Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2445/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı 08.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ona (2020-ci ilin aprel, may, iyun avqust aylarındakı verilməyən birdəfəlik ödəmənin verilməsi) 190 (yüz doxsan) manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Bakı şəhəri Nərimanov rayon Məşğulluq Mərkəzinə 21.12.2018-ci il tarixdə qeydiyyata alınmış və 28.11.2019-cu il tarixdə ona işsizlik statusu verilmişdir. “Koronavirus (Covid19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmənin alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu muraciətinin həllindən imtina etmişdir. Halbuki, onun mülkiyyətində daşınar və daşınmaz əmlakı olmamışdır. İddiaçı hesab edir ki, imtina əsassızdır. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin sözügedən Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı kənd təsərrüfatına yararlı pay torpaq mülkiyyətçisi olduğundan birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı 08.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, 190 manat birdəfəlik ödəmənin verilməsinə “Məşğulluq haqqında” Qanunun 4.1.3-cü maddəsinə əsasən imtina olunub, lakin onun mülkiyyətində heç bir əmlakı yoxdur. Bunu təsdiq sənədi DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən arayışı məhkəməyə təqdim etmişdir. Eyni arayış məhkəmənin sorğusu ilə də əldə olunmuşdur. Məhkəmə onun iddiasına ciddi yanaşmamış, doğru qərar verməmiş, onun əleyhinə heç bir dəlil, sübut göstərə bilməsə də qarşı tərəfin lehinə qərar çıxarmışdır (İnzibati icraat haqqında» Qanunun 19, 61-ci madələrinə istinad olunur). Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri, habelə, məhkəmə iclasında iştirak etmədiyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev izahatında göstərdi ki, iddiaçının mülkiyyətində torpaq sahəsinin olması barədə məlumat elektron informasiya ehtiyatlarındakı məlumat əsas götürülməklə müəyyən olunmuş, bu baxımdan cavabdeh inzibati orqan tərəfindən həmin məlumatın səhv və ya düz olmasına görə məsuliyyət daşımır. Buna görə də Cavabdeh hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, qərarın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının işsiz statusuna malik olması işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Prezidentinin «Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» 2020-ci il 19 mart tarixli 1950 №-li Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş X2 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması və ödəmənin cavabdeh nazirlik tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədələ, AR Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” təsdiq olunmuşdur. Həmin «Qayda»nın 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. Sonradan, "Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarına əsasən adıçəkilən Qaydanın 2.3-cü bəndinə aşağıdakı yarımbəndlər əlavə olunmuşdur: 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara ; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. «Qayda»nın qeyd olunan 2.3.11-ci bəndindən göründüyü kimi, mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: İş materiallarına əlavə edilmiş İddiaçı Sərdər qızına göndərilmiş SMS-in surətindən görünür ki, İddiaçı Sərdər qızının mülkiyyətində torpaq sahəsi aşkar olunması əsası ilə iddiaçıya 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş «Koronavirus (COVlD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası»nın 3.8-ci bəndi nəzərdə tutur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş AR ƏƏSMN MEİS-in «Təhlil» Altsistemindən çıxarışa və cavabdehin məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki, iddiaçının yaşayış sahəsindən başqa, mülkiyyətində torpaq sahəsinin olması barədə məlumat elektron informasiya ehtiyatlarındakı məlumat əsas götürülmüşdür. Göründüyü kimi, cavabdeh adıçəkilən “Qayda”nın 3.8-ci bəndinin göstərişlərindən irəli gələn öhdəliyinə uyğun hərəkət etmişdir. Həmin “Qayda” ilə məlumatın elektron informasiya ehtiyatlarından kənar əldə olunması müəyyən olunmamışdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina olunması qanunsuz hesab edilə və iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 34.1-ci maddəsinin mənasından isə görünür ki, inzibati orqana qarşı öhdəliyin icrası haqqında inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi bağlı iddia o halda, qaldırılır ki, bu öhdəlik iqnzibati orqanın qanunla üzərinə düşən öhdəliyindən irəli gəlsin. Konkret halda isə cavabdeh inzibati orqan tərəfindən qanunla üzərinə düşən öhdəliyini pozması sübuta yetirilmir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı 08.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1767/2021 saylı 08.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2445/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2445/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver