Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2458/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması,iddiaçının şəxsi hesab vərəqəsinə düzəliş edilərək artıq ödəmənin bərpa olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2904/2021 saylı, 06 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMM cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının şəxsi hesab vərəqəsinə düzəliş edilərək artıq ödəmənin bərpa olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 30 sentyabr 2020-ci il tarixli **********11870 nömrəli bildirişə əsasən İddiaçı MMM-in şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 254.996,0 manat məbləğində artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. Qurum Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qanunsuz və əsassız hərəkətləri ilə aşağıda qeyd edilən xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qeyd olunan artıq ödəmə məbləği şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməklə, vergilər üzrə vərəqə hissəsində bərpa olunmalıdır. Belə ki, cavabdeh AR Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrini tətbiq edərək, şəxsi hesab vərəqəsində müəyyən edilmiş artıq ödəmə məbləğini qanunsuz və əsassız olaraq, “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirmişdir. Halbuki vergi qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmamışdır. Vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malik olması, həmin müddət bitdikdən sonra artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi ilə nəticələnməməlidir. Məcəllədə konkret olaraq vergi ödəyicisinin artıq ödəməni tələb etmək hüququ üçün müddət müəyyən edilsə də, qanunvericilik həmin artıq ödəmənin silinməsini müəyyən etməmişdir. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının vergiləri yalnız bu Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi həmin Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bununla əlaqədar iddiaçı cavabdeh vergi orqanına müraciət edərək, artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilməsinin səbəblərinin və əsaslarının izah edilməsini xahiş etmişdir. Lakin cavabdeh **********621700 nömrəli məktubu ilə müraciətə cavab verərək bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Araşdırma zamanı, şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 254.996 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir”. Göründüyü kimi, iddiaçı müraciətində vergi orqanından konkret olaraq, artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilməsinin səbəblərinin və əsaslarının izah edilməsini xahiş etmişdir, vergi orqanı isə həmin səbəbləri və əsasları ona təqdim etmək əvəzinə, bildirişdə göstərdiyi kimi Vergi Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasını məktuba köçürərək, guya ki, quruma cavab vermişdir. Dövlət büdcəsinə qabaqcadan ödənilmiş vergilərin sonradan hesablanmış vergilərdən artıq olması həmin məbləğin artıq ödəmə kimi müəyyən edilməsi üçün əsasdır. Həmin artıq ödəmə məbləğləri isə yalnız Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən qaytarıla və ya əvəzləşdirilə bilər. Artıq ödəmə məbləğinin silinməsi ilə bağlı hər hansı qanunvericilik normasının mövcud olmadığı halda, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsaslanaraq, artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi qanunsuz və əsassızdır. Halbuki, iddiaçı «İnzibati icraat haqqında» AR Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququnun olduğunu bildirmişdir. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2904/2021 saylı, 06 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz hesab edilmiş, İddiaçı MMM-in şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə düzəliş edilərək 254.996 manat məbləğində artıq ödəmənin şəxsi hesab vərəqəsində bərpa olunması və şəxsi hesab vərəqəsində yaranmış 254.996 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsnin 2-1(112)-2904/2021 saylı, 06 may 2021-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə" qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri dəqiq göstərilməlidir. Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara qanunvericiliklə müəyyən edilmiş formada ərizə ilə müraciət edilməlidir. Sözügedən vergi ödəyicisi tərəfindən 254.996,0 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsinə dair müraciət vergi orqanına edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara qanunvericiliklə müəyyən edilmiş formada ərizə ilə müraciət edilməlidir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Qeyd edilənlərə əsasən vergi ödəyicisi tərəfindən edilməli olan hərəkətlər qanunvericiliyin tələblərindən irəli gəlir. Bunlarla yanaşı qeyd edirlər ki, qeyri-rezidentlər üzrə müqavilələr və ödənişlərin təyinatları ətraflı araşdırmaya zərurət yaratdığı üçün və bəyannamələrdə olan uyğunsuzluqlar nəzərə alımraq, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergi ödəyicisinin fəaliyyətinin yoxlanılması üçün Baş İdarənin 10.03.2021-ci il tarixli **********145284 nömrəli qərarı ilə səyyar vergi yoxlanılması təyin edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və ona uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsnin 2-1(112)-2904/2021 saylı, 06 may 2021-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə Kollegiyasi hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. AR Verği Məcəlləsinin 87.2-ci maddəsinə əsasən vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından və bu Məcəllənin 179-cu maddəsindən asılı olmayaraq, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır. AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2.4-cü bəndinə əsasən vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydaların 5.3-cü bəndinə görə maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazı və iddiaçının şəxsi hesab vərəqəsinin surətindən məlum olur ki, vergi ödəyicisi olan hazırkı İddiaçı MMM-in 254.996 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcud olmuş, lakin formal əsaslarla həmin artıq ödəmələr cavabdeh orqan tərəfindən silinmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçının müvafiq məbləğdə artıq ödəməsinin olması cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübutla təkzib olunmur. Bundan başqa, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın iş üzrə icraatın səyyar vergi yoxlaması başa çatanadək dayandırılması barədə vəsatətlə çıxış etməsi (vəsatət təmin edilməmişdir) də öz növbəsində dolayısı ilə müvafiq artıq ödəmənin möcudluğunun inkar olunmasına dəlalət edir. Məhkəmə kollegiyası vergi orqanının apellyasiya şikayətinin iddiaçı tərəfindən artıq ödəmənin qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş formada ərizə ilə müraciətin olmaması barədə dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMM-nin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəsinə Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin verdiyi 19.11.2020ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə idarədə baxılmış və bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaları məbləğinin vergi ödəyicisinə qaytarılması AR Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət eməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi(VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən, vergi ödəyicisi, (ödənişi həyata keçirən şəxs) tərəfinfən Qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət edildikdən sonra artıq ödəmənin qaytarılması məsələsinə baxıla bilər. İş materiallarından göründüyü kimi iddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəsində vergi ödəyicisi haqqında olan bütün məlumatları (adı, VÖEN-ni, bankın adını, hesab nömrəsini, artıq ödəmənin məbləğini, yaranma tarixini, səbəblərini və s. ) göstərsə də, vergi orqanının cavab məktublarında Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən MMC-nin fəaliyyətinin yoxlanılması ilə bağlı növbədənkənar səyyar vergi yoxlamasının aparıldığını əsas kimi göstərərək “aparılan yoxlamanının bitməsindən sonra nəticəsindən asılı olaraq təkrar müraciət edəcəyiniz halda bu məsələyə baxıla bilər” bildirilməklə imtina olunmuşdur. Göründüyü kimi vergi ödəyicisinin artıq ödəmənin geri qaytarılması barədə 19 noyabr 2020-ci il tarixli ərizəsi qanunvericilikdə göstərilən bütün tələblərə uyğun olaraq tərtib olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsi və Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında artıq ödəmənin geri qaytarılmasının mümkün hesab edilmədiyi hallar arasında səyyar vergi yoxlamasının keçirilməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir, yəni, müəssisədə səyyar vergi yoxlamasının keçirilməsi yaranmış artıq ödəmənin geri qaytarılması üçün hər hansı bir maneə törətmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, qərarın qanunsuzluğunun nədən ibarət olmasını apellyasiya şikayətində əsaslandıra bilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2904/2021 saylı, 06 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2458/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2458/2021
25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver