Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2449/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının “X3” publik hüquqi şəxsinə qarşı “güzəştli kredit məbləğinin geri tələb edilməsi ilə baglı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1519/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının “X3” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “X3” publik hüquqi şəxsin “vəsaitin geri qaytarılması” barədə qəbul etdiyi qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ayrılmış 4 (dörd) milyon manat güzəştli kredit məbləğinin və ona hesablanan faiz məbləğinin "xxxx" ASC-dən geri tələb edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilərək həmin hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası “X3” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası “X3” publik hüquqi şəxsinin qərarına əsasən "xxxx" Bank ASCdən xx.xx.2019-cu il tarixdə 4 ha istixana tikintisi üçün illik 4 faizlə 4 milyon manat güzəştli kredit ayrılmışdır. Müqavilədə nəzərdə tutulmuş təyinata uyğun olaraq istixananın qurulması və müvafiq avadanlıqlarla təmin edilməsi barədə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC ilə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən podratçı təşkilat tərəfindən avadanlıqların 70 faizə qədəri Azərbaycan Republikasına gətirilməklə işlərin 70 faizi tamamlanmışdır. Cavabdeh və bank görülmüş işlərlə bağlı bir neçə dəfə monitorinq keçirmiş və monitorinq zamanı vəsaitlərin təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir. Lakin məlum pandemiya şərtlərinə görə 1 ilə yaxın "xxxx" MMC müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Pandemiyadan sonra ondan öhdəliyin icrası tələb edildikdə "xxxx" MMC-nin Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsinə müraciəti və nümayəndə Ruslan Zaqitoviçin “X3” publik hüquqi şəxsinə müraciəti əsasında cavabdeh tərəfindən 2022-ci ilin oktyabr ayının sonunadək möhlət verilməsini məqsədəmüvafiq hesab etmiş və bu məqsədlə "xxxx" Banka xx.xx.2022-ci il tarixli məktub ünvanlamışdır. Cavabdeh tərəfindən iddiaçıya möhlət verilsə də, "xxxx" MMC müqavilədən irəli gələn öhdəliklərinin tamamlanması barədə hər- hansı bir hərəkət etmədiyinə və vəsaiti qaytarmadığına görə iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və e-2-2(113)-2852/2023 saylı iş hal-hazırda məhkəmənin icraatındadır. Göründüyü kimi iddiaçının iradəsindən asılı olmayaraq podratçı şirkət üzərinə düşən öhdəliyi icra etmədiyindən zərərə uğramışdır. Bütün bunlara baxmayaraq iddiaçı "xxxx" Bank qarşısında götürdüyü öhdəliyi digər gəlirləri hesabına vaxtlı-vaxtında ödəmişdir. Eyni zamanda həmin kreditin tələblərinə vaxtlı-vaxtında əməl etməklə yanaşı əmlakı girov qoyularaq təminat verilmişdir. Bank qarşısında gecikmiş öhdəliyi yoxdur. Lakin Bank tərəfindən verilən məlumata əsasən “X3” publik hüquqi şəxsi tərəfindən banka verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi əsası ilə banka ödənilən vəsaitin geri tələb edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh xx.xx.2023- cü il tarixli məktubu ilə həmin vəsaitin geri qaytarılmasını bankdan tələb etmişdir. Bank cavabdehin tələbi üzrə vəsaiti xx.xx.2023-cü il tarixdə geri qaytardığını bildirərək həmin vəsaiti iddiaçıdan tələb edir və ödənmədiyi təqdirdə hər gün üçün həmin vəsaitin illik 30% dərəcəsi ilə penya tətbiq edəcəyini bildirmişdir. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı "xxxx" Bankı ASC vasitəsilə əlavə 4 hektar ərazidə istixana kompeksinin qurulması məqsədilə güzəştli kredit ayrılmışdır. Güzəştli kreditin verilməsi ilə əlaqədar təqdim edilən təşkilati planda sözügedən kompleksin 2020-ci ilin yanvar ayında fəaliyyətə başlaması nəzərdə tutulsa da, cari dövrə qədər işlər yekunlaşdırılmamışdır. İşlərin tam yekunlaşdırılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonuna qədər möhlətin verilməsi ilə bağlı Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov tərəfindən İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə əsasən X3 tərəfindən sahibkarlıq subyektinə görüləcək işlərin tam həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonuna kimi möhlət verilmişdir. Göstərilən möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması məqsədilə 2022-ci ilin oktyabr ayında Fond tərəfindən monitorinq aparılmış və işlərin yekunlaşdırılmadığı müşahidə edilmişdir. Eyni zamanda 2022-ci ilin oktyabr ayında aparılmış monitorinqin nəticələri ilə bağlı xx.xx.2022-ci il tarixdə Fondun, müvəkkil kredit təşkilatının və İddiaçı etibarnamə üzrə nümayəndəsi Samiq İsmayılovun iştirakları ilə iclas keçirilmiş, həmin iclasda S.İsmayılov istixana işlərinin başa çatdırılması, avadanlıqların quraşdırılması, əkin işlərinin aparılması və yeni iş yerlərinin yaradılması məqsədilə 2023-cü ilin mart ayının sonuna qədər möhlət verilməsini xahiş etmiş, sahibkarlıq subyektinin xahişi nəzərə alınmaqla yuxarıda öz əksini tapmış işlərin görülməsi üçün İddiaçı 2023-cü ilin mart ayının sonuna kimi möhlət verilməsi, bu müddətdə investisiya layihəsinin icrasının başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl Fonda ödənilməsinin təmin edilməsi qərara alınmış və bu iclasın nəticələrinə dair protokol tərtib edilməklə iclasda iştirak edən şəxslər tərəfindən imzalanmış, eyni zamanda İddiaçı da həmin protokolla tanış edilmişdir. Daha sonra ikinci möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması sahibkarlıq subyektinin təsərrüfatında 2023-cü ilin may ayında əlavə monitorinq keçirilmiş, monitorinq zamanı işlərin yekunlaşdırılmadığı müşahidə edilmiş və bu səbəbdən də təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi məqsədilə banka məktub ünvanlanmış və həmin vəsaitin ödənilməsi bank tərəfindən təmin edilmişdir. Qeyd olunanları və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nın 9.1 və 9.2-ci bəndlərinin tələblərini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1519/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ciddi hüquq pozuntusu törədərək iddiaçının müqavilə tərəfini, icraçını işlərin görülməsindən yayındırmışdır. İddiaçı iddia ərizəsi ilə Bakı inzibati məhkəməsinə müraciət edərək “X3” publik hüquqi şəxsin “vəsaitin geri qaytarılması” barədə qəbul etdiyi qərarın ləğv edilməsi öhdəliyinin “X3” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Lakin cəmi 1 iclasdan ibarət hazırlıq iclasında inzibati orqanın iddia ərizəsinə etirazı təqdim edilmədən, inzibati aktı məhkəməyə təqdim edilmədən baxışa təyin edilməsi və baxış 1-ci baxış iclasında (1 iclas təxirə salınmışdır) inzibati orqan olan “X3” publik hüquqi şəxsinin nümayəndəsi inzibati akt qəbul edilmədiyini bildirmişdir. İnzibati orqan olan “X3” publik hüquqi şəxsi 4 hektarlıq istixana tikilişi üçün illik 4 faizlə 4 milyon manat güzəştli kredit ayrılması barədə qərar qəbul etmişdir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan RespublikasıQanunun tələblərini pozaraq inzibati icraat başlatmamış, iddiaçıya hər hansı bir məlumat verilmədən, hətta vəsaitin ayrılması barədə inzibati akt qüvvədə olduğu halda və vəsaitin geri qaytarılması barədə inzibati akt qəbul etmədən vəsaitləri geri tələb etmişdir. İddiaçı iş icraçısına möhlət verməsindən narazı qalmasına baxmayaraq kreditin qaytarılmasını Xalq Bankla bağlanmış müqaviləyə və müqaviləyə əlavə edilmiş qrafikə əsasən vaxtlı-vaxtında icra etmişdir. Bir halda belə gecikmə olmamışdır. Hal-hazırda da heç bir gecikmə yoxdur. Bank tərəfindən hər hansı bir irad bildirilməmişdir. Bundan başqa İddiaçı ilkin olaraq Xalq Bank vasitəsi ilə X3” publik hüquqi şəxsinin müvafiq qərarı ilə 3 milyon manat vəsait ayrılmış və müvafiq parniklər quraşdırırlmış, iş başa çatmış və fəaliyyət göstərməkdədir. İ.Tünzalə həmin kreditləri də vaxtında qaytarmaqdadır. Həmin kreditlər üzrə də hər hansı bir gecikmələr yoxdur. “X3” publik hüquqi şəxsi bunu bilə-bilə, icraçını icradan yayındıraraq, “təyinatı üzrə istifadə edilmir” adı altında vəsaiti geri çəkməsi İ.Tünzaləni çətin duruma salmışdır. Bu minvalla kimlərsə bilərəkdən İ.Tünzaləyə ilkin kredit üzrə də problem yaratmaq onun sahibkarlıq fəaliyyətinə zərbə vurmaq niyyəti durur. Nizamlı (hər iki kredit üzrə borcu olmayan) sahibkarı müflis etdirmək Azərbaycanda kənd təsərrüfatı istehsalçısına zərbə vurmaqdır. İxracata zərbədir. Cənab Prezident kənd təsərrüfatı istahsalçılarına maddi dəstək (yanacağın pulsuz verilməsi, kübrələrin və texnikaların 40% güzəştlə verilməsi, borcların bağışlanması və s.) verdiyi halda Fond bazarı düzgün təhlil edə bilmir, sahibkara dəstək olmur. Kağız üzərində formal idarəetməni həyata keçirir. Bunu da böyük səhvlərlə. İcraçıya qanunsuz möhlət verməklə, inzibati icraat başlatmadan, sahibkarı məlumatlandırmadan, inzibati akt qəbul etmədən. İddiaçının müqavilə tərəfi olan İcraçıya iddiaçının xəbəri olmadan qanunsuz möhlət verməsi, inzibati icraat başlatmadan, sahibkarı məlumatlandırmadan, inzibati akt qəbuletməsi kimi ciddi pozuntular məhkəmə tərəfindən araşdırılmamışdır. Cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilməməsi əsasını təşkil edən aktdan (otaqlarında tərtib etdikləri aktdan) başqa dəlillər məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.4-cü maddəsində nəzərdə tutulmuş iddianı (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair) qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası X1 (bundan sonra - Fond) vəsaiti hesabına güzəştli kreditin verilməsi mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Fondun güzəştli kredit verilməsi üçün nəzərdə tutulan vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. 1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsait investisiya layihələrinin həyata keçirilməsi üçün sahibkarlıq subyektlərinə tam və ya mərhələli şəkildə verilə bilər. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və ya bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında güzəştli kredit vəsaitindən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanılacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər. 1.7. Qaytarılan güzəştli kredit vəsaiti və güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair) həmin daxilolmaların Fondun saxlanılması xərclərinə ayrılan, həmçinin bu Qaydanın 1.8-ci bəndində nəzərdə tutulan hissələri istisna olmaqla, Fondun hesabında saxlanılır və yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərlə istifadə olunur.
2. Fondun güzəştli kredit vəsaitindən istifadə istiqamətləri Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də X4 qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
4. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə 4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) iş günündən gec olmayaraq, öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək, layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər. 4.2. Fond 10 (on) iş günü müddətində Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində, Müşahidə Şurasının müəyyən etdiyi qaydada ilkin monitorinqini aparır. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir. 4.3. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdırıldıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 5 (beş) iş günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürərək, Fonda və sahibkarlıq subyektinə bu barədə məlumat verir. 4.4. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Fonda məlumat verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.
9. Sahibkarlıq subyektlərinin krediti geri qaytarması 9.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, X6 müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatlan sırasından çıxara bilər.
10. Layihənin monitorinqi 10.1. Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun güzəştli kredit vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetiribyetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Fondun hesabına köçürməlidir. 10.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür. Fondun yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fonda cərimə ödəyir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
İş materiallarında olan: -Azərbaycan Respublikası X1 vəsaiti hesabına maliyyələşdirilmək üçün ASC "xxxx" Bankı tərəfindən təqdim olunmuş sahibkarlıq subyektinin investisiya layihəsinin ekspertizasının nəticələrinə dair rəydən görünür ki, investisiya layihəsinin reallaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”na, regionların sosial-iqtisadi inkişafına, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və X1 müəyyən etdiyi investisiya layihələrinin qiymətləndirilməsinə dair meyarlar üzrə keçid bal həddinə uyğun olduğundan investisiya layihəsinin X1 güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab edilmişdir. -Cavabdehin xx.xx.2022-ci il tarixli SİF-X/O-0xx/xx-4753/2022 nömrəli Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsinə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Sahibkar İddiaçı güzəştli kredit vəsaiti hesabına görüləcək işlərin tam olaraq həyata keçirilməsi üçün 2022-cı ilin oktyabr ayının sonuna qədər möhlət verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2022-cı ıl tarixli T031-94 nömrəli müraciətinizə X2 aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası X1 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10-cu bəndinə əsasən vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür. Müraciətinizdə qeyd etdiyiniz mövcud problemləri nəzərə alaraq, sahibkar İddiaçı güzəştli kredit vəsaiti hesabına görüləcək işlərin tam olaraq həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması üçün 2022-ci ilin oktyabr ayının sonuna qədər möhlət verilməsini məqsədəuyğun hesab edirik. Müraciətdə qeyd olunan tarix bitdikdən sonra görüləcək işlərin tam olaraq həyəta keçirilməsini və yeni iş yerlərinin yaradılmasını müşahidə etmək məqsədilə monitorinqin aparılması nəzərdə tutulur.” - xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası X2 keçirilmiş görüşün protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə 4 milyon manat güzəştli kredit ayrılmış sahibkar İddiaçı 4 ha istixana kompleksinin yaradılması yönümlü investisiya layihəsi üzrə nəzərdə tutulan işlərin tam başa çatdırılması üçün 2023-cü ilin mart ayının sonunadək möhlət verilməsi, bu müddət ərzində investisiya layihəsinin icrası başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl Fonda geri ödənilməsinin təmin edilməsi qərara alınmışdır. -Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-8/2-1479/2023 nömrəli "xxxx" Bank ASCyə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası X1 vəsaiti hesabına ASC "Xalq” Bankı vasitəsilə sahibkar İddiaçı investisiya layihəsinin maliyyələşdirilməsinə ayrılmış güzəştli kreditin təyinatı üzrə istifadəsinə dair məlumatların yerində müşahidə etməklə dürüstləşdirilməsinin aparılması məqsədilə 2023-cü il 27-28 aprel tarixlərində Fondun əməkdaşının Abşeron rayonuna ezam edilməsi nəzərdə tutulur. Bankın nümayəndəsinin İştirakını, sahibkarlıq subyektinin bu barədə məlumatlandırılmasını təmin etməyi və investisiya layihəsinin icrası üzrə zəruri olan sənədləri (bank hesabından çıxarışlar, ödəniş tapşırıqları və malların alınmasını, işlərin görülməsini təsdiq edən sənədlər) təqdim etməyi iddiaçıdan xahiş edilmişdir. - Azərbaycan Respublikasının X1 vəsaitinin istifadəsinə dair xx.xx.2023-cü il tarixli monitorinq aktından görünür ki, monitorinq zamanı Abşeron rayonu Zirə-Tərəvəzçilik Südçülük sovxozu ərazisində 4 ha istixananın konstruksiyasının qurulduğu, avandanlıq və hissələrin qismən mövcud olduğu müşahidə edilmişdir. İstixana kompleksində avtomatik açılıb bağlanan məhsul daşıma qapıları, işçi çıxış qapıları, süzgülü istixana qapıları, dezinfeksiya otağı, elektrik sistemi (idarəetmə panosu, işıqlandırma, qəza siqnalizasiyası), bitkilərin asılması guttenlər, duman yaratma sistemi, məhsulların yığılması üçün arabalar, bitkilərin becərilməsi üçün istifadə olunacaq arabalar, istixananın polietilen örtüyü, Ozmos və su təmizləmə sistemi mövcud deyildir. İstixanada əkin işləri aparılmamış, qismən mövcud olan avadanlıqlar tam olaraq qurulmamışdır. İstixana hazırda fəaliyyətə başlamamışdır. Sahibkarlıq subyekti monitorinqdə iştirak etməmişdir. Təsərrüfatda çəkiliş aparılmamışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-8/2-1851/2023 nömrəli "xxxx" Bank ASCyə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası X1 əməkdaşları tərəfindən ASC "xxxx" Bankının sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydasının 10.1-ci bəndinə əsasən monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, 10 iş günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatı vəsaitin köçürülməsini gecikdirərsə, Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 təqvim gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür. Yuxarıda qeyd olunanları nəzərə alaraq təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin 10 iş günü ərzində Fonda ödənilməsinin təmin edilməsi tələb edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-8/2-İ-273/4-19/2023/2250 nömrəli imtina məktubu ilə iddiaçının nümayəndəsinə "Azerbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nın 9.1 və 9.2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla Fondun təyinatı üzrə istifadə edilməyən güzəştli kredit vəsaitinin qaytarılması barədə qərarının ləğv edilməsinin mümkün olmadığı bildirilmişdir. İşin faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ASC "xxxx" Bankı vasitəsilə əlavə 4 hektar ərazidə istixana kompeksinin qurulması məqsədilə güzəştli kredit ayrılmışdır. Güzəştli kreditin verilməsi ilə əlaqədar təqdim edilən təşkilati planda sözügedən kompleksin 2020-ci ilin yanvar ayında fəaliyyətə başlaması nəzərdə tutulsa da, cari dövrə qədər işlər yekunlaşdırılmamışdır. İşlərin tam yekunlaşdırılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonunadək möhlətin verilməsi ilə bağlı Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəsi Ruslan Mirsayapov tərəfindən İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə əsasən cavabdeh tərəfindən sahibkarlıq subyektinə görüləcək işlərin tam həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə 2022-ci ilin oktyabr ayının sonunadək möhlət verilmişdir. Göstərilən möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması məqsədilə 2022-ci ilin oktyabr ayında cavabdeh tərəfindən monitorinq aparılmış və işlərin yekunlaşdırılmadığı müşahidə edilmişdir. 2022-ci ilin oktyabr ayında aparılmış monitorinqin nəticələri ilə bağlı xx.xx.2022ci il tarixdə cavabdehin, müvəkkil bankın və iddiaçının nümayəndəsinin iştirakları ilə iclas keçirilmiş, həmin iclasda iddiaçı tərəf istixana işlərinin başa çatdırılması, avadanlıqların quraşdırılması, əkin işlərinin aparılması və yeni iş yerlərinin yaradılması məqsədilə 2023cü ilin mart ayının sonunadək möhlət verilməsini xahiş etmiş, sahibkarlıq subyektinin xahişi nəzərə alınmaqla yuxarıda öz əksini tapmış işlərin görülməsi üçün iddiaçıya 2023-cü ilin mart ayının sonuna kimi möhlət verilməsi, bu müddətdə investisiya layihəsinin icrasının başa çatdırılmadığı, istixana fəaliyyətə başlamadığı və yeni iş yerləri yaradılmadığı halda ASC "xxxx" Bankı tərəfindən kredit vəsaitinin qalıq məbləğinin vaxtından əvvəl cavabdehə ödənilməsinin təmin edilməsi qərara alınmış və bu iclasın nəticələrinə dair protokol tərtib edilməklə iclasda iştirak edən şəxslər tərəfindən imzalanmış, eyni zamanda iddiaçı da həmin protokolla tanış edilmişdir. Daha sonra ikinci möhlət müddətinin bitməsi ilə əlaqədar işlərin yekunlaşdırılması vəziyyətinin yoxlanılması sahibkarlıq subyektinin təsərrüfatında 2023-cü ilin may ayında əlavə monitorinq keçirilmiş, monitorinq zamanı işlərin yekunlaşdırılmadığı müşahidə edilmiş və bu səbəbdən də təyinatı üzrə istifadə edilməyən ümumilikdə 4 000 000 (dörd milyon) manat güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi məqsədilə cavabdeh tərəfindən banka məktub ünvanlandığından həmin vəsaitin ödənilməsi bank tərəfindən təmin edilmişdir. Hazırki tələbində iddiaçı 4 (dörd) milyon manat güzəştli kredit məbləğinin və ona hesablanan faiz məbləğinin "xxxx" ASC-dən geri tələb edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilərək həmin hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrdə qüvvədə olmuş “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nın tələblərinə əsasən cavabdehin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlanmışdır. Cavabdehin tərtib etdiyi vəsaitinin istifadəsinə dair xx.xx.2023-cü il tarixli monitorinq aktından göründüyü kimi monitorinq zamanı Abşeron rayonu Zirə-Tərəvəzçilik Südçülük sovxozu ərazisində 4 ha istixananın konstruksiyasının qurulduğu, avandanlıq və hissələrin qismən mövcud olduğu müşahidə edilmişdir. İstixana kompleksində avtomatik açılıb bağlanan məhsul daşıma qapıları, işçi çıxış qapıları, süzgülü istixana qapıları, dezinfeksiya otağı, elektrik sistemi (idarəetmə panosu, işıqlandırma, qəza siqnalizasiyası), bitkilərin asılması guttenlər, duman yaratma sistemi, məhsulların yığılması üçün arabalar, bitkilərin becərilməsi üçün istifadə olunacaq arabalar, istixananın polietilen örtüyü, Ozmos və su təmizləmə sistemi mövcud olmamış, istixanada əkin işləri aparılmamış, qismən mövcud olan avadanlıqlar tam olaraq qurulmamış, istixana fəaliyyətə başlamamışdır. İddiaçı iddia tələbində və apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə, yəni istixananın qurulması və müvafiq avadanlıqlarla təmin edilməsi barədə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən podratçı tərəfindən avadanlıqların Azərbaycan Republikasına gətirilməklə işlərin 70 faizinin tamamlanması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə iddiaçının gətirdiyi bu dəlillər iş üzrə cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli monitorinq aktında göstərilənlərlə təkzib edilir və iddiaçı da həmin aktı mübahisələndirməmişdir. Qeyd olunmalıdır ki, məlum pandemiya şərtlərinə görə 1 ilə yaxın "xxxx" MMC müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyindən pandemiyadan sonra "xxxx" MMC-nin Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Zaqitoviçin cavabdehə edilmiş müraciəti əsasında cavabdeh tərəfindən 2022-ci ilin oktyabr ayının sonunadək 1 dəfə möhlət vermiş və bu məqsədlə "xxxx" Banka məktub ünvanlamışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2 dəfə güzəşt edilərək möhlət verilsə də, iddiaçı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə etmədiyindən güzəştli kredit vəsaitinin və ona hesablanan faiz məbləğinin geri ödənilməsi barədə cavabdehin hərəkətləri qanuni olmuşdur. İddiaçının iradəsindən asılı olmayaraq podratçı şirkətin üzərinə düşən öhdəliyi icra etməməsi ilə bağlı dəlilləri isə iddiaçı ilə podratçı arasında müqavilə tələblərinin pozulması halında dəymiş ziyanın ödənilməsi tələbini yaratmış olur. Belə ki, həmin hallar “Azərbaycan Respublikası X1 vəsaitindən istifadə Qaydası”nda güzəştli kredit vəsaitinin geri ödənilməsini istisna edən hallar kimi nəzərdə tutulmadığından hazırki iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1519/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova