Məhkəmə qərarları › İş №2-1(103)-2459/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2459/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2459/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “qərar və protokolların məhkəmə müstəvisində həll olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-7135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək barəsində tərtib edilmiş qərar və ptokolların məhkəmə müstəvisində həll olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdaklarla əsaslandırmışdır: «…Ona məxsus olan nəqliyyat vasitəsi Mersedes benz 230 markalı 01BP196 dövlət qeydiyyat nişanlı avtomobili güya idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə barəsində inzibati tənbeh vermə haqqında aşağıdakı elektron qərarlar çıxarılmışdır: «EQ14406239 10/05/23, EQ ******* 31/10/21, EQ11735747 14/10/22, EQ11738292 14/10/22, EQ13297686 27/02/23, EQ5521119 02/02/21, EQ5521117 02/02/21, EQ6820771 21/06/21, EQ6820875 21/06/21, EQ12052989 06/11/22, EQ12042778 06/11/22, EQ13584600 20/03/23, EQ9879763 16/05/22, EQ8175779 31/10/21, EQ14056080 19/04/23» Hesab edir ki, faktiki olaraq tərtib edilən elektron qərarlar əsassız və qanunsuzdur. İddiaçının sürücülük vəsiqəsinin etibarlı olma müddəti xx/xx/2020 ci il tarixdə bitmişdir və hazırda hər hansı bir nəqliyyat vasitəsi idarə etmir. Yuxarda adı çəkilən nəqliyyat vasitəsi nasaz və hərəkətsizdir. Bununla bağlı dəfələrlə DİN-ə, BDYPİsinə müraciət etsə də, qərarların iddiaçıya təqdim olunmasından imtina edilmişd…» Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda sonuncuya bildirilmişdir ki, «MERCEDES BENZ 230» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə iddiaçı barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlardan narazılığı ilə bağlı - müraciət üzrə onun iştirakı ilə araşdırma aparılması məqsədilə ona münasib vaxtda həftənin bazar günü istisna olmaqla saat 09:00-dan 19:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında qəbula dəvət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbinə uyğun verilmişdir, məhkəmə icraatı mümükündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: «…Birinci inistansiya məhkəməsi məhkəmə prosesində tərəflərin iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata gecirilməsi qaydaların pozmaqla işin halları İPM-nə uyğun olaraq aparılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, məhkəmə iş üçün əhəmiyyət kəsb edən faktiki halları tam olmamaqla obyektiv araşdırma aparmadan, o, cümlədən iş materialları İXM-nə aid olmasına istinad edərək yekun nəticəyə gəlməklə kifayətlənmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat vermiş, eyni zamanda məhkəmənin verdiyi sualları cavablandırarkən bildirmişdir ki, o, cavabdehin protokollarından və qərarlarından Abşeron rayon məhkəməsinə şikayət vermiş, lakin həmin məhkəmə tərəfindən şikayət geri qaytarılmış, bundan sonra o, inzibati məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia - subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə, o cümlədən, inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olaraq, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və qanunla qorunan hüquq və azadlıqlarının pozulması formal baxımdan (müvafiq sübutları əlavə edilməklə) əsaslandırmalıdır ki, izibati məhkəmə icraatı mümkün olsun. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən qaldırılan iddianın mahiyyətindən göründüyü kimi, iddiaçı özünə məxsus Mersedes-Benz 230 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən cavabdeh polis orqanı tərəfindən yol hərəkəti qaydalarının pozuntusu qeydə alınaraq, barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq qəbul olunmuş elektron qərarlar əsasında inzibati tənbeh tətbiq olunmaqla məsuliyyətə cəlb olunmuşdur. Digər tərəfdən məhkəmə tərəfindən hazırkı mərhələdə əldə olunmuş məhkəmə aktlarından, o cümlədən Abşeron Rayon Məhkəməsinin 3(012)-524 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı tərəfindən cavabdeh orqanın sözügəedən qeyd olunan inzibati tənbehvermə haqqında qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi, həmin qərardadla qərarlardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmışdır (İddiaçının hazırıkı məhkəmə iclasında verdiyi izahatından müəyyən olunmuşdur ki, həmin qərardaddan apellyasiya şikayəti verməmişdir.) Göründüyü kimi, burada iddiaçı İPM-in 8.2.2-ci maddəsi ilə müəyyən olunan aidiyyət qaydalarını da pozmaqla, konkret halda da məhz, barəsində inzibati xətalara dair icraatı həyata keçirən cavabdeh polis orqanı tərəfinən tərtib olunmuş protokolların və qərarların Bakı İnzibati Məhkəməsində inzibati məhkəmə icraat müsətəvisində həll edilməsini tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2.2-ci maddəsinin imperativ tələbinə görə bu qanunun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinin tələbi isə onu ehtiva edir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Beləliklə də, prosessual qanunvericiliyin tələbləri baxımından, iddiaçının cavabdeh polis orqanına qarşı hazırkı iddia tələbinin başqa aidiyyət qaydası müəyyən edildiyinə görə İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilməsi mümkün deyildir. Belə olan halda, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən İPMin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir . Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması maddi və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə qanunsuz və əsassız qərardad çıxarıldığını mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçıya izah edilir ki, onun tərəfindən qaldırılan məsələnin həlli inzibati məhkəmənin deyil, ümumi məhkəmələrin yurisdiksiyasına aid məsələnin predmetini təşkil etdiyinə görə, ümumi qaydada həmin məhkəmə instansiyalarına müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7135/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar