Məhkəmə qərarları › İş №2-1(103)-246/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-246/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-246/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2695/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23-26 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 25914-ci məhəllədə inşa edilmiş fərdi evləri massivinin yanında daş hasara alınmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 7-2263/17 saylı məktubuna istinad edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi ona X1 üzvü olduğu üçün verilmişdir. İddiaçı adı çəkilən ərazini özəlləşdirmək istəyir. Həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Məktubda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş və digər fiziki şəxsin mülkiyyətindədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2695/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsini iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə X4 mülkiyyətində olması, Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının xx.xx.2001-ci il tarixindən sonra verilməsi məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********15 saylı cavab ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2695/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermiş və şikayətdə iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə 3-cü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsini iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtina əsası elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə X4 mülkiyyətində olması və Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının xx.xx.2001-ci il tarixindən sonra verilməsi ilə bağlıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin birinci imtina əsası məhkəmə araşdırması zamanı aradan qalxmışdır. Belə ki, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 600 kvm sahəyə deyil, 540 kvm torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin ikinci imtinasını isə əsaslı hesab etmişdir. Belə ki, torpağa mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Qanunun keçid müddəaları adlanan 25-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Qeyd edilən qanunvericiliyin müddəalarından aydın olur ki, yerli icra hakimiyyətlərinin xx.xx.2001-ci ildən sonra vətəndaşlara torpaq sahəsi ayrılması ilə bağlı səlahiyyətləri olmamışdır. Bununla da aydın olur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı 29 avqust 2002-ci il tarixində vətəndaşa torpaq sahəsi ayırmaq səlahiyyətində olmamışdır. Bundan əlavə iddiaçı Nizami Rayon İcra Hakimiyyət başçısının Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına və məktubuna istinad edərək ona torpaq sahəsi ayrıldığını iddia edir. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 mart 1999-cu il sərəncamında Azərbaycan Respublikası Əfqanıstan X5 rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0,5 ha, Sabunçu rayonu, Şərifli küçəsindəki 2954-57-ci məhəllənin şimalında 0,8 ha torpaq sahələrinin ayrıldığı qeyd edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi isə Nizami rayonu, Şərifli küçəsindəki 2591-cü məhəllədə yerləşir, hansı ki, Nizami Rayon İcra Hakimiyyəti onun barəsində sərəncam verən zamanı BŞİH başçısının xx.xx.2002-ci il tarixli məktubuna istinad etmişdir. Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı münasibətdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada dair heç bir hüquqmüəyyənedici sənəd nə inzibati icraatda, nə də inzibati məhkəmə icraatında təqdim olunmamışdır. Odur ki, məhkəmənin mövqeyinə görə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin birinci imtina əsası ilə bağlı gəldiyi mövqe ilə razılaşsa da ikinci imtina əsası ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan 31 aprel 2002-ci il tarixli № 0847 saylı Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqı vəsiqəsindən görünür ki, bu vəsiqə X2 verilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 16 mart 1999-cu il tarixli 213 saylı “Torpaq sahəsinin alınması haqqında” sərəncamından görünür ki, Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 1998-ci il tarixli, 03/974 №-li məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0.5 ha, Sabunçu rayonu, Şərifli küçəsindəki 2954-57-ci məhəllənin şimalında 0.8 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli № 7-2283/17 saylı məktubundan görünür ki, X1 İdarə Heyəti Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nizami və Sabunçu rayonlarının həmsərhəd ərazilərində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 213 saylı sərəncamına əsasən inşa edilmiş tikililərin sənədləşdirilməsini xahiş etmişdir. Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmış torpaq sahələrinin mövcud fərdi yaşayış evləri massivinin yanında və 8-ci km qəsəbəsinin baş planına əsasən çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazidə yerləşdiyi nəzərə alınaraq, qeyd olunan sərəncama əlavə olaraq X1 üzvləri, veteran və müharibə əlillərinin adına rəsmiləşdirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti etiraz etməmiş və bu məsələnin rəsmiləşdirilməsi rayon icra hakimiyyətinə tapşırılmışdır. İş materiallarında olan Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli № 373 saylı sərəncamından görünür ki, BŞİH-nin Başçısının xx.xx.2002-ci il tarixli 7-2283/17 saylı məktubuna istinad edilərək, “Şərifli küçəsindəki fərdi yaşayış evləri massivinin yanında 2591-ci məhəllədə BŞİH tərəfindən ayrılmış ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə 600 kvm yer Çobanzadə 74, mənzil 52-də yaşayan İddiaçı adına rəsmiləşdirilmiş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli **********15 saylı məktubda qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə digər fiziki şəxsin mülkiyyətində olması, Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının xx.xx.2001-ci il tarixindən sonra verilməsi səbəbindən xx.xx.2016-cı il tarixli ərizəyə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən, etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatıq dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini iddiaçının adına müvafiq sərəncamın xx.xx.2001-ci il tarixindən sonra verilməsi ilə əsaslandırır. Lakin məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi, «Torpaq sahəsinin ayrılması haqqında» Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 213 saylı sərəncamı və «Şərifli küçəsindəki 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi haqqında» Nizami RİHB-nın 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. İnzibati orqan isə, qeyd olunan torpaq sahəsinin xx.xx.2001-ci il tarixdən əvvəlki müddətdə, yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 213 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmasını nəzərə almamışdır. Bundan başqa məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş oxşar iş üzrə **********94 nömrə ilə dövlət reyestrində qeydiyyatına alınması əsas olmuş sənədlər nəzərdən keçirilərkən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2986/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarından müəyyən edilmişdir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi tələbinə dair iddiası təmin olunaraq, Nizami rayonu, Şərifli küçəsindəki 2591-ci məhəllədə uzun müddət X3 istifadəsində olan, Nizami rayon İcra Hakimiyyəti başçısının 373 nömrəli, 29 avqust 2002-ci il tarixli sərəncamı ilə adına rəsmiləşdirilmiş 600 kv.m sahəsi olan 28 nömrəli torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. Qərardan cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün qərar icra olunaraq iddiaçıya “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş və Nizami rayon İcra Hakimiyyəti başçısının 373 nömrəli, 29 avqust 2002-ci il tarixli sərəncamı ilə iddiaçının adına rəsmiləşdirilmiş 600 kv.m torpaq sahəsi **********94 nömrə ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki, Konstitusiyanın 25-ci maddəsinin İ və V hissələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 12.2-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almasından imtina etməsi inzibati orqanın inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipinə, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydasına ziddir. Belə ki, həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Məhkəmə kollegiyasının qənaətinə görə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh orqanın imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2695/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsi iddiaçının adına mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, ona çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar