Məhkəmə qərarları › İş №2-1(103)-2451/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2451/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2451/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“ Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2-1(112)-4748/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) məxsus xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 097948 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuşdur, atası rus milliyətli X1, anası rus milliyətli X2.

2. İddiaçıya məxsus Rusiya Federasiyasının Krasnoarmeysk şəhərinin qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-PY seriyalı 263228 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1994-cü ildə Rusiya Federasiyasının Krasnoarmeysk şəhərində Rusiya Federasiyasının vətəndaşı X1 tərəfindən övladlığa götürülmüşdür.

3. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 76 ******* nömrəli pasportdan görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

4. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (bundan sonra- cavabdeh) xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir.

5. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 31 dekabr 1977-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında, Bakı şəhərində anadan olmuşdur. Bu barədə Bakı şəhəri, Binəqədi rayonu qeydiyyat şöbəsində doğum haqqında akt qeydiyyatı kitabında 31 yanvar 1978-ci il tarixdə 158 nömrəli qeyd aparılmışdır. İddiaçının atası X1 Azərbaycan SSR vətəndaşı olmuşdur. Azərbaycan Respublikası Azərbaycan SSR-nin hüquqi varisi olduğu üçün Azərbaycan SSR-nin vətəndaşları da Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. İddiaçı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdehin 26 oktyabr 2023-cü il tarixli, ******* nömrəli qərarına əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. İddiaçı hesab edir ki, bu qərar tamamilə əsassız olduğu üçün ləğv edilməli, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır.

9. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin heç bir hüquqi əsası olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və cavabdeh tərəfindən müvafiq araşdırma aparılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh sözügedən şəxslə bağlı düzgün nəticəyə gəldiyini hesab edir. Belə ki, iş materiallarına əsasən, sözügedən şəxs könüllü olaraq Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı cavabdehin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. İddiaçı isə hazırda vətəndaşsızlıq vəsiyyətində deyildir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2-1(112)-4748/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı vaxtilə doğulduğu Azərbaycan Respublikasını tərk etmiş, xx.xx.1994-cü ildə Rusiya Federasiyasının Saratov Vilayətinin Krasnoarmeysk şəhərində Rusiya Federasiyasının vətəndaşı X1 tərəfindən övladlığa götürülmüş, həmin şəhərdə 3 nömrəli orta məktəbi, Saratov Dövlət Universitetini bitirmiş və daimi yaşayış yeri Rusiya Federasiyasında olduğuna görə Moskva şəhərində qeydiyyata alınmış, həmin vaxtdan da Rusiya Federasiyasının vətəndaşıdır. Bu isə o deməkdir ki, vətəndaşı olduğu ölkə qarşısında şəxsin uzun müddət ərzində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, habelə siyasi hüquqi və bu cür digər öhdəlikləri yaranmışdır. Belə ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı oldugundan həmin dövlətin «Rusiya Federasiyasının vətəndaşlığı haqqında» Federal Qanununun 3-cü maddəsinə əsasən Rusiya Federasiyasının vətəndaşlığı olan şəxsi kimi Rusiya Federasiyası ilə, onların qarşılıqlı hüquq və vəzifələrinin ümumiliyində ifadə olunan möhkəm hüquqi bağlılığı yaranmışdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən eyni zamanda digər vətəndaşlığı olan Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasının beynəlxalq müqaviləsində və federal qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, yalnız Rusiya Federasiyasının vətəndaşı hesab edilir. Rusiya Federasiyası vətəndaşının digər vətəndaşlıq əldə etməsi Rusiya Federasiyası vətəndaşlığının xitamına səbəb olmur. Beləliklə, Rusiya Federasiyası öz vətəndaşının digər dövlətlərin vətəndaşlığına mənsubiyyətini, həmin dövlətlərlə bağlanmış müqavilələrdə və federal qanunlarda nəzərdə tutulmuş hallar istisna edilməklə, tanımır. Bu isə o deməkdir ki, Rusiya Federasiyası özünün vətəndaşı hesab etdiyi şəxsdən vəzifələrin/öhdəliklərin (o cümlədən, həmin dövlətin qəbul etdiyi yeni qanunlarla müəyyən edilən vəzifə və öhdəliklərin) icrasını istənilən vaxt tələb edə bilər. İddiaçının Rusiya Federasiyası ilə möhkəm bağlılığı və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn öhdəlikləri onun Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi vaxtadək qüvvədə qalır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin başqa ölkənin vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığın itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Qeyd olunmalıdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədi vətəndaşsızlıq hallarının aradan qaldırılmasına yönəlmişdir. Hazırki işin hallarından isə göründüyü kimi iddiaçı könüllü olaraq Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır.

13. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasına, “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanuna istinad etmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2-1(112)-4748/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin indiki redaksiyasına dəyişikliklər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Qanuna əsasən həyata keçirilmişdir. Belə ki, sözügedən Qanunun 2-ci maddəsinə diqqət yetirsək bəlli olur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun (yəni, 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Qanun) qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. İddiaçı isə Rusiya Federasiyasının vətəndaşlığına 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Qanun qüvvəyə mindiyi vaxta qədər (həmin Qanun 1 iyul 2014-ci il tarixdə qüvəyə minib) yiyələndiyi üçün “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ona şamil edilə bilməz. Buna görə də indiki halda iddiaçının Rusiya Federasiyası vətəndaşlığını könüllü əldə etməsi əsası ilə onun AR vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsi və məhkəmənin bu yanaşmanı əsas götürməsi tamamilə əsassız və qanunsuzdur. Həmçinin, işə baxan məhkəmə “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun maddələrini şərh etmiş və belə qənaətə gəlmişdir ki, eyni zamanda digər vətəndaşlığı olan Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasının beynəlxalq müqaviləsində və federal qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, yalnız Rusiya Federasiyasının vətəndaşı hesab edilir. Lakin, məhkəmə həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsini nəzərə almamış və yanlış qənaətə gəlmişdir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən Rusiya Federasiyası vətəndaşının digər vətəndaşlıq əldə etməsi Rusiya Federasiyası vətəndaşlığının xitamına səbəb olmur. Bu da onu deməyə əsas verir ki, Rusiya Federasiyası vətəndaşı digər dövlətin vətəndaşı ola bilər, lakin onun digər dövlətin vətəndaşı olması Rusiya Federasiyası vətəndaşlığına xitam vermir. Qeyd edilən mülahizələrdən də göründüyü kimi işə baxan məhkəmə mövcud hüquqi mübahisəyə qiymət verərkən əsasən “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun maddələrini şərh etmiş, mövcud qanunvericiliyin tələblərini nəzərə almamışdır. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Həmçinin, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydalarının 4.1.4.1-ci yarımbəndinə əsasən doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Şərh edilənlərdən də göründüyü kimi İddiaçı Azərbaycan SSR-də doğulub, həmçinin onun atası ASSR vətəndaşı olub və Azərbaycan Respublikası da Azərbaycan SSR-nin hüquqi varisi olduğu üçün Azərbaycan SSR-nin vətəndaşları da Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Qeyd edilən bu 2 hal iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsas olmalı idi. Lakin, işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Göründüyü kimi məhkəmə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının əhatə dairəsini məhdudlaşdırmış, Qaydanın əsas məqsədi kimi vətəndaşsızlıq hallarının aradan qaldırılmasını qeyd etmişdir. Hesab edirəm ki, məhkəmə ümumi mülahizələrdən çıxış etmiş, sözügedən Qaydanın əhatə dairəsini iddiaçının hüquqlarının pozulmasına səbəb olacaq dərəcədə məhdudlaşdırmış və işə mahiyyəti üzrə baxmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun:

Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) Bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) Bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər

...

Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

20. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

Maddə 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.2 İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1 Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddiadır (İPM, maddə 2.2.2).

25. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarət olmaqla, tələbinin hüquqi əsası kimi valideynlərindən birinin – atasının Azərbaycan SSR vətəndaşı olması göstərilmişdir.

28. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı Rusiya vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina üçün əsasdır.

29. İddiaçı apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin indiki redaksiyasına dəyişikliklər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Qanuna əsasən həyata keçirilmişdir. Belə ki, sözügedən Qanunun 2-ci maddəsinə diqqət yetirsək bəlli olur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun (yəni, 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Qanun) qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı bildirir ki, yuxarıda qeyd edilən normalara, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtilə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının həmin dövrdə Rusiya Federasiyasında yaşadığı və qeydiyyatda olduğu müəyyən olunmuşdur.

31. Həmçinin, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun maddələrini şərh etmiş və belə qənaətə gəlmişdir ki, eyni zamanda digər vətəndaşlığı olan Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasının beynəlxalq müqaviləsində və federal qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, yalnız Rusiya Federasiyasının vətəndaşı hesab edilir. Lakin, məhkəmə həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsini nəzərə almamış və yanlış qənaətə gəlmişdir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən Rusiya Federasiyası vətəndaşının digər vətəndaşlıq əldə etməsi Rusiya Federasiyası vətəndaşlığının xitamına səbəb olmur. Bu da onu deməyə əsas verir ki, Rusiya Federasiyası vətəndaşı digər dövlətin vətəndaşı ola bilər, lakin onun digər dövlətin vətəndaşı olması Rusiya Federasiyası vətəndaşlığına xitam vermir. Qeyd edilən mülahizələrdən də göründüyü kimi işə baxan məhkəmə mövcud hüquqi mübahisəyə qiymət verərkən əsasən “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun maddələrini şərh etmiş, mövcud qanunvericiliyin tələblərini nəzərə almamışdır. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.

32. İş materialları ilə müəyyən edilir ki, iddiaçı vaxtilə doğulduğu Azərbaycan Respublikasını tərk etmiş, xx.xx.1994-cü ildə Rusiya Federasiyasının Saratov Vilayətinin Krasnoarmeysk şəhərində Rusiya Federasiyasının vətəndaşı X1 tərəfindən övladlığa götürülmüş, həmin şəhərdə 3 nömrəli orta məktəbi, Saratov Dövlət Universitetini bitirmiş və daimi yaşayış yeri Rusiya Federasiyasında olduğuna görə Moskva şəhərində qeydiyyata alınmış, həmin vaxtdan da Rusiya Federasiyasının vətəndaşıdır.

33. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16 və 17-ci bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

34. İddiaçı apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, onun həm atası, həm də anasının Azərbaycan Sovet Sosialist Respublikasının vətəndaşı olması, yəni iddiaçının Azərbaycan Sovet Sosialist Respublikasının vətəndaşından doğulmuş şəxs olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası isə Azərbaycan Sovet Sosialist Respublikasının hüquqi varisi olduğundan iddiaçı doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir və buna görə də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. İddiaçı Rusiya Federasiyasında yaşadığından həmin xarici dövlətin qanunvericiliyinə əsasən onun Rusiya Federasiyasının vətəndaşı kimi qəbul edilməsi və bu barədə pasport verilməsi başa düşüləndir. Başqa dövlətin iddiaçını öz vətəndaşı kimi qəbul etməsi, həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını müəyyən etməyə mane olmur.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı qərarın 18 və 19-cu bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

36. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

37. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi Rusiya Federasiyasında doğulduğu üçün həmin ölkənin vətəndaşı olması və könüllü surətdə vətəndaşlığını dəyişdirməməsi ilə bağlı dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının Rusiya Federasiyasında övladlığa götürülməsi faktı onun məhz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməli olması anlamına gəlmir. Başqa sözlə, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını məcburi deyil, könüllü şəkildə qəbul etmişdir.

38. Daha sonra iddiaçı qeyd etmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının əhatə dairəsini məhdudlaşdırmış, Qaydanın əsas məqsədi kimi vətəndaşsızlıq hallarının aradan qaldırılmasını qeyd etmişdir. Hesab edirəm ki, məhkəmə ümumi mülahizələrdən çıxış etmiş, sözügedən Qaydanın əhatə dairəsini iddiaçının hüquqlarının pozulmasına səbəb olacaq dərəcədə məhdudlaşdırmış və işə mahiyyəti üzrə baxmamışdır.

39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin başqa ölkənin vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığın itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Qeyd olunmalıdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədi vətəndaşsızlıq hallarının aradan qaldırılmasına yönəlmişdir. Hazırki işin hallarından isə göründüyü kimi iddiaçı könüllü olaraq Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır.

40. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

41. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməməsi ilə qanuna zidd olan və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara yol verilməmiş, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması üçün əsaslar müəyyən edilməmişdir.

43. Həmçinin, iddiaçının apellyasiya şikayəti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.4-cü bəndi ilə əsaslandırılmışdır.

44. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab etmir. Belə ki, Qaydanın 4.1.4-cü bəndi də daxil olmaqla iddiaçının istinad etdiyi normalar şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməli olduğu halları nəzərdə tutur. Başqa sözlə, həmin hallar özü-özlüyündə vətəndaşlığı müəyyən etmir və yalnız mənsubiyyətin müəyyənləşdirilməsinin əsası kimi çıxış edirlər. Həmin normalar doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs (4.1.5.-ci bənd) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə münasibətdə tətbiq olunur.

45. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 31 dekabr 1977-ci il tarixdə Azərbaycanda anadan olmuşdur. Atası rus milliyətli X1, anası rus milliyətli X2.

46. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir: "Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir".

47. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir) və bunu təsdiq edən rəsmi sənədlər, o cümlədən iddiaçıya aid pasport iş materiallarına əlavə olunmuşdur.

48. Yuxarıda qeyd edilən normalara, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtilə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının həmin dövrdə Rusiya Federasiyasında yaşadığı və qeydiyyatda olduğu müəyyən olunmuşdur.

49. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı hazırda Rusiya Federasiyası vətəndaşıdır. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

50. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş və cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunun müddəaları pozulmamışdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji işlər üzrə əvvəlki qərarlarında, o cümlədən 14 mart 2024-cü il tarixli, 2-1(102)-373/2023 nömrəli; 02 fevral 2024-cü il tarixli, 2-1(102)-22/2024 nömrəli və 07 aprel 2023-cü il tarixli, 2-1(102)- 340/2023 nömrəli qərarlarında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmaması barədə cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2-1(112)-4748/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2-1(112)-4748/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar