Məhkəmə qərarları › İş №2-1(103)-2446/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2446/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2446/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X17 Oruczadənin sədrliyi və məruzəsi ilə, X23 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X19 və qeyriləri) qarşı “plan və ölçü sənədi və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarından üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədlərinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şöbəsi tərəfindən ona torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Torpaq sahəsi ona Əzizbəyov Rayon İcra Hakimiyyətinin 10 may 1994-cü il tarixli sərəncamı əsasında ayrılmışdır və onun faktiki istifadəsindədir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar müraciət etmiş, müraciətin təminindən imtina edilmişdir. İmtinadan sonra məhkəməyə müraciət edilmiş, məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, torpaq sahəsinin bir hissəsi digər şəxsin adına dövlət qeydiyyatına alınmış sahə ilə üst-üstə düşür. Həmin iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilir ki, ona ayrılan torpaq sahəsinin ilkin cizgisi uyğunluq təşkil edir, lakin üçüncü şəxsin ilkin cizgisinə aid olmayan ona məxsus hissəyə qeydiyyat hərəkətləri aparılmışdır. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Məlumat üçün bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 5/31 saylı torpaq sahəsi AN-İN ******* reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. İddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə X7, X19 və qeyriləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı ş, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən 26 may 2008-ci il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin və cavabdeh tərəfindən həmin sənəd əsasında aparılmış qeydiyyatın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərardadı ilə iddia tələbi 651,01 kv.m hissəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə tərəfindən X4 adına 26 may 2008-ci il tarixdə A№:049287 nömrə ilə verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin və həmin hissə üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin sənəd əsasında X4 adına aparılmış 10 yanvar 2009-cu il tarixli Bakı ş, Mərdəkan qəsəbəsi 5/31 saylı sahə üzrə mülkiyyət hüququna dair qeydin və həmin hissə üzrə torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarı (hakim O.Həsənov) ilə iddia tələbi mahiyyəti üzrə baxılan hissədə təmin edilmiş, İddiaçı Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-24651 D nömrəli Şəhadətnamə əsasında mülkiyyət hüququ ilə məxsus olan Bakı ş, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 495 kv.m hissəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə tərəfindən X4 adına 26 may 2008-ci il tarixdə A№:049287 nömrə ilə verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin və həmin hissə üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin sənəd əsasında X4 adına aparılmış 10 yanvar 2009-cu il tarixli Bakı ş, Mərdəkan qəsəbəsi 5/31 saylı sahə üzrə mülkiyyət hüququna dair qeydin və həmin hissə üzrə torpaq sahəsinin 06 yanvr 2009-cu il tarixli plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs X19 ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mütəxəssis rəyinə və ekspert rəyinə istinad edərək hesab etmişdir ki, Əzizbəyov RİHB-nın xx.xx.1994-cü il tarixli 407/327 saylı Sərəncamına əsasən X5 ayrılan 5/31 nömrəli sahənin ilkin sxemi ilə mübahisəli torpaq sahəsinin parametri arasında uyğunsuzluq mövcuddur. Lakin İddiaçı Müslüm oğluna ayrılan 5/364 nömrəli sahənin ilkin sxemi mübahisəli torpaq sahəsinin parametrinə (Konfiqurasiya və planlı yerləşməsinə) uyğun olduğu müəyyən edilmişdir. Birinci instansiya Məhkəməsinin nəzərdən qaçırdığı bir məqam vardır ki, İddiaçı Müslüm oğluna ayrılan 5/364 nömrəli sahənin ilkin sxemi Daşınmaz Əmlakın Dövlət Kadastrı və X21 Şəxsində mütəxəssis rəyi verilərkən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspert rəyi verilərkən tədqiq edilməmişdir. Ümumiyyətlə həmin ilkin sxem mütəxəssis rəyi verilərkən tədqiq edilmədiyi təqdirdə necə mötəbər hesab oluna bilərdi?! Bu mümkün deyildir. Çünki koordinatlar və kadastr məlumatları yalnız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindədir, onların səlahiyyətindədir. Mütəxəssis rəyində həmin ilkin sxemin tədqiqi aparılmayıb. Həmçinin iddiaçının adına olan ilkin sxemlə şəhadətnamə əsasında iddia olunan sahə də üst-üstə düşmür, koordinatlar fərqlidir. Hətta iddiaçı tərəfindən iddia olunan sahə beşbucaqlı formasında göstərilsə də, ilkin sxemdəki sahənin koordinatları dördbucaqlı formasındadır. Eyni zamanda məhkəmə baxışı zamanı mütəxəssis qarşısında qoyulan suallar iddiaçıya aid şəhadətnaməyə əsasən torpaq sahəsinin koordinatlarının tədqiqi barədə sual qoyulsa da, müəxəssis yalnız iddia olunan faktiki sahə barədə məlumatları öz rəyində əks etdirmişdir. Halbuki iddiaçının adına olan şəhadətnamədə torpağın sahəsi 1200 kv.metr göstərilib. Lakin ekpsertiza tədqiqatı aparılan zaman yalnız iddiaçı tərəfindən göstərilən faktiki sahənin miqyası (1985 kv.metr) tədqiq edilib. Halbuki şəhadətnamədə və sənədlərdəki müəyyən edilmiş sənədlərə əsasən tədqiqat aparılmalı idi. Bu hallar da ona dəlalət edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7924 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi tam, obyektiv və hərtərəfli tədqiqat aparılmadan verilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-27/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 407/398 saylı sərəncamı vətəndaş X6 barəsində 1 nüsxə olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Həmin sərəncamın təsdiq edilmiş kserosurəti məhkəməyə göndərilmişdir. Həmin Sərəncamda İddiaçı Müslüm oğlunun iddia ərizəsinə əlavə etdiyi sərəncam göstərilməyib. Sərəncamın nömrəsi və tarixi ilə iddiaçının adına yox, başqa şəxsin X1 adına torpaq ayrıldığı müəyyən edilmişdir. Bu hal təkcə iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlı şəhadətnamənin hüquqi əsasının olmadığını təsdiq edir. Hətta məhkəmə iclası zamanı rəydə olan ziddiyyətli məqamları dəqiqləşdirilməsi üçün dindirilmiş ekspertlər də bildirmişdir ki, mütəxəssis rəyində İddiaçı aid ilkin torpaq sahəsinin ayrılması barədə sxem tədqiq edilməyib, yalnız şəhadətnamədə əks olunan sxem tədqiq edilib. Sual yarana bilərdi ki, mütəxəssis rəyi verilərkən tədqiq edilməyən ilkin sxem ekspertiza tədqiqatı aparılan zaman necə tədqiq edilə bilərdi?! Göründüyü kimi birinci instansiya məhkəməsi bu halı öz qərarında nəzərə almamışdır. İddiaçıya torpaq sahəsinə görə verilmiş şəhadətnamənin hüquqi əsası yoxdur, həmin sərəncam arxivdə yoxdur. Ona görə də qanunsuz və əsassız qərar çıxarmışdır. Ş.Talıbovun faktiki istifadə etdiyini iddia etdiyi sahənin hazırkı iş üzrə iddiaçının sahəsinə aid olmadığı digər məhkəmələrin icraatında olmuş işlərdə özü tərəfindən dolayı etiraf edilmiş, faktiki ərazilərin fərqli olması məhkəmə qətnamələrində öz təsdiqini tapmışdır. İş materiallarından və hazırkı sahə üzrə müayinə aktından görünür ki, birində fərdi yaşayış evi olan tikili mövcud olmuş, hazırkı torpaq sahəsində isə göstərilən formada fərdi yaşayış evi və yaşayış olmamış, torpaq mübahisəli istifadə vəziyyətində olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 may 2013-cü il tarixli və Ali Məhkəmənin 04 noyabr 2013-cü il tarixli qərarlarından müəyyən edilir ki, Ələkbərov Şirxana ayrılan və alqı-satqı müqaviləsi ilə Talıbov Şahinə satılan torpaq sahəsinin kadastr məlumatları, yerləşmə yerinin, koordinatların düzgün verildiyi qeyd edilib. Hesab edirlər ki, həmin iş üzrə müəyyən edilmiş hallar hazırki baxılan iş üzrə preyudusial əhəmiyyətə malikdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs Şahin Talıbovun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi iddiaçı əlindəki hüquqmüəyyənedici sənədlərə əsaslanaraq hazırki iddia tələbini irəli sürmüş və 3-cü şəxsə məxsus sənədləri mübahisələndirmişdir. Belə ki, iddiaçının tələbi : - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına 26 may 2008-ci il tarixdə A№:049287 nömrə ilə verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin sənəd əsasında X4 adına aparılmış 10 yanvar 2009-cu il tarixli Bakı ş, Mərdəkan qəsəbəsi 5/31 saylı sahə üzrə mülkiyyət hüququna dair qeydin; - həmin torpaq sahəsinin 06 yanvar 2009-cu il tarixli plan və ölçü sənədinin ləğv edilməsinə nail olmaqdan ibarətdir.

1. Məhkəmə kollegiyası əvvəla diqqətə çatdırır ki, bir şəxsin digər bir şəxsə məxsus sənədləri mübahisələndirmək üçün subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı hazırki iş üzrə özünün subyektiv hüquqlarının pozulmasını onunla əsaslandırır ki, “Torpağın mülkiyyətə verilməsinə dair JN-24651D Kod 00300016 şəhadətnamə” yə əsasən iddia olunan torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır. İş üzrə ətraflı araşdırma zamanı müəyyən edilir ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədin təqdim edilməsinə əsas Əzizbəyov rayon İcra Hakimiyyətinin 10 may 1994-cü il tarixli, 407/398 saylı qərarı olmuşdur. İş üzrə araşdırma zamanı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq dövlət arxivindən təqdim edilmiş sərəncamlara diqqət edilsə, aydın görünür ki, iddiaçının torpağa dair şəhadətnamə almasına əsas olan sərəncam dövlət arxivində aşkar edilmir. Daha doğrusu, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim olunan Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 407/398 nömrəli 10 may 1994-cü il tarixli sərəncamından isə müəyyən edilir ki, həmin sərəncamla torpaq sahəsi X2 ayrılmışdır. Birinci instansiya məhkəməsi qərarında bu halı onunla əsaslandırmışdır ki, “iddiaçının adına verilmiş torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin kökündə olan yerli icra hakimiyyəti orqanının sərəncamının cavabdehin arxiv qovluğundan fərqli olaraq Bakı şəhəri X18 çıxmaması, digər şəxsin adına çıxması hal-hazırda mübahisə obyekti deyildir. Nə qədər ki, mülkiyyət hüququna dair şəhadətnamə qüvvədədir, mülkiyyət hüquqları qeydə alındığı bir halda onun əsasında duran sənədin mötəbərliyi, arxivdə çıxmasa belə, ayrıca mübahisələndirilmədiyindən iddianın təminini istisna etmir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu cür əsaslandırması ilə razılaşmır. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçının mülkiyyət hüquqları hələ dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla bağlı iddiaçının ayrıca iddiası məhkəmələrin icraatındadır. İstinad olunan şəhadətnamə yalnız hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilər. Məhkəmələr isə təqdim edilən sənədlərin hüquqmüəyyənedici sənəd qismində etibarlılığına iş üzrə mübahisə zamanı qiymət vermək iqtidarındadır. Yalnız özlüyündə etibarlı hesab edilən hüquqmüəyyənedici sənədlər vətəndaşlara mülkiyyət hüquqlarının qeydiyyata aldırmağa və bundan irəli gələn hüquqlardan istifadəyə ixtiyar verir. Hər hansı bir hüquqmüəyyənedici sənədin başqa bir şəxs tərəfindən mübahisələndirilməməsi məhkəmələr tərəfindən iş üzrə araşdırma zamanı həmin sənədə hüquqi qiymət verilməsinə maneə deyildir. Digər bir tərəfdən birinci instansiya məhkəməsi əsaslandırmasında sərəncamın arxivdən çıxmamasına istinad etmişdir, lakin bu situasiyada diqqət yetirilməli məsələ sərəncamın arxivdən çıxmaması deyil, arxivdən çıxan sərəncamın başqa şəxsə məxsus olması ilə bağlıdır. Yəni ki, iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı yerli icra hakimiyyətinin eyni tarixli, eyni nömrəli sərəncamı fərqli şəxsə ünvanlanmış sərəncamdır. Halbuki Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatda qeyd edilmişdir ki, sərəncam təşkilat rəhbəri tərəfindən imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın nömrəsi hesab olunur. Bu da o anlama gəlir ki, hüquqi nəticə yaradan mötəbər sənəd kimi sərəncamlar eyni tarixli olsa da, eyni nömrəli ola bilməzlər. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili sözügedən sərəncamın əslinin və ona əlavə edilmiş cizginin onlarda olmadığını, vaxtilə JN-şəhadətnaməsi alınması məqsədilə DTXK-nə təqdim edildiyini və iş materiallarına cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş arxiv sənədlərində saxlanıldığını bildirdi. Təqdim edilmiş arxiv sənədlərinə nəzər yetirdikdə müəyyən olunur ki, İdarənin arxivində saxlanılan Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 407/398 nömrəli 10 may 1994-cü il tarixli sərəncamının surətidir. Həmin “sərəncam”ın surətinə diqqət yetirildikdə müəyyən olunur ki, həmin sənəddə bir neçə möhür vardır. Lakin həmin sənəddə icra hakimiyyətinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlərə vurulmalı olan Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhürü mövcud deyildir. Əzizbəyov rayon icra hakimiyyətinə məxsus sadəcə sənədlər üçün möhürü vurulmuşdur. Halbuki məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili, habelə cavabdehin nümayəndəsi torpaq şəhadətnaməsi alınması zamanı sənədlərin, o cümlədən sərəncamın əslinin DTXKnə təhvil verildiyini bildirmişdir. Buna baxmayaraq, İdarə arxivindən çıxan sərəncam sənədin əslinin deyil, sənədlər üçün möhürü vurulmuş nüsxəsinin surətidir. Bunun əksinə Dövlət arxivi tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş sərəncamlara fikir verildikdə görmək olur ki, həmin sərəncamlar icra hakimiyyətinin blankında hazırlanmış və Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhürü vurulmuşdur. Yuxarıda qeyd edilən bütün hallar həm sərəncamın arxivdən çıxan sərəncamla eyni tarixli eyni nömrəli olsa da fərqli şəxsə məxsus olması, həm blank və möhürlə bağlı qeyd edilən məqamlar iddiaçının ilkin hüquqmüəyyənedici sənədə malik olmadığını göstərir. Belə olan halda iddiaçı digər bir şəxsin hüquqmüəyyənedici sənədlərini mübahisələndirməyə hüquqi ixtiyarı çatmır.

2. Məhkəmə kollegiyası hazırki iddia tələbi ilə bağlı iddiaçının subyektiv hüquqa malik olduğu zənn edilsə belə, digər bir mümkünlük şərtinin də ödənilmədiyini diqqətə çatdırır. Belə ki, iddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına 26 may 2008-ci il tarixdə A№:049287 nömrə ilə verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin və həmin sənəd əsasında X4 adına aparılmış 10 yanvar 2009-cu il tarixli Bakı ş, Mərdəkan qəsəbəsi 5/31 saylı sahə üzrə mülkiyyət hüququna dair qeydin ləğvini tələb edir. İş materiallarında olan cavabdeh orqan tərəfindən məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş 19 sentyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur: - ...keçmiş Əzizbəyov RİH-nin 407/237 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamına, ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş A№049287 nömrəli xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.1146 ha olan 5/31 nömrəli torpaq sahəsi ilkin olaraq X4 adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri 7 saylı DNK-nın xx.xx.2011-ci il tarixli 4Ə/2-316 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi X10 adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri 23 saylı DNK-nın xx.xx.2023-cü il tarixli 4Ə-1533 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi X12 adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2024cü il tarixli 4Ə-1827 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.1146 ha torpaq sahəsinin 0.053 ha X13 adına, 4Ə-1826 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.01 ha X8 adına və 4Ə-1825 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.0516 ha X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi 5/31 saylı sahə üzərində X4 mülkiyyət hüququna dair qeyd artıq qüvvədə deyil. Belə ki, yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsinə dair reyestr qeydi müxtəlif illərdə müxtəlif şəxslərin adına aparılmış və son olaraq mübahisələndirilən torpaq sahəsinə dair reyestr qeydi X13, X8 və X9 adınadır. İddiaçı isə hazırda qüvvədə olmayan, yəni artıq ləğv edilmiş reyestr qeydinin (X4 adına aparılmış reyestr qeydinin) ləğvi ilə bağlı iddia qaldırmışdır. Halbuki, bu tip iddia tələblərində düzgün iddia növü mübahisələndirmə haqqında iddia deyil, müəyyən etmə haqqında iddiadır, yəni aparılmış reyestr qeydinin qanunsuz sayılması ilə bağlı iddia qaldırılması daha düzgün və iddiaçının hüquqi marağına uyğun olardı. Məhkəmə kollegiyası iddianın uğurlu olacağı halda məhkəmə qərarının icrasının qeyri-mümkünlüyü ilə bağlı bildirir ki, iddia tələbi təmin olunsa belə, sözügedən daşınmaz əmlaka dair qeydiyyat qüvvədə olmadığından və qüvvədə olmayan qeydiyyatın təkrar ləğvinin icrası da mümkün olmadığından məhkəmə qərarının da icrası mümkünsüz olacaqdır. Odur ki, iddiaçı “ləğv edilmiş reyestr qeydinin qanunsuz sayılması tələbi” ilə iddia qaldırdığı halda arzu etdiyi hüquqi məqsədə çata bilər. Qeyd edilənlər ümumiləşdirilərək diqqətə çatdırılır ki, artıq qüvvədə olmayan daşınmaz əmlaka dair reyestr qeydinin ləğvi heç bir hüquqi nəticə yaratmadığından, daşınmaz əmlakın reyestrində hüquqların ardıcıllığı prinsipi əsasında sonrakı qeydlə əvvəlki qeyd qüvvəsini itirdiyindən əvvəlki qeydin ayrıca ləğvi texniki və hüquqi baxımından da mümkünsüzdür. Bununla belə məhkəmə kollegiyası ən əsas məqamda onu bir daha diqqətə çatdırır ki, ilkin mümkünlük şərti -subyektiv hüququn mövcud olmaması diqqətə alınmalıdır. Yuxarıda qeyd edilən məsələlər iddiaçının subyektiv hüququ olsa belə digər mümkünlük şərtinin ödənilməməsi ilə bağlıdır.

3. Məhkəmə kollegiyası həmçinin müddətlə bağlı mümkünlük şərtinə də toxunmağı əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının mübahisə açdığı aktlar 2008-2009-cu ilə aiddir. Birinci instansiya məhkəməsi iddianın müddətlə bağlı mümkünlük şərtini ödədiyini qərarında belə əsaslandırmışdır ki, iş üzrə verilmiş sorğulara cavab məktublarından, eləcə də, 2013-cü il tarixdə rayon məhkəməsi və yuxarı instansiya məhkəmələrinin icraatında olmuş işlərdən görünür ki, hazırkı torpaq sahəsi iddiaçının qardaşının istifadəsində olmuş, hasara alınmış, üçüncü şəxsin mübahisəsi digər bir torpaq sahəsində, zəbt edildiyi iddia edildiyi sahə ilə əlaqədar olmuş, hazırkı mübahisə isə, 01 yanvar 2011-ci il tarixdən sonra yaranmış, mübahisəli məsələ üzrə ən azından həmin tarixdən əvvələ iddiaçının məlumatı olmamışdır. Odur ki, torpaq sahəsinin həmin tarixdən əvvələ iddiaçının, daha doğrusu qardaşının istifadəsində olduğu bir vəziyyətdə, üçüncü şəxsin də öz sənədlərinə əsasən digər bir sahə üzrə mübahisəli vəziyyətinin olduğu bir vəziyyətdə mübahisəli torpaq sahəsinə dair üçüncü şəxsin adına texniki sənədlərin və qeydin mötəbər olmadığının aşkar olması və gec mübahisələndirilməsi kimi vəziyyətin mövcudluğundan söhbət gedə bilməz. Göründüyü kimi torpaq sahəsinə dair mübahisə 01 yanvar 2011-ci il tarixdən sonra yarandığından, üst-üstə düşmədən fərqli torpaq sahələri üzrə istifadə vəziyyəti olduğundan, üçüncü şəxsin adına aparılmış qeyd və texniki sənədlərin tərtibatından məlumatlı olmadan söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının hüquqlarının pozulduğunu bildiyi anın 2011-ci ilin yanvar ayından sonraya təsadüf etməsi halı da müddətlə bağlı mümkünlük şərtinə qiymət verməyə maneə deyildir. Yuxarıda da qeyd edildiyi kimi 1 yanvar 2011-ci ildən mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin araşdırılmış hallarından görünür ki, tərəflər arasında eyni torpaq sahəsi ilə bağlı mübahisələr daha əvvəldən başlamışdır. Belə ki, iş materiallarında olan 05 avqust 2022-ci il tarixli cavabdeh inzibati orqanın məktubunda qeyd edilmişdir ki, “torpaq sahəsinin bir hissəsi digər şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Torpaq sahəsinin ölçüsü 1200 kv.m. qeyd edilsə də, faktiki 1120 kv.m. təşkil edir və Xəzər Rayon Məhkəməsinin yekun məhkəmə aktı məhkəməyə daxil olmamışdır”. Bundan başqa iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ərizəçi -müraciət edən şəxs qismində İddiaçı olmuş və iddia olunan torpaq sahəsinə baxış zamanı torpaq sahəsinin mübahisəli olduğu, üst-üstə düşmə halının olduğu qeyd edilmişdir. Bununla yanaşı cavabdeh inzibati orqanın digər bir məhkəmə işi üzrə xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “İddiaçı Müslüm oğluna JN-24651D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin, torpaq sahəsinin bir hissəsinin üstüstə düşdüyü torpaq sahəsinə dair sənədlərin və müayinə aktının surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq İdarənin arxivində saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətini sizə göndəririk.” Həmin məktuba qoşma olaraq sözügedən torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin üçüncü şəxslərin hüquqları qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü və hətta həmin üçüncü şəxslərə məxsus hazırda mübahisələndirilən plan və ölçü sənədi, mülkiyyət hüququna dair qeydə dair sənədlər 2022-ci ildə iddiaçıya məlum olmuşdur. Hazırki iddia tələbi isə ilk dəfə xx.xx.2024-cü il tarixdə məhkəmədə irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin yanaşmasını götürsək belə, İPM-nin 38-ci maddəsində qeyd edilən müddətlər də ötürülmüşdür. Hətta şəxsin müddətin bərpasını tələb etmə şansı (1 illik dövr) da ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası diqqətə çatdırır ki, sözügedən torpaq sahəsinin iddiaçının qardaşı tərəfindən istifadə edilməsi halı belə iddiaçının müddətlə bağlı şərtə riayət etməməsi üçün üzürlü hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü bu yöndə də düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, iddia tələbini təmin etmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

Nəticə hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Üçüncü şəxs X10 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-745/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçü sənədi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar