Məhkəmə qərarları › İş №2-1(103)-2452/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2452/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2452/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı "liftin yenisi ilə əvəz edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 540/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə (üçüncü şəxslər: Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Lift-Təmir İstehsalat Birliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Abşeron rayon Mənzil-İstismar Sahəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 4 saylı binanın 1-ci girişindəki liftin qəzalı və istismar müddəti bitdiyinə görə yenisi ilə əvəzləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında daimi yaşayır. Onun uzun müddət yaşadığı həmin binanın lifti 40 ildən çox müddət istsmar olunur ki, istifadəsi zamanı bədbəxt hadisə baş verə bilər. Belə halların qarşısını cavabdeh naməlum səbəblərdən aradan qaldırmır. “Lifttəmir” Birliyinin 29 yanvar 2019-cu il tarixli məktubuna əsasən qeyd olunan binaya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6 saylı Mənzil İstismar Sahəsi tərəfindən liftlərə texniki xidmət göstərildiyi məlum olmuşdur. Müdafiə Nazirliyi Mənzil İstismar Hissəsi 6 saylı MİS-in 29 yanvar 2019-cu il tarixli məktubuna əsasən həmin bina 1972-ci ildə istismara verilmiş və həmin vaxtdan bu günədək lift dəyişdirilməmiş, lakin liftin dəyişdirilməsinə və yenisi ilə əvəzləşdirilməsinə ehtiyac olmuşdur. Bundan sonra cavabdehə müraciət olunmuş və sözügedən bina Nazirliyin balansında olduğundan, liftin dəyişdirilməsi xahiş edilmişdir. Lakin cavabdehdən rəsmi cavab alınmamışdır. Həmçinin, Müdafiə Nazirliyinin tabeliyində olan hazırkı cavabdeh Mənzil İstismar İdarəsi olmalıdır. X3 Nazirliyi tərəfindən maliyyələşir və balansında olan bütün binalara xidmət aparır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-927/2019 saylı iş üzrə 3 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun (hazırkı iddiaçının) iddiası təmin olunmuş və binanın lifti əsaslı təmir olunmuşdur. Məlum qətnamə qanuni qüvvəsin almış və icra olunmasına baxmayaraq, 2 ildən sonra yenidən liftdə problemlər əmələ gəlməyə başlamışdır və hər an təhlükə və ya bədbəxt hadisə olmasını qaçınılmaz edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-540/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticəsinə əsasən onun cavabdehlə münasibəti inzibati olmadığı üçün iddiasına baxılmamalıdır. Lakin məhkəmənin nəzərinə çatdırılır ki, cavabdeh inzibati orqandır və onun tərəfindən qəbul olunan qərarlar da inzibati aktlar sayılır. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı T.Allahverdiyev məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi P.Bayramov liftin 2018-ci ildə təmir olunaraq istimara buraxıldığını və istismara yaralı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən qarşı qanunla cavabdehlik daşıyan inzibati orqana inzibati icraat qaydasında baxılan iddia növlərinə uyğun olaraq iddia müddətləri çərçivəsində, qaldırılmalıdır və formal olaraq (subutlar da əlavə olunmaqla) həmin iddia əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materiallaırndan görünür ki, iddiaçı ünvan 1 ünvanında yaşadığı binanın liftinin yenisi ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən tələb edir. Lakin onun cavabdehə qarşı həmin tələbi publik (ümumi) hüquq münasibətlərini deyil, tərəflər arasında olan müqavilə münasibələrini ehtiva edir. Yəni, həmin münasibətlər, mənzilin yerləşdiyi binanın ümumi istifadədə olan hissələrindən (o cümlədən, liftdən) tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər vasitəsilə, bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Başqa sözlə, hazırkı iddianın predmetini mülki dövriyyənin iştirakçıları arasında yaranmış mülki mübahisə təşkil edir. İPM-in 2.1-ci maddəsi isə nəzərdə tutur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qanunla başqa aidiyyət qaydası müəyyən edildiyi təqdirdə inzibati mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda, iddiaçının cavabdehə qarşı yaşadığı binanın liftinin yenisi ilə əvəz olunması barədə iddia tələbinə inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessul hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərardadda iddianın mümkün sayılmaması barədə gəldiyi nəticənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 540/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-540/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar