Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2454/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "vurulmuş ziyana görə təzminatın birdəfəlik ödənilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3397/2023 nömrəli 20 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə İddiaçı üstüstünə 7 (yeddi) il ərzində məhkəmə çəkişmələrində vaxt itkisi, sağlamlıq, əsəbilik, həyəcanlar, maddi ziyan (vaxtında ödənilməyən məbləğ) vurduqlarına görə ona 200.000 (iki yüz min) manat təzminatın birdəfəyə ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə İddiaçı üst-üstünə 7 (yeddi) il ərzində məhkəmə çəkişmələrində vaxt itkisi, sağlamlıq, əsəbilik, həyəcanlar, maddi ziyan (vaxtında ödənilməyən məbləğ) vurduqlarına görə ona 350.000 (üç yüz əlli min) manat təzminatın birdəfəyə ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-3397/2023 nömrəli 20 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3397/2023 nömrəli 20 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2010-ci ildən başlayaraq iddiaçının pensiya hüququnu pozmağa başlamışdır. Belə ki, güzəştli şərtlərlə 50 yaşından pensiya hüququ yaranmasına baxmayaraq, cavabdeh həmin hüququ təmin etməmiş, onu müxtəlif orqanlara və sonda məhkəməyə müraciət etməyə məcbur etmişdir. Məhkəmə mübahisələri bir ildən çox çəkmişdir. Bir il ərzində iddiaçı böyük sarsıntılar keçirmiş, mənəvi əzab çəkmiş və hüquqi yardım üçün maddi vəsait xərcləmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçı haqlı sayılmış və iddia təmin edilmişdir. Lakin cavabdeh iddiaçıya qarşı mənəvi "terroru" dayandırmaq əvəzinə onu daha da geniş formada davam etdirmişdir. Belə ki, cavabdeh məhkəmə qərarında göstərilən məbləği yox, yenə də qanunsuzluq edərək özünün mümkün saydığı məbləği ona ödəməyə başlamışdır. Bundan sonra o, yenidən 2012-ci ildə Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı iddia qaldırmışdır. Yenə də əsəb, gərginlik və maddi xərclər vaxtı başlanmış və nəhayət 24 aprel 2013-cü ildə iddianın təmin edilməsi ilə başa çatmışdır. Hesablanmış pensiyanı cavabdeh vaxtında birdəfəyə deyil, hissə-hissə ödəməyə başlamışdır. Yenidən müxtəlif orqanlara müraciəti etdikdən sonra pensiya pulunu tam ala bilmişdır. 2020-ci il tarixdə cavabdeh tərəfindən yenidən pensiya pulu azaldılmışdır. Ona müraciət edəndə bildirmişdir ki, 2017ci ildə iddiaçıya pensiya düzgün hesablanmadığı üçün həmin məbləğ tutulub. Yenidən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Uzun çəkişmələrdən sonra tutulan pulun qaytarılmasına nail olmuşdur. Cavabdehin mütəmadi olaraq ona qarşı qanunsuz hərəkətləri nəticəsində böyük sarsıntılar keçirmiş, mənəvi əziyyətlər çəkmiş və maddi ziyana düşmüşdür. İşə baxan Bakı İnzibati Məhkəməsi iddiaçının yuxarıda göstərilən maddi və mənəvi zərər çəkməyini təbii qəbul edərək belə nəticəyə gəlmişdir ki, ona cavabdeh tərəfindən heç bir ziyan vurulmamışdır. Yəni iddiaçıya vurulan zərəri iddiaçı sübut edə bilməmişdir. Məhkəmə iddianın mümkünlüyünü qəbul etsə də hesab etmişdir ki, o, mahiyyəti üzrə əsassızdır. Məhkəmə iddianın təmin edilməməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Plenum qərarının müddəalarına əsaslanmışdır. Məhkəmə həmin normanın təfsirində səhvə yol vermişdir. Cavabdehin iddiaçının şəxsiyyətinə və əmlakına zərər vurması göz qabağındadır. Uzun illər cavabdehin süründürməçiliyi nəticəsində iddiaçıya mənəvi və maddi zərər vurulmuşdur. 13 il ərzində süründürməçilik iddiaçının səhhətinin pozulmasına gətirib çıxarmış, əsəbi hala salmışdır. Məhkəmə normanı düzgün tətbiq etməmişdir. Məhkəmənin Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum qərarını düzgün tətbiq etməməsi onun hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkəti və iddiaçının pensiya hüququnun müvəqqəti olsa belə məhdudlaşdırılması iddiaçıya qarşı vurulmiş zərər hesab edilir. Məhkəmə cavabdehin qanunsuz hərəkətinə haqq qazandırmaq üçün onun əsasnaməsinin bəzi bəndlərinə istinad etməsi və nəticədə məhkəmə yolu ilə hüquqlarının bərpa olunmasını əsas gətirərək ona maddi və mənəvi zərərin vurulmadığı qənatinə gəlir. Məhkəmənin gəldiyi bu qənaətdən belə çıxır ki, hər hansı bir dövlət orqanı şəxsi onu on ildən çox süründürə, o, maddi zərərə düşə və mənəvi sarsıntılar keçirə və sonra məhkəmə yolu ilə pozulmuş hüquqları bərpa oluna, amma qanunsuz hərəkət edən cavabdehin heç bir təqsiri olmaz, məsuliyyət daşımaz. Məhkəmənin bu qərarı dövlət orqanlarının vətəndaşlara qarşı qanunsuzluq etməsinə haqq qazandırmaqdan başqa bir şey deyildir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2in(82)-17/2011 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinə qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri barədə” iddiası təmin edilmiş, İddiaçı 50 yaşında güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinin üzərinə qoyulması və cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinin hesabından 4 manat 60 qəpik məbləğində prosessual xərclərin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2011-ci il tarixli, 2-1inz(103)-74/2011 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2011-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 31 mart 2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2-1inz(102)-27/11 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-74/2011 saylı 15 iyul 2011-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2in(82)-703/2012 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinə qarşı ‘‘İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehin üzərinə iddiaçıya “Vətəndşalraın pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsində göstərilən qaydalarda orta əmək haqqı ilə pensoyanın hesablanması vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 4,50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2-1inz(103)-863/12 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2012-ci il tarixli 2in(82)- 703/2012 №-li qərarı ləğv edimiş, iddia təmin olunmuş, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləğinin 31 may 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq orta aylıq əmək haqqı ilə hesablanmasına dair müraciətinin təmin olunmasından Azərbaycan Respublikası DSMFnin Xətai rayon Şöbəsinin imtinası qanunsuz hesab edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləğinin 31 may 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq orta aylıq əmək haqqı ilə hesablanması vəzifəsinin Azərbaycan Respublikası DSMF-nin Xətai rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-2(102)-147/13 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Koiiegiyasının 2-1inz(103)-863/12 saylı 09 oktyabr 2012-ci il tarixli qərarı ləğv edilib, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-1inz(103)-582/13 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)- 703/2012 saylı iş üzrə qəbul etdiyi 08 iyun 2012-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul olunması, iddianın təmin olunması, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləğinin 31 may 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq orta aylıq əmək haqqı ilə hesablanmasına dair müraciətinin təmin olunmasından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai rayon Şöbəsinin imtinasının qanunsuz hesab edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləğinin 31 may 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq orta aylıq əmək haqqı ilə hesablanması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai rayon Şöbəsininin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-2(102)-712/13 nömrəli qərarı ilə kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013cü il tarixli, 2-1inz(103)-582/13 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3855/2020 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı təyin olunmuş pensiya məbləğinin azaldılması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətləri qanunsuz hesab edilmiş, 01 yanvar 2020-ci ildən İddiaçı aylıq pensiya məbləğindən hər ay azaldılaraq ödənilməyən (184,14 manat\\\\\\\\\0 məbləğinin bərpa olunaraq bir dəfəyə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuş və həmin hərəkətlərin edilməsi (məhkəmə qərarı və əmək pensiyaçının razılığı olmadan) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli, 2-1(103)-1510/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 7014/2021 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1060/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi zərər olaraq bütövlükdə 350.000 (üç yüz əlli min) manat təzminatın ödənilməsini tələb etsə də, bu məbləğin hansı hissəsinin maddi zərər, hansı hissəsinin mənəvi zərər olduğunu qeyd etməmişdir. İddiaçı maddi ziyanın cavabdehin hansı hərəkətləri nəticəsində dəydiyi, bu ziyanın real zərər, yaxud əldən çıxmış fayda olaraq irəli sürdüyünü əsaslandırmamış, ümumiyyətlə maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, pensiya alt-sistemindən olan çıxarışlardan da müəyyən olunur ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən pensiya ödənişləri aparılmış, iddiaçının pensiyası qanuni qüvvəsini almış məhkəmə qərarlarından sonra yenidən hesablanmış və keçmiş dövr üzrə fərq məbləği tam olaraq ödənilmiş və məhkəmə qərarı tam icra olunmuşdur. Bununla da cavabdeh orqan tərəfindən iddiaçıya keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin qaldığı müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, sadalanan qanunvericilik normalarından da göründüyü kimi, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki halda isə cavabdeh inzibati orqanın birbaşa hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən olunmur. Belə ki, istər iddiaçının müraciəti, istərsə də inzibati orqanın təşəbbüsü ilə aparılmış inzibati icraat və məhkəmə müstəvisinə keçirilmiş inzibati iddialar üzrə icraatlar gedişində iddiaçının tələbinin təmin edilməsi və ya təmin edilməməsi nəticəsindən asılı olmayaraq cavabdeh sosial müdafiə orqanının hərəkətləri (və ya hərəkətsizliyi) bilavasitə və təqsirli olaraq iddiaçıya zərər vurulmasına əsas olan hərəkət kimi qəbul edilə bilməz. İddiaçının publik hüququn müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək, məhkəmə qərarlarından apellyasiya şikayəti vermək hüququ olduğu kimi, inzibati orqanın da inzibati məhkəmə icraatında qəbul edilmiş məhkəmə aktlarından şikayət etmək imkanı, müstəqil iddia qaldırmaq səlahiyyəti mövcud olmuş və hər iki tərəf bu imkan və səlahiyyətdən qanunamüvafiq qaydada istifadə etmişlər. Qeyd edilən məhkəmə mübahisələrində çəkişmə prinsipinə uyğun aparılmış hərəkətlər inzibati orqanın iddiaçıya bilavasitə zərər vurulmasına yönəlmiş hərəkətləri kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu bildirsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olan halda zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Beləliklə, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3397/2023 nömrəli 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2454/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2454/2023
12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver