Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-245/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-1197/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyun ayınadək Azərbaycan Mühəndis İnşaat İnstitutunun “sənaye və mülki tikintisi” fakültəsində əyani təhsil aldığı və xx.xx.1982-ci ildən xx.xx.1984cü il tarixədək hərbi xidmətdə olduğu, habelə xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Körpü-Tikinti Kombinatının Yevlax X4 zavodunda təchizatçı və xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmir-tikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis peşəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, 64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Yevlax şəhərində anadan olmaqla, hazırda Bakı şəhəri. Xətai rayonu, G.Mehmandarov küçəsi, 6 saylı evin 70-ci mənzilində qeydiyyatdadır. xx.xx.2019-cu ildə 64 yaşının tamam olması ilə əlaqədar yaşa görə elektron qaydada əmək pensiyası təyin olunması barədə “SMS" gəlmədiyinə görə, pensiya təyin olunması üçün tələb olunan bütün sənədləri, yəni şəxsiyyət vəsiqəsini, diplomun, hərbi biletin və əmək kitabçasının təsdiq edilmiş surətini ərizəyə əlavə edərək 2019-cu ilin əvvəllərində DSMF-nin Xətai rayon şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Lakin həmin Şöbə tərəfindən iddiaçının ərizəsi təmin edilməmişdir. Sonradan maddi vəziyyətimlə bağlı ailənin dolanışığını təmin etmək üçün müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş və həyat yoldaşı ona verdiyi etibarnamə əsasında sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yenidən DSMF-nin Xətai rayon şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli **********2 saylı cavab məktubunda ərizəsinin təmin edilməsindən imtina edilmiş, imtinaya əsas kimi təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 17 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olmasına, eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasına istinad etdi. Əlavə olaraq bildirilmişdir ki, AR X5 Filialının 25 yanvar 2021-ci il tarixli aktına əsasən xx.xx.1992xx.xx.2000-ci illərdə işləmiş olduğu Yevlax "Avtoyor Dövlət Şirkəti 2 saylı Yol Təmir Tikinti trestinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X7 təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir və onun konstitusion hüquqlarını pozur. Belə ki, 1971-ci ilin sentyabr ayında Azərbaycan Mühəndis İnşaat İnstitutunun “sənaye və mülki tikinti” fakültəsinə daxil olmuş, 1976-cı ilin iyun ayında müvəffəqiyyətlə bitirmiş, bu barədə xx.xx.1976-cı ildə A-İ seriyalı 017692 saylı diplom verilmişdir. xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979cu ildən xx.xx.1982-ci il tarixədək olan müddətdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1982-ci ildən xx.xx.1984-cü il tarixədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Bu hal həm hərbi bileti, həm də əmək kitabçasında öz təsdiqini tapmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra, yenidən xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Ümumiyyətlə isə yuxarıda sadaladığı hallar ona məxsus şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bilet və diplomla təsdiq edilir ki, onun 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə 28 ildən artıq sığorta stajı mövcuddur. İnzibati orqana və məhkəməyə təqdim etdiyi əmək kitabçası, arayış və diplom ilə iddiaçının 28 ildən artıq sığorta stajının olması, habelə xx.xx.2019-cu ildə 64 yaşının tamam olması isə iddiaçıya Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Ona görə də hesab edir ki, əmək kitabçasındakı tədqiq olunan qeydlərin işlədiyi təşkilatların səlahiyyətli şəxsləri tərəfindən imzalanması və təşkilatların möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, habelə həmin müəssisələrdə işlədiyi bütün əmək fəaliyyəti dövrünün 18 fevral 1997-ci il tarixdə qəbul olunmuş "Sosial sığorta haqqında“ Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunması və həmin qanunun müəyyən etdiyi qaydaların müəssisə üçün məcburi xarakter daşıması, həm də qeyd olunan Qanuna əsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşməsi - bütün bunlar onun əmək kitabçasındakı və diplomdakı qeydlərə əsasən 28 ildən çox olan iş stajı, məhz sığorta stajı kimi qiymətləndirilməlidir. İmtina məktubunda göstərildiyi kimi DSMF-nin əməkdaşlarının hansısa işlədiyi müəssisənin arxiv sənədlərinin yerləşdiyi ünvanı tapa bilməməsi, iddiaçının işlədiyi həmin dövrü sığorta stajı kimi nəzərə almaması üçün əsas ola bilməz. İddiaçının işləməsilə bağlı qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmışdır ki, iddiaçı işlədiyi müəssisələrdə arxiv sənədlərini saxlamaq vəzifəsini öhdəsinə götürməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edlməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixində pensiya hüququ yaranmış, 14 iyun 2021-ci il tarixində Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 19 il 6 ay sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb olunan 28800 manat məbləğindən pensiya kapitalına qarşı 14860,17 manat məbləğində pensiya kapitalı olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı inzibati orqan tərəfindən Milli Arxiv İdarəsinin X5 filialına verilmiş sorğuya xx.xx.2021-ci il tarixli, 17/10 nömrəli cavab məktubunda Yevlax "xxxx" Dövlət şirkəti 2 №li Yol Təmir Tikinti Trestinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, Yevlax "xxxx" Dövlət şirkəti 2 №li Yol Təmir Tikinti Trestinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyibişləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqdan sosial sığorta haqlarının tutulubtutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş 2019-cu il üçün yaş tələbi olan 64 yaşa xx.xx.2019-cu il tarixdə çatdığı üçün pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. İddiaçı pensiya təyin edilməsi üçün yaş tələbini ödəsə belə, 25 illik sosial sığorta stajı tələbini ödənilmədikdə vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək qeydlər istisna), AT-İ № ******* nömrəli diplomdakı qeydlərə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin 98 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən 19 il 6 ay sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-1197/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1955-ci il təvəllüdlü olmaqla Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan A.İldırım adına Azərbaycan Mühəndis İnşaat İnstitutu tərəfindən 23 sentyabr 1976-cı il tarixdə verilmiş 548 saylı diplomun surətindən görünür ki, İddiaçı Dövlət İmtahan Komissiyasının 23 iyun 1976-cı il tarixli Qərarı ilə inşaat mühəndisi peşəsi üzrə təhsil almış və ona inşaat mühəndisi ixtisası verilmişdir. İş materiallarında olan AT-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə 6 №li İnşaat İdarəsinə usta qəbul edilmiş, xx.xx.1977-ci ildə prorab vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək “Qarabağ meliorasiya su tikinti” İdarəsində usta vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azərpromstroy” SMP-23 Trestində usta vəzifəsində işləmiş, xx.xx.1985-ci il tarixdə Yevlax Zavoduna beton ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə həmin zavodda baş əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Yevlax 2703 №li Avtokolonunda avtokolona nəzarət agenti vəzifəsində işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Körpü-Tikinti Kombinatının Yevlax X4 zavodunun təchizat şöbəsinə aparıcı mühəndis vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmir-tikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis işləmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 09 fevral 2021-ci il tarixli, **********2 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış vətəndaş fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olduğu, 2020-ci ilin 1 iyul tarixindən kişilərin yaş həddinin 65 yaş müəyyən edildiyi, həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu olduğu bildirilərək, iddiaçının təqdim etdiyi AT-İ № ******* saylı, xx.xx.1976-cl il tarixli əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 17 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu, eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı, əlavə olaraq Azərbaycan Respublikası X5 filialının 25 yanvar 2021-ci il tarixli aktına əsasən xx.xx.1992-xx.xx.2000-ci illərdə işləmiş olduğu Yevlax "xxxx" Dövlət şirkəti 2 №li Yol Təmir Tikinti Trestinin əmr kitabları və əmək haqqı sənədlərinin mühafizə olunmaq üçün X7 təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli 210 saylı məktubdan görünür ki, Yevlax "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol Təmir-Tikinti Tresti tərəfindən 1992-2000-ci illərə aid heç bir sənəd İnstitutun arxivinə təhvil verilmədiyindən iddiaçı barədə əmək fəaliyyətinin olmasını təsdiq edən sənədlərin mümkün olmadığı qeyd olunmuşdur. İşdən görünür ki, iddiaçı ona 64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması dövründə göndərilən sorğular əsasında həqiqətən də idarəsinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi və vergi uçotunda olması barədə məlumatın olmadığı müəyyən edilsə də, lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası əsasında onun həmin dövr üzrə işləməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X8 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə həmçinin cavabdeh tərəfindən əlavə olaraq zəruri pensiya kapitalının mövcud olmasının tələb edilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının 2017-ci il iyulun 1-dək 25 ildən artıq sığorta stajına malik olduğunu nəzərə alaraq, hesab etmişdir ki, lazımi pensiya kapitalının olması şərti iddiaçıya münasibətdə tətbiq edilməsinə lüzum yoxdur. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Körpü-Tikinti Kombinatının Yevlax X4 zavodunda təchizatçı və xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmir tikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis peşəsində işlədiyi dövrlər onun sosial sığorta stajına hesablanmaması barədə cavabdehin mövqeyi əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtina və etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. O, 1971-ci ildən 1976-cı il tarixədək inşaat mühəndisi peşəsi üzrə təhsil almış (4 il, 9 ay, 22 gün), əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 6 №li İnşaat İdarəsinə usta, prorab vəzifələrində (2 il 10 ay 12 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək “Qarabağ meliorasiya su tikinti” İdarəsində usta vəzifəsində işləmiş (2 il 6 ay 4 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş (1 il 11 ay 16 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azərpromstroy” SMP-23 Trestində usta vəzifəsində (1 il 3 ay 11 gün), xx.xx.1985ci il tarixdən xx.xx.1990-cı il tarixədək Yevlax Zavoduna beton ustası, baş əmtəəşünas vəzifələrində (4 il 5 ay 27 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Yevlax 2703 №li Avtokolonunda avtokolona nəzarət agenti vəzifəsində (1 il 7 ay 21 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Körpü-Tikinti Kombinatının Yevlax X4 zavodunun təchizat şöbəsinə aparıcı mühəndis vəzifəsində (1 il 4 ay 20 gün), xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmir-tikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis vəzifəsində işləmişdir (7 il 1 ay 3 gün). Göründüyü kimi iddiaçının təhsil müddəti, hərbidə olduğu müddət və əmək kitabçasına əsasən 28 il 16 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000ci il tarixədək işlədiyi Yevlax "xxxx" Dövlət şirkəti 2 №li Yol Təmir Tikinti Trestinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən, iddia etdiyi illərin sosial sığorta stajına daxil edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsinin təsis edilməsi tapşırılmışdır. Qeyd olunan qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə “obyektlər” adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktuba əsasən 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Yevlax "xxxx" Dövlət Şirkəti 2№-li Yol Təmir Tikinti Trestinin 21 avqust 1996-cı il tarixindən 27 mart 2000ci il tarixinədək qeydiyyatda olduğu müəyyən edilmişdir. Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Yevlax "xxxx" Dövlət şirkəti 2 №li Yol Təmir Tikinti Trestində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə və əmək kitabçasına əsasən 28 il 16 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2019-ci ilin iyul ayınadək kişilərin pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 yaşında, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-1197/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-245/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-245/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver