Məhkəmə qərarları › İş №2-1(103)-246/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-246/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-246/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi vəkil X3 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9384 nömrəli qərarının ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9311 saylı, xx.xx.2021-ci il tarixli **********9384 saylı və xx.xx.2021-ci il tarixli **********9462 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv olunması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9384 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi üzrə iş üzrə icraat ayrılmışdır. İddiaçı həmin qərarın ləğv olunması barədə iddia tələbini onunla əsaslanıdırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********7430 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən mebel sexində operativ vergi nəzarəti tədbiri keçirilmiş, onun etiraz etməsinə baxmayaraq vergi əməkdaşları tərəfindən öz istəklərinə uyğun şəkildə əsassız olaraq akt tərtib olunmuş və xx.xx.2021-ci il tarixli **********9384 saylı və xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə guya mən 10 nəfər fiziki şəxsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişəm və buna görə də 20 000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməm qərara alınmışdır. Qeyd edirəm fiziki şəxslərin sayının aktda 11 nəfər, qərarda isə 10 nəfər olduğu göstərilmişdir. Halbuki onların sayı 9 nəfər olmuş və onu əlavə məsuliyyətə cəlb etmək məqsədilə fiziki şəxslərin sayı artırılmışdır. Hətta həmin gün onun yanına gələn dostunu da onlar işə cəlb olunmuş fiziki şəxslərin sırasına qatmışlar. Hesab edir ki, vergi orqanının bu hərəkəti də qanunsuzdur. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasını ehtimal xarakterli hərəkətlərlə yox, qanunvericiliyin vergi orqanlarının əməkdaşlarına imkan verdiyi operativ və real üsullardan istifadə etməklə həyata keçirilməlidir. Buna baxmayaraq vergi orqanı real faktlar əsasında yoxlamanı həyata keçirməmiş və mənim müdafiəmi təşkil etmək cəhdlərimi mümkünsüz hala gətirmiş, vergi orqanı tərəfindən əlavə heç bir araşdırma aparılmadan hüquqlarımın təmin olunması da məhdudlaşdırmışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10(oni) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004054 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Həmin akt əsasında Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixli **********9384nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. iddiaçı xx.xx.2021-ci il tarixli öz etirafedici izahatında qeyd etmişdir ki, obyektdə tərəfindən işə götürülən 10 nəfər işçi işləyir və onlarla əmək və ya xidməti müqavilə bağlanılmamışdır. 1 nəfər (X22) heç bir əsas göstərmədən izahat verməkdən imtina etmişdir. Digər 9 nəfər izahatlarında onunlarla iddiaçı tərəfindən əmək və ya xidməti müqavilə bağlanmadığını etiraf etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında “Bakı şəhəri X24 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9384 nömrəli qərarı: - İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş; - iddia tələbi qalan hissədə təmin edilməmişdir." Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətində qərarın qismən, təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qismən qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. həmin cinayət işi üzrə alınmış şahid ifadələri hazırki iş üzrə sübut kimi qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində aparılmış istintaq zamanı Vergi Xidmətinin apardığı operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş aktda qeyd olunmuş xüsusatlar ətrafında istintaq aparılmış və müəyyən edilmişdir ki, Vergi Xidmətinin göndərdiyi izahatlar cəmi 09 nəfərin izahatlarını əks etdirmiş, 01 nəfər, yəni Qasım Babayev adlı şəxsin izahatı alınmamış və sonuncunun izahat verməkdən imtina etməsi qeyd olunmuşdur. Bundan başqa izahatların məzmunundan izahat vermiş X2 Ağalarovun yanında işlədiyini deyil, özünün fərdi qaydada yük daşıdığını göstərmişdir. Həmin xüsusat üzrə Azərbaycan Respublikası CM-in 162-1-ci və 213-cü maddələrinin də tərkib əlamətlərinin olub-olmamasmın müəyyən edilməsi istiqamətində müvafiq istintaq hərəkətləri aparılmış və həmin xüsusatlar üzrə də hər hansı bir cinayət hadisəsinin olması müəyyən edilməmişdir. İstintaq zamanı yoxlanılarkən alınmış şahid ifadələri ilə Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli, DVX seriyalı 004054 nömrəli aktda qeyd olunmuş 10 nəfər şəxsdən 4-nün (Qasım Babayev, Məzahir Əliyev, Toğrul Əliyev və İbrahim Əhmədov) İddiaçı sexində işləmədikləri tam şəkildə təsdiq olunmuşdur. Lakin, Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)- 3318/2022 saylı qərar qərar qəbul edilərkən iş üçün əhəmiyyəti olan bu faktiki hallarda nəzərə alınmamışdır...” Cavabdeh isə apellyasiya şikayətində qərarın təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Belə ki, operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021ci il tarixli DVX seriyalı 004054 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş həmin akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********9384 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bildiriş bazasından alınmış məlumata əsasən İddiaçı ilə heç bir əsas göstərmədən izahat verməkdən imtina etmiş X22 arasında xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində qüvvədə olmuş əmək müqaviləsi olmuşdur. Eyni zamanda, xüsusilə vurğulamaq lazımdır ki, operativ vergi nəzarəti zamanı DVX 002314 seriyalı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib olunmuş və həmin protokol da fərdi sahibkar İddiaçı tərəfindən imzalanmışdır. Yoxlama zamanı götürülən sənədlərin hər birində X9 adı keçmiş və onunla sahibkar arasında xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində və s. pul hesablaşmaları öz əksini tapmışdır. Məhkəmə isə qeyd olunan halları, götürülən sənədlərdə adı çəkilən şəxsin adının niyə qeyd olunmasını, obyektdə işləmədiyi halda onunla niyə pul hesablaşmalarının aparılmasını araşdırmadan yekun qərar qəbul etmişdir. Yuxarıda qeyd olunan halların hər biri sübut edir ki, X1 Qalid Mirlətif oğlu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər (nümayəndələri) apellyasiya şikayətlərinə uyğun izahat verərək, şikayətlərinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı iddianın qismən təmin olunması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9384 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. İş materiallarından (o cümlədən xx.xx.2021-ci il tarixli aktdan) görünür ki, cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7430 nömrəli qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, “Zəngəzur” şadlıq evinin arxasında yerləşən təsərüfat subyektində (mebel sexində) operativ vergi nəzarəti tədbiri keçirilərkən, 10 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması ilə, yəni, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş və həmin akt əsasında o, cavabdehin xx.xx.2021-ci il tarixli **********9384 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə 20.000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası qismində vergi məsuliyyətinə cəlb olunmuşdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, həmin qərarla cavabdehin mübahisələndirilən qərarı 1 (bir) nəfər fiziki şəxsə (X22) münasibətdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində iddiaçıya maliyyə sanksiyası tətbiq edilməsi hissəsində, ləğv edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki: “...İddiaçıya aid sexdə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş aktda həmin sexdə 10 nəfər şəxsin əmək müqaviləsi olmadan işləmələri qeyd olunsa da, həmin xüsusatla bağlı faktiki olaraq Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən 9 nəfərin (X15, X5, X16, X25, X11, X12, X6, X8, X17 ) izahatı alınmışdır ki, həmin izahatlar işəgötürən qismində iddiaçı ilə işçilər arasında əmək münasibətlərinin olması qənaətinə gəlmək üçün yetərlidir. Həmin izahatlarda şəxslərin nə vaxtdan işə başladıqları, iş saatları, əmək haqları barədə məlumatlar ətraflı şəkildə qeyd edilmişdir. Dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır. İddiaçı tərəfindən təqdim edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla bağlı məhkəmə qeyd edir ki, İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Daha sonra, məhkəmə aktda adı qeyd olunub vergi yoxlaması zamanı izahatı alınmayan X13 münasibətdə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsi bildirişləri barədə məlumatda qeyd edilən adda şəxslə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi olduğu müəyyən edilir, lakin həmin vaxtda onun sexdə olması özlüyündə iddiaçı ilə əmək münasibətləri olduğu qənaətinə gəlməyə əsas vermir. Həmin şəxsin izahat verməkdən imtinasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, izahatı alınmış 9 şəxsdən heç biri orada “Qasım” adlı şəxsin işləməsi barədə məlumat qeyd etməmişlər. İddiaçının X22 ilə qeyd edilən vaxtda faktiki olaraq əmək münasibətlərində olması halı cavabdeh qurum tərəfindən sübut edilməmişdir. Odur ki, məhkəmə qeyd edilən hissədə mübahisələndirilən qərarın əsaslılığına tənqidi yanaşır və hesab edir ki, cavabdeh həmin hissədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir...” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin operativ vergi nəzəarəti zamanı izahatı alınmamış Qasım Babayevə münasibətdə, onun iddiaçı ilə əmək münasibətlərində olub-olmaması faktının cavabdeh orqan tərəfindən sübuta yetirilməli olması ilə bağlı mövqeyi ilə razılaşır. Çünki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə həmin hissədə qərarın əsalılığını süğut etmək vəzifəsi inzibati orqan olaraq cavabdehin vəzifəsidir. Bu baxımdan, məhkəmə kollegiyası həm də cavabdehin apellyasiya şikayətinin həmin hissədə qərarın olmasına istinad olunan dəlillərini əsassız sayır. Lakin birinci instansiya məhkəməsinin digər 9 (doqquzz) nəfər fiziki şəxsin hamısına münasibətdə cavabdehin qərarı ilə iddiaçının vergi məsuliyyətinə cəlb olunmasının qanuni olması barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmənin qərarda təsbit olunan mövqeyində İPM-in 58.8-ci maddəsinə istinadən hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin qeyd olunan halda, məhkəmə, sözügedən “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda istintaq zamanı şahid ifadələri alınmış Nasım Babayev, Məzahir Əliyev, Toğrul Əliyev və İbrahim Əhmədov - operativ vergi nəzarəti zamanı vergi orqanına verdikləri izahatlarına fərqli ifadələr versə də, bu uyğunsuzluq birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı surətdə tədqiq olunmamış, hüquqi qiymət verilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi kiçik ədliyyə müşaviri X7 tərəfindəq qəbul edilmiş “cinayət cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 25 fevral 2022-ci il tarixli qərarda isə ifadələri alınmış həmin şəxslər aşağıdıkıları bildirmişlər. Operativ vergi nəzarəti zamanı izahat verməkdən imtina edən Q.Babayev istintaqa verdiyi şahid ifadəsində bildirmişdir ki, təqaüdçüdür. 62 yaşı var. xx.xx.2021-ci il tarixdə keçmiş tanışı İbrahim Əhmədov ilə birlikdə, görüşmək və çay içmək üçün, təxminən, 9-10 il əvvəl yerlisi kimi tanıdığı və ünsiyyəti olduğu İddiaçı sexinə getmiş, orada çay içərkən vergi orqanın əməkdaşları sexə daxil olaraq qapıları bağlayıb onların hamısını siyahıya almışdır. O, həmin sexdə işləmədiyini və fiziki qüsuru olduğunu bildirərək, onlara izahat verməkdən imtina etmişdir. Şahid ifadəsi alınmış İbrahim Əhmədov da bunu təsdiq edərək bildirmişdir ki, Q.Babayevlə sexə gəldiyini 2019-cu ildə bir neçə ay orada işləsə də, hazırda orada işləmədiyini, yaranmış vəziyyətdə 9operativ vergi nəzarəti zamanı) qorxduğundən, iddiaçının yanında işlədiyini izahatında yazdığını bildirmişdir. Eyni zamanda istintaq zamanı şahid ifadəsi alınmış Məzahir Əliyev bildirmişdir ki, özü ayrılıqda ”**-SB-***” dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşımaqla məşğuldur. İddiaçı xx.xx.2021-ci ildə ona mobil telefonla sexdə taxta qurudulması üçün 2 ədəd motoru sexdən götürüb DSK-2” zavodunun həyətində motoru təmiri yerinə aparmağı və hazır olduqda qaytarmağı ondan xahiş etmiş, lakin sexin qapılarını açıb yük maşını ilə darvazadan içəri girdikdə, orada vergi xidmətinin əməkdaşlarının olduğunu görmişdür. İddiaçının yanında işləmir, onun sifarişi əsasında yük daşıyır, 10-15 manat haqq alır. Onun şahid qismində dindirilmiş oğlu Toğrul Əliyev idə istintaqa verdiyi ifadəsində atasının həmin izahatını təsdiq edərək, atasına köməklik göstərmək üçün onunla birlikdə həmin gün sexə gəldiyini bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, istintaq zamanı şahid ifadələri alınmış həmin şəxslər operativ vergi nəzarəti zamanı vergi orqanına verdiyi izahatlarından (Q.Babayev) fərqi ifadələr verərək, israrla sexdə iddiaçının yanında işləmədiklərini bildirmiş, lakin bütün bunları təkzib etmək cavabdeh tərəfin üzərinə düşən sübutetmə vəzifəsi olduğu halda, onları şahid ifadələri alınması üçün məhkəmyə təqdim etməmiş, ifadələrində göstərdikləri həmin məlumatların həqiqətə uyğun olmadığı digər sübutlar da təkzib olunmamışdır. Belə olan halda, operativ vergi nəzarəti keçirilərkən həmin şəxslərin vergi orqanına verdikləri izahatlarının mötəbərliyi və sübut əhəmiyyətli məlumatlar kimi qiyməmətləndirilməsi istisna olunur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işin qeyd olunan halları diqqətdən kənarda qalmış, ümumiyyətlə, hazırkı mübahisəinin nəticəsinə təsir edən həmin hallar üzrə müvafiq araşıdmanın aparılması zəruri hesab edilməmişdir. Ona görə də məhkəmə kollejgiyası, iddiaçının apellyasiya şikayətinin həmin hissədə cavabdehin habelə birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin digər (6 nəfər) fiziki şəxslərə münasibətdə iddiaçı tərəfindən onlarla əmək müqaviələsi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb olunmasına görə vergi məsuliyyətinə cəlb olunması hissəsində, mübahisələndirilən qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Çünki, onlar operativ vergi nəzarəti zamanı verdikləri izahatlarında iddiaçıya məxsus sexdə əmək müqaviləsi olmadan işlədiklərini etiraf etmiş, istintaq zamanı verdikləri şahid ifadələrində isə buna uyğun ifadə verərək iddiaçının yanında işlədiklərini və əmək müqaviləi bağlanıb-bağlanılmamsında məlumatları olmadıqlarını bildirmişlər (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bildiriş bazasında onlarla iddiaçı ilə arasında qüvvəyi mişmiş əmək müqaviləsinin qeyd alınmadığı işin mübahisəsiz halıdır). Qeyd olunmalıdır ki, İddiaçı özü də operativ vergi nəzarəti zamanı vergi orqanına verdiyi izahatında onlarla əmək müqaviləsi bağlanılmadığını etirf etmiş, hazırkı məhkəmə iclasında iştirak edərkən də onlarla aralarında faktiki olaraq əmək münasbətləri mövcud olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Beləliklə də, cavabdehin mübahisələndirilən qərarının - İddiaçı məxsus sexdə operativ vergi nəzarəti zamanı aşkar edilmiş 4 nəfər: Qasım Babayev, Məzahir Əliyev, Toğrul Əliyev və İbrahim Əhmədova adında fiziki şəxslərə münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən iddiaçıya 8000 (4x2000) manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması hissəsində, qanunsuz və əsassız olduğu sübuta yeirilir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ilə isə, cavabdehin qərarı iddiaçı barəsində əmək müqaviləsi qüvvəyə minmədən yalnız 1 nəfər fiziki şəxsin işə cəlb edildiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində əsassız hesab edilərək ləğv edilmişdir. Ona görə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilməli və iddianın qismən təmin edilməsi, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9384 nömrəli qərarı, işəgötürən iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinə müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsi (Qasım Babayev, Məzahir Əliyev, Toğrul Əliyev və İbrahim Əhmədov) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3318/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında “Bakı şəhəri X24 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9384 nömrəli qərarı - İddiaçı, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, 8000 (səkkiz min ) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. Qalan hissədə iddia tələbi rədd edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar