Məhkəmə qərarları › İş №2-1(103)-2446/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2446/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2446/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2920/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, 1987-ci ildən 1992-ci ilə kimi keçmiş Sovet Ordusunda, 1992-ci ildən 2015ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət etmişdir. 20.04.1994-cü ildə döyüşdə yaralanmışdır. Müdafiə Nazirinin dekabr 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən həqiqi hərbi xidmətdən polkovnik leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 30 dekabr 2012-ci il tarixli, 04124 nömrəli məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada 06 yanvar 2016-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən (42 il 7 ay 25 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında) yaşa görə əmək pensiyası alır. Azərbaycan Respublikası Nazilər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü maddəsində əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanun ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddəti göstərilmədən təyin edilir. 10.09.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarının tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin müddətsiz təyin edilməsinə kömək etsinlər. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı müraciətinə cavab verməmişdir. Hesab edir ki, onun əlilliyi müddətsiz təyin edilməldir. Çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə uyğun qaydada 06 yanvar 2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyası təyin edildiyinə görə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ona qarşı münasibəti qanunla yolverilməzdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun əlilliyi müddətsiz təyin edilməlidir. Lakin, cavabdeh qanunsuz olaraq onun əlilliyinin müddətsiz təyin edilməsindən imtina etmişdir. Odur ki, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2920/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02.11.2016-cı il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi RHK tərəfidnən 1983-cü ildə hərbi xidmətə çağırılmış, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 16.09.1993-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş xəstəlik və diaqnoza əsasən şəhadətləndirilərək ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qərarı verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı 24.04.2017- ci il tarixdə, Forma 88 göndərişinə əsasən qiymətləndirilərək, ona 24.04.2022-ci il tarixədək ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilmişdir - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 16 iyul 2020-ci il tarixli “pensiya məbləğinə əlavələrin hesablanması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 30 dekabr 2012-ci il tarixli, 04124 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ona 6 yanvar 2016-cı il tarixində İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 1000.00 manat, rütbə maaşı 154.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi – 461.60 manat, “usta” məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarına əlavə - 350.00 manat və ərzaq payı əvəzinə kompensasiya 64.00 manat olmaqla cəmi təmiant xərcliyinin 2029.60 manat təşkil etmişdir. Həmin Qanunun 20.1.41-ci maddəsinə əsasən 42 il 7 ay 25 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğdə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Ona sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 2029.60 manat məbləğində müəyyən edilmişdir: - əmək pensiyasının sığorta hissəsi – 379.51 manat, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hisəssinə əlavəsi 77.00 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 1573.09 manat. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədri tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 sədrinə ünvanlanmış xidməti məktubdan görünür ki, xidməti məruzədə bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.3. bəndində qeyd olunur ki, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmasına baxmayaraq, 06.01.2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 42 il 7 ay 25 gün hərbi xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında yaşa görə əmək pensiyası aldığını bildirərək, Əsasnamənin yuxarıda qeyd olunan bəndinə istinad edib əlilliyin müddətsiz təyin edilməsini tələb etmişdir. Cavabdeh olaraq tərəflərindən iddiaçının pensiya təyininin xidmət illərinə görə aparıldığını və bu səbəbdən əlilliyin müddətli təyin edildiyi bildirilmişdir. Lakin, iddiaçı istinad etdiyi halın təsdiqi olaraq məhkəməyə təqdim etdiyi DSMF-nin XŞTİ tərəfindən verilmiş 16.07.2020-ci il tarixli məktubunda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyinin qeyd olunduğunu göstərir. Qeyd olunan hal məhkəmədə yanlış fikir formalaşmasına səbəb olur. İddianın əsaslı və ya əsassız olmasını təsdiq etmək üçün iddiaçıya göndərilmiş məktubda qeyd olunan hala aydınlıq gətirilməsi zəruridir. Odur ki, yaranmış zərurətlə əlaqədar məhkəməyə təqdim etmələri üçün xx.xx.1966-cı il təvəllüdlü İddiaçı pensiyanın yaşa yaxud hərbi xidmət illərinə görə təyin olunması barədə ətraflı məlumatın onlara təqdim edilməsinə tapşırıq verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 sədri vəzifəsini müvəqqəti icra edən tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədrinə ünvanlanmış “İddiaçı təyin olunmuş əmək pensiyası haqqında” xidməti məktubdan görünür ki, bildirilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39.1.4.1-ci maddəsinə əsasən mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmanın son yaş həddi 48 yaş müəyyən edilmişdir. İddiaçı hərbi xidmətdən tərxis olunmaqla əlaqədar ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş 30.12.2015-ci il tarixli, 04124 nömrəli məlumat vərəqəsində adıçəkilən şəxsin (təvəllüd: xx.xx.1966) həqiqi hərbi xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 22.12.2015-ci il tarixində hərbi xidmətdən polkovnik-leytenant rütbəsi ilə tərxis olunduğu qeyd edilmşdir. “Əmək pensiyaları haqqında” Qanununda yaşa görə əmək pensiyası hüququ olan şəxslər müxtəlif müddəalarda iki kateqoriyaya ayrılır. Birincisi, həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatmış şəxslər; ikincisi, yaşından asılı olmayaraq müvafiq xidmət illərini tamamlamış güzəştli pensiya hüququ olan şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndində qeyd olunur ki, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin İddiaçı xidmətdən tərxis olunduğu 22.12.2015-ci il tarixində qüvvədə olmuş redaksiyasına əsasən 63 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ var idi (hazırda bu hədd 65 yaşdır). Eyni zamanda həmin Qanunun 9.5.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ təsbit olunur. Göründüyü kimi 9.5.1 -ci maddə Qanunun 4-cü maddəsinə uyğun olaraq “yaşa görə pensiya hüququ” ilə təsnifləşdirilsə də, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarında qeyd olunan hər-hansı yaş həddinə çatma şərti müəyyən edilmədən faktiki olaraq, xidmət illərinə görə pensiya hüququndan bəhs edir. Qeyd olunanlara əsasən İddiaçı 23 dekabr 2015-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatdığı üçün deyil, 9.5.1 -ci maddəsinə əsasən müəyyən xidmət illərinə görə hərbi qulluqçu kimi 49 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nazirlər Kabinetinin sözügedən Qərarında müəyyən edilən hüquq isə məhz “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla təsbit olunmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatmış şəxslərə şamil edilir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 13.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, onun əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinə Agentlikdə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci bəndinə uyğun olaraq əlillik vəziyyəti 5 il müddətinə təyin olunmuşdur. Ətraflı məlumat almaq üçün qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən tibbi-sosial ekspert komissiyasına müraciət edə bilər. - İddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azəbraycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş 30.12.2015-ci il tarixli məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 06.01.2016-cı il tarixli qərarı ilə 23.12.2015-ci il tarixdən İddiaçı yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməsi, maddi-hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əmək pensiyasının üç növü vardır: yaşa görə; əlilliyə görə; ailə başçısını itirməyə görə. “Əmək pensiyaları haqqında” Qanununda yaşa görə əmək pensiyası hüququ olan şəxslər müxtəlif müddəalarda iki kateqoriyaya ayrılır: birincisi, həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatmış şəxslər; ikincisi, yaşından asılı olmayaraq müvafiq xidmət illərini tamamlamış güzəştli pensiya hüququ olan şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndində qeyd olunur ki, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ təsbit olunmuşdu. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddə Qanunun 4-cü maddəsinə uyğun olaraq “yaşa görə pensiyası hüququ” ilə təsnifləşdirilsə də, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarında qeyd olunan hər-hansı yaş həddinə çatma şərti müəyyən edilmədən faktiki olaraq, xidmət illərinə görə pensiya hüququndan bəhs edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Nazirlər Kabinetinin sözügedən Qərarında müəyyən edilən hüquq məhz “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununları ilə təsbit olunmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatmış şəxslərə şamil edilir. İddiaçı isə 23 dekabr 2015-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddinə çatdığı üçün deyil, 9.5.1 -ci maddəsinə əsasən müəyyən xidmət illərinə görə hərbi qulluqçu kimi 49 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən iddia tələbi əsassız, cavabdeh orqanın imtinası isə əsaslı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2920/2021 saylı, 17 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar