Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2457/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Böyük Britaniyanın "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2358/2025 saylı 03 aprel 2025-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1(101)-61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) mülki iddiasının məbləğini təşkil edən borclarının ümidsiz borc kimi silinməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə inzibati iş məhkəmənin dəftərxanasında e-2-1(112)-12559/2024 nömrə ilə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Seyidova Ülviyyə Akif qızının Azərbaycan Respublikası CM-nin 179.3.2, 193-1.3.2, 313, 213.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin 14 mart 2018-ci il tarixli, İş № 1(101)-61/2018 saylı hökmü ilə Seyidova Ülviyyə Akif qızının məhkum edilməsi, həmçinin cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar, o cümlədən İddiaçı1 adına olan əmlaklar, onun mülkiyyətində olan mənzildən götürülmüş qızıl-zinət əşyaları və pul vəsaitləri barəsində xüsusi müsadirə tətbiq edilməklə, əmlakların xüsusi hərrac vasitəsilə satılması, satışdan əldə olunan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ("xxxx" MMC-nin, Böyük Britaniyanın Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin filialının, “X20 PTE Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının vergi borclarının) ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(102)- 300/2020 saylı qərarı ilə Seyidova Ülviyyə Akif qızının kassasiya şikayəti təmin edilməmiş, onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iddiaçı Əliyeva (Seyidova) Ülviyyə Akif qızı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1(101)-61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) mülki iddiasının məbləğini təşkil edən borclarının ümidsiz borc kimi silinməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə inzibati iş məhkəmənin dəftərxanasında e-2-1(112)-12476/2024 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmənin e-2-1(112)-12476/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-12476/2024 nömrəli (İddiaçı2 qızının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun ümidsiz borc kimi silinməsi tələbinə dair) inzibati iş, həmin məhkəmənin icraatında olan e-2-1(112)-12559/2024 nömrəli (İddiaçı1 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun ümidsiz borc kimi silinməsi) inzibati işə birləşdirilmiş, e-2-1(112)-12476/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2- 1(112)-12559/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir. Birləşdirilmiş iddialar üzrə işin cari nömrəsi e-2-1(112)-2358/2025 nömrə ilə qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2358/2025 saylı 03 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçıların iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında bildirilir ki, “Hazırkı iddiaçılar ilə cavabdeh vergi orqanı arasında hər hansı publik münasibətlər yoxdur.” İddiaçı məhkəmənin gəldiyi bu nəticəni əsassız hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.-cı maddəsinə əsasən: 2.0.2. inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs istinad edilən normaların tələblərindən də göründüyü kimi, vergi qanunvericiliyinə görə ümidsiz vergi borcunun silinməsindən cavabdeh inzibati orqanın imtinası ünvanlandığı fiziki şəxsin- İddiaçı2 üçün konkret hüquqi nəticə yaradan hakimiyyət tədbiridir və inzibati orqanın hərəkətsizliyi kimi tövsif olunan bu tədbir İddiaçı2 qanunla qorunan mülkiyyət hüquqlarına bilavasitə təsir edir. Məhkəmənin bu məsələyə formal yanaşmaqla gəldiyi nəticə isə tədqiq edilmiş sübutlarla (həmçinin cinayət işi üzrə qanuni qüvvədə olan hökmlə) təsdiq edilən hallarla açıq-aşkar ziddiyyət təşkil edir. Sübut etməyə ehtiyac yoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli 1(101)-61/2018 saylı hökmü ilə İddiaçı2 - “Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi halda; “Lakin vergi öhdəlikləri vergi ödəyiciləri tərəfindən ödənilmiş məbləğlər və vergi ödəyicilərinin həmin dövrdə mövcud olan artıq ödəmələri hesabına yerinə yetirildiyindən” CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edildiyi halda; - Eyni zamanda Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddianın təmin edilərək, Seyidova Ülviyyə Akif qızından və X6 müştərək qaydada 4.869.054,46 manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edildiyi halda; - yəni, onunla vergi orqanı arasında münasibətlərin mövcudluğu artıq mübahisə mövzusu olmadığı halda məhkəmənin iddiaçı ilə “vergi orqanı arasında hər hansı publik münasibətlərin olmadığı” nəticəsinə gəlməsi tamamilə əsassız olmuşdur. Başqa sözlə desək, məhkəmənin qənaətinə görə, İddiaçı2 “vergiləri ödəməkdən yayınmağa görə” “vergi ödəyicisi” statusu verilməklə təqsirli bilinməsi və vergi orqanının mülki iddiasına cavab verməli şəxs kimi üzərinə “dövlət büdcəsinə ödənilməli olan vergi” məbləğində vergi məbləğləri ödəmək öhdəliyin qoyulması yalnız həmin cinayət işi ilə bağlı olmaqla “müvəqqəti xarakter” daşımışdır, lakin sonradan həmin məbləğlərin qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi tələbini irəli sürdükdə isə, “vergi orqanı ilə hər hansı publik münasibətləri olmayan şəxs” statusuna qayıtmışdır. Göründüyü kimi, məhkəmənin həmin dəlili işin həqiqi hallarına uyğun deyil və bu səbəbdən də iddiaçının həmin iddianı qaldırmaqda “subyektiv hüququnun olmadığına” istinadən iddianın mümkün sayılmamasına dair qəbul etdiyi qərardad da əsasız və qanunsuz olmuşdur. İİ. Cavabdeh vergi orqanının “istinad edilən vergi borcunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Böyük Britaniyanın "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialın şəxsi hesab vərəqəsində əks olunmasına” dair dəlilinə münasibətdə hazırkı işə baxılan zaman cavabdeh vergi orqanı məhkəməyə verdiyi vəsatətdə bildirdi ki:“ xx.xx.2024-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin “Məhkəmə hökmü ilə təmin edilmiş məbləğlər üzrə vərəqədə” ödənilməmiş 3 482 789,75 manat vergi borcu mövcuddur”. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair qərardadında Cavabdehin həmin “dəlili”nə də istinad etmişdir. Halbuki, cavabdeh həmin borcun yaranması tarixi və əsasları barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, silinməsi xahiş edilən vergi borcunun yaranmasına əsas olmuş məhkəmə hökmündə də müəyyən edilmişdir ki: - “Hazırki iş üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentindən məhkəməyə daxil olmuş **********364600 saylı, xx.xx.2017-ci il tarixli məktubda göstərilmişdir ki, “X20 Pte.Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********), "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN**********) və "xxxx" MMC-nin (VÖEN **********) 2013-cü ilin sonunadək olan dövrdə yaranmış vergi öhdəlikləri vergi ödəyiciləri tərəfindən ödənilmiş məbləğlər və vergi ödəyicilərinin həmin dövrdə mövcud olan artıq ödəmələri hesabına yerinə yetirilmişdir.” - “Məhkəmədə mülki iddiaçının nümayəndəsi İsmayıl Abbasov da eyni məzmunlu izahat verərək, göstərmişdir ki, ittihamda adı çəkilən hüquqi şəxslər üzrə vergi öhdəlikləri vergi ödəyicilərinin özləri tərəfindən ödənilmiş məbləğlər və vergi ödəyicilərinin həmin dövrdə mövcud olan artıq ödəmələri hesabına yerinə yetirilmişdir. İsmayıl Abbasov həmçinin bildirmişdir ki, həmin ödəmələr məhz təqsirləndirilən şəxslər tərəfindən həyata keçirilmədiyindən, təqsirləndirilən şəxslərdən həmin məbləğlər tutulmalıdır.” Həmin cinayət işinə baxan məhkəmə də belə nəticəyə gəlmişdir ki, “Hazırki iş üzrə təqsirləndirilən şəxs Ülviyyə Seyidovaya vergiləri ödəməkdən yayınması ilə bağlı verilmiş ittiham üzrə vergi öhdəlikləri yerinə yetirildiyindən, yəni cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən, məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin Qeydinin 3-cü bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir.” İnzibati Prosessual Məcəllənin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda, yəni, yaranmış vergi öhdəliklərinin yerinə yetirildiyinin qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edildiyi halda, vergi orqanının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ...xx.xx.2024-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin “Məhkəmə hökmü ilə təmin edilmiş məbləğlər üzrə vərəqədə” ödənilməmiş 3 482 789,75 manat vergi borcu mövcuddur” kimi dəlilinə istinad yersiz olmuşdur. Birinci instansiya məhkəməsinin daha bir dəlili ondan ibarət olmuşdur ki: “Hazırda ümidsiz borc kimi silinməsi tələb edilən vergi borcu, 1(101)-61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) mülki iddiasının məbləğini təşkil edən vergi borcudur və həmin hökmün icrası qaydasında borcun icrasının təmin edilməsi üçün müsadirə olunmuş əmlaklara yönəldilməsi Nəsimi rayon İcra və Probasiya şöbəsində baxılır.” Göründüyü kimi məhkəmə hesab etmişdir ki, iddiaçıdan “vergi borcuna görə” məbləğin tutulmasına dair məhkəmə hökmü qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi üçün həmin borcun silinməsi mümkün deyil. Məhkəmənin bu “dəlili” də tamamilə əsassız olmaqla maddi hüquq normasının düzgün tətbiq edilmədiyini təsdiq edir. Belə ki, iddiaçının tələbinin hüquqi əsasını Vergi Məcəlləsinin 93.1.3-cü maddəsi ilə təsbit edilmiş hüquq təşkil edir. Həmin normanın dispozisiyasından da aydın görünür ki, qanunverici ümidsiz borcların silinməsi üçün müəyyən etdiyi 5 illik müddətin məhz məhkəmə aktının qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasını müəyyən etmişdir. Əgər nəzərə alsaq ki, məhkəmə aktı yalnız qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilə bilər, onda həmin məhkəmə qərarının icra mərhələsində olması VM-nin 93.1.3-cü maddəsi ilə verilən hüququn tətbiqindən nəinki imtina kimi qiymətləndirilə bilməz, əksinə icra mərhələsində olan qərarları da ehtiva etmiş olur. Belə ki, VM-nin imperativ qaydada təsbit etdiyi 93.1-ci maddəsinə əsasən, 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: ... 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarıistisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Göründüyü kimi, iddiaçının iddia tələbi bilavasitə qanundan – Vergi Məcəlləsinin 93.1.3-cü maddəsindən irəli gəlir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 5.3-cü bəndinə əsasən, iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. Şərh edilənlər şikayət verilən məhkəmə qərardadının tamamilə əsassız və qanunsuz olması, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qoşulduğu Konvensiya və yerli qanunvericilik aktları ilə təsbit edilmiş məhkəmə təminatı hüququnun açıq-aşkar pozulmasına dəlalət edir və bu səbəbdən həmin qərardad ləğv edilməlidir. Şikayətin 7-ci bəndində sadalanan dəlillərdən də göründüyü kimi, məhkəmə, İnzibati Prosessual Məcəllənin 35.1-cimaddəsinə istinadən iddianınmümkün olmaması nəticəsinə gəlsə də, iş üçünmühüməhəmiyyət kəsb edən bütün faktiki hallarıaydınlaşdırmamış, qanuni qüvvədə olan məhkəmə hökmü, həmçinin həmin cinayət işinin icraatı zamanı Cavabdeh vergi orqanının hazırkı iş üzrə iddiaçıya qarşı vergi öhdəliklərinin yerinə yetirilmədiyinə istinadən mülki iddia qaldırması və həmin mülki iddianın təmin olunması və iddiaçının əmlakları hesabın tələb yönəldilməsi kimi faktiki halları aydınlaşdırmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli 1(101)-61/2018 saylı hökmü ilə İddiaçı2- “Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi halda; - “Lakin vergi öhdəlikləri vergi ödəyiciləri tərəfindən ödənilmiş məbləğlər və vergi ödəyicilərinin həmin dövrdə mövcud olan artıq ödəmələri hesabına yerinə yetirildiyindən” CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edildiyi halda; - Eyni zamanda Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddianın təmin edilərək, Seyidova Ülviyyə Akif qızından və X6 müştərək qaydada 4.869.054,46 manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edildiyi halda; - yəni, onunla vergi orqanı arasında münasibətlərin mövcudluğu artıq mübahisə mövzusu olmadığı halda məhkəmənin iddiaçı ilə “vergi orqanı arasında hər hansı publik münasibətlərin olmadığı” nəticəsinə gəlməsi tamamilə əsassız olmuşdur. Başqa sözlə desək, məhkəmənin qənaətinə görə, İddiaçı2 “vergiləri ödəməkdən yayınmağa görə” “vergi ödəyicisi” statusu verilməklə təqsirli bilinməsi və vergi orqanının mülki iddiasına cavab verməli şəxs kimi üzərinə “dövlət büdcəsinə ödənilməli olan vergi” məbləğində vergi məbləğləri ödəmək öhdəliyinin qoyulması yalnız həmin cinayət işi ilə bağlı olmaqla “müvəqqəti xarakter” daşımışdır, lakin sonradan həmin məbləğlərin qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi tələbini irəli sürdükdə isə, “vergi orqanı ilə hər hansı publik münasibətləri olmayan şəxs” statusuna qayıtmışdır. Göründüyü kimi, məhkəmənin həmin dəlili işin həqiqi hallarına uyğun deyil və bu səbəbdən də iddiaçının həmin iddianı qaldırmaqda “subyektiv hüququnun olmadığına” istinadən iddianın mümkün sayılmamasına dair qəbul etdiyi qərardad da əsasız və qanunsuz olmuşdur. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxslərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin və apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İs materiallarından müəyyən olunur ki, Seyidova Ülviyyə Akif qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli 1(101)-61/2018 saylı hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci, 193-1.3.2-ci, 313-cü və 213.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddia təmin edilmiş, cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 1.759.500 manat dəyərində olan Seyidova Ülviyyə Akif qızının adına "xxxx" MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X23” kompleksində 615B saylı mənzil; 63.000 manat dəyərində olan Seyidova Ülviyyə Akif qızının adına "xxxx" MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X23” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan Seyidova Ülviyyə Akif qızının adına "xxxx" MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X23” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X9 adına “X23” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X9 adına “X23” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı1 adına “X23” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; 1.081.000 manat dəyərində X12 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; 3.212.600 manat dəyərində olan X9 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 1709 saylı bağın 0,04ha hissəsi; 626.400 manat dəyərində olan X1 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 58 №-li evin, 9 nömrəli mənzili; 515.200 manat dəyərində olan Seyidova Ülviyyə Akif qızının adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 60 saylı evin 9 saylı mənzil; 47.169 manat dəyərində olan Seyidova Ülviyyə Akif qızının adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X27” markalı avtomaşın; 50.313,60 manat dəyərində olan Seyidov X10 adına qeydiyyata alınmış AZ10- XG050 dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşın; 134.169,60 manat dəyərində olan Seyidov X10 adına qeydiyyata alınmış AZ**-FE-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X29” markalı avtomaşın; 48.217,20 manat dəyərində olan X1 adına qeydiyyata alınmış AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Range Rover EVoque” markalı avtomaşın barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin daşınar və daşınmaz əmlakların xüsusi hərrac vasitəsilə satılması, əmlakların satışından əldə olunan pul vəsaitinin Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, cinayət işi üzrə X3 "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manatın və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın yaşadığı mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl zinət əşyalarının, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat, eləcə də Rəhim Hacıyevin istintaq zamanı ödədiyi 104.600 manat pulun Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş X9 adına “X23” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X9 adına “X23” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı1 adına “X23” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillərin xüsusi hərrac vasitəsilə satılması, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manatın cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin isə “X23” kompleksinin mülkiyyətçisinə ödənilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 iyul 2018-ci il tarixli 1(103)- 708/2018 saylı qərarı ilə maraqlı şəxslər X1, X12, İddiaçı1, eləcə də X9 hüquqi varislərinin (İddiaçı1, X14 və Seyidova Ülviyyə Akif qızının) nümayəndəsinin apelyasiya şikayətlərinin baxılmasına xitam verilmiş, apelyasiya protesti, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apelyasiya şikayətləri təmin olunmamış; Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 haqqındakı 14 mart 2018-ci il tarixli hökmünün dövlət ittihamçısının apelyasiya protestinə, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(102)-1087/2019 saylı qərarı ilə məhkum Seyidova Ülviyyə Akif qızı barəsində Bakı Apelyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, zərərçəkmiş şəxslər "xxxx" şirkəti, “AMEK X24.Limited” şirkəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli 1(102)-300/2020 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü əsasında Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Seyidova Ülviyyə Akif qızının barəsindəki Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarından məhkum Ülviyyə Seyidovanın müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar məhkəmə hökmünün qəbul edilməsindən 5 il müddətin ötməsini nəzərə alaraq Vergi Məcəlləsinin 93-cü maddəsinin tələbinə görə dövlət büdcəsinə yaranmış vergi borcunun ümidsiz borc kimi silinməsini tələb edirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırda ümidsiz borc kimi silinməsi tələb edilən vergi borcu, 1(101)-61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) mülki iddiasının məbləğini təşkil edən vergi borcudur və həmin hökmün icrası qaydasında borcun icrasının təmin edilməsi üçün müsadirə olunmuş əmlaklara yönəldilməsi Nəsimi rayon İcra və Probasiya şöbəsində baxılır. Hazırkı iddiaçılar ilə cavabdeh vergi orqanı arasında hər hansı publik münasibətlər yoxdur. Cavabdeh istinad edilən vergi borcunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Böyük Britaniyanın "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialın şəxsi hesab vərəqəsində əks olunduğunu bildirir. Belə olan halda, vergi borcunun ümidsiz borc kimi silinməsinə dair iddianı da həmin vergi ödəyiciləri vermək hüququna malikdirlər.” Bu səbəbdən işə baxan birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın qeyri-mümkün sayılması” barədə nəticəyə gələrkən apardığı araşdırmaları natamam hesab edir və iddianın mümkünlük məsələsi yoxlanılarkən aşağıda qeyd olunan məsələlərin də yoxlanılmasının vacibliyini bildirir. İş materiallarından görünür ki, hazırda İddiaçı2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi “1(101)- 61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) mülki iddiasının məbləğini təşkil edən borclarının ümidsiz borc kimi silinməsi” barədədir. İddia ərizəsindən görünür ki, iddiaçı tələbində ümidsiz borc kimi silinməsini istədiyi vergi borclarının konkret məbləğini göstərməmiş, onu sadəcə 1(101)-61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının məbləği olaraq qeyd etmişdir. İş üzrə müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2018 saylı 14 mart 2018-ci il tarixli hökmündə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddia təmin edilərkən İddiaçı2 və X6 4.869.054,46 manatın müştərək qaydada alınarak dövlət büdcəsinə ödənilməsi, mülki iddianın təmini üçün üzərinə həbs qoyulmuş, həmçinin müsadirə olunmuş əmlakların hərracda satılması və s. qərara alınsa da, həmin məhkəmə hökmünün icrası ilə bağlı İddiaçı2 tərəfindən borcun bir hisəsi ödənilmişdir. Bu fakt iş materialları və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla da təsdiq olunur. Ona görə də hazırki iddia üzrə iddiaçılara ümidsiz borc kimi silinməsi tələb olunan borcun məbləğini dəqiqləşdirmək təklif olunmalı idi. Bu istiqamətdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara hüquqi yardım göstərilməmiş, iddianın dəqiqləşdirilməsi onlara təklif edilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşin apellyasiya baxışı zamanı cavabdeh qurumun nümayəndəsi İddiaçı2 tərəfindən yuxarıda adı çəkilən məhkəmə hökmü ilə dövlət büdcəsinə ödənilməsi qət edilən 4.869.054,46 manatın bir hissəsinin artıq həmin şəxs tərəfindən ödənildiyini və hazırki vəziyyətdə dövlət büdcəsinə alınmalı məbləğin 3.482.789,75 manat təşkil etdiyini bildirmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdi ki, Böyük Britaniyanın "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və "xxxx" MMC-nin 2013-cü ilin sonunadək olan dövrdə yaranmış vergi öhdəlikləri vergi ödəyiciləri tərəfindən ödənilmiş məbləğlər və vergi ödəyicilərinin həmin dövrdə mövcud olan artıq ödəmələri hesabına yerinə yetirilmişdir. Məhkəmə kollegiyasının sorğularına əsasən cavabdeh qurum tərəfindən təqdim olunmuş sənədlərdən aydın olmuşdu ki, xx.xx.2014-xx.xx.2015-ci il dövrü üçün "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında səyyar vergi yoxlaması aparılmış və həmin yoxlamanın nəticələrinə dair **********876678 nömrəli xx.xx.2015-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Qeyd olunan aktla bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********900274 nömrəli xx.xx.2015-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 3.798.565,34 manat vergi, əlavə hesablanmış gəlir vergisinin büdcəyə ödənişinin gecikdirilməsinə görə 299.226,79 manat faiz və 310.299,75 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Qərarın “Digər qeydlər” hissəsində göstərilmişdi ki, Vergi Məcəlləsinin 36.3, 56.1 və 85.4-cü maddələrinin tələbləri nəzərə alınaraq səyyar vergi yoxlaması ilə əhatə edilmiş son 3 təqvim ilindən çox olmayan fəaliyyət dövrünə aid olan və əlavə hesablanmış 3.798.565,33 manat verginin (3.177.965,86 manat gəlir vergisi və 620.599,47 manat ödəmə mənbəyində tutulan vergi), əlavə hesablanmış gəlir vergisinin büdcəyə ödənişinin gecikdirilməsinə görə 299.226,79 manat faizin (libor+4%) və qeyri-karbohidrogen fəaliyyəti üzrə ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə tətbiq olunmuş 310.299,75 manat məbləğində maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi təmin edilsin. Bundan əlavə, xx.xx.2014-xx.xx.2015-ci il dövr üçün “X20 PTE.Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında səyyar vergi yoxlaması aparılmış və həmin yoxlamanın nəticələrinə dair **********853428 nömrəli xx.xx.2015-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Qeyd olunan aktla bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********899798 nömrəli xx.xx.2015-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən “X20 PTE.Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 1.516.463,95 manat vergi, əlavə heasblanmış gəlir vergisinin büdcəyə ödənişinin gecikdirilməsinə görə 436.770,20 manat faiz və 178.275,03 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Qərarın “Digər qeydlər” hissəsində göstərilmişdi ki, Vergi Məcəlləsinin 36.3, 56.1 və 85.4cü maddələrinin tələbləri nəzərə alınaraq səyyar vergi yoxlaması ilə əhatə edilmiş son 3 təqvim ilindən çox olmayan fəaliyyət dövrünə aid olan və əlavə hesablanmış 1.516.463,95 manat verginin (1.160.073,90 manat gəlir vergisi və 356.390,05 manat ödəmə mənbəyində tutulan vergi), əlavə hesablanmış gəlir vergisinin büdcəyə ödənişinin gecikdirilməsinə görə 436.770,20 manat faizin (libor+4%) və qeyri-karbohidrogen fəaliyyəti üzrə ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə tətbiq olunmuş 178.195,03 manat məbləğində maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi təmin edilsin. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsində “məhkəmə hökmü ilə təmin edilmişdir” qarşısında 3.482.789,75 manat vergi borcu qeyd olunmuşdur. Bununla da vergi orqanı İddiaçı2 yuxarıda adı çəkilən məhkəmə hökmü ilə dövlət büdcəsinə müştərək qaydada ödənilməsi qət edilən 4.869.054,46 manat vergi borcunu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vergi öhdəliyi kimi qeyd etmişdir. Belə olan halda işə birinci instansiya qaydasında baxan məhkəmə İddiaçı2 yuxarıda adı çəkilən məhkəmə hökmü ilə dövlət büdcəsinə müştərək qaydada ödənilməsi qət edilən 4.869.054,46 manat vergi borcundan hazırki vəziyyətə 3.482.789,75 manat borcu qaldığı halda həmin borcun nəyə görə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesab vərəqəsində də qeyd olunmasının əsaslarını, bu vergi borcunun hansı tədiyyələr üzrə yarandığını araşdırmamışdır. Həmçinin məhkəmə dövlət büdcəsinə ödənilməmiş qalan 3.482.789,75 manat vergi borcunun "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********900274 nömrəli xx.xx.2015-ci il tarixli qərarının nəticə hissəsində qeyd olunan 3.798.565,33 manat vergi (3.177.965,86 manat gəlir vergisi və 620.599,47 manat ödəmə mənbəyində tutulan vergi) ilə əlaqədar olub-olmadığı məsələsini də araşdırmamışdır. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 vergi ödəyicisi olmadığı halda məlum məhkəmə hökmü ilə üzərinə qoyulmuş dövlət büdcəsinə alınmalı olan 4.869.054,46 manat vergi borcunun bir hissəsi tərəfindən ödənildiyi üçün yerdə qalan 3.482.789,75 manat borc həm iddiaçıdan tələb olunur, həm də "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesab vərəqəsində qeyd olunmuşdur. Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda İddiaçı2 3.482.789,75 manat vergi borcunun Vergi Məcəlləsinin 93-cü maddəsinin tələbinə görə ümidsiz borc kimi silinməsini tələb etməkdə subyektiv hüquqa malik deyildir. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: ....... 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Göründüyü kimi, vergi qanunvericiliyinin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə həmin borcun ümidsiz borc kimi məhz vergi orqanları tərəfindən silinməsi imperativ qaydada göstərilmişdir. Yəni, belə borcların ümidsiz borc kimi silinməsi ilə bağlı vergi orqanı özü icraat aparmalıdır. Hazırki işdən isə görünür ki, adı çəkilən məhkəmə hökmünün qüvvəyə minməsindən 5 ildən çox müddət keçməsinə baxmayaraq vergi orqanı həmin hökmlə müəyyən edilmiş vergi borcunun ümidsiz borc olaraq silinməsi istiqamətində nə inzibati icraat başlamış, nə də hər hansı hərəkətlər etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalı və işə təkrar baxılarkən məhkəmə bu iş üzrə yuxarı instansiya məhkəməsinin aktında olan hüquqi mövqeyə uyğun araşdırma apararaq iddianın mümkünlük məsələlərini hərtərəfli araşdırmalı və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin e-2-1(112)-2358/2025 saylı 03 aprel 2025-ci il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2358/2025 saylı 03 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X19 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2457/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2457/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver