Məhkəmə qərarları › İş №2-1(103)-2449/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2449/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2449/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2021-ci ilin avqust ayından iddiaçıya ödənilməli olan və ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-1500/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2021-ci ilin avqust ayından ona ödənilməli olan və ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqana pensiyanın ödənilməsi barədə müvafiq ərizə ilə müraciət edilmiş, lakin hazırkı iş üzrə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla 2021-ci ilin avqust ayından iddiaçıya ödənilməli olan və ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassızdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək bildirmişdir ki, 2021-ci ilin avqust ayına qədər hərbiçi kimi pensiya almışdır. Bank kartının vaxtı bitdiyindən, kartın yenisi ilə əvəz edilməsi barədə müraciət etmiş və ona bildirdilər ki, Azərbaycan Respublikasının vətəndaşı olmadığından iddiaçıya pensiya verilməməlidir. Bir neçə dəfə İdarədə qəbulda olsa da, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Ona görə də, 2021-ci ilin avqust ayından iddiaçıya ödənilməli olan və ödənilməmiş pensiyanın hesablanaraq iddiaçıya ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 30 aprel 2007-ci il tarixli, 58564 saylı məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 01 yanvar 2007-ci il tarixindən iddiaçıya Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyini əsas gətirərək imtina etmişdir. Cavabdeh inzbati orqan iddiaçıya ödənilmiş xx.xx.2007-xx.xx.2021-ci illər arasında dövr ərzində 59592,82 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılmasını xahiş etmişdir. Yəni cavabdeh yol verdiyi qanun pozuntusunu aradan qaldırmaqdansa, iddiaçıdan pul tələb etməkdən də çəkinməmişdir. İddiaçıya ödənilən pensiya onun xidmətinə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.1.ci maddəsinə əsasən, əcnəbi Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. Həmin Məcəllənin 3.0.7-ci maddəsinə görə, Azərbaycan Respublikasında müvəqqəti yaşayan bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Həmin Məcəllənin 74.1-ci maddəsinə müvafiq olaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Yuxarıda qeyd olunan normalardan müəyyən olunur ki, qanunvericilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pensiya hüququnu yalnız Azərbaycan Respublikasında daimi yaşama icazəsinin olması ilə şərtləndirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məktubuna əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsi olaraq Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Həmçinin, iddiaçının vətəndaşlığa qəbulla bağlı xx.xx.2021-ci il tarixli müraciətinin rədd edildiyi bildirilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilmiş və iddiaçının Azərbaycan Respublikasında daimi və müvəqqəti yaşamaq üçün icazələri barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İddiaçıya xx.xx.2007-ci il tarixdən həm Azərbaycan Respublikasının vətəndaşı, həm də daimi yaşama hüququ olmadığı halda pensiya təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənişi davam etdirilmişdir. Sözügedən dövrlərdə iddiaçıya 59 592,82 manat artıq pul vəsaiti ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1500/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilməmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti onunla əsaslandırılmış ki, birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, iddiaçı barəsində qanunsuz əlverişli inzibati akt qəbul edilmiş və ona belə bir hüququ olmadan əmək pensiyası təyin edilmişdir. Lakin, sonradan inzibati orqan qeyd edilən halı aşkara çıxararaq, iddiaçının hüququ olmadığı halda onun barəsində təyin edilmiş əmək pensiyasını ləğv etmiş və məhkəmə hesab etmişdir ki, iddiaçıya münasibətdə əlverişli nəticə yaradan inzibati aktın ləğv edilməsi, yaxud faktiki xarakterli əlverişli hərəkətlərin dayandırılması inzibati orqanın səlahiyyətinə aiddir və cavabdeh həmin səlahiyyətləri həyata keçirmək hüququndan məhrum edilə bilməz. Belə bir nəticəyə gələrkən birinci instansiya məhkəməsi iddiaçının Rusiya Federasiyasının vətəndaşı olduğunu əsas gətirmişdir. Lakin, bu zaman birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilərkən o, Rusiya Federasiyasının vətəndaşı olmamışdır. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən (17 yaşında, orta məktəbin 8-ci sinfini bitirdikdən sonra) xx.xx.1988-ci il tarixədək Vasilovsk Ali Hərbi Aviasiya Texnikləıi Məktəbində kursant, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 43-cü döyüşü tətbiqetmə mərkəzində müvafıq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş və xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli əmrinə əsasən iddiaçı ehtiyatdan çağırılaraq, N nömrəli hərbi hissədə müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-cı il tarixli müvafiq əmrinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün xx.xx.2006-cı il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müddətli hərbi xidmətə Azərbaycan Respublikasının vətəndaşı kimi çağırılmış, xidmət dövründə Azərbaycan Respublikasının vətəndaşı statusuna malik olan digər hərbi qulluqçular kimi maaş almışdır. İddiaçı hər hansı başqa ölkənin vətəndaşı kimi muzdlu əsaslarla müqavilə əsasında xidmət etməmişdir. Hərbi məktəbi bitirdikdən sonra bütün digər məzunlar kimi SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməmişdir. İş materiallarına əlavə olunmuş Forma A qeydiyyat kartoçkasından görünür ki, iddiaçı 18 may 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.1084-cii il tarixdə iddiaçıya, ünvan 1 ünvanında pasport qeydiyyatına alınmaqla, X1X-JQ616394 nömrəli pasport verilmiş, xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra xx.xx.1998-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ 10-cu Polis Bölməsi tərəfindən yenidən eyni ünvana qeydiyyata alınmışdır. Milli Orduda xidmətə başladığı vaxt Azərbaycan Respublikasının vətəndaşı olan bütün hərbi qulluqçular kimi iddiaçıya da zabitin şəxsiyyət vəsiqəsi verilmişdir. Məlum məsələdir ki, həmin zaman müddətli hərbi qulluqçulara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmirdi, həmin sənədi zabitin şəxsiyyət vəsiqəsi əvəz etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BPQMİ MAPS Şöbəsinin arayışından da görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İddiaçı barəsində olan hökmdə də göstərilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmuş və Azərbaycan Respublikasının vətəndaşı kimi də mühakimə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2018-ci il tarixli, 039 saylı arayışından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət (12 il) ərzində Azərbaycan Respublikasının ərazisində yerləşən 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Bununla da Azərbaycan Respublikasının ərazisində daimi yaşamışdır. Deməli, iddiaçıya əmək pensiyası qanuni əsaslarla, tamamilə düzgün olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan digər hərbi qulluqçular kimi təyin edilmişdir. Göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən əmək pensiyası tamamilə qanuni əsaslarla təyin edilmiş və sonradan formal əsaslarla dayandırılmışdır. Belə ki, iddiaçının adına hazırlanmış pensiya kartını aktivləşdirmək üçün cavabdeh inzibati orqan iddiaçıdan şəxsiyyət vəsiqəsinin FİN kodunu tələb etmiş, həmin vaxt şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən bu baş tutmamışdır. Lakin, birinci instansiya məhkəməsi müvafiq qərarı qəbul edərkən bu halları nəzərə almamış, düzgün qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 izahatında məhkəməyə bildirdi ki, oğlu İddiaçı xx.xx.1968-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, imtahan verərək Vasilovsk Ali Hərbi Aviasiya Texnikləri Məktəbinə daxil olmuşdur. 1986-cı ildə Çernobl fəlakəti baş vermişdir. Oğlunun oxuduğu yerlə Çernobl şəhəri arasında çox yaxın məsafə olmuşdur. Oğlu kursant olduğuna görə o, hadisənin baş verdiyi yerə aparılmasa da, radiasiyaya məruz qalmışdır. O, hələ də məruz qaldığı radiasıyanın mənfi təsirlərini görür və müalicəsi davam edir. Sözüdegən məktəbi bitirdikdən sonra o, 1998-ci ilədək müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmişdir. Lakin İddiaçı 1998-ci il tarixində Rusiya Federasiyası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və nəticədə öz vətəninə geri qayıtmaq istəmişdir. Oğlu 1998-ci ildən 2006-cı ilədək N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Lakin 2006-cı ildə o, törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı törətdiyi cinayətə görə Azərbaycan Respublikasının vətəndaşı olaraq məhkəmə icraatlarında mühakimə olunmuşdur. 2018-ci ilədək İddiaçı cəzacəkmə müəssisəsində cəza çəkmişdir. İddiaçı 17 il müddətində əmək pensiyası alsa da, sonradan ona Azərbaycan Respublikasının vətəndaşı olmaması əsaslı ilə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Lakin qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində anadan olmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılır. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən bu hal inkar edilir və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçıya verilən Azərbaycan Respublikası ərazisində yaşama icazələri müvəqqəti xarakterlidir. Göstərilən əsaslarla iddiaçıya münasibətdə əmək pensiyasının təyin edilməsi qanuni və əsaslı hesab edilməyərək iddiaçıya əmək pensiyasının təyinatı dayandırılmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə sənədindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, Rusiya Federasının vətəndaşıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında Qərara əsasən Rusiya Federasiyasının vətəndaşı İddiaçı müvəqqəti yaşamaq üçün icazəsinin uzadılması barədə 07 mart 2024-cü il tarixli, 70505/m nömrəli müraciəti təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998ci il tarixli Qanununa əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşı deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən baş leytenant İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Vasilovsk Ali Hərbi Aviasiya Texnikləri Məktəbində kursant, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 43-cü döyüşü tətbiqetmə mərkəzində müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş və xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə əsasən baş leytenant İddiaçı ehtiyatdan çağırılaraq N nömrəli hərbi hissədə müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2006-cı il tarixli müvafiq əmrinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün xx.xx.2006-cı il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1. ). Hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir (1.0.3. ). Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular (9.5). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir (3). Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunvericilik aktlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər (19). Dövlət və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə könüllü daxil olmaq istəyən digər dövlətin vətəndaşı arasında tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti və bağlaşmanın ləğv edilməsi əks olunan bağlaşma bağlanır (27). Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər (67). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hal-hazırda Rusiya Federasiyasının vətəndaşı olması işin mübahisələndirilməyən hallarındandır. O, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və həmin inzibati orqan tərəfindən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı müraciət etsə də, onun həmin tələbi də təmin edilməmişdir. Bundan əlavə iddiaçı Azərbaycan Respublikasında daimi əsaslarla deyil müvəqqəti yaşayır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası hüququ yoxdur. Apellyasiya şikayətinin iddiaçıya 2021-ci ilə qədər pensiya ödənilməsi ilə bağlı dəillərinə münasibətdə isə qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-67.5-ci maddələrinə müvafiq olaraq, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi iddiaçı barəsində qanunsuz əlverişli inzibati akt qəbul edilmiş və ona belə bir hüququ olmadan əmək pensiyası təyin edilmişdir. Lakin, sonradan inzibati orqan qeyd edilən halı aşkara çıxararaq iddiaçının hüququ olmadığı halda onun barəsində təyin edilmiş əmək pensiyasını ləğv etmişdir. Qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya münasibətdə əlverişli nəticə yaradan inzibati aktın ləğv edilməsi, yaxud faktiki xarakterli əlverişli hərəkətlərin dayandırılması inzibati orqanın səlahiyyətinə aiddir və cavabdeh həmin səlahiyyətləri həyata keçirmək hüququndan məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1500/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1500/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar