Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2448/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4473/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X5 İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1485Y” saylı 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1485Y” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdehə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim edilmişdir. Bildirişdə qeyd edilmişdir ki, guya bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamaqla yanaşı, bundan başqa ərazidə hasarlanmanın sxematik xəritəyə uyğun aparılmaması və sxematik xəritədə qeyd olunan bağ nömrələrinin aydın müşahidə olunmaması səbəbindən torpaq sahəsinin sənəd üzrə yerləşdirilməsini araşdırmaq mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinə dair ona bağlar idarəsindən 30 il əvvəl verilmiş orderlə (ilkin sənədlə) iddiaçı həmin vaxtdan torpağa sahiblik etmiş, hətta orada 15 il bundan əvvəl orada fərdi yaşayış evi inşa etdirərək indiyədək ailə üzvləri ilə yaşamışdır. Bu vaxta qədər heç bir qurum tərəfindən iddiaçıya torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi ilə bağlı irad tutulmamışdır. Bildirişin 4-cü abzasında cavabdeh digər tərəfdən göstərir ki, torpaq sahəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır, həmçinin bağ sahəsi üzərində mülkiyyət hüququnun digər şəxsin adına qeydiyyata alınması ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında məhkəmə mübahisəsi mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır, ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-4473/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1485Y” saylı 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1485Y” saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona X5 İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1485Y” saylı 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu,Vişnyovka-1 bağ massivində yerləşən “1485Y” saylı 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın reyestrinə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışır. Qeyd olunan əraziyə dair X4 tərəfindən Buzovna Bələdiyyəsi tərəfindən verilmiş 229A saylı, xx.xx.2005-ci il tarixli Sərəncam və alqı-satqı müqaviləsi ilə idarəyə müraciət daxil olmuşdur. Hazırda Bakı İnzibati Məhkəməsinin icraatında iddaçının üçüncü şəxs kimi cəlb olunduğu iş vardır. “1485Y” nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb və iddiaçı tərəfindən göstərilən ərazi həmin sxematik xəritəyə əsasən 1485 və 1489 saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Bağ sahəsinin həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamış, iddiaçının göstərdiyi ərazinin mübahisəli olması dəlilinə münasibət bildirilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində əsassız faktlara söykənən dəlillər gətirərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini tələb etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək şikayətə dair öz etiraz dəlillərini təqdim edir. Belə ki, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarı və həmin qərara əsasən verilmiş b/c nömrəli orderlə Vişnyovka-1 bağ massivində yerləşən sahəsi 0.12 ha olan 1485Y saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlil birinci instansiya məhkəməsi tərəfindən alınan mütəxəssis rəyi ilə təkzib edilmişdir. Belə ki, "xxxx" MMC-nin verdiyi 32 nömrəli, 30 yanvar 2024-ciı il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 massivində yerləşən bağ sahəsinin Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna bələdiyyəsinin 229A saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün X1 istifadəsinə ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisində yerləşəm 1200 kv.m metr bağ sahəsi ilə üst- üstə düşməsi mümkiin deyil. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaqların hüdudlarından kənarda olmaqla dövlət mülkiyyətinə aiddir. Qeyd edilənlərə əsasən cavabdehin gətirdiyi dəlillər əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Xüsusilə mütəxəssis rəyi cavabdehin gətirdiyi dəlili təkzib edir. İddiaçının təqdim etdiyi Bakı şəhəri, X5 İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarı miibahisələndirilməmiş, bu da öz növbəsində həmin sənədin etibarlılığını təsdiq edir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1485Y” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizə baxılmışdır. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan başqa, ərazidə hasarlanmanın sxematik xəritəyə uyğun aparılmaması və sxematik xəritədə qeyd olunan bağ nömrələrinin aydın müşahidə olunmaması səbəbindən torpaq sahəsinin sənəd üzrə yerləşməsini araşdırmaq mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmış, həmçinin bağ sahəsi üzərində mülkiyyət hüququnun digər şəxsin adına qeydiyyata alınması ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında məhkəmə mübahisəsi mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya təqdim edilmiş Bakı şəhər XDS İK-nin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 40 №-li BTK nəzdində bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 40 nömrəli kooperativin b/c saylı orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhər XDS İK-nin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarına əsasən Vişnovka-İ bağlar sahəsində 40 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1485Y nömrəli bağ ayrılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 1/16 saylı 30 yanvar 1991-ci il tarixli qərarına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 massivində yerləşən bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 0,1250 hektardır. İddia olunan torpaq sahəsinin Bakı şəhəri Əzizbəyov rayonu Buzovna bələdiyyəsinin 229 A saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün X1 istifadəsinə ayrılmış Bakı şəhəri Buzovna qəsəbəsi ərazisində yerləşən 1200 kv.metr bağ sahəsi ilə üst-üstə düşməsi mümkün deyil. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaqların hüdudlarından kənarda olmaqla dövlət mülkiyyətinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərin qeyrimötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhər XDS İK-nin 30 yanvar 1991-ci il tarixli, 1/16 nömrəli qərarına və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X3 bağlar sahəsindəki 40 nömrəli kooperativin b/c saylı orderinə əsasən iddmaçı İddiaçı oğluna Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağlar sahəsində 40 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1485Y nömrəli bağ ayrılmışdır. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, orderin verilməsinə əsas olan qərarın arxiv çıxarışı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmişdir. İddiaçıda orderin əsli vardır və notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir, hazırda da iddiaçı qeyd olunan qərara və orderə əsasən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. Müvafiq torpaq sahəsi ilə bağlı uyğunsuzluq hallarının mövcudluğu isə iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciətinin qeydə alındığını bildirsə də, məhkəməyə təqdim edilmiş mütəxəssis ilə müəyyən edilmişdir ki, Bakı şəhəri X8 İcraiyyə Komitəsinin 1/16 saylı 30 yanvar 1991-ci il tarixli qərarına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 massivində yerləşən bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, sahəsi 0,1250 hektardır, iddia olunan torpaq sahəsinin Bakı şəhəri Əzizbəyov rayonu Buzovna bələdiyyəsinin 229 A saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün X1 istifadəsinə ayrılmış Bakı şəhəri Buzovna qəsəbəsi ərazisində yerləşən 1200 kv.metr bağ sahəsi ilə üst-üstə düşməsi mümkün deyil, belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaqların hüdudlarından kənarda olmaqla dövlət mülkiyyətinə aiddir. Bundan başqa, müraciəti qeydə alınan və hazırki iş üzrə üçüncü şəxs X2 torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu Buzovna bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 229A nömrəli sərəncamına əsasən ayrılmışdır (Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi). X1 iddia tələbinə dair başqa bir inzibati işdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddia tələbinə etirazda (iş mat. səh.12-14) qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətindədir, Vişnyovka-1 bağ massivinin ərazisidir, təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad və məsafə qeyd edilmədiyindən torpaq sahəsinin sənəd üzrə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin (qərar və order) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərar və orderə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4473/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2448/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2448/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver