Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2453/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək, həmin müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (atası) X3, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək, həmin qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3842/2023 saylı 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 08 iyun 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 B ünvanında yerləşən 0,0242 ha torpaq sahəsini 8500 manat məbləğinə X1 almışdır. 25 iyun 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 B ünvanında yerləşən 0,0242 ha torpaq sahəsi iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1-B ünvanda inşa edilən fərdi yaşayış evinin eskiz layihəsinə əsasən yaşayış evinin 3 mərtəbəli, ümumi hündürlüyünün 11,860 metr olması nəzərdə tutulmuşdur. İddiaçı tikinti işlərinin aparılmasına dair məlumatlandırma icraatı qaydasında tərtib olunmuş memarlıq-planlaşdırma həllinin təsdiq olunması barədə Cavabdehnə müraciət etmişdir. Cavabdeh 03 noyabr 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməmişdr. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları AR ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydiyyata alınaraq iddiaçıya xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğunu qeyd etməklə təsdiq etmişdir. İddiaçı cavabdehə müraciət edərək AR Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədləri təqdim edib xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılması barədə məlumat vermişdir. Lakin cavabdeh 10-N-52/3-151 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a əsasən, hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının təqdim etdiyi sənədin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi əsası ilə qaldırdığı məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı hesab edir ki, dövlət orqanının verdiyi rəsmi sənədlərə əsasən əldə edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin inşa edilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır. Belə ki, təqdim edilən və qanuni qüvvədə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və reyestr xidməti həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək, qeydiyyata alıb iddiaçının adına çıxarış vermişdir. Torpaq sahəsində fərdi yaşayış evinin ara məsafəsi saxlanılmaqla inşa edilməsi nəzərdə tutulmuşdur, lakin cavabdeh əsassız olaraq həmin əsasla imtina edərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı onu da qeyd etmişdir ki, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində tikinti işlərinin başlanmasının qarşısı alınmış, torpaq sahəsinin hasarı məcburi qaydada sökülmüş və iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının ərizəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədlərin təqdim edildiyi qeyd olunsa da, həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq ara məsafəsi, tikinti əmsalı, tikinti sıxlığı əmsalı və sair tərtib olunmamışdır. İddiaçının qeyd etdiyi kimi Cavabdeh xx.xx.2022-ci il tarixli, 10-N 52/3-151 saylı məktubu ilə bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”a əsasən hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242 x 0.4 = 96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242 x 0.6 = 145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə icra hakimiyyətinə təqdim olunmuş memarlıq planlaşdırma həllində ərazinin əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90 kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. Təqdim olunmuş memarlıq planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11 metrdən artıqdır, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. Mülkiyyətçi tərəfindən təqdim olunmuş memarlıq planlaşdırma həllində baş plan bölməsi olmadığından ara məsafəsi ölçülərini dəqiqləşdirmək mümkün deyildir, lakin 0.0242 ha torpaq sahəsində 3 metrdən çox ara məsafəsi saxlanılmaqla 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi mümkünsüzdür. Bu səbəbdən də təqdim edilən sənəd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (ara məsafəsi, tikinti sıxlığı, tikinti sıxlığı əmsalı və s.) tələblərinə uyğun tərtib edilmədiyindən qaldırılmış məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3842/2023 saylı 30 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə Cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edilərək İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan təqdim edilən memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməsi məsələsini araşdırmadan, həmin haldan etirazın əsası kimi istinad edilməsi üçün istifadə etdiyindən cavabdehin hərəkətləri “İnzibati icraat haqqında “Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Cavabdeh İddiaçı sözügedən iddia tələbinə qarşı Etirazı xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur (qəbz əlavə olunur). Daha sonra İddiaçı məhkəməyə müraciət edərək “müvəqqəti xarakterli müdafiə tədbiri” qismində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsinin hasara alınmasına dair maneələrin törədilməsinin cavabdeh Bakı şəhəri Cavabdehnə və digər şəxslərə qadağan edilməsi barədə Qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərkən həmin torpaq sahəsinin yerləşdiyi ərazi hasara alınmış və bundan sonra qeydiyyata alınaraq Çıxarış verilmişdir. Lakin sonradan hasar söküldüyünə görə ora kənar şəxslər daxil olaraq məişət tullantıları atırlar, hasar olmadığı üçün bunun qarşısını almaq mümkün deyildir və hasar çəkilməsinə cavabdeh Bakı şəhəri Cavabdeh maneələr yaradır. İddiaçı göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə torpaq sahəsinin hasara alınmasına dair maneələrin törədilməsi, məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxilənin hansı səbəbdən qanunsuz olduğunu araşdırmadan, eləcə də Bakı şəhəri Cavabdeh İddiaçı sözügedən iddia tələbinə qarşı Etirazının xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmasına baxmayaraq, Etirazda qeyd edilənləri nəzərə almadan, məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilmədən, sübutlara düzgün qiymət verilmədən və iş üçün əhəmiyyətli olan bu halları nəzərə almadan mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və bərpa edilməsinin) xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasını nəzərə alaraq, İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə Bakı İnzibati Məhkəməsində baxaraq, xx.xx.2023-cü il tarixli, iş № 15(112)-49/2023 saylı Qərardadla ərizəni təmin etmişdir. Haşiyə: qeyd edirik ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 15(112)-49/2023 saylı Qərardadı Bakı şəhəri Cavabdehnə rəsmi surətdə daxil olmamış, sözügedən Qərardaddan apellyasiya şikayətinin verilməsi üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 15(112)-49/2023 saylı Qərardadının Cavabdehnə təqdim edilməsi 01,03.2023-cü il tarixli, 5-19/2-2/6-252/2023 saylı məktubla məhkəmədən xahiş edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 15(112)-49/2023 saylı iş üzrə qəbul edilmiş Qərardadı icra edilməsi üçün Bakı şəhəri Cavabdehnə xx.xx.2023-cü il tarixdə 5-19/1-357 qeydiyyat saylı məktubla rəsmi surətdə daxil olmuşdur. Bildiririk ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən “qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə 2-1(112)- 3842/2023 saylı inzibati işə 30.11,2023-cü il tarixdə məhkəmə iclasında baxılmışdır. İş üzrə Sərəncam icra olunması üçün Cavabdehnə daxil olmuşdur. Cavabdeh iddiaya qarşı münasibətini (etirazını) yazılı surətdə bildirmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh İddiaçı sözügedən iddia tələbinə qarşı verdiyi Etirazının xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmasına baxmayaraq, məhkəmə Etirazda qeyd edilənləri nəzərə almamışdır. Belə ki, iddiaçı, ünvan 6 ünvanında yaşayan İddiaçı Bakı şəhəri Cavabdehnə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsinin xüsusi mülkiyyətində olduğunu və bu barədə mülkiyyət hüquqlarının Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri Publik hüquqi şəxsi tərəfindən qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli Çıxarış verildiyini qeyd etməklə xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılması barədə məlumat vermişdir. İddiaçının ərizəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədlərin təqdim edildiyi qeyd olunsa da, həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq ara məsafəsi, tikinti əmsalı, tikinti sıxlığı əmsalı və sair tərtib olunmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh 04.11,2022ci il tarixli, 10-N-52/3-151 saylı məktubu ilə bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a əsasən hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli, 51 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi zamanı torpağın ümumi sahəsinin 0.4 hissəsi (ərazinin tikinti əmsalı), 0.6% hissəsi (ərazinin tikinti sıxlığı əmsalı) nəzərə alınmalıdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242 x 0.4 = 96 kv.m. ərazinin tikinti sıxlığı əmsalı 0.0242 x 0.6 = 145 kv.m. olmalıdır. Lakin iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə Rayon İcra Hakimiyyətinə təqdim olunmuş memarlıq planlaşdırma həllində ərazinin əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90 kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. Təqdim olunmuş memarlıq-planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11 metrdən artıqdır, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. Nəzərə alsaq ki, təqdim olunmuş memarlıq planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11.86 metrdir, bu o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3,5 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. Mülkiyyətçi tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırma həllində baş plan bölməsi olmadığından ara məsafəsi ölçülərini dəqiqləşdirmək mümkün deyil, lakin 0.0242 ha torpaq sahəsində 3,5 metrdən çox ara məsafəsi saxlanılmaqla 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi mümkünsüzdür. Bu səbəbdən də təqdim edilən sənəd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (ara məsafəsi, tikinti sıxlığı, tikinti sıxlığı əmsalı və s.) tələblərinə uyğun tərtib edilmədiyindən qaldırılmış məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Bu barədə vətəndaşa cavab məktubu göndərilmişdir. Məhkəmə tərəfindən isə işin materiallarına istinad edilməmiş, iş üçün əhəmiyyətli olan bu hallar nəzərə alınmamış, işin faktiki halları aydınlaşdırılmamış və sübut edilməmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə Rayon İcra Hakimiyyətinə təqdim olunmuş memarlıq- planlaşdırma həllində ərazinin əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90 kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m.) nəzərdə tutulmuşdur, bu isə təhlükəsizlik qaydalarının və qanunvericiliyin tələblərinin açıq-aşkar pozulması deməkdir. Qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının ərizəsi və iddia tələbi əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3842/2023 saylı Qərarı ləğv edilməlidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2- 1(103)-2063/2024 nömrəli qərarı ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən), C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 saylı qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a müvafiq olaraq həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin tikintisi zamanı torpağın ümumi sahəsinin 0,4 hissəsi (ərazinin tikinti əmsalı), 0,6 hissəsi (ərazinin tikinti sıxlığı əmsalı) nəzərdə tutulmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242x0.4=96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242x 0.6=145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə RİHə təqdim olunmuş memarlıqplanlaşdırma həllində ərazinin tikinti əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a əsasən, tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Təqdim olunmuş memarlıq-planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11.86 metrdir, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3,5 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi, tikinti sıxlığı, əmsalı və s.) uyğun olmamışdır. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərarın çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 995/2025 saylı 18 mart 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2-1(103)-2063/2024 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (atası) X7 apellyasiya şikayətinin dəlillərinə izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir və şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların tələbinin təmin olunmasından cavabdeh qurum imtina etmişdir. Bundan sonra iddiaçı iddia ilə məhkəməyə müraciət etdiyi üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti təmin edib, iddianı rədd etsə də, həmin nəticə ilə kassasiya instansiyası məhkəməsi razılaşmamış, hüquqi mövqeyi fərqli olmuşdur. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh qurumun imtinasının dəlilini araşdırmaq məqsədilə birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2- 1(112)-3842/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında tikiləcək fərdi yaşayış evinin eskiz layihəsi Dövlət tikinti normaları nəzərə alınmaqla tərtib edilib-edilməməsi sualı qoyulmuşdur. Buna müvafiq olaarq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3506 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) maddəsinin 69.6-cı bəndinin və 80-cı maddəsinin 80.1-ci bəndinin və Dövlət tikinti normalarının tələblərinə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları ... 75.13 -ci maddəsinə əsasən Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. ... 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. Tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.4-cü maddəsinə əsasən Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-ci bəndinə əsasən həmin Məcəllənin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 80.6-cı maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 4.7-1-ci bəndinə əsasən həmin Məcəllənin 75.13-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə - həmin Məcəllənin 75.1ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 80.5-ci maddəsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının: 4.2-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə eskiz layihə hazırlanmış və Cavabdehnə təqdim edilmişdir. Lakin təqdim edilən memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi səbəbindən cavabdeh tərəfindən layihə təsdiq edilməmişdir. İddiaçının hazırda tələbi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə” ilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə müəyyən edilməli olan hal - cavabdeh tərəfindən tikintiyə edilən müdaxilənin nədən ibarət olması və həmin müdaxilənin qanuni olub-olmamasıdır. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin verdiyi izahatlardan, o cümlədən iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçıya ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikitisi üçün əvvəlcə aparacağı hasarlama işlərinin görülməsi zamanı, daha sonra isə layihəyə əsasən evin həyətində nəzərdə tutulan su anbarının tikintisi üçün katlavan qazılarkən cavabdeh qurum tərəfindən müvafiq məneələr yaradılmışdır. Bu fakt məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi həmin maneələrin məhz iddiaçının tikmək istədiyi fərdi yaşayış evinin layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi səbəbindən yaradılması faktını da etiraf etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintinin dayandırılması üzrə icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını müəyyən etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı ilə bu sahədə səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı çərçivəsində müvafiq tikinti işlərinin layihənin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmamasının müəyyən edilməsi də məhz həmin qurumun (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Belə olan halda, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər də məhz həmin qurum tərəfindən görülə bilər. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4.3-cü bəndinə əsasən yerli icra hakimiyyəti orqanları barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Göründüyü kimi, hazırki mübahisədə cavabdehin səlahiyyəti yalnız qanunsuz tikinti ilə bağlı müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyinə məlumat vermək ilə məhdudlaşır. Lakin iş materiallarında belə bir məlumatın cavabdeh tərəfindən verilməsi müəyyən olunmur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölcüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə Cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edilərək həmin qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin Cavabdeh üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3842/2023 saylı 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3842/2023 saylı 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2453/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2453/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver