Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2449/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil Nəsib oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin müddətinin uzadılmasına dair qərar qəbul edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-577/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran Bələdiyyəsinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən torpağın iddiaçıya icarəyə verilməsinə dair 20 sentyabr 2019-cu il tarixli müqavilənin müddətinin uzadılmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə xx.xx.2019-cu ildə o, Bakı şəhəri Nardaran bələdiyyəsi ilə 02 nömrəli torpaq icarəsi müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən 1450 kv.m. torpaq sahəsi onun istifadəsinə verilmişdir. Nardaran bələdiyyəsi xx.xx.2011-ci il tarixli, 12 nömrəli qərarı ilə buna razılıq vermişdir. Bağlanmış müqaviləyə əsasən icraçı kimi iddiaçı xx.xx.2019-cu ildən başlayaraq hər ay 159,50 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında ona yerli bələdiyyə büdcəsinin vergi ödəyicisi kimi Nardaran bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 732 nömrəli Şəhadətnamə verilmişdir. İcarə müqaviləsi bağlanarkən həmin müqavilədə icarə müddətinin hansı tarixdə bitəcəyi və müqavilənin qüvvədə olma tarixi qeyd edilməmişdir. Bundan sonra o, xx.xx.2021-ci ildə icarə müqaviləsinin uzaldılması barədə ərizə ilə Nardaran bələdiyyəsinə müraciət etmiş və ərizəyə cavab olaraq Nardaran bələdiyyəsinin xx.xx.2021-ci tarixli cavab məktubunda bildirilmişdir ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri ilə əldə edilə bilər. İddiaçı qeyd edilən torpaq sahəsində iki mərtəbəli ümumi sahəsi 235,80 kv.m. olan “A” bağ evi və iki mərtəbəli ümumi sahəsi 182,70 kv. m.olan “B” bağ evi tikmişdir. Həmin bağ evlərinin texniki göstəricilər müvafiq icazə əsasında fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyət tərəfindən tərtib olunmuş eskiz layihədə göstərilmişdir. İcarə müqaviləsində icarə müddətinin hansı tarixdə bitəcəyi ilə bağlı tarix və ümumiyyətlə müqavilənin qüvvədə olma müddəti göstərilmədiyindən iddiaçı hesab edir ki, həmin müqavilə hal-hazırda qüvvədən düşmüşdür.. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-577/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “…Məhkəmə iddianı rədd edərkən bələdiyə orqanının qərarı ilə torpaq sahəsinin icarəyə verilməsi üsulunun-qaydasının qanunvericilikdə nəzərdə tutulmadığını, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları, və ya müsabiqələri vasitəsilə əldə edilməsinin nəzərədə tutulduğunu, həmçinin tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddətinin göstərimədiyindən icarə müqaviləsinin müddətinin uzadılması barədə qərar qəbul etmək mümkün olmadığını, eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanı ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəy verilməsinini 2017-ci ilin yanvarın 1-dən etibarən dayandırılmasını nəzərə almışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən lövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 720.1-ci maddəsinə əsasən icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: 720.1.1. müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə; 720.1.2. torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə. 720.2. Bu Məcəllənin 720.1-ci maddəsində nəzərdə tutulan hallarda icarəçi tələb edə bilər ki, icarə müqaviləsi bütün halları nəzərə almaqla ağlabatan olan vaxtadək uzadılsın. Əgər icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsinə razılıq verə bilmirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, hüquq münasibətləri ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilsin. Bu cür davametdirilmə dəfələrlə tələb oluna bilər. 720.5. İcarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir. 720.6. Əgər razılıq əldə edilməzsə, iddiaya əsasən məhkəmə müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtləri haqqında qərar qəbul edir. Lakin məhkəmə cari hüquq münasibətlərinin başlanğıcından hesablanmaqla, bu Məcəllənin 720.3.3-cü maddəsində göstərilmiş müddətlərdən kənara çıxmayan anadək müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi haqqında qərar qəbul edə bilər. Müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi icarəyə götürülmüş torpağın bir hissəsi ilə də məhdudlaşdırıla bilər. Qeyd olunan normaların tələbindən açıq-aydın görünür ki, əgər tərəflər arasında razılıq əldə edilməzsə, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtləri haqqında məhkəmə qərar qəbul edir. Göründüyü kimi, qanunvericilik bu xarakterli mübahisəli hüquq münasibətinin tənzimlənməsi ilə bağlı məhkəmə orqanlarının üzərinə imperativ daşıyan vəzifə qoymuşdur…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahih etmişdir. Məhkəmə iclası barədə məlumat verilmiş cavabdeh Nardaran bələdiyyəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə, cavabdeh tərəfindən torpağın iddiaçıya icarəyə verilməsinə dair 20 sentyabr 2019-cu il tarixli müqavilənin müddətinin uzadılmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsində müqavilənin müddəti, habelə icarəyə verilmiş torpaq sahəsinin hansı məqsədlə istifadə ediləcəyi kimi mühüm şərtlər göstərilməmişdir müqavilənin müddətinin nə vaxt başa çatmasını və hansı tarixdən müddətinin uzadılmalı olmasını müəyyən etmək mümkün olmadığı üçün hətta qanunvericilik hazırkı şəraitdə buna yol versə idi belə ümumiyyətlə müqavilənin müddətinin uzadılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin: 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4-cü hissəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Eyni zamanda, «Torpaq icarəsi haqqında» Qanunun 13-cü maddəsində də nəzərədə tutulur ki, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Eyni zamanda, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 11.9-cu maddəsinə əsasən Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. İşə əlavə olunmuş tərəflər arasında 20 sentyabr 2019-cu il tarixdə bağlanmış «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» 02№-li müqavilənin 1-ci bəndindən görünür ki, 15 may 2011-ci il tarixli qərar əsasında icarəyə verən (Nardaran bələdiyyəsi) Nardaraq qəsəbəsində 1450 kv m sahəsi icarəçinin (.İddiaçı) uzunmuddətli istifadəsinə verir. Lakin həmin müqavilənin «Xüsusi şərtlər»i ehtiva edən 2-ci bəndinin 2.1-ci yarımbəndində «müqavilə müddəti (və iarə haqqı)» təsbit olunduğu halda həmin yarımbənddə konkret olaraq müqavilənin hansı müddətə bağlandığı göstərilməmiş,boş buraxılmışdır. Halbuki, müqavilənin qeyd olunan 1-ci bəndində müqavilənin uzun müddətə bağlıandığı qeyd olunmuşdur. Göründüyü kimi, müqavilədə tərəflər torpaq sahəsinin uzun müddətə bağlanması barədə razılığa gəlsələr də həmin müddəti barədə aralarında konkret razılığın mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Məgəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 720.7-ci maddəsinə əsasən isə 720.7. İcarəçi müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsinə ən geci doqquz ay qalmış və (ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha qısa müddət təşkil etdikdə) ləğvetməyə dair bildirişin məhkəməyə daxil olmasından iki ay sonra məhkəməyə ərizə verməlidir. Əgər mənfi nəticələrə yol verməmək üçün ağlabatan hesab edilərsə və əgər torpaq icarəsi müqaviləsinin qüvvədə olma müddəti hələ qurtarmamışsa, məhkəmə ərizənin daha gec daxil olmasına yol verə bilər. Konkret halda, istər icarəyə verən tərəfindən, istərsə də icarəçi tərəfindən icarə müqaviləsinin ləğvinə bir-birinə qarşı məhkəməyə qədər tələblərinin mövcudluğu müəyyən olunmur. Ən azından cavabdeh orqan tərəfindən müqavilə ləğv edilməmiş, ümumiyyətlə, müqavilənin 1-ci bəndində torpağın uzunmüddətli icarəyə verilməsinin qeyd olunması, 2.1ci bəndində isə konkret müddətin göstərilməməsi bütün bunlar həmin müqavilənin qeyrimüəyyən müddətə bağlanmasını ehtiva etməyə əsas verir. Belə çıxır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi qüvvəsini itirməmiş, icarə münasibətləri davam edir. Belə olan halda, iddiaçının həmin müqavilənin müddətinin uzadılmasına dair qərar qəbul edilməsi vəzifəsi cavabdeh həvalə edilməsini tələb etməkdə haqlı hesab oluna bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 577/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-577/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2449/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2449/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver