Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2450/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya güzəştli şərtlərlə 2021-ci ildən başlayaraq əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2018-ci tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. 1978-ci ildən 1982-ci ilədək Oktyabr İnqilabçılar adına Bakı Qırmızı Əmək Bayrağı ordeni texnikumunda oxumuşdur. 18 iyun 1984-cü ildən X2 Zavodu İdarəsinin “Azsvetmet”də sexə texnik - texnoloq vəzifəsinə təyin olunmuşdur. xx.xx.1989-cu ildə sexə master vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakın Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 76 saylı sərəncamını əsas tutaraq “Bakı Ovuntu Metallurgiya Zavodu” xx.xx.2002-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək “Abşeronneft” NQCİ-nin Elmi Tədqiqat və İstehsalat İşləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək “Abşeronneft” NQÇİ-nin Elmi Tədqiqat və İstehsalat İşləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. Göründüyü kimi, ümumi əmək stajı 20 ildən çoxdur. İddiaçının Azneft İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində xx.xx.2017-ci il tarixdən (əmr 25-k, xx.xx.2017) xx.xx.2021-ci ilədək Elmi Tədqiqat və İstehsalat İşləri sahəsində layların və quyuların tədqiqi işlənməsi və elmi tədqiqat laboratoriyasına quyuların tədqiqi üzrə operator, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək layların, quyuların tədqiqatı və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 6 il 2 ay 9 gündür. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan istismarda olan neft, qaz və qurucu quyularda dib və lay təzyiqinin ölçülməsi, exolot və dalğaölçən vasitəsilə quyuda mayenin səviyyəsinin ölçülməsi, səviyyənin bərpa olunmasının (düşməsinin) izlənməsi, neft və qazın ölçülməsi və qaz faktorunun müəyyən edilməsi məsafədən ölçən cihazlarla (hasilat ölçən, sərf ölçən, termometr, nəmlik ölçən, manomentr, qaz analizatoru) tədqiqatlar aparılmasına iştirak etmək, tədqiqat işlənin nəticələrinin müəyyən edilməsi, avadanlıq və cihazların cari təmirinin aparılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “a” bəndində müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir və həmin Qərara əsasən quyuların tədqiqi üzrə operator peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı cavabdehə müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh kifayət qədər güzəştli iş stajının olmaması səbəbindən tələbini təmin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə “Bakı Ovuntu Metallurgiya’’ ASC-nin iddiaçıya dair xx.xx.2019-cu il tarixli 05 nömrəli arayışında xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində texniktexnoloq, xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə master vəzifələrində işlədiyi qeyd edilib. Lakin sözügedən arayışda iddiaçının işlədiyi sahə və vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə aid olması barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən sözügedən dövrlərin güzəştli is stajı sayılması mümkün olmamışdır. Bundan əlavə iddiaçının əmək kitabçasının ikinci səhifəsində xx.xx.1993-cü ilə dair isdənçıxma tarixində düzəliş edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı Bakı Ovuntu Metallurgiya” ASC-ə iddiaçının güzəştli iş stajının araşdırılması məqsədilə sorğu ünvanlanmış, sorğuya verilən xx.xx.2023- cü tarixli 01 saylı və xx.xx.2023-cü il tarixli 07 saylı eyni məzmunlu cavablarda bildirilmişdir ki, İddiaçı müəssisədə saxlanılan şəxsi kartına əsasən xx.xx.1984-cü ildən texnik-texnoloq, xx.xx.1989-cu ildən master, xx.xx.1991 -ci ildən presçi vəzifələrində çalışmışdır. Qeyd edilmiş peşələr də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və gösdəricilərin Siyahısf’nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar peşəsinə uyğundur. Lakin qeyd edilən arayış cavabdeh inzibati orqana təqdim olunmadığından münasibət bildirilməsi mümkün olmamışdır. Sözügedən arayışa əsasən Z.Babaveva xx.xx.1984-cü ildə Texnik-Texnolop vəzifəsində,xx.xx.1989-cu ildə master vəzifəsində, xx.xx.1991-ci ildə presçi vəzifəsində çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən
3. Metallurgiya istehsalatı bölməsinin 3.2. Polad və ferroərintilər istehsalatı bəndində b) mütəxəssislər:isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi texniktexnoloq, master və presçi vəzifələri sözügedən siyahıda öz əksini tapmamışdır.Məhkəmə qərarına əsasən İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2015-ci il tarixdə sosial məzuniyyətdə olan işçinin yerinə müvəqqəti utilizasiya xidmət sahəsinə 3-cü dərəcəli təmizləyici qurğuların opartoru vəzifəsinə keçirilmişdir. Həmçinin, məhkəmə işəgötürən tərəfindən təqdim edilmiş güzəştli is stajını təsdiq edən xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli hər iki arayışda müvafiq olaraq xx.xx.2017-3xx.xx.2021-ci illər arasındakı dövlər güzəştli iş stajı kimi göstərilmiş, çalışdığı vəzifənin adı isə quyuların tədqiqi üzrə 3-cü dərəcəli oparator olmaqla əmək kitabçası ilə eyniyyət təşkil etdiyi nəticəsinə gəlmişdir. Buna münasibətdə qeyd edirik ki, göründüyü kimi məhkəmənin müvafiq qərarında hər iki vəzifənin eyniləşdirilməsinə və güzəştli iş stajı hesab olunmasına baxmayaraq bu vəzifələr tamamilə fərqlidir və işəgötürən tərəfindən təqdim edilmiş arayışlarda iddiaçının xx.xx.2015-ci il tarixdə keçirildiyi sosial məzuniyyətdə olan işçinin verinə müvəqqəti utilizasiya xidmət sahəsinə 3-cü dərəcəli təmizləyici qurğuların opartoru vəzifəsi güzəştli iş stajı kimi qeyd edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məqsədi ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixi 3-17-1/2-B- 86119/2023 nömrəli məktubla kifayət qədər güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2019-cu il tarixli 05 nömrəli arayışında xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində texnik-texnoloq, xx.xx.1989xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə master vəzifələrində işlədiyi qeyd edilib. Lakin sözügedən arayışda iddiaçının işlədiyi sahə və vəzifələrin NK-nin qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə aid olması barədə hər hansı məlumat göstərilməyib. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməsi. 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının ümumi stajı və pensiya kapitalı mübahisələndirilmir. Cavabdehin xidməti məktubunda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixinə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 34781,67 manat, xx.xx.2021-ci il tarixinə isə 42298,86 manat təşkil etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdehin xx.xx.2023-cu il tarixli 3-17-1/2-B-86119/2023 saylı məktubundan görünür ki, kifayət qədər güzəştli iş stajının olmaması səbəbindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - «Abşeronneft» NQÇİ-nin 19 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.2017-ci ildən (əmr 25-k, xx.xx.2017) xx.xx.2021-cı il tarixdədək Elmi tədqiqat və istehsalat isləri sahəsində layların və quyuların tədqiqi işlənməsi və elmi tədqiqat laboratoriyasına quyuların tədqiqi üzrə operator, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək Layların, quyuların tədqiqatı və istehsalat isləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində çalışır (əmr SOCAR **********0070020B00008 xx.xx.2021). İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 09 gün 02 ay 06 il (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan İstismarda olan neft qaz və vurucu quyularda dib və lay təzyiqinin ölçülməsi, exolot və dalqaölçən vasitəsilə quyuda mayenin səviyyəsinin ölçülməsi, səviyyənin bərpa olunmasının (düşməsinin) izlənməsi, neft və qaz çıxarma və qaz faktorunun müəyyən edilməsi, məsafədən ölçən cihazlarla (hasilat ölçən, sərf ölçən, termometr nəmlik ölcən, manometr, qaz analizatoru) tədqiqatlar aparılmasında iştirak etmək, tədqiqat islərinin nəticələrinin müəyyən edilməsi, avadanlıq və cihazların cari təmirinin aparılmasından ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» bəndində müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir və həmin Qərara əsasən quyuların tədqiq üzrə operator peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. - Məhkəmə sorğusuna cavab olaraq “SOCAR”-ın xx.xx.2023-cü il tarixli 14-2-1-1/2- 1710/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən İddiaçı “Abşeronneft” NQÇİ-də 6 il 07 ay 16 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə və peşələrdə çalışmışdır (əsas: “Abşeronneft” NQÇİ-nin xx.xx.2023- cü il tarixli BB- 03/195 nömrəli arayışı). - Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü tarixli 01 saylı və xx.xx.2023-cü il tarixli 07 saylı eyniməzmunlu məktubları ilə bildirilmişdir ki, İddiaçı müəssisədə saxlanılan şəxsi kartına əsasən xx.xx.1984-cü ildən texnik-texnoloq, xx.xx.1989-cu ildən master, xx.xx.1991-ci ildən presçi vəzifələrində çalışmışdır. Qeyd edilmiş peşələr də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və gösdəricilərin Siyahısı”nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar peşəsinə uyğundur. - İddiaçıya məxsus xx.xx.1984-cü il tarixdə açılmış ИТ № ******* saylı əmək kitabçası və onun tərcüməsindən görünür ki, iddiaçı 18 iyun 1984-cü il tarixdən X2 Zavodu İdarəsinin “Azsvetmet”də sexə texnik-texnoloq (Əmr № 78a, xx.xx.1982-ci il) vəzifəsinə təyin olunmuş, xx.xx.1989-cu il tarixdən sexdə master vəzifəsində (Əmr № 2, xx.xx.1989cu il), xx.xx.1989-cü il tarixdən master vəzifəsində, xx.xx.1993-cü il tarixdən X4 İdarəsində anbardar, xx.xx.1994-cü il tarixdən müvəqqəti mühəndis, xx.xx.1994-cü il tarixdən istismar avadalığının təmir sexində anbardar, xx.xx.1995-ci il tarixdən yerüstü neft quyularının təmiri sexində mühəndis, xx.xx.1996-cı il tarixdən neft və qaz çıxarma sexində mühəndis, xx.xx.1996-cı il tarxdən yeraltı neft quyularının təmiri sexində mühəndis, xx.xx.2009-cu il tarixdən 4-cü dərəcəli yardımçı fəhlə, xx.xx.2009-cu il tarixdən 4-cü drəcəli məmulat və alətlərin komplektləşdiricisi işləmiş, xx.xx.2015-ci il tarixdən Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan işçinin yerinə müvəqqəti Elmi Tədqiqat və İstehsalat işləri sahəsi Su Təchizatı və utilizasiyasiya təmizləyici qurğuların operatoru peşəsinə keçirilmişdir. xx.xx.2017-ci ildən xx.xx.2021-ci il tarixədək “Abşeronneft” NQCİnin Elmi Tədqiqat və İstehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının xx.xx.1984-cü ildən "xxxx" ASC-də işlədiyi texnik-texnoloq, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək usta peşələri «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cu “Metallurgiya İstehsalatı” bölməsinin 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar peşəsinə uyğundur (8 il 7 ay 13 gün). Eyni zamanda iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək «Abşeronneft» NQÇİ-nin Elmi tədqiqat və istehsalat işləri sahəsində işlədiyi quyuların tədqiqi üzrə operator peşəsi həmin Siyahının 10-cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» bəndində müəyyən edilmiş sahənin və vəzifənin (peşənin) xüsusiyyətləri ilə eynidir və həmin Qərara əsasən quyuların tədqiqatı üzrə operator peşəsinə uyğundur (2 il 5 ay 18 gün). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü tarixli 01 saylı və xx.xx.2023-cü il tarixli 07 saylı eyniməzmunlu cavablarda bildirilmişdir ki, İddiaçı müəssisədə saxlanılan şəxsi kartına əsasən xx.xx.1984-cü ildən texnik-texnoloq, xx.xx.1989-cu ildən master, xx.xx.1991-ci ildən presçi vəzifələrində çalışmışdır. Qeyd edilmiş peşələr də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və gösdəricilərin Siyahısf’nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar peşəsinə uyğundur. Lakin qeyd edilən arayış cavabdeh inzibati orqana təqdim olunmadığından münasibət bildirilməsi mümkün olmamışdır. Cavabdehin qeyd edilən dəlilini əsassız sayan Kollegiya bildirir ki, sözügedən sorğudan cavabdeh məhkəmə araşdırması zamanı məlumatlı olmuşdur. Həmin arayışın inzibati orqana daha əvvəl təqdim edilməməsi hazırkı iddia tələbinin təmin edilməməsinə əsas verə bilməz. İddiaçının əmək kitabçasının ikinci səhifəsində xx.xx.1993-cü ilə dair işdənçıxma tarixində düzəliş edilməsi ilə bağlı dəlilinə münasibətdə isə ilk növbədə qeyd edilməlidir ki, əmək kitabçasının həmin səhifəsində düzəliş olunması işəgötürən tərəfindən möhür ilə təsdiqlənmişdir. Digər tərəfdən həmin səhifədən müəyyən edilir ki, iddiaçının işə götürülmə əmri 1993-cü il tarixlidir və üzərində hər hansı düzəliş olunmamışdır. İşdən çıxma tarixinə isə nəzər yetirildikdə isə əvvəlcə 1992 qeyd edildiyi, daha sonra düzəliş olunaraq 1993 edildiyi görünür. Burdanda aydın olur ki, işdənçıxma tarixində 1992 qeyd olunması formal xəta olmuş və düzəliş edilmişdir. Bu isə əmək kitabçasının mötəbərliyini şübhə altına alınması üçün əsas deyil. Cavabdehin digər dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla hazırkı mübahisələndirilən məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmir. Belə ki, yuxarda qeyd edilən iş materiallarında olan iş yerindən təqdim edilmiş arayışlar bir daha təsdiq edir ki, iddiaçı qanunvericiliklə tələb olunan 10 ildən artıq güzəştli iş stajını toplamışdır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.