Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2447/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küç, dalan 11 ünvanında yerləşən 6 saylı mənzil 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar ona düşən əlavə məbləğin cavabdeh tərəfindən tam ödənilməsini xahiş etmişdir.. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küç, dalan 11 ünvanında yerləşən 6 saylı mənzil 09 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəf olan Cavabdeh xeyrinə imtina edilmişdir. Həmin alqı-satqı müqüaviləsi ilə Cavabdeh tərəfindən ona 45 860 (qırx beş min səkkiz yüz altmış) manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı bildirir ki, bu məbləğ real bazar qiymətlərinə müqayisədə olduqca aşağıdır. Belə ki, Cavabdeh 18 iyun 2021-ci il tarixli məktubunda qeyd edilir ki, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr nəzərə alınmaqla 1500.00 manat kimi müəyyənləşdirilmişdir. Ekspert rəyinin mənzili bu cür qiymətləndirilməsi nəticəsində məlum olur ki, mənzilin ümumi dəyəri əslində 61 500.00 manat məbləğindədir. Odur ki, qarşı tərəfin üzərinə vəzifə kimi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar kompensasiya kimi ödənişi tam edilməsi qoyulmalıdır. İddiaçı iddia tələbini “ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilin əlavə 39,4 kv.m əsas və köməkçi sahəsinə görə fərq məbləğinin - 15.760 manat ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə ünvan 3 ünvanında yerləşən 6 saylı yaşayış evinin 39,4 kv.m. əsas və köməkçi sahəsinə görə 15.760 (on beş min yeddi yüz altmış) manat məbləğində kompensasiya fərqinin tutulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 2176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırkı iş üzrə cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski" adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına duyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "Azər Expert” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu, “Sovetski” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrı-ayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən mənzilin əsas və köməkçi sahəsi 39,4 kv.m təşkil edir. Cavabdeh orqan tərəfindən evin əsas və köməkçi sahəsinin hər kv.m. üçün 1500 (bir min beş yüz) manat ödənilməli olduğu halda 1100 (bir min yüz) manat ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, kompensasiya ödənilən və iddiaçının istifadəsində olan evin əsas və köməkçi sahəsi cəmi 39,4 kv.m. olmuşdur. Həmin mənzilin iddiaçının yaşayış sahəsi olması və iddiaçının həmin mənzilə dair mənzil hüquqlarının olması işin mübahisəsiz halıdır. Həmçinin formalaşmış inzibati praktikaya əsasən “Sovetski” adlanan ərazidə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat müəyyən edilmişdir. Göstərilən hal cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixl məktubla da təsdiqlənir. Belə ki, həmin məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçiirlmiş tenderdə qalib gəlmiş "xxxx" MMC müstəqil qiymətləndirmə ekspertlərin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metri üçün onların konstrukiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mənzilin əsas və köməkçi sahəsinə görə (39,4 kv.m) iddiaçıya ödənilmiş kompensasiya məbləği hər kvadrat metri üzrə 1100 manat olmuşdur. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, kompensasiya məbləğinin qəbul edilmiş inzibati praktikaya uyğun olaraq 1500 manat deyil, 1100 manat olması cavabdeh tərəfindən hər hansı şəkildə əsaslandırılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum tərəfindən mənzilin əsas və köməkçi sahəsinə görə (39,4 kv.m) ödənilməmiş 400 (dörd yüz) manat məbləğində kompensasiya fərqinin iddiaçıya ödənməli olduğu qənaətindədir (39,4x400=15.760 manat). AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X2rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14- 15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X4rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2447/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2447/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver