Məhkəmə qərarları › İş №2-1(103)-2452/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2452/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2452/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialına qarşı “qərarın ləğvi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X6 və X9 (mütəxəssis) oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasından artıq ödənilmiş pulun tutulmasının dayandırılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1965/2024 saylı 28 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X12 Filialının xx.xx.2023cü il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan xx.xx.2023-cü il tarixli qərara əsasən onun pensiyası 1812,78 manat məbləğindən 1338,98 manat məbləğinə azaldılmışdır. Bundan sonra iddiaçı həmin qərarın ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və onun müraciətinə cavab olaraq sonuncunun xx.xx.2023-cü il tarixli 3-17- 1/2-N-168991/2023 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında’' Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən sizə xx.xx.1995-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib (pensiya işinizdə olan pensiyaçının uçot vərəqinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilib. Sözügedən Qanunun 34.1 -ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən müvafiq yaşa çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2017ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş müəyyən edilib. Qeyd olunanlara əsasən xx.xx.2016-cı il tarixində (xx.xx.2016-cı il tarixli müraciətiniz əsasında) sizə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 32.1-1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinə daxil olan sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək 27 il 2 ay 18 gün sığorta stajınız və xx.xx.2006-cı il tarixindən xx.xx.2016-ci il tarixinədək (yaşa görə əmək pensiyası hüququnuz yaranan tarixədək) fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 59325,77 manat, xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək 27162,54 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli xidməti araşdırmadan 3 il əvvəl) 998,99 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 1112,88 manata, xx.xx.2022-ci il tarixindən 1150,72 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 1167,38 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 1338,98 manata çatdırılmışdır. Sözügedən Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixində Qanunun 34-cü maddəsinə əsasən pensiyanız əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına səhv bölünərək (144 aya bölünməli olduğu halda 72 aya bölünmüşdür) hesablanmışdır. Qeyd olunanlara əsasən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanızın məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli xidməti araşdırmadan 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının hesablanmış əvvəlki məbləğə uyğun olaraq bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən əmək pensiyasından tutulmaların geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X12 Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı 2023-cü ildə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının bərpa edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixindən iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. Bundan sonra xx.xx.2016-cı ildən etibarən iddiaçıya təyin edilmiş əlilliyə görə pensiya ərizəsi əsasında yaşa görə əmək pensiyası ilə əvəz edilmişdir. Cavabdehdən aldığı 21 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xidməti araşdırma zamanı ona artıq pensiya ödənilməsi və pensiyanın səhv hesablandığı aşkar edilmişdir. Lakin bu halların heç biri iddiaçıya məlum deyil. Halbuki, cavabdeh iddiaçının iştirakı ilə inzibati araşdırma aparmalı və göstərilən halların həqiqətə uyğun olduğunu inzibati araşdırma materialları ilə ona sübut etməli idi. Cavabdeh nə iddiaçının razılığı, nə də məhkəmə qərarı olmadan qanunsuz və əsassız şəkildə onun əmək pensiyasından tutulmalar həyata keçirmişdir. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiya məbləğinin azaldılma səbəbi barədə məlumat verilməsini xahiş etmişdir. Fondun Sosial Ödənişlərin X12 Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-164815/2023 nömrəli məktubu onunla əsaslandırılmışdır ki, xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixində Qanunun 34-cü maddəsinə əsasən iddiaçının pensiyası əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına səhv bölünərək (144 aya bölünməli olduğu halda 72 aya bölünmüşdür) hesablanmışdır. İddiaçının əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. Göstərilən səbəbdən iddiaçının yaşa görə əmək pensiyası məbləğinin hesablanmış əvvəlki məbləğə uyğun olaraq bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hazırkı pensiya məbləği düzgün hesablanmışdır və iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçıya xx.xx.1995-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə iddiaçının əmək pensiyasının ödənişi davam etdirilib. İddiaçı xx.xx.2016-cı il tarixli müraciətinə əsasən xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən müvafiq yaşa çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2017ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş müəyyən edilib. Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixində Qanunun 34-cü maddəsinə əsasən iddiaçının pensiyası əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilərkən xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına səhv bölünərək (144 aya bölünməli olduğu halda 72 aya bölünmüşdür) hesablanmışdır. Qeyd olunanlara əsasən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli xidməti araşdırmadan 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. İddiaçının pensiya işinə daxil olan sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək 27 il 2 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-ci il tarixədək (yaşa görə əmək pensiyası hüququ yaranan tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 59325,77 manat, xx.xx.2019-cu il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 27162,54 manat pensiya kapitalı əsasında onun əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən (xx.xx.2023-cü il tarixli xidməti araşdırmadan 3 il əvvəl) 998,99 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 1112,88 manata, xx.xx.2022-ci il tarixdən 1150,72 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 1167,38 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 1338,98 manata çatdırılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1965/2024 saylı 28 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X12 Filialının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı 2023-cü ildə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının bərpa edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır. İş üzrə yekun məhkəmə aktının əsaslandırma hissəsində məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati atın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub- qorunmadığı da “İnzibati icraat haqqında" Qanunun 67-ci, xüsusən də 67.5-ci-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Həmçinin müvafiq qərarın nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının bərpa edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdeh Mərkəzi Filialın üzərinə qoyulmalıdır. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmalar həyata keçirilmir. Həmçinin qanunvericiliyə uyğun olaraq iddiaçının əmək pensiyası düzgün hesablanmadığı hallarda müvafiq tədbirlərin görülməsi Fondun səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2-1(112)-1965/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti sırf formal mülahizələrə əsaslanır. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətində onun əmək pensiyasının azaldılması və ondan pul vəsaitinin tutulmasının səbəbləri ilə bundan əvvəl təqdim olunmuş məktubda qeyd edilənlərdən fərqli heç bir mülahizə öz əksini tapmamışdır. Eyni cümlələr, eyni sözlər həm cavabdeh tərəfindən ona ünvanlanmış məktubda, həm iddia ərizəsinə etirazda, həm də hazırkı iş üzrə apellyasiya şikayətində heç bir dəyişiklik edilmədən sadəcə olaraq təkrarlanır. Apellyasiya şikayətində göstərilir ki, xx.xx.2006-cı ildən 01,05.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi aylarının sayına səhv bölünərək (144 aya bölünməli olduğu halda 72 aya bölünmüşdür) hesablanmışdır. Şikayətdə göstərilən halın, yəni, xx.xx.2006-cı ildən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 144-ə yox 72-ə bölünməsinin həqiqətə uyğun olub-olmaması ona məlum deyil. Bəlkə, heç həmin vaxt toplanmış pensiya kapitalı həqiqətən də 144-ə bölünmüşdür. Bu hallar heç biri ona məlum deyil. Cavabdeh fərdi hesabında toplanmış pensiya kapitalının 144-ə deyil, 72-ə bölündüyünə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, apellyasiya şikayətində bunu əsaslandırmamış, eləcə də ona ünvanlanmış cavab məktublarında bu halı təsdiq edəcək heç bir sübut göstərməmişdir. Halbuki, cavabdeh onun iştirakıyla inzibati araşdırma aparmalı və göstərilən halların həqiqətə uyğun olduğunu inzibati araşdırma materialları ilə ona sübut etməli idi. Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi mülahizədə “E-sosial” elektron internet portalından əldə etdiyi çıxarışa görə, əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdən 01,12.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində cəmi 115 098,99 manat pensiya kapitalı toplanmışdır. “E-sosial” elektron internet portalından göründüyü kimi, xx.xx.2006-cı il tarixdən 01,12.2019-cu il tarixədək olan müddətdə bu məbləğ (115 098,99 manat) indeksasiya olunduqdan sonra ümumi fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 165 593,50 manat təşkil etmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi, onun pensiyasının hesablanması zamanı 01,05.2016-cı ildə kapitalın 59,325.77 manatı, 01.01,2020-ci ildə yenidən hesablama zamanı isə 27,162.54 manatı nəzərə alınmışdır. Qeyd olunanlardan aydındır ki, toplanmış pensiya kapitalının yalnız 50% hissəsi mənə əmək pensiyası təyin edilərəkən nəzərə alınmışdır. Digər 50% hissə isə pensiya təminatı zamanı nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Həmin artıq hesablanmış məbləğlərin verilməsindən 3 ildən çox müddət keçdiyini nəzərə alsaq, cavabdehin 2023-cü ildə həmin artıq ödənişləri ondan tələb etməsinə heç bir qanuni əsas yoxdur. Eləcə də yuxarıda da qeyd etdiyi kimi, xx.xx.2020-ci il tarixdə əmək pensiyasının məbləğinin yenidən hesablanması həyata keçirildiyindən və həmin hesablama zamanı qanunvericiliyin tələblərinə əməl edildiyindən hazırda onun pensiyasının dayandırlımasını əsassız hesab edir. Cavabdeh əmək pensiyasından tutulmaların həyata keçirilməsi barədə heç bir əsaslandırlımış qərar qəbul etməmiş, onu qəbul edilmiş qərarla tanış etməmiş, buna baxmayaraq öz mülahizəsi ilə pensiyasından tutulmaların həyata keçirməyə başlamış, bununla da “İnzibati icraat haqqında” AR Qanunun aşağıda qeyd edilən maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Əlavə olaraq inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. “Esosial” elektron internet portalında şəxsi kabinetimdə mövcud məlumatlardan görünür ki, əmək pensiyamın yenidən hesablanması zamanı 03-19 dekabr 2019-cu il tarixləri arasında sənədlərinə 6 dəfə baxış həyata keçirilmişdir. Belə ki, cavabdeh müəssisənin əməkdaşlarından 03 dekabr tarixdə X7 (2 dəfə), 04 dekabr tarixdə X4, 16 dekabr tarixində X3, 17 və 19 dekabr tarixlərdə X1 şəxsi kabinetindəki məlumatları götürmüş və həmin məlumatlar əsasında dəqiq hesablamalar aparılmışdır. Beləliklə də əmək pensiyasının yenidən hesablanması zamanı yanlışlıqlara yol verilməsi demək olar ki, qeyri-mümkündür. Lakin, cavabdeh pensiyanın hesablanmasında yanlışlıqlara yol verilməsini bəhanə edərək əmək pensiyasından qanunsuz tutulmalar həyata keçirmişdir. Odur ki, yuxarıda göstərilənlərdən irəli gələrək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1965/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərarı tamamilə əsaslı, qanuni və ədalətli olduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X11 və X9 (mütəxəssis) oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialına qarşı tələbi “xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı 2023-cü ildə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının bərpa edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması” ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki inzibati işdə ilk olaraq diqqət yetirmək lazımdır ki, iddiaçının tələbi birinci instansiya məhkəməsində işin məhkəmə icraatı zamanı 2 hissədən ibarət olmuşdur:

1. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi;

2. İddiaçı 2023-cü ildə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının bərpa edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması. Məhkəmə kollegiyası birinci tələbə münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçıya DSMF-nun Binəqədi rayon şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialının xx.xx.2023-cü il tarixli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən 1812,78 manat olan pensiya məbləği yenidən hesablanaraq azaldılmış, yəni 1338,98 manat olmuşdur. Yenidən hesablanmanın səbəbi inventarizasiya, ödəniş tarixi xx.xx.2023-cü il olaraq müəyyən edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli xidməti məktubdan görünür ki, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixədək olan 27 il 2 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının Sığorta hissəsində qeydə alınmış 45653,76 manat pensiya kapitalı əsasında yenidən hesablanmışdır. Lakin yenidən hesablama zamanı pensiya kapitalı 144-a deyil, səhvən 72-yə bölünərək pensiyanın məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 2016-cı il üzrə 110 (BH)+61,88 (SH staj)+634,08 (SH PSK (45653,76:72)) = 805,96 manat 2017-ci il tarixdə - 892,25 manat, 2018-ci il tarixdə - 943,12 manat, 2019-cu il tarixdə - 971,40 manat , xx.xx.2019-cu il tarixdə (işdən azad olunduğu tarix) - 1164,33 manat, 2020-ci il tarixdə - 1357,61 manat, 2021-ci il tarixdə - 1512,38 manat, 2022-ci il tarixdə - 1563,80 manat, 2023-cü il tarixdə - 1812,78 manat. xx.xx.2023-cü il tarixdə inventarizasiya aparılarkən İddiaçı pensiyasını məbləği xx.xx.2006-cı il tarixədək olan 27 il 2 ay 18 gün sığorta stajı ve xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 57822,39 manat (2019-cu il vəziyyətinə) pensiya kapitalı əsasında, eyni zamanda xx.xx.2019-cu il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 26474,10 manat (2019-cu il veziyyətinə) pensiya kapitalı əsasında yenidən hesablanmışdır. Yenidən hesablanmanın nəticəsində iddiaçının əmək pensiyasının məbləği aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2019-cu il tarixdə 119,76 (BH) + 75,91 (SH staj) + 401,55 (57822,39:144) + 259,55 (26474,10:102 (işlədiyi illərin sayı qədər azaldılmaqla alınan T ))=856,77 manat, 2020-ci il tarixdə - 998,99 manat, 2021-ci il tarixində - 1112,88 manat, 2022-ci il tarixdə 1150,72 manat 2023-cü il tarixdə - 1338,98 manat. İddiaçı pensiyasının məbləğinin azaldılması ilə əlaqədar hər hansı inzibati icraat aparılmamış və inzibati akt qəbul edilməmiş, pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən 1338,98 manat müəyyən olunmaqla davam etdirilir. İş materiallarından da görünür ki, cabdeh iddiaçıya münasibətdə əlverişli inzibati aktın qüvvədə olmasına baxmayaraq öz təşəbbüsü ilə pensiya məbləğini azaltmışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki işdə xx.xx.2023-cü il tarixli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Hazırki işdən görünür ki, inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarını ləğv etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının “ona 2023-cü ildə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının bərpa edilməsi və tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə münasibətdə qeyd edir ki, əvvəlcə iddiaçıya təyin edilmiş pensiya hesablanaraq 1812,78 manata çatdırılsa da, həmin pensiya məbləği mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla azaldılaraq 1338,98 manat olmuş, daha sonra isə iddiaçının pensiyasının hesablanması apellyasiya baxışı zamanı təqdim olunan hesablamalara əsasən aşağıdakı qaydada olmuşdur: xx.xx.2019-119,76 (BH)+75,93 (SH)+401,54 (PSK)+259,55 (PSK)=856,79 manat; xx.xx.2020 - 856,79+856,79 x 16,6% =999,02 manat; xx.xx.2021- 999,02+ 999,02 x 16,6% =1112,91 manat; xx.xx.2022-1112,91+ 1112,91 x 16,6%=1150,74 manat; xx.xx.2023-(1150,74+16,66)+1167,40 x 14,7% =1339,01 manat; xx.xx.2024- 1339,01+1339,01 x 11,2% =1488,998 manat- ödənişdə olan pensiya məbləği. Həmin hesablamalar apellyasiya baxışı zamanı dəvət olunmuş cavabdeh qurumun mütəxəssisi tərəfindən də təsdiq olunmuşdur. Həmçinin apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçının pensiyasının məbləği xx.xx.2023-cü il tarixli qərarla azaldılsa da, onun sonuncu təyin edilən pensiyasından tutulmalar aparılmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması qənaətinə gələrkən nəinki iddiaçıya əvvəlcə təyin olunan 1812,78 manat pensiyanın bərpa edilməsini, həmçinin iddiaçının pensiyasından tutulmuş pul vəsaitinin qaytarılması öhdəliyini də cavabdeh qurumun üzərinə qoymuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh qurum 2023-cü ildə iddiaçıya təyin etdiyi 1812,78 manat pensiyanı inzibati icraat aparmadan 1338,98 manata azaltdığı üçün birinci instansiya məhkəməsinin 1812,78 manat pensiya məbləğini bərpa etməklə bağlı qənaəti düzgün olmuşdur. Lakin apellyasiya baxışı zamanı dəvət olunan cavabdeh qurumun mütəxəssisi və iddiaçı özü də xx.xx.2023-cü il tarixli qərarla pensiya məbləğində azaldılma aparıldıqdan sonra onun pensiyasından hər hansı tutulmaların həyata keçirilmədiyi faktını təsdiqləmişlər. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya baxışı zamanı iddiaçıya ödənilən pensiya məbləğindən hər hansı tutulmaların həyata keçirilmədiyini nəzərə alaraq iddiaçıya hazırki iddianı qaldırmaqla bağlı hüquqi marağına uyğun olaraq iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir. Buna görə də iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, birinci instansiya məhkəməsində verdiyi iddia tələbinin “tutulmuş pul vəsaitinin qaytarılması” hissəsinin əvəzinə “ona 2023-cü il tarixdə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının azaldığı tarixdən ödənilməyən hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması”nı xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qismən- “tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialının üzərinə qoyulması” hissəsində ləğv olunmalı, apellyasiya baxışı zamanı verilmiş dəqiqləşməyə uyğun olaraq iddia tələbi “iddiaçıya 2023-cü il tarixdə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının azaldığı tarixdən ödənilməyən hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” hissəsində təmin olunmalı və birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1965/2024 saylı 28 fevral 2024-cü il tarixli qərarı qismən- “tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin X12 Filialının üzərinə qoyulması” hissəsində ləğv olunsun. İddiaçı apellyasiya baxışı zamanı verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədəki iddia tələbi təmin edilsin. İddiaçı 2023-cü il tarixdə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının azaldıldığı tarixdən ödənilməyən hissəsinin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1965/2024 saylı 28 fevral 2024-cü il tarixli qərarı qalan- “cavabdeh qurumun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 2023-cü ildə təyin edilmiş 1812,78 manat məbləğində əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar