Məhkəmə qərarları › İş №2-1(103)-2456/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2456/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2456/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların qeydiyyatı barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə ünvan 1i qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2046 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışın və torpaq sahəsinin sərhədlərini təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2046 saylı bağ sahəsi Bakı ŞİH Nizamnaməsi əsasında fəaliyyət göstərən X3 və İstismarı Birliyi tərəfindən 24 oktyabr 2005-ci il tarixli 36129 saylı icarə müqavilə əsasında iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqanın 13 sentyabr 2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə 4830A saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, təqdim edilmiş icarə müqaviləsində səlahiyyətli qurumun (keçmiş X2 və İstismarı Birliyi) möhürü olmadığından ərizənin icrası mümkün olmamışdır. Cavabdehə müraciət edərkən Bakı ŞİH X2 və İstismarı Birliyi tərəfindən 24 oktyabr 2005ci il tarixli 36129 saylı icarə müqaviləsini təqdim edilmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə 4830A saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, təqdim edilmiş icarə müqaviləsində səlahiyyətli qurumun (keçmiş X2 və İstismarı Birliyinin) möhürü müəyyən edilməmişdir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya 13 sentyabr 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 1i qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə 4830A saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, təqdim edilmiş bağ sahəsinin icarə müqaviləsində səlahiyyətli qurumun (keçmiş “X2 və İstismarı Birliyi”) möhürü yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, qeyd olunan hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtina, etiraz ərizəsi və apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, müraciətinin təmin olunmamasına dair imtina məktubu əldə etmişdir. İddianı mahiyyəti üzrə də əsaslı hesab etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati işdən müəyyən olunur ki, İddiaçı Bakı ŞİH X2 və İstismarı Birliyi ilə onun arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə olan 2046 saylı bağ sahəsinə dair 24 oktyabr 2005-ci il tarixli 26129 saylı icarə müqaviləsinin bağlandığını bildirərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə 4830A saylı bağın ərazisinə uyğun gəlir və təqdim edilmiş icarə müqaviləsində səlahiyyətli qurum kimi keçmiş X2 və İstismarı Birliyinin möhürü mövcud deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin ilk dəlili olan “elektron kadastr məlumatlarına əsasən göstərilən 2046 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə 4830A saylı bağın ərazisinə uyğun gəlməsi” ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Həmçinin, məhkəmənin sorğusu əsasında təqdim olunmuş cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********31 nömrəli məktubunda bildirilir ki, hazırda istinad edilən mövcud bazaya (baza məhduddur) əsasən Ləhiş bağ massivi, 4830A saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar olunmadı. Apellyasiya şikayətinin digər dəlili olan “təqdim edilmiş bağ sahəsinin icarə müqaviləsində səlahiyyətli qurumun (keçmiş “X2 və İstismarı Birliyi”) möhürünün olmaması” ilə bağlı Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İddiaçı ilə Bakı ŞİH X2 və İstismarı Birliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə olan 2046 saylı bağ sahəsinə dair tərtib olunmuş 24 oktyabr 2005-ci il tarixli 26129 saylı icarə müqaviləsində həmin Birliyin möhürü olmasa da, bu hal vətəndaşın ziyanına şərh edilə bilməz, belə ki, iddiaçının və Birliyin direktorunun imzalarının olması, həmin sənədin DƏDRX arxivində saxlanılması, eləcə də həmin tarixdən sonra (bu hal inkar olunmur) bağ sahəsinin etirazsız və mübahisəsiz iddiaçının istifadəsinə verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən sözügedən müqavilənin bağlanmış sayılmasına əsas verir. Belə olan halda, 24 oktyabr 2005-ci il tarixli müqavilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə olan 2046 saylı bağ sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən akt kimi qiymətləndirilir və onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən əlavə sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, müqavilə mötəbər sübut sayılır. Odur ki, hazırkı iddiaçı həmin bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Beləliklə, Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 1i qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar