Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2448/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Femida” Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1990-cı il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(112)-4333/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 15.02.2021-ci il tarixində cavabdehlər Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 18.01.2021-ci il tarixli imtina qərarının qanunsuz hesab edilməsi və Rusiya Federasiyasının X3 diplomunun (seriya nömrəsi P№83123; verilmə tarixi 12.02.2013) tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə Rusiya Federasiyasının nüfuzlu və akkreditasiya olunmuş ali təhsil müəssisələrindən biri olan X4 qəbul olunmuşdur. Qiyabi təhsil forması üzrə 5 (beş) il təhsil almış və 2013-cü ildə həmin Akademiyanın “İqtisadiyyat” istiqamətinin “Mühasibat uçotu, analiz və audit” ixtisaslaşması üzrə ali təhsilini uğurla başa vurub diplom almışdır. Həmin universitet Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq qaydada akkreditasiyadan keçmiş təhsil müəssisəsidir. Diplom və onun əlavəsinə 01.08.2013-cü il tarixində Apostil vurulmuşdur. Bu fakt isə bir daha sübut edir ki, əldə etdiyi diplom saxta və ya qanunsuz deyil və Rusiya dövlətinin müvafiq reyestrinə daxil edilmişdir. Əks təqdirdə Apostil vurulması qeyri-mümkün olardı. Diplom üzrə əldə etdiyi ixtisasın tanınması və nostrifikasiya şəhadətnaməsinin alınması məqsədilə 2020-ci ilin noyabr ayında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmişdir. Araşdırma əsnasında noyabr ayında komissiya tərəfindən ZOOM proqramı vasitəsilə distant (“online”) müsahibəyə cəlb olunmuş və videoçəkiliş vasitəsilə müsahibədə ona ixtisası üzrə verilən suallara uğurla cavab vermiş və dil biliklərinin yoxlanılmasından müvəffəqiyyətlə keçmişdir. Yəni, ixtisas üzrə biliklərə yiyələnməkdə və xarici dil biliklərində heç bir uyğunsuzluq müəyyən edilməmişdir. Lakin 24.11.2020-ci il tarixdə cavabdeh tərəfindən aldığı ixtisasın (diplomumun) tanınması məhz həmin ölkədə qısa müddət ərzində olduğundan qeyri-mümkün hesab edilmiş və həmin tarixdə elektron kabinetinə bildiriş göndərilmişdir. Daha sonra, 16.02.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdehlər sırasından çıxarılmaqla iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini və iddia tələbinin “Rusiya Federasiyasının X3 diplomunun (seriya nömrəsi P№83123; verilmə tarixi 12.02.2013) tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulsun” kimi göstərilməsini xahiş etmişdir. 26.04.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Rusiya Federasiyasının Müasir Humanitar Akademiyası tərəfindən adına verilmiş, P№83123 nömrəli ; 12.02.2013-cü il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(112)-4333/2021 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 24 avqust 2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(112)-4333/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(112)-4333/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; - Rusiya Federasiyasının Müasir Humanitar Akademiyası tərəfindən 12.02.2013-cü il tarixdə verilmiş P№83123 nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət Attestasiya Komissiyasının 31 yanvar 2013-cü il tarixli qərarı ilə İddiaçı “İqtisadiyyat” peşə istiqamətinin “Mühasibat uçotu, analiz və audit” ixtisaslaşması üzrə bakalavr dərəcəsini verilmişdir. Diplom Moskva şəhər Təhsil Departamenti tərəfindən 01.08.2013-cü ildə 143853 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir; - Rusiya Federasiyasının Müasir Humanitar Akademiyası tərəfindən 12.02.2013-cü il tarixdə verilmiş P№83123 nömrəli diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Rusiya Federasiyasının Müasir Humanitar Akademiyasında oxuduğu müddət ərzində “İqtisadiyyat” peşə istiqamətinin “Mühasibat uçotu, analiz və audit” ixtisaslaşması üzrə 54 fəndən 3 kafi, 21 yaxşı, 5 əla və 25 məqbul qiymətləri almışdır; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı 2010-2013-cü illər ərzində Rusiya Federasiyası istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar belədir: 16.11.2010-çıxış, 16.11.2010-giriş, 06.01.2011-çıxış, 13.01.2011-giriş, 22.05.2011-çıxış, 04.06.2011-giriş, 03.01.2012-çıxış, 14.01.2012giriş, 17.06.2012-çıxış, 23.06.2012-giriş, 18.11.2012-çıxış, 23.11.2012-giriş, 29.01.2013-çıxış, 01.02.2013-giriş, 29.05.2013-çıxış, 04.06.2013-giriş; - İddiaçı aid P4609281 nömrəli ümumvətəndaş pasportunun notarial qaydada təsdiq edilmiş surətində Rusiya Federasiyasına 03.01.2012-çıxış, 14.01.2012-giriş, 17.06.2012-çıxış, 23.06.2012-giriş, 18.11.2012-çıxış, 23.11.2012-giriş, 29.01.2013çıxış, 01.02.2013-giriş, 29.05.2013-çıxış, 04.06.2013-giriş məlumatları öz əksini tapır; Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir” Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı Rusiya Federasiyasının Müasir Humanitar Akademiyasında bakalavr təhsil pilləsində “Mühasibat uçotu, analiz və audit” ixtisası üzrə təhsil almış və 12.02.2013-cü il tarixdə P№83123 bakalavr diplom verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Eyni zamanda iddiaçının ərizəsinə əsasən iddiaçı 2010-cu ilə qədər Akademiyanın Bakı şəhərində yerləşən rəsmi nümayəndəliyi hesab olunan Bakı İnnovasiyalar Texnologiyalar Mərkəzində təhsil almış (iş materiallarında Bakı İnnovasiyalar Texnologiyalar Mərkəzinin Rusiya Federasiyasının X3 rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərməsi barədə heç bir mötəbər sübut yoxdur), daha sonra ərizəsi əsasında həmin Akademiyanın Dərbənd filialına köçürülmüşdür. Cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və bu səbəbdən diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyü təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2010-cu ildə Rusiya Federasiyasında olmamış, 2011-ci ilin yanvar ayında 7 gün, may-iyun aylarında 13 gün, 2012-ci ilin yanvar ayında 11 gün, iyun ayında 6 gün, noyabr ayında 5 gün, 2013-cü ilin yanvar-fevral aylarında 3 gün, may-iyun aylarında 6 gün Rusiya Federasiyasında olmuşdur. Göründüyü kimi iddiaçının xarici ölkədə olduğu qısa müddət ərzində bakalavr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan halların mövcudluğu öz təsdiqini tapdığından cavabdeh inzibati orqanın iddiaçının bakalavr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(112)-4333/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2-1(112)-4333/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2448/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2448/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver