Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2454/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ‘‘Aktif Elektrik’’ MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsini və iddiaçının hesabından silinmiş vəsaitin geri qaytarılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-887/2021 saylı, 25 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi və iddiaçının hesabından silinmiş vəsaitin geri qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 mart 2020-ci il tarixli **********5654 nömrəli və **********5646 nömrəli qərarları ilə İddiaçı MMC 167.249,01 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Bu qərarlarda İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 23 yanvar 2020-ci il tarixli 000346 nömrəli və 000337 nömrəli aktlara istinad edilərək göstərilmişdir ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə, Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə alınmış malların dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Hesab olunur ki, vergi orqanının 5 mart 2020-ci il tarixli sözügedən qərarları qanunsuz olduğundan, ləğv edilməli və iddiaçının hesablarından tutulub dövlət büdcəsinə ödənilmiş pul vəsaiti geri qaytarılmaqla hesablarına bərpa edilməlidir. İddiaçı MMC-nin təsisçisinin 19 iyun 2017-ci il tarixli qərarı ilə qurumun nizamnamə kapitalının ümumilikdə dəyəri 1.672.490 manat olan mallar nizamnamə kapitalına təsisçi payı kimi qoyulması yolu ilə artırılmışdır. Nizamnamə kapitalının artırılması və buna uyğun nizamnamədə edilən dəyişikliklər AR Vergilər Nazirliyi tərəfindən 20 iyun 2017-ci il tarixdə qeydə alınmışdır. Nizamnamə kapitalında yuxarıda göstərilən dəyişikliyin qeydə alınmasından sonra cəmiyyətdə vergi yoxlaması həyata keçirilmiş, lakin vergi orqanı bu əməliyyatla bağlı hər hansı irad bildirməmişdir. Cavabdeh orqan tərəfindən 24 dekabr 2019-cu il tarixdə İddiaçı MMC-də operativ vergi yoxlamasının aparılması barədə **********6247 nömrəli qərar qəbul edilmişdir, vergi yoxlamasının nəticəsi olaraq 23 yanvar 2020-ci il tarixli aktlar tərtib edilmiş, daha sonra qeyd olunan qərarlar qəbul edilmişdir. AR Vergi Məcəlləsinin 58.8, 58.8.2-ci maddələrinin tələblərindən göründüyü kimi, vergi ödəyicisinin sahibliyində olan mallarla bağlı aşağıdakı sənədlərdən ən azı birinin olmaması ona qarşı maliyyə sanksiyası tətbiq edilməsinə əsas olur: elektron qaimə faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış və ya elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlanmaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, qaytarılmış mallara dair qaytarılma aktı, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı. Qeyd edildiyi kimi, cəmiyyətin nizamnamə kapitalı onun təsisçisinin qərarı ilə artırılmış və təsisçi tərəfindən müvafiq mallar nizamnamə kapitalının artırılmasına yönəldilmişdir. Bu zaman həmin mallar bazar qiymətlərinə uyğun olaraq müstəqil audit tərəfindən qiymətləndirilmişdir. Cəmiyyət (onun orqanları) isə, təsisçinin qərarını icra edərək nizamnamə kapitalının artırılması və nizamnaməyə dəyişikliklər barədə təsisçinin qərarını vergi orqanlarına təqdim etmiş, vergi orqanları bu sənədlərdə hər hansı qanunsuzluq aşkar etməyərək müvafiq dəyişikliyi qeydiyyata almışlar. AR Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Məcəllənin 90-cı maddəinin tələblərinə görə isə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı 90.4-cü maddədə müıyyən edilən hallarda iki yolla artırıla bilər: 90.5-ci maddədə nəzərdə tutulduğu kimi, cəmiyyətin əmlakı hesabına və ya 90.6-cı maddədə nəzərdə tutulduğu kimi iştirakçıların əlavə payları hesabına. Əgər İddiaçı MMCnin nizamnamə kapitalının artırılması cəmiyyətin amlakı hesabına artırılmış olsaydı, o zaman nizamnamə kapitalının artırılmasına yönəldilmiş malların alışını təsdiq edən sənədlərin cəmiyyətdən tələb edilməsi doğru hesab edilə bilərdi. Lakin indiki halda, cəmiyyətin nizamnamə kapitalı onun iştirakçısının (təsisçisinin) qərarı ilə, onun özünə məxsus əmlak (mallar) hesabına artırılmışdır. Bu isə, o deməkdir ki, bu mallar əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar olmaqla, onlara dair təhvil-təslim aktı yetərli sayılmalıdır və sənədlərin təsisçinin nizamnamə kapitalının dəyişdirilməsi və nizamnamədə dəyişiklik barədə qərarını qeydə alarkən vergi orqanı özü də həmin halı belə formada qəbul etdiyindən, həmin qərarı qeydə almışdır. AR Vergi Məcəlləsinin 146.1.1-ci maddəsində göstərilir ki, şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə), bu aktivlərin vergiyə cəlb olunan kimi təqdim edilməsi sayılmır. Bu müddəadan göründüyü kimi, təsisçi (iştirakçı) tərəfindən cəmiyyətin nizamnamə kapitalına qoyulmuş vəsait cəmiyyətin vergi tutulan gəlirlərinə aid edilmir. Həmçinin, təsisçi (iştirakçı) hüquqi şəxsin nizamnamə kapitalına əmlak şəklində vəsait qoyduqda bu əmlaka sahiblik həmin hüquqi şəxsə keçir və bu halda da hüquqi şəxs üçün hər hansı vergi öhdəliyi yaranmır. Beləliklə, İddiaçı MMC tərəfindən nizamnamə kapitalının təsisçisinin (iştirakçısının) qərarı ilə müvafiq malların təqdim edilməsi yolu ilə nizamnamə kapitalının artırılması zamanı vergi qanunvericiliyinin hər hansı pozuntusuna yol verilməmişdir. Çünki, təqdim edilən mallar təhvil qəbul aktına əsasən balansa qəbul edilmiş və nizamnamə kapitalında (qeydə alınmaqla) və balans sənədlərində öz əksini tapmışdır. Əvvəlcədən sifariş edilmədən təqdim edilən bu malların təhvil-qəbul aktı onların müəssisənin sahibliyində olmasına əsas verən yetərli hüquqi sənəddir. Digər tərəfdən hesab edilir ki, hətta vergi orqanının nizamnamə kapitalına daxil edilmiş malların alışını təsdiq edən sənədlər barədə mövqeyi doğru olsaydı belə, bu, İddiaçı MMC-nin Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi tətbiq edilməklə həmin malların dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi üçün əsas olan bilməzdi. Belə ki, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2.1-ci maddəsində göstərilir ki, “Bu Qanuna əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.3, 58.7 – 58.10, 58.13 – 58.16, 60.3.1, 60.3.2 və 60.3.4-cü maddələrində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verdikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.” Vergi orqanı tərəfindən "xxxx" MMC-yə operativ vergi yoxlaması açılmasına dair qərar 2019-cu ildə qəbul edilmiş və onun tərəfindən iddia edilən vergi qanunvericiliyi pozuntusu aşkar edilmişdir. Həmin qərardan da göründüyü kimi, vergi orqanı iddia etdiyi vergi qanunvericiliyi pozuntusunun İddiaçı MMC tərəfindən birinci dəfə yol verildiyini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Hesab olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının norması əsas götürülməklə, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2.1-ci maddəsi İddiaçı MMC-yə münasibətdə tətbiq edilməli və vergi orqanının iddia etdiyi vergi qanunvericiliyinin pozuntusu (uçot qaydalarının pozulması) baş vermiş olsaydı belə, ona münasibətdə maliyyə sanksiyası tətbiq edilməyərək rəsmi xəbərdarlııq təqdim edilməli idi. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə, AR Vergi Məcəlləsinin 53.3, 54.0.1, 64cü maddələrinə, İPM-in 32-ci maddəsinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 5 mart 2020-ci il tarixli **********5654 nömrəli və **********5646 nömrəli qərarlarının ləğv edilməsi və İddiaçı MMCnin hesabından silinərək dövlət büdcəsinə köçürülmüş vəsaitlərin geri qaytarılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş məktubda göstərilmişdir ki, İddiaçı MMCnin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Vergi orqanının 24 dekabr 2019-cu il tarixli **********253 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Gənc elektrik” mağazasında malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı mağazada ümumi 1.858.720,30 manat mal qalığı aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 1.106.712,25 manat dəyərində olan hissəsi nizamnamə kapitalına pay şəklində qoyulduğunu, lakin həmin malların alışını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Operativ vergi nəzarətinin nəticələri üzrə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 110.671,23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, cavabdehin 24 dekabr 2019-cu il tarixli **********36247 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus ünvan 1 və Dərnəgül S/Zonası, 507-ci küçə, məhəllə 2096 ünvanlarında yerləşən anbarında malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbarda ümumi 4.623.690,50 manat mal qalığı aşkar olunmuşdur. Aşkar olunmuş malların 565.777,75 manat dəyərində dəyərində olan hissəsinin nizamnamə kapitalına pay şəklində qoyulduğu bildirilmiş, lakin həmin malların alışını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Operativ vergi nəzarətinin nəticələri üzrə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 56.577,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində sənədsiz malların nizamnamə kapitalına təsisçi payı kimi qoyulmasının qeyd edilməsinə rəğmən həmin malların təsisçi tərəfindən əldə edilməsinə dair sənədlər və ya təsisçi şəxsə keçməsi ilə bağlı təhvil-təslim aktlarının mövcud vergi nəzarəti zamanı mal-materialın sənədsiz olmaqla təsisçiyə məxsus olduğu bildirilmişdir. Lakin malların siyahısındakı növü və miqdarının fərdi istehlak tələbinə uzlaşmadığı tam açıq aydın şəkildə görünməklə yalnız sahibkarlıq məqsədləri üçün əldə olunduğu və bununla da təsisçi malları bilərəkdən sənədsiz olaraq əldə edərək pərakəndə satışı həyata keçirən təsisçisi olduğu vergi ödəyicisinin balansına nizamnamə kapitalı qoyuluşu şəklində qoymaqla dövriyyəyə dolayısı yolla sənədsiz mallar daxil etmişdir. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən təsisçidən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu malların elektron qaimə-faktura ilə əldə olunmasını istisna etmir. Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMC-yə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Lakin təsisçi tərəfindən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu zamanı elektron qaimə-faktura təqdim edilməmişdir. Bundan başqa, Müstəqil Auditor rəyinin 6-cı bəndində nizamnamə kapitalının artırılması məqsədi ilə əmlak şəklində 1.672.500 mnat əsas vəsait qoyulduğu qeyd edilsə də, həmin əsas vəsaitlərin istehsal tarixi, növü, çeşidi, miqdarı, habelə əsas vəsait qrupuna aid olması barədə məlumatlar rəyə əlavə olunmamışdır. Bu halda nizamnamə kapitalına malmaterialın satış məqsədi ilə qoyulması əsas vəsait deyil, dövriyyə vəsaitlərinə mühasibat yazılışı aparılmalı olduğundan, verilmiş Müstəqil Auditor rəyinin bu mallara şamil edilməsinə hüquqi əsas vermir. Qeyd olunanlara əsasən İddiaçı MMC-yə məxsus ünvan 1 və Dərnəgül S/Zonası, 507-ci küçə, məhəllə 2096 ünvanlarında yerləşən mağaza və anbarda keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə görə qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarlarla tətbiq edilmiş maliyyə sanksiyası qanuni və əsaslıdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı MMC-nin 20 iyun 2017-ci il tarixli kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizədə ərizəyə əlavə olunmuş adlı vərəq sənədlərin içərisində nizamnamə kapitalına qoyulan malların təhvil-təslim aktı əlavə olunmamışdır. Odur ki, nizamnamə kapitalına qoyulan malların sayı, miqdarı, növü və məbləğini müəyyən etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-887/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi və iddiaçının hesabından silinmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsnin 2-1(112)-887/2021 saylı, 25 may 2021-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8-ci maddəsinin hazırda qüvvədə olan mətnində göstərilir ki, “ Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındın İmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaiməfaktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda” “58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”. Cəmiyyətin nizamnamə kapitalı cəmiyyətin təsisçisinin qərarı ilə artırılmış və təsisçi tərəfindən müvafiq mallar nizamnamə kapitalının artırılmasına yönəldilmişdir. Bu zaman həmin mallar bazar qiymətlərinə uyğun olaraq müstəqil audit tərəfindən qiymətləndirilmişdir. Cəmiyyət (onun orqanları) isə təsisçinin qərarını icra edərək nizamnamə kapitalının artırılması və nizamnaməyə dəyişikliklər barədə təsisçinin qərarını vergi orqanlarına təqdim etmiş, vergi orqanları bu sənədlərdə hər-hansı qanunsuzluq aşkar etməyərək müvafiq dəyişikliyi qeydiyyata almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinin tələblərindən göründüyü kimi, “Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır”. Əgər İddiaçı MMC-nin nizamanmə kapitalının artırılması cəmiyyətin əmlakı hesabına artırılmış olsaydı, o zaman nizamnamə kapitalının artırılmasına yönəldilmiş malların alışını təsdiq edən sənədlərin cəmiyyətdən tələb edilməsi doğru hesab edilə bilərdi. Lakin indiki halda, cəmiyyətin nizamnamə kapitalı onun iştirakçısının (təsisçisinin) qərarı ilə, onun özünə məxsus əmlak (mallar) hesabına artırılmışdır. Bu isə o deməkdir ki, bu mallar əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar olmaqla, onlara dair təhvil-qəbul aktı yetərli sayılmalıdır və sənədlərin təsisçinin nizamnamə kapitalının dəyişdirilməsi və nizamnamədə dəyişiklik barədə qərarını qeydə alarkən vergi orqanı özü də bunu elə bu cür qəbul etdiyindən həmin qərarı qeydə almışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 146.1.1-ci maddəsində göstərilir ki, “şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə) bu aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır”. Vergi orqanının nizamnamə kapitalına daxil edilmiş malların alışını təsdiq edən sənədlər barədə mövqeyi doğru olsaydı belə, bu İddiaçı MMC-nin Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi tətbiq edilməklə, həmin malların dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi üçün əsas ola bilməzdi. Birinci instansiya məhkəməsi öz qərarında hazırki işin materiallarına necə əlavə olunduğu belə müəmmalı olan 27.12.2019-cu il tarixli, **********7346 nömrəli qərara istinad edərək göstərmişdir ki, həmin qərarla iddiaçının vergi qanunvericiiyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edildiyindən, 30.11.2018-ci il tarixli 1356- VQD nömrəli Qanunun 2-ci maddəsinə əsaslanaraq mübahisə predmeti olan 5 mart 2020- ci il tarixli qərarların rəsmi (yazılı) xəbərdarlıq edilmədən həyata keçirilən vergi nəzarəti tədbirlərinin nəticəsi kimi qiymətləndirilməsi dəlili əsaslı deyildir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş etirazda göstərilmişdir ki, müstəqil Auditor rəyinin 6-cı bəndində Nizamnamə kapitalının artırılması məqsədi ilə əmlak şəkilində ******* manat əsas vəsait qoyulduğu qeyd olunsa da, həmin əsas vəsaitlərin istehsal tarixi, növü, çeşidi, miqdarı, habelə əsas vəsait qrupuna aid olması barədə məlumatlar rəyə əlavə olunmamışdır. Həmçinin malların siyahısındakı növü və miqdarının fərdi istehlak tələbinə uzlaşmadığı tam açıq aydın şəkildə görünməklə yalnız sahibkarlıq məqsədləri üçün əldə olunduğu və bununla da təsisçi malları bilərəkdən sənədsiz olaraq əldə edərək pərakəndə satışı həyata keçirən təsisçisi olduğu vergi ödəyicisinin balansına nizamnamə kapitalı qoyuluşu şəklində qoymaqla dövriyyəyə dolayısı yolu ilə sənədsiz malları daxil etmişdir. Bundan başqa malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMC-yə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Həmin Məcəllədə malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi kimi qeyd olunmuşdur. Lakin, təsisçi tərəfindən "Aktif Elektrik” MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu zamanı elektron qaimə faktura təqdim edilməmiş, bu malların nə zaman hansı sənəd əsasında əldə olunması məlum olmadığından tək verilmiş Müstəqil Auditor rəyinin bu mallara şamil edilməsinə hüquqi əsas vermir. İddiaçı şikayətində 30.11.2018-ci il tarixli 1356-VQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə xəbərdarlıq edilməli olduğunu bildirmişdir. İddiaçının bu dəlillərinə dair bildirilmişdir ki, cavabdehin 24.12.2019-cu d tarixli **********6253 saylı qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 25 A ünvanlarda yerləşən "Gens elektrik” mağazasında malların Verqi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin hayata keçirilməsi zamanı 23.01.2020-ci tarixli 000346 və 000337 saylı aktlar tərtib edilmiş və ona məxsus obyektlərdə ümumi 1858720,30 manat mal qalığı aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 1106712,25 manat dəyərində olan hissəsi nizamnamə kapitalına pay şəklində qoyulduğunu, lakin həmin malların alışını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Operativ vergi nəzarətinin nəticələri üzrə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05.03.2020-ci il tarixli **********5654, **********5646 saylı qərarlar ilə 110671,23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 22- 1(112)-887/2021 saylı, 25 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarına əsasən cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24 dekabr 2019-cu il tarixli qərarlarına əsasən vergi ödəyicisi kimi hazırd İddiaçı MMC-yə məxsus təsərrüfat subyektlərində (mağaza və anbar) malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Vergi orqanı tərəfindən operativ vergi nəzarətinin nəticələri üzrə iddiaçıya məxsus mağazada qalıq kimi aşkar olunmuş 1.106.712,25 manat dəyərində malların alışını təsdiqləyən hər hansı sənədin təqdim edilməməsi əsas gətirilərək, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə istinad olunmaqla 110.671,23 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə 5 mart 2020-ci il tarixli **********5654 nömrəli qərar qəbul olunmuşdur. Həmçinin vergi orqanı tərəfindən operativ vergi nəzarətinin nəticələri üzrə iddiaçıya məxsus anbarda qalıq kimi aşkar olunmuş 565.777,75 manat dəyərində malların da alışını təsdiqləyən hər hansı sənədin təqdim edilməməsi əsas gətirilərək, həmin normaya istinad olunmaqla 56.577,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə 5 mart 2020-ci il tarixli **********5646 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı MMC hazırda cavabdehin sözügedən 5 mart 2020-ci il tarixli qərarlarını mübahisələndirmişdir. Məhkəmə kollegiyasi hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə görə malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.13) malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi. Həmin Qanunun 50.4-cü maddısinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: - (58.8.2) malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2ci maddəsinə əsasən (Keçid müddəaları) bu Qanuna əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.3-cü, 58.7 – 58.10-cu, 58.13-cü – 58.16-cı, 60.3.1-ci, 60.3.2-ci və 60.3.4- cü maddələrində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. İş materiallarından göründüyü kimi iddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, operativ vergi nəzarəti zamanı mal qalığı kimi aşkar olunmuş mallar MMC-nin təsisçisinin nizamnamə kapitalına pay şəkilində qoyulmuşdur və bu bununla bağlı müvafiq qeydiyyatı aparan aidiyyəti vergi orqanına ünvanlanmış müraciət nəzərə alınmaqla həmin qurum tərəfindən nizamnamə kapitalının artırılması, nizamnaməyə dəyişiklik qeydə alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2ci maddəsinə əsasən maliyyə sanksiyaları il ərzində belə hala birinci dəfə yol verildiyinə görə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilə bilərdi. Halbuki, belə xəbərdarlıq olmamışdır. Cavabdehin dəlilləri isə ondan ibarətdir ki, operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus mağazada və anbarda aşkar olunmuş qalıq malların alışını təsdiq edən sənədlər vergi orqanına (nümayəndələrinə) verilməmişdir. İddiaçı həmin malların qurumun nizamnamə kapitalına təsisçinin qoyduğu pay haqqı artımı kimi yerləşdirildiyini bildirsə də, nizamnamə kapitalı kimi pay artımı barədə aidiyyəti vergi orqanına müraciətdə malların növü və miqdarı barədə məlumat verilmədiyindən, həmin mallar sənədsiz formada dövriyyəyə daxil edilən kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinə edilmiş dəyişiklik üzrə əvvəlcədən xabərdarlıq olunmasına münasibətdə qeyd olunur ki, iddiaçının 5 mart 2020-ci il tarixli qərarlarda məsuliyyətə cəlb edilməsindən əvvəl vergi orqanının 27 dekabr 2019-cu il tarixli **********7346 nömrəli qərarı ilə Vergi Məcəlləsindəki həmin dəyişiklik əsas götürülməklə İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 5 mart 2020-ci il tarixli **********5646 və **********5654 nömrəli qərarları qəbul edilməzdən əvvəl 27 dekabr 2019cu il tarixli **********7346 nömrəli qərarı ilə İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edildiyindən, iddiaçının Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsinə əsaslanaraq, mübahisə predmeti olan 5 mart 2020-ci il tarixli qərarların rəsmi (yazılı) xəbərdarlıq edilmədən həyata keçirilən vergi nəzarəti tədbirlərinin nəticəsi kimi qiymətləndirilməsi dəlili əsaslı deyildir. Belə ki, vergi orqanı tərəfindən həyata keçirilən operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin təsərrüfat subyektlərində (anbar və mağaza) aşkar olunmuş qalıq malların iddiaçının təsisçisinin nizamnamə kapitalına pay qoyuluşu kimi təqdim etdiyi mallarla eynilik təşkil etməsi birmənalı görünmür. Çünki, bir tərəfdən nizamnamə kapitalının artırılması kimi malların qoyuluşu barədə vergi ödəyicisi İddiaçı MMC-nin müraciətində həmin mallaın çeşidi, miqdarı və s. əlamətləri geniş əks olunmamışdır, digər tərəfdən də həmin mallar iddiaçının fəaliyyət istiqaməti üzrə satışını həyata keçirdiyi mallarla eyni təyinatlıdır. Sadalanan iki hal, həmin malların qurumun satış dövriyyəsinə dolayısı yolla sənədsiz daxil olunmasını nəinki istisna etmir, hətta buna şərait yaratmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən MMC-yə qoyulması Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Malların təqdim edilməsi dedikdə, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi qeyd olunmuşdur. Lakin, təsisçi tərəfindən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu zamanı elektron qaimə-faktura təqdim edilməmiş, bu malların nə zaman və hansı sənəd əsasında əldə olunması məlum olmadığından 19 iyun 2017-ci il tarixdə verilmiş müstəqil auditor rəyinin bu mallara şamil edilməsinə hüquqi əsas vermir. AR İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Nəzərə alınmalıdır ki, iddiada müvafiq inzibati aktların mübahisələndirilməsi ilə yanaşı, həm də iddiaçının hesabından silinmiş vəsaitin geri qaytarılması tələb olunur, hansı ki, vahid iddia kimi verilməklə bir-birindən asılı və törəmədir. Bu isə o deməkdir ki, qərarların ləğv edilməsi tələbi əsaslı olmadıqda, pul vəsaitinin qaytarılması da təmin oluna bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi və iddiaçının hesabından silinmiş vəsaitin geri qaytarılması» tələbinə dar iddiası iddiası əsassız olduğundan haqlı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, qərarın qanunsuzluğunun nədən ibarət olmasını apellyasiya şikayətində əsaslandıra bilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-887/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2454/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2454/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver