Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2452/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı 25 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər X13 İcraiyyə Komitəsi X4 və istismarı Birliyinin xx.xx.1989-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən X11, X14 və İddiaçı 60 nömrəli kooperativin tərkibinə keçirilmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 69/70 saylı bağ sahəsinə (0.13 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ (tam) X5 adına daşınmaz əmlakın dövlət reyesrtində 939 nömrəli reyestr kitabının 89212 nömrəli vərəqində xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 69/70 saylı bağ sahəsində yerləşən 0.13 ha torpaq sahəsinin X5 adına AA seriyalı 506653 saylı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası «X10» MMC-nin 456 saylı 28 iyul 2021-ci il tarixli rəyindən görünür ki, naturada qeydə alınan koordinatlar əsasında kameral şəraitdə ərazinin ümumi xəritəsi və aerofotoplan üzərində, həmçinin X27 və SAS Planeta xəritə materialları üzərində aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 №-li qərarı və X4 və İstismarı Birliyinin 60 №-li kooperativinin 47 №-li orderi əsasında X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Tədqiqatı aparılan torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan planda aydın şəkildə göstərilmişdir. Rəyə plan əlavə olunmuşdur. Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı Bələdiyyəsi tərəfindən iddiaçının nümayəndəsi X7 ünvanlanmış 77 saylı xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsinə daxil olan xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Ərizədə qeyd etdiyiniz, X8, X3, X9 və X5 istifadələrində olan bağ torpaq sahələrinin "xxxx" MMC-nin ərazisinə düşüb-düşməməsini müəyyənləşdirmək məqsədilə, Bələdiyyənin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirərək, yoxlama və ölçü işləri aparılmışdır. Nəticə olaraq müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan vətəndaşların istifadələrində olmasını bildirdiyiniz bağ sahələri, "xxxx" MMC Şirkəti tərəfindən özəlləşdirilən 77 hektar əraziyə düşmür. Belə ki, bağ sahələri Ləhiş sağ massivinin xəritəsinə istinadən 9-cu dalan kimi göstərilən 4888B saylı sahədən şimala doğru 862,0 metrdən, 10-cu dalandan isə 4874A saylı sahədən şimala doğru 921-ci metrdən sonra yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56/57b saylı torpaq sahəsinə dair sənəd İdarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəkı 56/57b nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 101,0 ha ərazi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X4 və İstismari Birliyinin 60 saylı Bağ Tikinti Kooperativinin 1988-1990-cı illər üzrə qeydiyyat kitabı İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, 60 nömrəli BTK üzvlərinin siyahısında X2 adı aşkar olunmamışdır. İddiaçı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********66 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəkı 56/57b nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 101,0 ha ərazi ilə üst-üstə düşür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989- cu il tarixli 11/409 saylı qərarı və X4 və İstismarı Birliyinin 60 saylı Bağ Tikinti Koorperativinin 47 saylı orderi əsasında iddiaçının bağa ehtiyacı nəzərə alınaraq, sahəsi 0,12 ha olan 56/57b saylı bağ sahəsi ayrılaraq iddiaçıya verilmişdir. Bundan əlavə, o, ərizə ilə koorperativin sədrinə müraciət edərək, kooperativin tərkibinə keçirilməsini xahiş etmiş, xx.xx.1989-cu il tarixli qərarla kooperativin tərkibinə keçirilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə iddiaçı göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edərək şəxsi maliyyə vəsaiti ilə ona ayrılmış torpaq sahəsini uzun illər abadlaşdıraraq, aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, ərizəsi qəbul olunmamışdır. Bu səbəbdən iddiaçı poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə idarəyə rəsmi müraciət ünvanlamışdır. Lakin müraciətdən uzun müddət keçməsinə baxmayaraq, müraciətinin həll olunması istiqamətində hər hansı addım atılmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Ləhiş bağlar massivinin bölgü sxemində (sxematik xəritədə) 56/57b saylı bağ sahəsi öz əksini tapmamışdır. Həmçinin vətəndaş tərəfindən göstərilən ərazi başqa şəxsin istifadəsinə verilmiş ərazi ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa **********19 saylı 10 iyul 2020-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı 25 avqust 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı 25 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritədə 56/57b bağ nömrəsi öz əksini tapmayıb, iddiaçının təqdim etdiyi orderin nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə bildirilir ki, qeyd olunan torpaq sahəsi "Bakıtuneltikinti” bağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir. Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış və nəticədə iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-631/2022 saylı 28 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı 25 avqust 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-914/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-631/2022 saylı 28 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya qaydasında işə baxılarkən 11 mart 2021-ci il tarixli qərardadla cəlb edilmiş "xxxx" MMC-nin iş üzrə 3-cü şəxs statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 56/57b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “60 saylı BTK-nın 1988-1990-cı illər üzrə qeydiyyat kitabının İdarənin arxivində aşkar olunmaması, BTK üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmaması, idarənin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəkı 56/57b nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 101,0 ha ərazi ilə üst-üstə düşməsi” ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 914/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “iddiaçının istinad etdiyi orderdə Bakı şəhəri İcraiyyə Komitəsinin 11/409 saylı xx.xx.1989-cu il qərarı əsasında verildiyi qeyd olunmuşdur. Həmin qərarla bir sıra BTK-ın şəxsi tərkibi təsdiq olunmuş və Maştağa, Pirşağı, Bilgəh, Zirə, Buzovna, Şüvəlan, Nardaran, Ləhiş qəsəbələrində yerləşən bağ sahələrin ayrılması qərara alınmış, Bakı Şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıda iddiaçının adı müəyyən olunmur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə olunmuş bağların bölgüsünə dair sxematik xəritədə iddianın əsasını təşkil edən orderdə qeyd olunan 56/57b bağ nömrəsi öz əksini tapmamış və iddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsi arxivdə aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56/57b saylı torpaq sahəsinə dair sənəd və X4 və İstismari Birliyinin 60 saylı Bağ Tikinti Kooperativinin 1988-1990-cı illər üzrə qeydiyyat kitabı idarənin arxivində aşkar olunmamışdır. Həmçinin, qeyd olunan və iddiaçının tələb etdiyi torpaq (bağ) sahəsi 60 nömrəli BTK-yə aid olmayan “Bakıtuneltikinti” bağçılıq-yoldaşlığına ayrılmış ərazidə yerləşir. İddiaçının tələb etdiyi bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, iddiaçının tələb etdiyi torpaq sahələrinin sərhədlərinin qanunda müəyyən edilmiş qaydada yerdə müəyyən edilmədiyindən, onların planı və ölçüsünün tərtib edilmədiyindən və torpağın icarəsi barəsində müqavilə bağlamadığından torpağın koordinatlarının müəyyən edilməsini mümkünsüz edir və torpaq üzərində hüququ yaratmır. Qeyd olunan hallar apellyasiya şikayətində göstərilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilməmiş və qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Bununla da məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuşdur.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin yenidən apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunan göstərişlər bir daha araşdırılmışdır. Kollegiya tərəfindən müəyyən edilmişdi ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin X4 və X19 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderi ilə İddiaçı Bakı Şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 60 nəmrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 56/57b nömrəli bağ ayrılmışdır. Həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Hazırda iddiaçı həmin bağ sahəsinin adına rəsmiləşdirilməsini tələb edir. Cavabdeh inzibati orqan isə həmin bağ sahəsinin başqa şəxsin ("xxxx" MMC) istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini, iddiaçının adının BTK üzvlərinin siyahısında olmadığını və ümumiyyətlə BTK-nin 1988-1990-cı illər üzrə qeydiyyat kitabının İdarənin arxivində aşkar olunmadığını bildirir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtinada göstərilənlərlə bağlı hər hansı sənədi istər əvvəlki məhkəmə icraatlarında, istərsə də hazırki icraatda məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilmişdi ki, sözügedən ərazidə yerləşən bağ sahəsinə qonşu bağ sahələri digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmışdır. Əgər həmin ərazidə yerləşən bağ sahələri qeyd olunan MMC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşürsə, həmin bağ sahələri daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alına bilməzdi. Bununla yanaşı, işdə olan Azərbaycan Respublikası «X10» MMC-nin 456 saylı 28 iyul 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 №-li qərarı və X4 və İstismarı Birliyinin 60 №-li kooperativinin 47 №-li orderi əsasında X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Bundan başqa, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması, eləcə də X4 və İstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına görə iddiaçı məsuliyyət daşımır, bu, onun vəzifələrinə daxil deyil və iradəsindən asılı olan hal deyil. Eyni zamanda, cavabdeh tərəfindən orderin həqiqətə uyğun olmadığı da sübuta yetirilməmişdir. Qeyd olunan order ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin order isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin X4 və X19 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən İddiaçı ayrılmış Ləhiş bağlar sahəsində 0.12 hektar torpaq sahəsi olan 56/57b nömrəli bağ sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Məhkəmə kollegiyası bir daha qeyd olunmasını zəruri hesab edir ki, iddiaçı hazırki iddia üzrə tələbini məhz adı çəkilən orderə əsasən irəli sürür. Yuxarıda adı çəkilən Qanunda 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlərlə yanaşı həm də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın təqdim olunması mütləq şərt kimi göstərilməmişdir. Yəni, iddiaçının təqdim etdiyi order bağ sahəsinin onun adına rəsmiləşdirilməsinin aparılması üçün yetərli sənəddir, həmin sənədin təqdim edilməsi ilə yanaşı iddiaçı həm də adının göstərildiyi BTK üzvlərinin siyahısını da təqdim etmək kimi bir vəzifə daşımır. Məhkəmə kolegiyası onu da qeyd edir ki, cavabdeh apelyasiya şikayətində göstərilən ərazinin digər hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsini bildirsə də, bu hal iş materialları ilə təsdiqini tapmamışdır. Həmçinin cavabdeh həmin bağ sahəsi ilə bağlı digər şəxsin müraciət etməsini, iddiaçı ilə həmin şəxs arasında bağ sahəsinə dair mübahisənin olmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki, iş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, X1 verilmiş 0.12 ha bağ sahəsi "xxxx" MMC-yə ("xxxx" MMC) məxsus ərazinin hüdudları daxilinə düşmür. Məhkəmə kolegiyası cavabdehin “bağların bölgüsünə dair sxematik xəritədə 56/57b bağ nömrəsi öz əksini tapmadığını və iddiaçının təqdim etdiyi orderin nüsxəsi idarənin arxivində aşkar olunmadığı” barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamasına, eləcə də X4 və İstismari Birliyinin qeydiyyat kitabının İdarənin arxivində olmamasına iddiaçı məsuliyyət daşımır, bu, onun vəzifələrinə daxil deyil. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə qiymət verərək hesab edir ki, həmin rəy inandırıcı olmaqla, mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1353/2021 saylı 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Cahangir Yusifov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2452/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2452/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver