Məhkəmə qərarları › İş №2-1(103)-2457/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2457/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2457/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu 05 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu 05 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-628/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X3 xx.xx.1958-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli hərbi biletdən görünür ki, o, xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin AET-nin (avtomobil ekspedisiya trestinin) 2 saylı ƏNK –da avtoçilingər şagirdi (18/Xİİ-74-cü il tarixli 207 saylı Əmr), xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 1-ci dərəcəli çilingər (23/İV-75-ci il tarixli 77 saylı Əmr), xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək mərkəzi qaraja 3-cü sinif ehtiyat sürücü (xx.xx.1979-cu il tarixli 13 saylı Əmr), xx.xx.1979cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Ərzaquraşdırma” Bakı Quraşdırma İdarəsi 3-cü (üçüncü) dərəcəli çilingər-montajçı (xx.xx.1979-cu il tarixli 97 saylı Əmr), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Port-İliç RA KMTB-də (rayonlararası kimyəvi məhsul təchizatı bazası) 4-cü dərəcəli çilingər (2/X-1979-cu il tarixli 116 saylı Əmr), xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək mexanik (26/V- 1980-ci il tarixli 68 saylı Əmr), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər Azmeliosutikinti trestinin 11 saylı Avtonəqliyyat Müəssisəsində 3-cü sinif sürücü (29/X-80-ci il tarixli 174 saylı Əmr), xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Lənkəran istehsalat-avtonəqliyyat birliyi İnzibati-təsərrüfat şöbəsində Avtobus parkında 2-ci sinif sürücü (xx.xx.1982-ci il 80/l saylı Əmr), xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Dövlət Energetika nəzarəti və enerji satışı müəssisəsinin Lənkəran şöbəsində sürücü, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər “Kapital-A” firmasında motorçu (Əmr №18, xx.xx.1999), xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər “Kapital-A” firmasında çilingər (Əmr №90, xx.xx.1999), xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də gəmi çilingəri, xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri (xx.xx.2007-ci il tarixli 14 saylı əmr), xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli çilingər-dizelçi (xx.xx.2010-cu il tarixli 24-K saylı əmr), xx.xx.2016-cı il tarixindən X14 X7 Xidmət və Təmir Bazasında 5-ci dərəcəli gəmi təmiri çilingəri (xx.xx.2016-ci il tarixli 386-k saylı əmr) peşəsində hal-hazıradək işləmişdir. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli imtina məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri yarımbəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.2002- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi çilingəri, xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Parabola’’ MMC-də gəmi təmiri çilingəri, xx.xx.2010-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi təmiri çilingəri peşəsi, xx.xx.2016-cı il tarixindən bugünədək isə “X14 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasında gəmi təmiri çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşələr yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan çilingərlər peşəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay 17 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, onun 05 fevral 2015-ci il tarixdə 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, xx.xx.1974-cü il tarixdən SSRİ-nin ərazisində hərbi xidmət daxil olmaqla, xx.xx.2006-ci il tarixə kimi 30 ildən artıq ümumi iş stajı vardır. Həmin ümumi iş stajının 02 yanvar 2002-ci il tarixindən 01 noyabr 2006-cı il tarixədək, yəni 04 il 09 ay 29 gün "xxxx" MMC-də gəmi çilingəri, 01 iyul 2007-ci il tarixindən 01 aprel 2010-cu il tarixinədək yəni 02 il 09 ay "xxxx" MMC-də gəmi təmiri çilingəri, 01 aprel 2010-cu il tarixindən 11 mart 2016-cı il tarixinədək, yəni 05 il 11 ay 10 gün "xxxx" MMC-də gəmi təmiri çilingəri, 14 mart 2016-cı il tarixindən hazırki dövrədək “X14 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasında gəmi təmir çilingəri işləyir. Onun 01 yanvar 2006-cı il tarixədək umumi 30 ildən artıq əmək stajı vardır ki, 05 fevral 2015-ci il tarixdə 57 yaşı tamam olduğu vaxt 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. Onun yuxarıda qeyd etdiyi zərərli əmək stajı gəmi bölmələrinin daxilində işləyərək təmirçi-çilingər vəzifəsində olmuşdur. "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" GLX MMC-nin və “X14 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasının arayışlarından göründüyü kimi iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli, 12 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 11“a” bəndinə əsasən “güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olan fəhlələr” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Lakin ona əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyası almasına əmək stajı olmadığı bildirilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri yarımbəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.2002 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi çilingəri, xx.xx.2007 - xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi təmiri çilingəri, xx.xx.2010xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi təmiri çilingəri peşəsi, xx.xx.2016-cı il tarixindən bugünədək isə “X14 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasında gəmi təmiri çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşələr yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan çilingərlər peşəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay 17 gün) təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-628/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, X2 57 yaşının tamam olduğu 05 fevral 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və apellyasiya şikayətinə yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialarından müəyyən edilmir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddia müddəti mübahisələndirilmir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri yarımbəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsinə uyğun olmaması və bu səbəbdən də xüsusi iş stajının 12 il 6 aydan az, yəni 4 il 7 ay 17 gün təşkil etməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi iş stajının 25 ildən, xüsusi iş stajının 12 il 6 aydan artıq olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işdə iddiaçı ona 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyi üçün məhkəmə kollegiyası hesab edir ki, hüquq münasibətinə iddiaçının 57 yaşının tamam olduğu, yəni xx.xx.2015-ci il tarixdə qüvvədə olan qanunun norması tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 57 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının ümumi iş stajının iş materiallarında olan sənədlərə (hərbi bilet və əmək kitabçasına) əsasən xx.xx.2015-ci il tarixdə qədər tələb olunan 25 ilin qarşılığında 31 il 07 ay 23 gün olduğu müəyyən edilmişdir. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Qeyd olunmalıdır ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə qədər işlədiyi müddətdə aldığı əmək haqlarından sosial sığorta haqlarının ödənilməsini cavabdeh tərəf mübahisələndirməmişdir. Hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. İddiaçı qanunla tələb olunan 12 il 6 aydan çox zərərli iş stajının olduğunu bildirir. Belə ki, iş materiallarından, o cümlədən əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər “Kapital-A” firmasında motorçu (8 ay 28 gün), xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi "xxxx" MMC-də gəmi çilingəri (4 il 10 ay), xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri (2 il 10 ay), xx.xx.2010-cu il tarixindən xx.xx.2015-cı il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri (4 il 10 ay 04 gün) peşələrində 13 il 03 ay 01 gün işləmişdir ki, bu da qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajını topladığına dəlalət edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 007 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər “Kapital-A” firmasında motorçu (Əmr № 18, xx.xx.1999), xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər “Kapital-A” firmasında çilingər (Əmr № 90, xx.xx.1999) peşələrində işləmişdir. Motorçu vəzifəsində işlədiyi müddət ərzində gəmilərdə bilavasitə açıq dənizdə və limanda mühərriklərin təmiri ilə məşğul olmuş və bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2c bəndinə uyğundur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 008 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" MMC-də motorçu vəzifəsində işləmiş və çalışdığı müddət ərzində gəmi tryumlarında mühərriklərin təmiri ilə bağlı zəruri işləri həyata keçirmişdir. İşlədiyi vəzifə güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2. yarımbəndinin “c” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli A17 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi həqiqətən "xxxx" MMC-də gəmi çilingəri vəzifəsində çalışmışdır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşqul olub. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A02 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi həqiqətən "xxxx" MMC-də gəmi çilingəri vəzifəsində tam iş günü ərzində çalışmışdır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşqul olmuşdur. Buna görə də X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci li tarixli 12 saylı qərarı ilə (11,11,6-cı yarımbölmə kənarın və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşqul olan gəmi tekalajniklər və bütün adlarda çilingərlər) güzəştli şərtlərlə pensiya hüququ verilir, əmək şəraitinə görə güzəştlərlə əmək stajı 4 il, 9 ay, 29 gün təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1-A saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMCdə 6-cı dərəcəli gəmi təmiri çilingəri (xx.xx.2007-ci il tarixli 14 saylı əmr) peşəsində çalışıb. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi təmiri çilingəri” gözəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 11-ci “metal emalı” bölməsinin 11.6 bəndinin “a” yarımbəndində göstərilmişdir. Əmək şəratinə görə güzəştli şərtlərlə əmək stajı: 2 il 10 ay. "xxxx" MMC tərəfindən verilmiş SS01/02-49 saylı xx.xx.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli jurnalı təmiri çilingəri (xx.xx.2010-cu il tarixli 24-K saylı əmr) peşəsində çalışıb. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olmuşdur. “Gəmi təmiri çilingəri” gözəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 11-ci “metal emalı” bölməsinin 11.6 bəndinin “a” yarımbəndində göstərilmişdir. Əmək şəratinə görə güzəştli şərtlərlə əmək stajı: 5 il 11 ay 10 gün. "xxxx" MMC tərəfindən verilmiş 159A saylı xx.xx.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixli 24-K saylı əmrlə "xxxx" MMCyə gəmi mühərriklərinin və daxili qurğularının təmiri üzrə çilingər – dizelçi vəzifəsinə işə qəbul edilmişdir. - “X14 Donanması” tərəfindən verilmiş TQ03/02-988 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X14 X7 Xidmət və Təmir Bazasının verdiyi arayışa əsasən gəmi təmiri çilingəri İddiaçı xx.xx.2016-cı il tarixindən hal-hazıradək işlədiyi peşəyə uyğun olaraq, əmək funksiyalarının icrasını gəmi bölmələrinin daxilində yerinə yetirir. “X14 Donanması tərəfindən verilmiş SS01/02-49 saylı xx.xx.2020-ci il tarixli güzəştli arayışından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixindən hal-hazıradək həqiqətən X14 X7 Xidmət və Təmir Bazasında 5-ci dərəcəli gəmi təmiri çilingəri (xx.xx.2016-ci il tarixli 386-k saylı əmr) peşəsində çalışır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi təmiri çilingəri” güzəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ii 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 11-ci “Metal emalı” bölməsinin 11.6 bəndinin “a” yarımbəndində göstərilmişdir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 3 il 10 ay 10 gün təşkil edir. Beləliklə, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər (8 ay 28 gün) “Kapital-A” firmasında “motorçu” peşəsində işləyərkən iş yerinin verdiyi arayışlara əsasən onun gəmilərdə bilavasitə açıq dənizdə və limanda, gəmi tryumlarında mühərriklərin təmiri ilə məşğul olduğunu və bu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2. Dəniz və çay donanması yarımbəndinin c) sahil heyəti: tryum motorçuları vəzifə koduna uyğunlaşdırıldığını, xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi (4 il 10 ay) "xxxx" MMC-də “gəmi çilingəri”, xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixə kimi (2 il 10 ay) "xxxx" MMC-də və xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixə kimi (4 il 10 ay 4 gün) "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri peşəsində işləyərkən iş yerlərinin verdiyi arayışlara əsasən tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olduğunu və bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci li tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “metal emalı” bölməsinin 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsinə uyğunlaşdırıldığını, buna görə də işlədiyi peşələrin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verdiyini, həmin dövrlər üzrə onun güzəştli iş stajının 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə 12 il 6 aydan artıq təşkil etdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslıdır və təmin olunmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 628/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-628/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar