməsində 6,040,020.92 manat ƏDV-siz mənfəət vergisi tanınmışdır.Bununla bağlı xx.xx.2024-cü il tarixdə elektron qaydada Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məktub göndərilmişdir.Qeyd olunanlarla bağlı cavabdeh tərəfindən aşağıdakı məzmunda cavab məktubu göndərilmişdir.Bildirilir ki, müraciətlə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edililmişdir. Qəbul zamanı müvafiq izahat verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi "cavabdehin üzərinə artıq tutulmuş ƏDV-dən 400000 (dörd yüz min) manat məbləğində pulun iddiaçıya ödənilməsinə rəy verilməsi öhdəliyinin qoyulması" kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin üzərinə 280.000 manat məbləğində pulun iddiaçıya geri ödənilməsi barədə rəy verilməsi öhdəliyinin qoyulması " kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin üzərinə 240849.03 manat məbləğində pulun iddiaçıya geri ödənilməsi barədə rəy verilməsi öhdəliyinin qoyulması, qərar qanuni qüvvəsini aldığı və icra olunduğu tarixə azalmalar olduğu təqdirdə nəzərə alınması" kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi ödəyicisi xx.xx.2024-cü il tarixli **********048200 nömrəli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə və xx.xx.2024- cü il tarixli **********072600 nömrəli məktubla müraciət etmiş, müraciətlərlə əlaqədar vergi ödəyicinə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********802700 nömrəli və xx.xx.2024-cü il tarixli **********877200 nömrəli müvafiq məktublar göndərilmişdir. Cavab məktubunda vergi ödəyicisinin iqtisadi göstəricilərinin araşdırılmaqla nəticəsi üzrə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2024-cü il tarixli **********638200 nömrəli müraciətlə əlaqədar vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilərək ona müvafiq izahat verilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********486100 nömrəli məktub göndərilmişdir. Daha sonra iddiaçı məhkəmə işinin gedişatında iddia tələbinə dəqiqləşmə vermiş və xx.xx.2024-cü il tarixdə dəqiqləşməyə uyğun olaraq cavabdeh orqana müraciət etmişdir. xx.xx.2024-cü il tarixli **********102600 saylı məktubla iddiaçı araşdırmada iştirak etməli olması barədə məlumatlandırılmışdır. Lakin iddiaçı araşdırmada iştirak edə bilməyəcəyi barədə cavabdehə məlumat vermişdir. Daha sonra iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və aydınlıq gətirilməli olan xüsusatlar barədə ətraflı məlumat verilmişdir. Məktubda qeyd olunmuşdur ki; 1. Aparılmış araşdırma zamanı 2023-cü ilin sentyabr-dekabr ayları ərzində bank hesabı məlumatlarına əsasən cəmiyyətin təsisçi və rəhbəri Elvin Məmmədovun adına 1399,2 min man dəyərində məxaric əməliyyatları həyata keçirilmiş, lakin bu əməliyyat 2023-cü ildə dividend gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. 2. Eyni zamanda X4 onunla qarşılıqlı surətdə asılı olan və 2023-cü ildə müəssisənin işçisi olmuş X2 (**********) elektron qaimə-faktura əsasında 2023-2024-cü llərdə 165,0 min manat dəyərində xidmət əldə etmişdir. Belə ki, aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslər Vergi Məcəlləsinin 18.1-ci maddəsi ilə vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilir. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Həmçinin 2023-cü il üzrə aparılmış bank əməliyyatlarına görə bank xidməti üzrə xərc və faiz xərci ümumilikdə 17,9 min manat olmasına baxmayaraq, tərəfinizdən 2023-cü il üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində bank xərci 101,5 min manat bəyan edilmiş, ƏDV bəyannaməsində dövrün sonuna olan debitor borcların dəyəri 0 (sıfır) olmasına baxmayaraq, 2023- cü il Mənfəət vergisi bəyannaməsində dövrün sonuna qalığın 6904,9 min manat əks etdirildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə cavabdehə təqdim edilən sənədlər xx.xx.2024-cü il tarixdə göstərilənlərə açıqlama gətirməmişdir. Belə ki, iddiaçı tərəfindən vergi ödənişini təsdiq edən sənəd təqdim edilmişdir ki, həmin sənədddə əks olunan büdcə təsnifatı 114117 olaraq qeyd olunmuşdur. 114117 büdcə təsnifatı kodu digər hüquqi şəxslər üzrə əlavə dəyər vergisinin ödənilməsini nəzərədə tutmuşdur. Halbuki cavabdeh tərəfindən göndərilən məktubda dividenddən ödəmə mənbəyində verginin tutulmaması bildirilmişdir. Bununla bağlı isə iddiaçı tərəfindən hər hansı sənəd cavabdehə təqdim edilməmişdir. Eyni zamanda X4 onunla qarşılıqlı surətdə asılı olan və 2023-cü ildə müəssisənin işçisi olmuş X2 (**********) elektron qaimə-faktura əsasında 2023-2024-cü llərdə 165,0 min manat dəyərində xidmət əldə edildiyi və onların qarşılıqlı surətdə asılı olan şəxslər olduğu və onlar arasındakı əməliyyatların bazar qiyməti nəzərə alınaraq vergiyə cəlb edilməli olduğu bildirilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunanlarla bağlı hər hansı sənəd cavabdehə təqdim edilməmişdir. Bildiririk ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Eyni zamanda, yuxarıda adıçəkilən Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qeyd edilən Qaydaların 5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrıayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir. Dövlət büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır. "X5" MMC-nin iddiası təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh iddiaya dair yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, Vergi ödəyicisi xx.xx.2024-cü il tarixli **********048200 nömrəli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə və xx.xx.2024-cü il tarixli **********072600 nömrəli məktubla müraciət etmiş, müraciətlərlə əlaqədar vergi ödəyicinə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********802700 nömrəli və xx.xx.2024-cü il tarixli **********877200 nömrəli müvafiq məktublar göndərilmişdir. Cavab məktubunda vergi ödəyicisinin iqtisadi göstəricilərinin araşdırılmaqla nəticəsi üzrə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.Eyni zamanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2024-cü il tarixli **********638200 nömrəli müraciətlə əlaqədar vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilərək ona müvafiq izahat verilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********486100 nömrəli məktub göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı rəy verilməsindən imtina edilməmişdir. Nə qədər ki, cavabdeh rəy verməkdən imtina etməmiş, o zaman iddiaçının da artıq ödənilmiş vergilərin qaytarılmasına dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün hesab edilməməlidir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.İddiaçı "X5" MMC-nin (VÖEN:**********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 400000.00 manat pulun iddiaçıya ödənilməsinə dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmaması xahiş edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1466/2025 nömrəli (sədrlik edən hakim A.M.Almazova) qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 240849.03 (iki yüz qırx min səkkiz yüz qırx doqquz manat üç qəpik) manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi, məhkəmənin qərarı qanuni qüvvəsini aldığı və icra olunduğu tarixə qeyd edilən məbləğdə azalmalar olduğu halda nəzərə alınması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından iddiaya ərizəsinə etirazın və iddia ərizəsi ilə bağlı vəsatətin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Prosessual məsələlər

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1466/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “rəyin verilməsi” iddia tələbinə dair iddiası mümkün sayılmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı artıq ödənilmiş 240.849.03 manat məbləğində verginin ona geri ödənilməsi barədə rəy verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə 240849,03 manat məbləğdə saldosu (artıq ödəməsi) mövcuddur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Vergi orqanı tərəfindən iddiaçının tələbindən imtinanın əsası kimi göstərdiyi dəlilləri isə məhkəmə əsassız və qanunsuz hesab edir. Məhkəmə tərkibi apellyasiya şikayətinin və iddia tələbinin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının aşağıdakı bəndlərinə nəzər salaq : 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı qəbul edərkən iddiaçının 240849,03 manat məbləğində artıq ödəməsi olmuşdur. Lakin xx.xx.2025-ci il tarixə iddiaçının artıq ödəməsi yoxdur. Başqa sözlə, artıq ödəmə iddiçının vergi öhdəliklərinin icrası zamanı əvəzləşdirilmişdir. Doğrudur şəxsi hesab vərəqəsində sonradan, yəni xx.xx.2025-ci il tarixdən sonra iddiaçının artıq ödəməsi yenidən yaransa da, bunun ilkin artıq ödəmə ilə heç bir bağlılığı yoxdur. O cümlədən iddiaçının hazırkı tələbi də sonradan yaranmış artıq ödəmə ilə əlaqəli deyil. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, "X5" MMC-nin (VÖEN:**********) xx.xx.2023-cü il tarixdə 2023-cü ilin noyabr ayı üçün ƏDV bəyannaməsinin 375474,58 manat məbləğində azalma ilə təqdim edilməsi səbəbindən xx.xx.2023-cü il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinin artıq ödəmə sətrində 400269,57 manat əks olunmuşdur. Lakin iddiaçının vergilər üzrə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən xx.xx.2025-ci il tarixə mövcud olan 35301,68 manat artıq ödəmə məbləği vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə 2025-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsinin azalma ilə təqdim edilməsindən yaranmış və həmin artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı iddiaçı tərəfindən vergi orqanına müraciət edilməmişdir. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, iddiaçının “artıq ödənilmiş 240.849.03 manat məbləğində verginin ona geri ödənilməsi barədə rəy verilməsi” barədə iddia tələbinə hüquqi marağı artıq mövcud deyil. Başqa sözlə, hazırkı halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olması müəyyən olunmur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1466/2025 nömrəli qərarı ləğv edilməli və İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “rəyin verilməsi” iddia tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1466/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar