Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2454/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Ceyhun Bəşir oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13272/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” və “pensiya məbləğinin azalma ilə nəticələnmiş yenidən hesablanması” barədə qərarların ləğv edilməsi (əgər varsa), əks halda eyni adda hərəkətlərin qanunsuz sayılması və əvvəl ödənilən əmək pensiyası məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-167394/2023 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və ona ödənilən 693 manat əvvəlki pensiya məbləğinin ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir pensiya alır. Əmək pensiyasının məbləği 2023-cü ilin yanvar ayınadək 587.52 manat olmuş, 2023-cü il ərzində 693.00 manat olmuşdur. Sonuncu dəfə, avqust ayının 7-də pensiya alarkən məbləğin 554.37 manat olduğunu görmüşdür. Bununla bağlı, DOST Agentliyinə müraciət etdikdən sonra şifahi olaraq ona pensiyanın “artıq” ödənildiyini, həmin aydan etibarən isə pensiya məbləğinin az ödəniləcəyi bildirilmişdir. Eyni zamanda, şifahi olaraq 4000 manat artıq ödənilmiş məbləğin ondan aybaay tutulacağı da deyilmişdir. İlk növbədə qeyd edilməlidir ki, pensiya məbləğinin azaldılacağı barədə ona əvvəlcədən məlumat verilməmiş, pensiya məbləğinin “guya” artıq ödənildiyi barədə şifahi şəkildə əsassız fikirlər bildirilmiş, hər hansı qərar təqdim edilməmişdir. İddiaçı pensiyaçı olduğundan və hazırda da işləmədiyindən, yeganə gəliri pensiya məbləğidir. Eyni zamanda, pensiyanın “artıq” ödənilməsində iddiaçının təqsiri də olmamışdır. Həmçinin, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi birmənalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-13272/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir pensiya alır. Əmək pensiyasının məbləği 2023-cü ilin yanvar ayınadək 587.52 manat olmuş, 2023-cü il ərzində 693.00 manat olmuşdur. Sonuncu dəfə, avqust ayının 7-də pensiya alarkən məbləğin 554.37 manat olduğunu görmüşdür. Bununla bağlı, DOST Agentliyinə müraciət etdikdən sonra şifahi olaraq ona pensiyanın “artıq” ödənildiyini, həmin aydan etibarən isə pensiya məbləğinin az ödəniləcəyi bildirilmişdir. Eyni zamanda, şifahi olaraq 4000 manat artıq ödənilmiş məbləğin ondan aybaay tutulacağı da deyilmişdir. İlk növbədə qeyd edilməlidir ki, pensiya məbləğinin azaldılacağı barədə ona əvvəlcədən məlumat verilməmiş, pensiya məbləğinin “guya” artıq ödənildiyi barədə şifahi şəkildə əsassız fikirlər bildirilmiş, hər hansı qərar təqdim edilməmişdir. İddiaçı pensiyaçı olduğundan və hazırda da işləmədiyindən, yeganə gəliri pensiya məbləğidir. Eyni zamanda, pensiyanın “artıq” ödənilməsində iddiaçının təqsiri də olmamışdır. Həmçinin, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi birmənalıdır. Pensiyanın azalmış məbləği hətta sadə riyazi hesablama ilə belə 120 manatdan çox edir. Odur ki, məhkəmənin azalmanı fəlsəfə doktoru elmi dərəcəsinə görə əsaslandırması əsassızdır. Bundan əlavə, məhkəmə iş üzrə nəticəyə gələrkən etimad hüququnu və Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə mövqeyini də nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2586/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-435/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2- 1(103)-2586/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, iddiaçının pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 01.01,2006-cı il tarixinədək 43 il 3 ay 9 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 10457,06 manat, xx.xx.2011-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2013-cü il tarixinədək 4680,17 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvəl) 512,27 manat müəyyən edilmişdir. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının əmək pensiyasının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdı. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddələrin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 436,98 manata (əmək pensiyasının sığorta hissəsinin üzərinə hesablanan 120 manat əlavə çıxılmaqla), xx.xx.2022-ci il tarixindən 451,84 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 468,50 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 537,37 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1768,82 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 554,37 manat müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, Qanunun 19.2-ci maddəsinin xx.xx.2021-ci il tarixində qüvvədən düşməsinə baxmayaraq, 120 manat əlavə əmək pensiyasının sığorta hissəsinə hesablanmış və illər üzrə indeksləşdirilərək xx.xx.2023-cü il tarixinədək ödənilmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətinizdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-167394/2023 saylı Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2011-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının əmək pensiyası yenidən hesablanmış və məbləği 693,00 manatdan 554,37 manata azaldılmışdır. Qərara bununla əsaslandırılmışdır ki, 120 manat elmlər namizədinə görə verilən əlavə sığorta hissəyə əlavə edilərək indeksləşmişdir, nəticədə xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər artıq alma yaranmışdır. Qərara əsasən artıq vermənin məbləği 4236,53 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 19.2. (xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir) Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Prezidentinin «Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 (iki yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 (bir yüz iyirmi) manat müəyyən olunsun (20 dekabr 2021-ci il tarixli 1494 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci hissədə “200” rəqəmləri “300” rəqəmləri ilə, “120” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilmişdir. 13 yanvar 2023-cü il tarixli 1969 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci hissədə “300” rəqəmləri “500 (beş yüz)” sözləri ilə, “200” rəqəmləri “300 (üç yüz)” sözləri ilə əvəz edilmişdir).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-435/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunur: 24. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Q- 167394/2023 nömrəli qərarının ləğv edilməsi vasitəsilə əvvəlki pensiya məbləğinin bərpasına nail olmaqdan və bunun üzərindən ona hesablanmış artıq ödəmənin onun əmək pensiyasının məbləğindən çıxılmasının qarşısını almaqdan ibarətdir. 26. Fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğin pensiyanın sığorta hissəsinə əlavə edilməklə ödənilməsinin davam etdirilməsi barədə tələbin hüquqi əsasının mövcud olmadığına dair qənaətində haqlı olan məhkəmə bu zaman nəzərə almamışdır ki, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinə istinadən iddianın təmin olunmaması iddiaçının hüquqi marağının məzmunu və prosessual qənaət prinsipinin tələbi baxımından yetərli sayıla bilməz. Belə ki, mübahisələndirilən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Q- 167394/2023 nömrəli qərarla həm də cavabdeh tərəfindən iddiaçıya artıq vəsaitin ödənildiyi müəyyən olunmuş və həmin vəsaitin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxılması qərara alınmışdır. 27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə icraat çərçivəsində həmin hallar, eləcə də bu kontekstdə “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-67.6-cı maddələrinin tələbləri baxımından iddiaçının etimad hüququnun mövcudluğu, bundan asılı olaraq hüquqi vəziyyətinin və ya əmlak vəziyyətinin qorunmalı olub-olmaması ilə əlaqədar xüsusatlar da araşdırılmalı və iş üzrə obyektiv qərarın qəbulu baxımından həmin hallara da qiymət verilməlidir. Belə yanaşma artıq ödəmə və həmin ödəmənin iddiaçının əmək pensiyasından çıxılması ilə bağlı gələcəkdə yarana biləcək yeni məhkəmə mübahisəsinin qarşısının alınması (iş üzrə materiallardan bunun real olduğu görünür) və səmərəli məhkəmə araşdırmasının təmin olunması məqsədlərinə xidmət edir. Bu zaman həm də iddiaçının etimad hüququnun qorunmağa layiq olduğu təqdirdə, artıq ödəmənin qaytarılması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Yalnız bu qaydada araşdırma əsasında qəbul olunmuş qərar obyektiv və əsaslandırılmış qərar sayıla bilər. 28. Belə ki, istinad olunan normalara görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1948-ci ildə doğulmuşdur. İddiaçı xx.xx.2013-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, Fondun Binəqədi rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2013-cü il tarixli 136 saylı qərarı ilə iddiaçıya xx.xx.2011-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda iddiaçının əmək pensiyasına elmlər namizədi elmi dərəcəsinə görə əlavə hesablanmışdır. Daha sonra cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-167394/2023 saylı Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və məbləği 693,00 manatdan 554,37 manata azaldılmışdır. Qərara bununla əsaslandırılmışdır ki, 120 manat elmlər namizədinə görə verilən əlavə sığorta hissəyə əlavə edilərək indeksləşmişdir, nəticədə xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər artıq alma yaranmışdır. Qərara əsasən artıq vermənin məbləği 4236,53 manat olmuşdur. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan pensiya hesablanması ilə əlaqədar pensiya haqqında qanunvericilik normalarını, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Təyin olunmuş pensiyanın (və ya pensiyaya əlavənin) ləğvini şərtləndirən normada nəzərdə tutulmuş hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, mübahisələndirilən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun qəbul edilməmiş, bununla bağlı cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmamış, iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmiş, onun dinlənilmə hüququ təmin edilməmiş, habelə cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti toplanmış pensiya sığorta kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının məbləğindən elmi dərəcəyə görə əlavənin məbləği çıxarılmaqla əmək pensiyasının məbləği azaldılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən heç bir əsas olmadan iddiaçının müraciətinə uyğun olmayan başqa icraat aparılmış, iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilmədən, onun dinlənilmə hüququ təmin edilmədən və ona hüquqları izah edilmədən əmək pensiyasının məbləği azaldılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya təyin olunmuş əmək pensiyasının sığorta hissəsinə elmi dərəcəyə görə əlavə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Sonradan müvafiq normanın ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmadan, iddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilmədən, onun dinlənilmə hüququ təmin edilmədən və ona hüquqları izah edilmədən (məsələn, pensiya məbləğinin azalmasının səbəbləri, həmin əlavənin əvəzinə təsis edilmiş təqaüdün alınması üçün müvafiq orqana müraciət edilməsi və s.) dərhal əmək pensiyasının məbləğinin azaldılması üçün cavabdehə əsas vermir. Eyni zamanda mübahisələndirilən qərarla yalnız əmək pensiyasının məbləği azaldılmamış, həmin qərarla həm də cavabdeh tərəfindən iddiaçıya artıq vəsaitin ödənildiyi müəyyən olunmuş və həmin vəsaitin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxılması qərara alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının əmək pensiyasından 62,09 manat məbləğində vəsait tutulmuşdur. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilməli olan məbləğin ona ödənilməyərək artıq hesablandığı hesab edilən məbləğlə əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi dolayısı ilə artıq hesablanan məbləğin bir hissəsinin tutulması ilə bağlı qanunvericiliyin şərtlərinə əməl edilmədən icra edilməsinə yönəlmiş hərəkətdir. Hazırkı halda əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən də bu barədə heç bir dəlil təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Eyni zamanda, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13272/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-167394/2023 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilsin və İddiaçı ödənilən 693,00 manat əvvəlki pensiya məbləğinin ödənilməsinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.