Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-245/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) «qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2120/2021 saylı 16.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2520-ci məhəllə, 51/57 saylı binanın həyətində yerləşən qaraja dair onun (iddiaçının) adına texniki pasportun tərtib olunaraq, iddiaçıya təqdim olunmasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2520-ci məhəllə, 51/57 saylı ev 137 saylı MTK-nın balansındadır. Bakı şəhəri Nizami rayon XDS İK-nın 03/336 saylı, 09.03.1988-ci il tarixli məktubuna əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 1/14 saylı, 15 fevral 1989-cu il tarixli qərarı ilə iddiaçının yaşadığı evin həyətində 137 saylı MTK-ya məxsus xeyir-şər binasının zirzəmisi hissəsində 6 ədəd avtomobil qarajının tikilməsinə icazə verilmiş və 1989-cu ildə həmin qarajlar tikilmişdir. Həmçinin, iddiaçıya məxsus sözügedən qaraja dair Bakı şəhəri Nizami rayon XDS İK-i tərəfindən 15.09.1989-cu il tarixdə 104 saylı order də verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-120 saylı, 01.03.1996-cı il tarixli məktubundan da göründüyü kimi, sözügedən ünvanda yerləşən qarajların təqdim olunan eskiz layihəsi əsasında tikilməsi razılaşdırılmış, mübahisələndirilən qaraj tam qanuni əsasla tikilmişdir. Qaraja verilmiş order iddiaçı tərəfindən itirilsə belə, həmin orderin kötüyü Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində saxlanılır. Qarajlara sıra nömrəsinin verilməsi 5-6 il bundan əvvəl Bakı şəhəri Nizami rayon Bələdiyyəsi tərəfindən həyata keçirilmişdir. İsə onun nümayəndəsinə ünvanladığı 07.10.2020-ci il tarixli məktubunda imtina edərək bildirmişdir ki, qanunda nəzərdə tutulmuş sənədlər təqdim edilməmiş, bundan başqa başqa şəxsin adına həmin qaraj saəhsinə texniki pasport verilmişdir. Halbuki, həmin vətəndaşın adına verilmiş qaraj Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin vermiş olduğu sıra nömrəsi ilə götürdükdə 1083 saylı olmaqla, ona məxsus qarajın sağında qalır . Cavabdeh iddianı qəbul etməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlər təqdim edilmədiyi və həmin qaraja X1 adına texniki pasport verildiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2120/2021 saylı 16.06.2021-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2520-ci məhəllə, 51/57 saylı binanın həyətində yerləşən qaraja dair İddiaçı adına texniki pasportun tərtib olunaraq, ona təqdim olunması cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtinaya və iddia ərizəsinə etirazına uyğun əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, habelə, prosessual hüquq normalarıkobud surətlə pozmuşdur. Belə ki, qeyri-yaşayış binasına sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlər təqdim edilməmiş və həmin qaraja X1 adına texniki pasport verilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən, cavabdehin idarə tərəfindən mübahisəli qaraja dair “X4” adında başqa şəxsə texniki pasport verildiyini mübahisələndirməsi nəzərə alınaraq, sonuncu üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İşə cəlb edilmiş üçüncü şəxs X.Əliyevanın 11.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən etibarnamə üzrə nümayəndəsi (əri) X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onlara məxsus qarajın nömrəsi 1083, iddiaçıya məxsus qarajın 1082-dir. İddiaçının qarcı onlara məxsus qaracdan solda yerləşir. Hər kəsin qarajı özündədir və onlar arasında heç bir mübahisə mövcud deyil. Hazırkı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçı tərəfindən idarəyə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2520-ci məhəllə, 51/57 saylı binanın həyətində yerləşən mübahisəli qaraja dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi və həmin qaraja dair X1 adına texniki pasport verildiyi mübahisələndirilərək ona qarşı qaldırılan iddianı əsassız sayır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən İddiaçı verilmiş 5604 saylı 18.11.2007-ci il tarixli Arxivdən çıxarışdan görünür ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2520-ci məhəllədə yerləşən 51, 53, 55 və 57 nömrəli binalarının həyətində qeyri-yaşayış sahələrinin (qarajların) tikilməsinə icazə verilmişdir. Eyni zamanda, hazırkı mərhələdə məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 11-13/1302 saylı 26 oktyabr 2021-ci il tarixli məktubu ilə əsli ilə düzlüyü təsdiq edilmiş 104 №-li 15 sentyabr 1999-cu il tarixli orderin kötüyünün surətinə əsasən müəyyən olunur ki, Q.Qarayev prospekti, 2520-ci məhəllə, 51/57 saylı binanın 16 ünvanında yaşayan İddiaçı Bakı şəhər XDS İ-nin qeyd olunan qərarına və Nizami rayon Sovetinin İ18/04-120 saylı 01 mart 1996-cı il tarixli qərarına və Qaraj Tikinti Kooperativinin 1/99 saylı 18 aprel 1999-cu il tarixli qərarına əsasən qeyd olunan ünvanda qaraj sahəsi verilmişdir. Cavabdeh idarə birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı 02.04.2021ci il tarixli cavab məktubunda hətta özü də etiraf edir ki, idarənin mütəxəssisi tərəfindən əraziyə təkrar baxış keçirilmiş və tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunan məlumatlara əsasən ünvan 3 ünvandakı 137 saylı MTK-nın xeyir-şər evinin İ mərtəbəsində qarajlar, İİ mərtəbəsində isə xeyir-şər evi yerləşir, soldan dördüncü iddiaçıya, beşinci isə üçüncü şəxsə məxsus qarajdır. 137 saylı MTK tərəfindən təsdiq edilmiş və işə əlavə olunmuş həmin qarajların sxematik cizgisindən görünür ki, soldan dördüncü 1082 saylı qaraj iddiaçıya, beşinci olan 1083 saylı qaraj isə üçüncü şəxsə (X2 ) məxsus qaraj yer alır. Hazırkı mərhələdə üçüncü şəxs qismində işə cəlb edilmiş X.Əliyevanın nümayəndəsi (əri) X5 izahatından da göründüyü kimi, iddiaçıya məxsus qaraj onlara məxsus qarajın solunda yerləşir və iddiaçı ilə onların hər hansı mübahisələri yoxdur. İş materiallarından da görünür ki, cavabdeh orqan tərəfindən üçüncü şəxsə məxsus qaraja dair texniki pasport tərtib edilib verildiyi halda, eyni binada yerləşən və onunla qonşu olan İddiaçı məxsus qaraja dair texniki pasport verilməsindən imtina etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif qərarların qəbul edilməsi qadağandır. İşin mahiyyətinə gəldikdə isə tədqiq olunan sənədlərdən göründüyü kimi, mübahisəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi (qaraj) Bakı şəhəri XDS İK, Nizami Rayon Sovetinin və Qaraj Tikinti Kooperativinin müvafiq qərarlarına əsasən iddiaçıya verilmiş order əsasında sonuncuya məxsus olub onun qanuni istifadəsindədir. Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbinə görə 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun : 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, mübahisəli ünvanda yerləşən qaraja dair iddiaçıya texniki pasport verilməsindən imtina etməklə, cavabdeh qanunla üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda, İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında iddiaçı cavabdehdən öhdəliyin icrası vasitəsilə həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işdə olan sübutlarla müəyyən edilən hallara münasib olan maddi hüquq normalarını tətbiq etmiş və iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də qeyd edilənləri nəzərə ialan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2120/2021 saylı 16.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2120/2021 saylı 16.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-245/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-245/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver