Məhkəmə qərarları › İş №2-1(103)-2447/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2447/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2447/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı Rusiya Federasiyasının Qəhrəmanı, Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Sankt X9 Mühafizə Xidmətinin Universiteti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2024-cü il tarixli, 299 saylı diplom üzrə ixtisasının akademik tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4300/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı 06 iyun 2024-cü il tarixdə 28 nömrəli protokol əsasında Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin" hüquqşünas ixtisasında (qiyabi şöbədə) təhsilini müvəffəqiyyətlə başa vurmağı barədə diplomun tanınmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ildən 2024-cü il tarixədək Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin” hüquqşünas ixtisasında (qiyabi şöbədə) təhsil almışdır. Bununla bağlı həmin təhsil müəssisəsindən ona 06 iyun 2024-cü il tarixdə təhsilini müvəffəqiyyətlə başa vurduğu üçün ali təhsil haqqında diplom verilib. COVİD-19 bütün dünyada tüğyan etdiyi dövrdə, Rusiya Federasiyasının Baş X16 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli MR 3.1/2.1.0205-20 nömrəli metodiki tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq, 3.1.Yoluxucu xəstəliklərin qarşısının alınması, 2.1.Kommunal gigiyena, yeni koronovirus infeksiyasının qarşısının alınması üzrə tövsiyələrə uyğun olaraq, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilmişdir. Həmçinin, 2022-ci ildə universitet çağırış arayışı ilə rəsmi olaraq əyani şəkildə təhsil alan kursantları və qiyabi şöbənin tələbələrini universitetə dəvət etməmişdir. Müəllimlər dərsləri evdən vebinar formada keçmişdilər. Tələbələrin qalması üçün universitet tərəfindən istifadəyə verilən yataqxana fəaliyyət göstərməmişdir. Xidmət etdiyi qurumun rəhbəri 2022-ci il təhsil məzuniyyəti əmrində əsas olaraq universitetin çağırış arayışını götürərək əmrdə tədrisin distant formatda olmasını qeyd etmişdir. Bu səbəbdən də, həmin müddətdə distant təhsilini davam etdirdiyi üçün sözügedən universitetə getməmişdir. Bundan sonra, həmin diplomun tanınması barədə cavabdeh- Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etdikdən sonra, həmin qurumdan heç bir əsaslı səbəb göstərilmədən, 2022-ci ildə sessiyada niyə iştirak etməməyi barədə sorğu göndərmədən ona xx.xx.2024-cü il tarixli NA00033413 nömrəli məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın ona verdiyi imtina əsassızdır və ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi universitetdə distant təhsil aldığı dövrdə həmin ölkəyə gedib-gəlməyi mümkün deyildi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2024-cü il tarixli 299 saylı diplom üzrə ixtisasının akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Rusiya Federasiyası X1 Mühafizə Xidməti Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 107834 ******* nömrəli diplom üzrə “Hüquqşünaslıq'' (magistratura/qiyabi) ixtisası üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir:2018/2019-cü tədris ili üzrə - 28 gün, 2019/2020-cü tədris ili üzrə - İ yarımil: getməyib; İİ yarımil: pandemiya dövrü, 2020/2021-cü tədris ili üzrə - getməyib (Pandemiya dövrü), 2021/2022-cü tədris ili üzrə getməyib (Pandemiya dövrü), 2022/2023- cü tədris ili üzrə - getməyib, 2023/2024-cü tədris ili üzrə -1 ay 25 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözü gedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(112)-4300/2025 saylı qərarı ilə (hakim A.M.Almazova) iddia tələbi təmin edilmiş, Rusiya Federasiyasının Qəhrəmanı, Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X1 Mühafizə Xidmətinin Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli 299 saylı diplom üzrə ixtisasının akademik tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: 18 - 19 - 28 gün, 19 - 20 -1 yarımil: getməyib + İİ yarımil: pandemiya dövrü, 20 - 21 - getməyib (Pandemiya dövrü), 21 - 22 getməyib (Pandemiya dövrü), 22 - 23 - getməyib, 23 - 24 -1 ay 25 gün. İddiaçı mütəxəssis diplomu üzrə təhsil alıb və iddiaçının təhsilalma formasının qiyabi formada olması müəyyən edilir. Rusiya Federasiyası təhsil sistemində mövcud olan mütəxəssis proqramları tədris müddəti, tədris yükü və əldə edildiyi ölkədə doktorantura pilləsinə müraciət etmək hüquqi verdiyi üçün, bu qəbildən proqramların nəticəsində əldə olunmuş diplomlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 6-cı pilləsi (bakalavr) üzrə diplom sahiblərinə verilən hüquqlar tanınmaqla, 7-ci pillə (magistr) üzrə tanınır. İddiaçının təhsil aldığı proqram öz ölkəsində mütəxəssis diplomu təqdim etməklə bakalavr təhsil səviyyəsi üzrə nəzərdə tutulandan daha artıq tədris yükünün yerinə yetirilməsini nəzərdə tutur ki, bu da Azərbaycan Respublikasının da öz ali təhsil sistemində tətbiq etdiyi Avropa Kredit Transferi və Toplanması Sisteminə uyğun olaraq 300 kreditə ekvivalentdir ki, bakalavr üçün bu miqdar 240 kredit olaraq nəzərdə tutulmuşdur. Məhkəmə qərarının 7-ci səhifəsinin 9-cu bəndində sərhədkeçmə barədə tələbə münasibət bildirərkən hal-hazırda qüvvədə olan və ərizəçinin müraciət etdiyi tarixdə qüvvədə olduğu üçün inzibati icraat aparılan Qaydalara istinad etməyərək, ərizəçinin tanınma üçün müraciət etdiyi tarixdən (xx.xx.2024-cü il) öncə ləğv edilmiş (xx.xx.2023) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü iİ 13 may tarixli, 64 nömrəli qərarına istinad etmiş, həmin Qaydalardakı tələblər qiymətləndirilmişdir. Məhkəmə ərizəçinin müraciətindən əvvəl ləğv edilmiş normativ akta istinadını əsaslandırarkən, onun təhsil aldığı dövrdə 64 nömrəli Qərarın qüvvədə olmasını arqument kimi göstərmişdir, lakin Məhkəmə nəzərə almamışdır ki, Tanınma Qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınmasını tənzimləyir. Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq həmin dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. Məhkəmə qərarının 8-ci səhifəsi 3-cü abzasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomların qarşılıqlı tanınmasına dair beynəlxalq müavilə mövcud olduğundan iddiaçının diplomunun akademik tanınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz” ifadəsi işlənilmişdir. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında təhsil, elmi adlar, elmi dərəcələr haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş”ə istinad etmişdir. Halbuki həmin Sazişin 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən tanınmanın qiyabi təhsilalma forması vasitəsilə təhsil almış şəxslərə aid edilməməsi müəyyən olunur. Məhkəmə qərarının 6-cı səhifəsi son abzasında X1 Mühafizə Xidmətinin Universitetinin xx.xx.2024-cü il tarixli 30/386 nömrəli məktubuna istinad edərək mübahisəyə səbəb olan 2022/2023-cü tədris ili üçün COVİD-19 pandemiyası səbəbindən iddiaçının distant təhsil aldığını bildirmişdir. Lakin eyni universitet eyni tədris dövründə təhsil almış ərizəçilər üçün fərqli mövqedən çıxış edir. 2022-2023-cü il tədris dövründə dərslər ənənəvi qaydada keçirilmişdir. Lakin iddiaçı pandemiya dövrünü əsas gətirərək dərslərdə iştirak etməmişdir. Cavabdeh orqan xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması fəaliyyətini Təhsil haqqında Azərbaycan Respublikasının qanunu və digər əlaqəli normativ hüquqi aktlarla (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı) bu məsələnin onun səlahiyyətinə aid edilməsi və cavabdeh orqanın bu sahədə səlahiyyətli orqan kimi müəyyən edilməsinə əsaslanaraq həyata keçirir. Əldə olunan kvalifıkasiyanın ölkə ərazisində tanınması xarici təhsil müəssisəsinin deyil, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)-2377/2023 saylı qərarının 35-ci bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2762/2023 saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki: “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözü gedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyəti olmasını vurğulanmışdır. Məhkəmənin yenidən kvalifikasiyanın tanınmasına deyil, sənədin həqiqiliyinə qiymət verməsi bir daha Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-821/2022 saylı qərarının 33-cü bəndində “məhkəmənin xüsusi biliklər tələb edən sahə üzrə öz mülahizələri əsasında qərar qəbul etməsinin yol verilməzliyi barədə” qeyd etdiyi mövqeyin əhəmiyyətini göstərir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, inzibati icraat çərçivəsində bərabərlik prinsipinin nəzərə alınması vacibdir. İddiaçının təhsil aldığı dövrdə 8 nəfər tələbə iddiaçının təhsil aldığı universitetdə əyani olaraq dərlərdə iştirak etmişlər. Əgər həmin şəxslər dərslərdə biləvasitə əyani formada iştirak ediblərsə, iddiaçı da eyni şəkildə dərslərdə iştirak edə bilərdi. İddiaçının dərslərdə iştirak etmədiyi 2022/2023-cü tədris ili üzrə Rusiya Federasiyasında əyani formada dərslər keçirilirdi. Həmin dövrdə təşkil olunan dərslərdə iddiaçının əyani şəkildə iştirak etməsi mümkün idi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, qarşı tərəf təhsil aldığı dövrdə 8 nəfər tələbənin universitetdə əyani olaraq dərlərdə iştirak etdiyini, lakin onun iştirak etmədiyini bildirir. Lakin bu doğru deyil. Belə ki, həmin şəxslər bakalavriat, o isə magistratura səviyyəsində təhsil alırdı. Xidmətin rəhbərliyi tərəfindən universitetin göndərdiyi çağırış arayışı əsasında əmr imzalanırdı. Rəhbərlik tərəfindən onunla bərabər 6 nəfər şəxsin, xüsusi rütbəli əməkdaşlar olduqları üçün qanunvericiliyin tələblərini pozularaq, çağırış olmadan əsassız şəkildə xidmət yerrlərini tərk edərək ölkə xaricinə çıxmaqlarına icazə verilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Rusiya Federasiyasının Qəhrəmanı, Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X1 Mühafizə Xidmətinin Universitetinin xx.xx.2024-cü il tarixli 899 nömrəli mütəxəssis diplomundan görünür ki, hazırki diplom X2 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə mütəxəssis proqramını mənimsədiyini və yekun dövlət atestasiyasını uğurla keçdiyini göstərir. Dövlət imtahan komissiyasınn qərarına əsasən 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı Hüqüqsünaş ixtisas dərəcəsinə yiyələnmişdir(xx.xx.2024-cü il tarixli 28 saylı protokol). İddiaçı 2018/2019-cü tədris ili üzrə - 28 gün, 2023/2024-cü tədris ili üzrə -1 ay 25 gün müddətində təhsil aldığı xarici ölkə ərazisində olmuş, 2019/2020-ci, 2020/2021-ci, 2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə - Pandemiya dövrü ilə əlaqədar olaraq getməmişdir. İş materiallarında olan sənədlərdən və cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclaslarında bildirdiklərindən görünür ki, cavabdeh tərəfindən yalnız 2022/2023-cü tədris ili üzrə müddət mübahisələndirilir və bildirilir ki, iddiaçının həmin dövrdə universitetə gedib təhsil alması mümkün idi. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır (*analoji tezislərə apellyasiya şikayətində də istinad olunub) və qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin xüsusi halları ondan ibarətdir ki, iddiaçının təhsil aldığı dövrlər COVİD-19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən həm iddiaçının təhsil aldığı ölkədə, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş, məsafədən tədris üsullarının tətbiqinə keçilmişdir. Yenə, əksər ölkələr, eləcə də Rusiya və Azərbaycan sözügedən fövqəladə şərtlərin tələblərini nəzərə almaqla məsafədən tədrisin nəticələrini tanımış, hətta əyani təhsil forması üzrə təhsilin müəyyən dövrü ərzində məsafədən keçirilmiş tədris dövrü də nəzərə alınmaqla verilmiş diplomların hüquqi qüvvəsini qəbul etmişlər. İş materiallarında olan Rusiya Federasiyasının Qəhrəmanı, Ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X1 Mühafizə Xidmətinin Universitetinin xx.xx.2024-cü il tarixli, 30/386 nömrəli məktubundan görünür ki, ... 2020/2021, 2021/2022, 2022/2023 cü illərdə distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların keçirilməsi xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq edilmiş tövsiyələrə uyğun olaraq universitet tərəfindən distant formada həyata keçirilib və Rusiya Federasiyasının qanunvericiliyinin tələbərinə zidd deyil. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2022-ci il tarixli, 0913/e saylı əmrindən görünür ki, daxılı xidmət leytenantı İddiaçı Rusiya Federasiyası Mülkı Müdafiə, Fövqəladə Hallar və X12 Qaldırılması üzrə Nazirliyinin X4 qarşı Universitetinin 5-ci kurs imtahan sessiyasında dıstant formada iştirak etməsi uçun 2022-ci ilin noyabr ayının 1 dən dekabr ayının 10-dək 40 təqvim gunü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. Beləliklə, iddiaçı tərəfindən qismən distant təhsil alınması onun iradəsindən kənar xüsusi fövqəladə şəraitin diqtəsi ilə bağlı olmuşdur. Belə olan halda, sözügedən şəraitin tələblərinin nəzərə alınmaması iddiaçını qeyri-mütənasib və həddindən artıq yükə məruz qoymuş olar, eləcə də fərdin hüquqları ilə cəmiyyətin maraqları arasındakı ədalətli balansın pozulmasına gətirib çıxarar. Bundan başqa, qeyd edilən xüsusi vəziyyətin nəzərə alınmaması iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna da səbəb ola bilər. Belə ki, yaranmış xüsusi şəraitin diqtəsi altında ölkəmizdə məsafədən alınmış təhsil digər şəxslərə münasibətdə tanındığı halda, iddiaçıya münasibətdə əksi vəziyyəti yaratmış olar. Göründüyü kimi, iddiaçı təhsil aldığı dövr ərzində təhsil aldığı xarici ölkəyə gedibgəlmiş, cavabdehib mübahisələndirdiyi 2022/2023 tədris ili üzrə isə COVİD-19 pandemiyası səbəbindən universitet onun oxuduğu şöbə üzrə əyani dərs keçirmədiyindən getməmişdir. Həmin dövr ərzində isə distant formada təhsilini davam etdirmiş və yekunda təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə ona müvafiq diplom verilmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və analoji vəziyyətdə olan, lakin mübahisələndirilən dövrdə dərslərdə əyani iştirak edən şəxslər olaraq istinad edilən X10, X5, X11, X14, X15, X7, X8 və X3 aid sənədlərdən görünür ki, həmin şəxslər iddiaçıdan fərqli olaraq bakalavr ixtisas dərəcəsi üzrə təhsil almışlar. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Həmin Qanunun 27.4-cü maddəsinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə müvafiq olaraq, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən, Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 saylı Fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 5-ci bəndinə əsasən, akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. … Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 4cü və 5-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində (əsas (baza ali) tibb təhsilinə) təhsilini davam etdirmək hüququ verilir. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 6- cı və 7-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək hüququ verilir. Akademik tanınma zamanı ərizəçinin təhsil müddətində əldə etdiyi kreditlərin ümumi sayının AKTTS üzrə təhsilin orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üçün müəyyənləşdirilmiş minimal kredit sayına uyğunluğu müəyyən edilir. Kvalifikasiyanın istiqamətinin (profilinin) qiymətləndirilməsi təlimin istiqamətinin (nəzəri və ya praktiki olmasının) və ixtisas xüsusiyyətlərinin kvalifikasiyanın istiqamətinə (profilinə) uyğunluğunun müəyyən edilməsini nəzərdə tutur və tanınma zamanı ərizəçiyə təhsilini növbəti səviyyədə davam etdirmək hüququ verən ixtisas istiqamətlərinə təsir edir. Kvalifikasiyanın istiqaməti (profili) Agentlik tərəfindən təsdiq edilir. Ərizəçinin akademik tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiyanın təlim nəticələri arasında əhəmiyyətli fərq aşkar olunmadıqda və bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan tələblər ödənildikdə, ərizəçinin kvalifikasiyası tam tanınır və tanınma şəhadətnaməsində ərizəçiyə növbəti təhsil pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir. Ərizəçinin tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda, qismən, şərti və alternativ tanınma barədə qərar qəbul oluna bilər. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən, ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Konvensiyanın 6-cı maddəsinə görə, hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Hal-hazırda Konvensiyanın 6-cı maddəsində sadalanan halların iddiaçıya münasibətdə mövcud olması iş materialları ilə öz təsdiqini tapmır, cavabdehin də yeganə dəlili ərizəçinin təhsil aldığı ölkədə olduğu müddətin onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət olmaması ehtimalından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(112)-4300/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(112)-4300/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar