Məhkəmə qərarları › İş №2-1(103)-2455/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2455/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2455/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X23 qızının katibliyi, İddiaçı, Tərcüməçi X10in iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X17 işə cəlb edilməklə orderin və sərəncamın ləğv olunması, istifadəsində olan 12 kv.m artıq otaq (1 nömrəli mənzil) ilə bağlı onun adına rəsmiləşdirilmə aparılması barədə müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4110/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs X17 işə cəlb edilməklə 30.12.1980-ci il tarixli orderin, Cavabdeh 1986-cı il tarixli 17-2979 saylı sərəncamının etibarsız hesab edilərək ləğv olunması və istifadəsində olan 12 kv.m artıq otaq (1 nömrəli mənzil) ilə bağlı onun adına rəsmiləşdirilmə aparılması barədə müvafiq qərarın qəbul edilməsinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30.12.1980-ci il tarixli orderin, Cavabdeh 1986-cı iltarixli, 17-2979 saylı sərəncamının etibarsız hesab edilərək ləğv olunması və istifadəsində olan 12 kv.m artıq otaqın (1 nömrəli mənzil) ilə bağlı onun adına rəsmiləşdirmə aparılması barədə yeni sərəncamın qəbul edilməsini cavabdehdən xahiş etmişdir. Lakin, cavabdeh xahişini əsassız olaraq rədd etmişdir. Bildirir ki, Səfərov küçəsi, ev 32, mənzil ¼ saylı mənzildə o, qardaşı X10 və oğlu X18 qeydiyyatdadır. Belə ki, 1952ci ildən babası X19 Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov ev 32, mənzil ¼ mənzildə ailəsi ilə birgə yaşamışdır. Babasının ölümü ilə əlaqədar həmin mənzil 28.12.1979-cu ildə nənəsi X8 adına mənzil kirayə müqaviləsi bağlanmışdır. X8 ölümü ilə əlaqədar olaraq, bu mənizlə Bakı şəhəri Cavabdeh Başısının 14.09.2004-cü il tarixli sərəncamına əsasən atası X5 adına mənzil kirayə müqaviləsi bağlanmış, X6 ölümü səbəbi ilə Bakı şəhəri Cavabdeh Başçısının 02.06.2006-cı il tarixli sərəncamına əsasən anası X9 ilə mənzil kirayə müqaviləsi bağlanmışdır. X2 ölümü səbəbi ilə Bakı şəhəri Cavabdeh Başçısının 13.01.2016-cı il tarixli sərəncamına əsasən onun adına mənzil kirayə müqaviləsi bağlanmışdır. Onun yaşadığı mənzil 2 otaq, 28.45 kv.m və orada sərəncamdan kənar 12 kv.m artıq otaq vardır. Lakin, 1952-ci ildən ailəsinin istifadəsində olan 12 kv.m artıq olan, yəni 1 nömrəli mənzilin orderi onların orada yaşamasına baxmayaraq T.Q.Qarayevanın atalığına verilmişdir. 1980-ci ildə order (195420) X13 adına yəni, Qarayevanın atalığına verilmişdir. Onun ölümü ilə əlaqədar 1986-cı ildə, 17/2979 saylı sərəncamı ilə X1 müqaviləsi bağlanmışdır. Lakin, buna baxmayaraq, 1980-ci ildən etibarən bugünə qədər Qarayevlər ailəsi Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi, ev 32, mənzil 7/8 saylı mənzildə yaşayış təsərrüfat aparmışlar və bugünə qədər Bakı şəhəri, Nizami rayonu, T.Səfərov küçəsi, ev 32, mənzil ¼ mənzilə dair öz iddialarını irəli sürməmişlər. T.Q.Qarayeva özü 7 saylı otaqda yaşayır. Qeyd edir ki, T.Q.Qarayevanın qeyd etdiyi otağa 28.06.1967-ci ildən ailəsinin istifadəsinə verilməsinə dair Bakı şəhəri X12 Şaumyan rayon İcraiyyə Komitəsinin qərarı olmuşdur. Eyni zamanda qeyd edirlər ki, T.Q.Qarayevanın ondan 1952-ci ildən etibarən istifadələrində olan 1 saylı mənzili boşaltmalarını tələb etməsi qeyri-mümkündür. Mümkünsüzlüyünü edən amillərdən bir neçəsi ondan ibarətdir ki, 1 saylı mənzilə olan giriş onların istifadələrində olan 4 saylı mənzildən keçir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4110/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas kimi iddiaçının kirayəçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsində iddiaçının istifadəsində olan 12 kv.m ölçüdə 1 nömrəli mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilməməsi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbində mübahisələndirdiyi order və sərəncamı başqa məhkəmə icraatında mübahisələndirmiş, yəni, sözügedən inzibati aktlardan 2019cu ildən xəbərdar olmuş, lakin, sözügedən inzibati aktları ayrıca məhkəmə icraatında mübahisələndirmək üçün 04.02.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da, o, sözügedən inzibati aktların mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin mahiyyəti üzrə yenidən baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını tam və oyektiv araşdırmamış, işdə mövcud olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mübahisələndirilən yaşayış sahəsi (12 kv.m. ölçüdə 1 nömrəli mənzil) 1979-cu ildən etibarən fasiləsiz olaraq iddiaçının ailəsinin istifadəsində olmuş, 2016-cı ildən etibarən isə mənzilə dair kirayə müqaviləsi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin yaşayış sahəsi faktiki olaraq mövcud olmaqla onun yaşadığı və rəsmi qeydiyyatda olduğu mənzilin bir hissəsidir və onlar 1952-ci ildən orada yaşayırlar. Lakin buna baxmayaraq onların istifadəsində olan 12 kv.m otağın orderi 3-cü şəxs T.Qarayevanın atalığına verilmiş, onun ölümü ilə əlaqədar 1986-cı ildə 17/2979 saylı sərəncamı ilə X17 ilə kirayə müqaviləsi bağlanmışdır. Odur ki, Cavabdeh həmin sərəncamının etibarsız hesab edilərək ləğv olunması və istifadəsində olan 12 kv.m otaq (1 nömrəli mənzil) ilə bağlı onun adına rəsmiləşdirilmə aparılması barədə müvafiq qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə yenidən baxılmasını xahiş etdi. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Cavabdeh 2 iyun 2006-cı il tarixli 224 nömrəli sərəncamı ilə ünvan 1 saylı evin yaşayış sahəsi 28,45 kv.m olan 2 otaqlı 1/4 saylı mənzilinin icarə müqaviləsi 4 nəfərlik ailə tərkibi ilə (özü, oğlu, qızı, nəvəsi) vətəndaş X3 adına dəyişdirilmiş və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Bakı şəhər Cavabdeh başçısının 13 yanvar 2016-cı il tarixli, 7 saylı sərəncamı ilə Bakı şəhəri Yusif Səfərov küçəsi, 32№-li evin yaşayış sahəsi, 28,45 kv.m olan 2 otaqlı 1/4 saylı mənzilin kirayə müqaviləsi 3 nəfər ailə tərkibi ilə X4 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2-1(82)-1700/2019 saylı qərardadından görünür ki, hazırki iş üzrə üçüncü şəxs qismində keçən X17 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı, 2 iyun 2006-cı il tarixli 224 nömrəli sərəncamın ləğv olunması öhdəliyinin onun üzərinə qoyulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin işə baxılarkən işə üçüncü şəxs qismində məhkəməyə cəlb edilən İddiaçı qarşılıqlı iddia ilə müraciət edərək X14 adına verilmiş 30 dekabr 1986-cı il tarixli orderin, Cavabdeh 1986-cı il tarixli 17-2979 saylı sərəncamının etibarsız hesab edilməsini xahiş etmiş və məhkəmə tərəfindən qarşılıqlı iddianın qəbulundan imtina olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 2 ünvanında yerləşən 1/4 saylı mənzil Cavabdeh başçısının 13 yanvar 2016-cı il tarixli sərəncamı ilə İddiaçı istifadəsində olduğundan iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən sözü gedən inzibati aktların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsinə dair gəldiyi nəticəni də əsassız hesab edir. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, İddiaçı 2019-cu ildə cavabdeh X15 və Bakı şəhər Cavabdehnə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sözü gedən sərəncamların etibarsız hesab edilməsini xahiş etmiş və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı X14 cavabdeh Bakı şəhər Cavabdehnə və üçüncü şəxslər İddiaçı və X7rşı sərəncamın etibarsız sayılmasına dair iddia geri götürülmüş sayılmışdır. İddiaçı 4 fevral 2021-ci il tarixdə hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı üçüncü şəxs X17 tərəfindən ona qarşı qaldırılmış sərəncamın etibarsız hesab edilməsinə dair məhkəmə işi yekunlaşdıqdan sonra Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın etibarsiz hecab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və bu zaman iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, ümumi mənada subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv mənada iddia vermək hüququ bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4110/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4110/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar