Məhkəmə qərarları › İş №2-1(103)-2453/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2453/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2453/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-582/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 13 sentyabr 2022ci il tarixli 2300/404ş nömrəli əmrinin ona aid hissədə ləğv edilməsini, əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunmasını, 13 sentyabr 2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsini, məcburi işburaxma müddətinin gömrük xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-582/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iş üzrə iddia tələbinin təmin edilməsi, Cavabdeh 13 sentyabr 2022-ci il tarixli, 2300/404ş №-li əmrinin İddiaçı Zakir oğluna aid hissədə ləğv edilməsi, İddiaçı Zakir oğlunun əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması, 13 sentyabr 2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi və məcburi işburaxma müddətinin gömrük xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

4. Həmin qərardan narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-582/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin iştirakı:

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək prosessual müddətin bərpası barədə ərizə təqdim edərək onunla əsaslandırmışdır ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən ötürülmüşdür.

6. Belə ki, apellyasiya şikayətinin verilməsi zamanı Cavabdeh tərəfindən Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsi ilə 30 günlük müddətin ötürüldüyü müəyyən edilmişdir. Buna səbəb isə qeyd olunan məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materialları ilə tam məlumatlı olan yeganə şəxs olan X6 şöbəsinin rəisi X3 üzrlü səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının mümkünsüz olması ilə bağlı olmuşdur. Belə ki, Elçin İsmayılovun atası uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir, müvafiq müddət ərzində isə atasının səhhətində ciddi ağırlaşmalar olduğundan, ev şəraitində xüsusi qulluğa ehtiyac yarandığından Elçin İsmayılov ailə vəziyyəti ilə əlaqədar atasının hər hansı formada xəstəxana şəraitində stasionar müalicəsi mümkün olmadığından və həmin halda tək buraxılması mümkünsüz olduğundan ona baxmaq məcburiyyətində qaldığı üçün Birliyin rəhbərliyinə müraciət edərək 2 (iki) ay müddətinə ona şərait yaradılmasını-icazə verilməsini xahiş etmişdir. Elektron məhkəmə sisteminin portalına daxil olmaq üçün “ASAN İMZA” mobil nömrəsi və istifadəçi kodu Birliyin Maliyyə və mühasibat uçotu şöbəsinin xidməti istifadəsində olmuşdur. Bu səbəbdən müvafiq müddət ərzində Birliyin inzibati binasında olmadığından işin icrası həvalə olunmuş Elçin İsmayılovun istənilən vaxt elektron məhkəmə portalına daxil olmasını və həmin işin elektron portal vasitəsilə izlənməsini qeyri-mümkün etmişdir. Həmçinin şöbə rəisi vəzifəsində olan Elçın İsmayılovun əvəz edilməsi mümkün olmamış, həmin şöbədə fəaliyyət göstərən digər əməkdaşlar isə 2024-cü ilin yanvar ayında təyin olunduğundan bu işlə bağlı məlumatlı olmamışlar. Bundan əlavə sözügedən məhkəmə prosesi müddətində Birliyə ünvanlanan istənilən sənədlər həm e-məhkəmə sistemi vasitəsilə, həmçinin poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq ən əsas zəruri sənəd olan Bakı İnzibati Məhkəməsinin qərarı yalnız elektron kabinetə yerləşdirilmiş, poçt vasitəsilə “hard copy” versiyası Birliyə təqdim edilməmişdir. Bu səbəbdən də, müvafiq qərar kağız daşıyıcıda poçt vasitəsilə cavabdeh olan Birliyə göndərilmədiyindən Birliyin rəhbərliyi və digər əməkdaşları tərəfindən vaxtında reaksiya verilməsini imkansız etmişdir. Müvafiq hal barədə məlumatlandırılan Birlik işin ciddiyyətini nəzərə almaqla xx.xx.2024-cü il tarixində baş tutacaq iclasda Birliyin hüquqlarını müdafiə etmək üçün xüsusi olaraq vəkilə müraciət etmiş, nəticədə Birliklə “Mirzəyev və Partnyorları” vəkil bürosu və Vəkil2 arasında hüquqi yardımın göstərilməsi üçün müqavilə bağlanmışdır. Belə ki, məhkəmə iclasında mütləq iştirak üçün dərhal vəkilin cəlb edilməsi bir daha sübut edir ki, Birlik tərəfindən müvafiq halların aradan qaldırılması üçün bütün zəruri tədbirlərin icrasına cəhd edilmişdir. Həmçinin məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpası məsələsinə baxılarkən xüsusi nəzərə alınmalıdır ki, prosessual müddətin bərpası məhz Birliyin apellyasiya şikayəti vermək hüququnun təminatçısı qismində rol oynamaqla müvafiq hüququn realizəsinə imkan yaradacaqdır. İşin hallarını və s. nüansları tam diqqətlə, obyektiv formada nəzərə almış müvafiq qərar/qətnamə çıxarmış hakimlər tərəfindən realizəsi hakimin müvafiq qərar/qətnaməsi üzrə əsaslandırılmış mövqeyinin bir daha əsaslandırılması kimi hesab edilir və müvafiq məsələ ilə bağlı obyektivliyin təminatçısı kimi çıxış edir. Prosessual müddətin bərpası məsələsinə baxılarkən həmçinin nəzərə alınmalıdır ki, Birliyin əməkdaşı İsmayılov Elçinin sözügedən üzrlü səbəblərdən iş üzrə müddəti nəzərdə saxlamaması və müvafiq iclas zamanı müddət bərpa olunmayacağı təqdirdə qeyd edilən məhkəmə işi üzrə Dövlət Gömrük Komitəsinin tabeliyində olan müvafiq qurumun daxili nəzarət şöbəsi tərəfindən birbaşa həmin əməkdaş barəsində intizam tənbeh tədbirinin görülməsi üçün prosesin başlanması ilə nəticələnəcəkdir. Şəxsin rəhbər vəzifədə olduğunu nəzərə alıb müvafiq prosessual müddətin bərpasının məhkəmə və iddiaçı üçün hər-hansı bir risk və ya problem yaratmadığını, bunun əksinə cavabdehin apellyasiya şikayəti hüququnun realizəsinə maneçilik törədəcəyini, müvafiq əməkdaşın üzrlü səbəblər olmasına baxmayaraq barəsində daxili qaydalar əsasında ciddi tədbirlər görüləcəyini, bu səbəblərdən cavabdeh və onun əməkdaşı üçün çox böyük önəm kəsb etdiyi nəzərə alınmalıdır. Sonda İddiaçı Zakir oğlu tərəfindən AR Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı “xidmət yerinə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-582/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarından buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsinin mümkün hesab olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı Zakir oğlu prosessual müddətin üzürsüz səbəbdən buraxılmasını, bərpası barədə ərizənin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-582/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini və şikayətin qəbulundan imtina edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə: Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

MƏHKƏMƏNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-582/2024 nömrəli,12 yanvar 2024-cü il tarixli qərarı cavabdehin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, qeyd olunan qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin son günü 23 fevral 2024-cü il tarix (növbəti iş günü) olmuş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni 30 günlük şikayət vermə müddəti ötürülməklə Bakı İnzibati Məhkəməsi vasitəsilə deyil, birbaşa Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən İPM-in 85-86-cı maddələrinə əməl edilərək verilməsi üçün xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə qaytarılmış, daha sonra Bakı İnzibati Məhkəməsi tərəfindən işlə birlikdə məhkəməyə göndərilərək xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

10. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və cavabdehə göndərilmiş bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir.

11. Bununla bağlı prosessual müddətin bərpası barədə cavabdeh tərəfindən ərizə təqdim edilərək buraxılmış müddətin üzürlü hesab edilməsi xahiş edilmişdir.

12. Ərizədə qeyd edilmişdir ki, məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materialları ilə tam məlumatlı olan yeganə şəxs olan X6 şöbəsinin rəisi X3 üzrlü səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının mümkünsüz olması ilə bağlı olmuşdur. Bu səbəbdən buraxılan müddəti üzrlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa olunmasının təmin edilməsi xahiş edilmişdir.

13. Prosessual müddətin bərpası barədə ərizəsində cavabdehin göstərdiyi dəlillərə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, həmin dəlillər formal və əsassızdır.

14. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, cavabdehə apellyasiya qaydasında mübahisələndirdiyi 2-1(112)-582/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdehin həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır.

15. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı:

Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-582/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar