Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-246/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroruna qarşı “cavabdehin hərəkətsizliyindən müdafiə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroruna qarşı “cavabdehin hərəkətsizliyindən müdafiə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4909/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroruna qarşı əmlaka görə cavabdehin hərəkətsizliyindən müdafiə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin maliyyə fırıldaqlıqlarının edilməsinə dair məlumatlandırılmasına baxmayaraq cavabdehin hərəkətsizliyinin qanunazidd əməl hesab edilərək hüquqlarının müdafiə olunması və cavabdehin hərəkətsizliyinə son qoyulması məcburetmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, Bakı şəhərində Ağşəhər layihəsinin həyata keçirilməsi zamanı xx.xx.2017-ci il tarixdə onun mülkiyyətində olan obyektin, yaşayış evinin və qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədar “xxxx” ASC-nin 5 saylı şöbəsi tərəfindən 302702.50 manat pul vəsaitinin kompensasiya şəklində ona ödənilməsi üçün Xətai rayoni İcra Hakimiyyəti hesabına köçürmüşdür. Belə ki, həmin vəsaitin böyük bir hissəsi, yəni 302000 manatın ¾ hissəsi söküntünün ünvanında heç bir mülkiyyət sahibi olmayan, yaşamayan onun tanımadığı S.Məmmədov adlı şəxsə guya ödənilmiş, ona isə həmin məbləğin cuzi hissəsi 770837 manat ödənilməsi nəzərdə tutulmuşdur. Lakin həmin məbləğin də 20000 manatı Xətai rayon İcra hakimiyyəti tərəfindən ona verilmişdir. Cinayətin ört-bastır edilməsi üçün prokuror, polis və hakimlər yalan danışmış, pulu ona zorakılıqla, ağır təhqirlərlə vermişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4909/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4909/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, qərardad qəbul edilərkən məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Araşdırma aparılsa idi, Xətai rayon İcra Hakimiyyəti tərəfindən onun hüquq və azadlığının kobud şəkildə pozulması və hüquq mühafizə orqanlarının qanunsuzluqları aşkar edilərdi. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən daxil olmuş məktubda məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətinə etirazlarda qeyd edilmişdi ki, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinin ölçüsünə uyğun olaraq “Ağ şəhər” layihəsində mənzillə təmin olunmağına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-1(82)-4290/2017 saylı qərardadı ilə onun “mənzillə təmin olunma tələbinə dair” iddiası mümkün sayılmamışdır. Həmçinin, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2- 1(103)-2644/2017 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-1(82)- 4290/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2-1(102)- 2478/2017 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Eləcə də, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti tərəfindən dağıdılmış əmlakın əvəzi olaraq 240.000 manat ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)- 1773/2018 saylı qərarı ilə İddiaçı iddiası təmin edilməmiş, həmin qərardaddan İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti də Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2457/2018 saylı qərarı ilə təmin edilməmişdir. Göstərilənlərlə bağlı Bakı şəhər Xətai rayon Prokurorluğu iddiaçıya verdiyi şikayətin mülki xarakter daşıdığını bildirməklə məhkəməyə şikayət etmək hüququnun olması barədə yazılı izahat vermişdir. Həmçinin İddiaçı Baş Prokurorluğuna daxil olmuş “Ağ şəhər” layihəsinin inşası ilə əlaqədar olaraq ona məxsus qeyri-yaşayış sahəsinin və fərdi yaşayış evinin sökülməsi, bunun qarşılığında kifayət qədər kompensasiya ala bilməməsi barədə çoxsaylı şikayət ərizələrinə baxılmış, ona Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununda nəzərdə tutulmuş qaydada və müddətlərdə, onun tərəfindən verilmiş şikayətlərin mülki xarakter daşıdığı bildirilməklə məhkəməyə müraciət etmək hüququnun olması barədə yazılı izahlar verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə iddiaçı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsini və ona son qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəflər arasında inzibati hüquqi münasibətdən irəli gələn mübahisənin olmamasına və iddiaçının iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməməsinə əsaslanaraq iddianı mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokuroruna qarşı tələbi “cavabdehin hərəkətsizliyinin qanunazidd əməl hesab edilərək hüquqlarının müdafiə olunması və cavabdehin hərəkətsizliyinə son qoyulmasına məcburetmə barədə qərar qəbul edilməsi” barədə olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qeyri-mümkün sayarkən əvvəla cavabdehin adının “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmədiyinə istinad etmişdir. Bu barədə qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatında cavabdeh qismində təkcə adı çəkilən Təsnifatda göstərilən inzibati orqanlar deyil, o cümlədən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də çıxış edə bilərlər. Odur ki, hazırki işdə cavabdeh qismində göstərilən şəxsin təkcə cinayət təqibi üzrə icraatda tərəf deyil, həmçinin inzibati məhkəmə icraatında subyekt ola bildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin cavabdehin iştirakı ilə inzibati məhkəmə icraatı iddianın predmetindən və iddianın mümkün sayılması üçün əsas olan hallarla bağlı şərtlərin ödənildiyi təqdirdə mümkündür. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının tələbindən görünür ki, o, cavabdehin qanunsuz hərəkətsizliyindən şikayətlənir. İşə birinci instansiya və apellyasiya instansiyası qaydasında baxılarkən cavabdeh tərəfin məhkəməyə ünvanladığı iddiaya və apellyasiyaya etiraz məktublarında qeyd olunmuşdu ki, İddiaçı onun şikayətinin mülki xarakter daşıdığı bildirilməklə məhkəməyə şikayət etmək hüququnun olması barədə yazılı izahlar verilmişdir. Bu fakt apellyasiya baxışı zamanı təqdim olunmuş (apellyasiyaya etiraza qoşulmuş) İddiaçı ünvanlanmış 04/15002 saylı xx.xx.2020-ci il, 04/15002 saylı xx.xx.2020-ci il və 04/15002 saylı xx.xx.2020-ci il tarixli məktublarla da öz təsdiqini tapır. Həmçinin qeyd olunmalıdır ki, hazırki işdə İddiaçı cavabdehin müvafiq məsələ ilə bağlı məlumatlandırılmasına baxmayaraq hərəkətsizlik göstərdiyini iddia etsə də, məhz hansı tarixdə ünvanladığı hansı məzmunlu müraciətinə cavabın verilmədiyini və nəticədə cavabdehin hərəkətsizliyə yol verildiyini konkret olaraq göstərməmişdir. Bununla da iddiaçı cavabdehin hərəkətsizliyini sübuta yetirə bilmədiyindən həmin hərəkətsizlik nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu da əsaslandıra bilməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadında göstərilən əsaslandırma düzgün olmasa da, nəticə etibarilə iddianı qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4909/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4909/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-246/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-246/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver