Məhkəmə qərarları › İş №2-1(103)-2452/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2452/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2452/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə; İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanıb birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 17.03.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanıb birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.04.2019-cu il tarixdə ona 10.04.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin bununla da, hüquqları pozulmuşdur. Belə ki, onun 24.05.2001-ci ilə qədər 25 il 17 gün ümumi stajı yaranmışdır. Həmn stajın 21 il 6 ay 17 gününü isə güzəştli stajı təşkil edir. Beləliklə, 57 yaşında yəni 17.03.2011-ci ildə pensiya hüququ yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, filial, **********5 saylı, 17 fevral 2021-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən 25.04.2019- cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya 17 mart 2016-cı il tarixdən hesablanmışdır. Keçmiş 3 il (2016-2019) müddət üçün hesablanmış məbləğ hər ay hissə-hissə ödənilməkdədir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinə əsasən, 2016-cı ildən əvvəlki illər üçün pensiyanın hesablanaraq ödənilməsi mümkün olmamışdır. İddiaçı 25 aprel 2019-cu il tarixdə ona pensiya təyin edilməsi ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmişdir. İnzibati orqanın 25 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 17 mart 2016-cı ildən hesablanmışdır. Göründüyü kimi, Filial, ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrini rəhbər tutaraq müraciət tarixindən geriyə ən çoxu 3 il üçün pensiyanı hesablamış və hissə-hissə ödəmişdir. İddiaçının 2011-2016-cı illəri əhatə edən dövr üçün Filialdan pensiya ödənilməsini tələb etmək hüququ, Filialın isə belə bir pensiyanı hesablayıb ödəmək öhdəliyi yoxdur. Odur ki, Filialın imtinası ƏPQ-nin tələblərinə tam uyğun olmuşdur. Digər tərəfdən, iddiaçı, ƏPQ-nin 32.1 və 37.7-ci maddələrinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad etməkdə haqlı olmamışdır. Belə ki, Ali Məhkəmənin İnzibati kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 saylı qərardadının 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək onu təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək ona uyğun izahat verdi və qərarın ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuş, 05.12.1974ci ildən 16.11.1976-ci ilədək hərbi xidmətdə olmuşdur. Həmçinin əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, 22.09.1972-ci il tarixdən 06.08.1973-cü il tarixədək fəhlə; 27.11.1973-cü il tarixdən 21.05.1974-cü il tarixədək matros; 22.07.1974-cü il tarixdən 28.10.1974-cü il tarixədək matros; 10.12.1976-cı il tarixdən 01.08.1980-ci il tarixədək matros; 26.08.1980-ci il tarixdən 10.08.1981-ci il tarixədək balıq sexində yükləyici operator vəzifəsində; 12.10.1981-ci il tarixdə matros vəzifəsinə təyin edilmiş, 26.08.1980ci il tarixdə balıq sexində yükləyici operator vəzifəsinə keçirilmiş, 01.09.1980-ci il tarixdə balıq sexində balıq bükücü vəzifəsinə keçirilmiş və 10.08.1981-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 06.05.1982-ci il tarixdən 30.09.1991-ci il tarixədək kapitan vəzifəsində; 05.10.1991-ci il tarixdən 21.10.1993-cü il tarixədək kapitan vəzifəsində; 25.10.1993-cü il tarixdən 21.04.1995-ci il tarixədək kapitan vəzifəsində; 26.04.1995-ci il tarixdən 17.02.1999-cu il tarixədək X1 kapitan vəzifəsində; 15.02.2001-ci il tarixdən 24.05.2001-ci il tarixədək X2 Donanmasının “Əhməd Babayev” ETK-da kapitan vəzifəsində; 14.06.2008-ci il tarixdə DİN-nin Təchizat İdarəsinə bilavasitə tabe olan Avtomat təsərrüfatını gəmi komandiri təyin edilmiş, 21.05.2016-cı il tarixdə DİN-nin X4 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil təsərrrüfatına gəmi komandiri təyin edilmişdir. Daha sonra iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 17.03.2011-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması üçün 2019-cu DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İş materiallarında olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya 25.04.2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 17.03.2016-cı il tarixindən hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiya üzrə keçmiş müddət üçün hesablanmış 3.987,80 manat pensiya məbləği 01.07.2020-ci il tarixdən etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsinin pensiyaçının uçot vərəqindən görünür ki, xx xxxx 1954-cü il təvəllüdlü İddiaçı 25 aprel 2019-cu il tarixli qərarla 10.04.2016-cı il tarixdən 175,88 manat, 01.01.2017-ci il tarixdən 184,04 manat, 01.01.2018-ci il tarixdən 194,53 manat, 01.01.2019-cu il tarixdən isə 200,37 manat yaşa görə pensiya təyin edilmişdir. Bundan sonra, iddiaçı 08.10.2020-ci il tarixdə ərizə ilə müraciət edərək 2006-2013-cü illərin sığorta stajına daxil edilməsini xahiş etmiş və DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 08.12.2020-ci il tarixli qərarı ilə İddiaçı 01.01.2020-ci il tarixdən (14.10.2017-30.11.2020) ömürlük 262.17 manat pensiya məbləği yenidən hesablanmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən (1997-ci il avqustun 1-dək qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normaların tələbləri nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun olaraq, kişilərə 57 yaşdan pensiya təyin edilməsi üçün həmin maddənin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 01.01.2006-cı il tarixədək qazanmış olmalıdır. Həmin şərtlərin iddiaçı tərəfindən təmin olunduğu, yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə əmək pensiyasının təyin edilməsini tələb etmək hüququnu 01.01.2006-cı il tarixədək qazandığı mübahisəsizdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesabolunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı ona 17.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğunu mübahisələndirməmiş, sadəcə cavabdehə müraciət edərək, onun əmək pensiyası hüququnun 57 yaşda – 2011-cı il martın 17-də yarandığını bildirmiş və həmin tarixdən 17.03.2016-cı il tarixədək əhatə olunan beş illik dövr üçün pensiya məbləğinin ödənilməsini tələb etmişdir. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Lakin iddiaçıya 25 aprel 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunaraq pensiya məbləği 17.03.2016-cı il tarixdən hesablanaraq, pensiya ödənişləri icra olunduğundan, bununla da, iddiaçının müraciət etdiyi 2021-ci ilin 24 fevral tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi istisna edildiyindən cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2021 saylı, 16 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar