Məhkəmə qərarları › İş №2-1(103)-246/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-246/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-246/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçınun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi bütün dövrlər əmək stajına əlavə edilməklə əmək kitabçasında və arayışlarda qeyd edilən 27 (iyirmi yeddi) il 2 ay 20 günlük sosial sığorta stajını nəzərə almaqla ona xx.xx.2023-cü il tarixdən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabvehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı ali təhsillidir. 1978-1983-cü il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda tələbə olmuş və hidrotexnika-mühəndisi ixtisası üzrə həmin institutu bitirmişdir. 27 il 2 ay 20 gün əmək (sığorta) stajı vardır. Əmək stajı xx.xx.1977-xx.xx.1978-ci illərdə Azərbaycan Dövlət İdman İnstitutunda laborant, xx.xx.1978-xx.xx.1980-cı illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun "Hidromeliorasiya” fakültəsində tələbə olmuş, xx.xx.1980-xx.xx.1981-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ‘'AzDövSuTəsLayihə” İnstitutunun 2 №li layihə şöbəsində texnik, xx.xx.1981-xx.xx.1997-ci illərdə Azərbaycan SSR X7 İstehsal-Texniki Təminat Komitəsi, Konstruktor-Texnoloji Bürosu, Hesablama şöbəsində mühəndis, xx.xx.1997- xx.xx.2001-ci illərdə X4 Xidmət və Təminat üzrə X2 müəssisədə mühəndis, xx.xx.2001-xx.xx.2005-ci illərdə Bakı Avropa Liseyində laborant işləmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının 63 yaşı tamam olub və həmin tarixdən yasa görə pensiya hüququ vardır. Lakin iddiaçının yaşa görə əmək pensiyanı təyin etmək üçün rəsmi müraciətinə cavabdeh əsassız olaraq imtina qərarı vermişdir. İmtina məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajının 5 il 2 ay 20 gün təşkil etdiyi, iddiaçının işlədiyi 27 il, 2 ay 20 gün stajından 22 ilini heç bir ağlabatan və qanuni əsas olmadan tanımaqdan imtina etmişdir. Daha sonra imtina məktubunda qeyd olunur: “Bildiririk ki, xx.xx.1981-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Azərbaycan SSR X7 İstehscıl-Texniki təminat Komitəsinin “Konstruktor-texnoloji” bürosunda və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək X4 xidmət və təminat üzrə X2 müəssisəsində olan əmək fəaliyyəti dövrləriniz barədə təqdim etdiyiniz arayışlar möhürlə təsdiq edilmədiyi üçün və Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək X4 xidmət və təminat üzrə X2 müəssisənin hüquqi və faktiki ünvanı məlum olmadığı və arxiv sənədləri Dövlət Əmlak Komitəsinə təhvil verilmədiyi üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.” İddiaçı qeyd edir ki, onun əmək stajının ən mühüm hissəsi (16 il 17 gün) məhz xx.xx.1981-xx.xx.1997ci illərində Azərbaycan SSR X7 İstehsal-Texniki Təminat Komitəsinin Konstruktor-Texnoloji Bürosunun Hesablama şöbəsində mühəndis vəzifəsinin icra edilməsi ilə bağlıdır. Həmin vəzifəyə o,142K saylı xx.xx.1981-ci il tarixli əmrlə işə qəbul olunmuş və 265K saylı xx.xx.1997-ci il tarixli əmrlə həmin vəzifədən azad olunmuşdur. Müvafiq qeydlər də əmək kitabçasında əksini tapmışdır. Bir işçi olaraq iddiaçının həmin dövlət təşkilatında fəaliyyəti olmasaydı, nə əmək kitabçasında müvafiq qeydlər olardı, nə müvafiq arayışlar olardı, nə də ki, bu danılmaz faktı təsdiq edən şahidləri. Əgər bunları təkzib edən əks hallar və ya faktlar mövcuddursa, müvafiq dövlət orqanı bunu sübut etməli və imtinasını bununla əsaslandırmalı idi. Eynilə, iddiaçının xx.xx.1997-xx.xx.2001-ci illərdə (4 il 4 gün) Bakı şəhəri, 373250 Xırdalan qəsəbəsində yerləşmiş X4 Xidmət və Təminat üzrə X2 müəssisədə mühəndis vəzifəsində çalışması faktının da DSMF tərəfindən qəbul edilməməsi və bunun üçün iddiaçı ilə heç bir əlaqəsi və ya ondan asılılığı olmayan hallara istinad etməsi həqiqətən də böyük təəsüf və təəccüb doğurur. DSMF-in bu cür ədalətsiz yanaşması qanunvericiliyin təməl prinsiplərini kobudcasına pozur. Necə olur ki, sənəd üzərində qeydiyyata alınmış 22 illik fəaliyyət qanuni əmək stajından çıxarılır, rədd olunur, hansı sübutlar, hansı qanuni əsaslarla. İstər Milli Arxiv İdarəsi, istər Kənd Təsərrüfatı Nazirliyi, istər Dövlət Arxivi tərəfindən müvafiq çıxarışların, arayışların, məlumatların təqdim edilməsi tərəfindən sorğulandıqda cavab belə olmuşdur ki: ya müvafiq məlumatlar (sənədlər) arxivdə mühafizə olunmur və yaxud da müvafıq məlumatlar (sənədlər) arxivə dövlət mühafizəsinə verilməyibdir. Əlavə olaraq DSMF imtina məktubunda göstərir ki: “....xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığınız illər xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünüz ilə üst-üstə düşdüyü üçün sözügedən dövrlərin sosial sığorta stajına təkrar daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Burda qeyd edilməlidir ki, staja daxil edilməli olan Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil müddəti məhz xx.xx.1978xx.xx.1980-ci illərə (2 (iki) il, 6 gün), yəni İnstitutun “Hidromeliorasiya” fakültəsində ilk iki kursunda təhsil aldığı müddətə aiddir (sonrakı xx.xx.1980-xx.xx.1983-cü illərdə təhsil müddəti xaric). Odur ki, həm xx.xx.1978-xx.xx.1980-ci illərdə İnstitutda təhsil aldığı müddət, həmçinin də 323 saylı Əmrə əsasən xx.xx.1980-xx.xx.1981-ci illərdə (10 ay 9 gün) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “AzDövSuTəsLayihə” İnstitutu, 2 № layihə şöbəsində Texnik vəzifəsində çalışdığı dövr üst-üstə düşmədiyindən əmək stajına aid edilməli və toplanmalıdır (hər ikisi ardıcıl olaraq bir yerdə 2 (iki) il, 10 ay, 15 gün təşkil edir). Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilən mübahisəsiz sosial sığorta stajı 05 il 02 ay 20 gündür (xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü). Lakin digər iş yerlərindəki əmək stajı əsassız olaraq qəbul edilmir. Belə ki, məhkəmə tərəfindən iddiaçının əmək kitabçasının dublikatında qeydlər aparılmış Azərbaycan SSR X7 İstehsal- Texniki təminat Komitəsinin "Konstruktortexnoloji bürosu”ndakı xx.xx.1981-xx.xx.1997-ci il tarixinədək (16 il, 17 gün) və X4 Xidmət və Təminat üzrə X2 Müəssisəsindəki xx.xx.1997xx.xx.2001-ci il tarixədək (4 il 4gün) olan əmək fəaliyyəti, həmin dövrlər barədə təqdim edilən arayışlar möhürlə təsdiq edilmədiyi və müəssiələrin hüquqi və faktiki ünvanının məlum olmadığı üçün qəbul edilməmişdir. İlk növbədə bildirməliyik ki, iddiaçının qeyd olunan iş yerlərində işləməsi əmək kitabçasında müvafiq qeydlərdə öz əksini tapmışdır. Əmək kitabçasının əsli müəssisə tərəfindən itirildiyindən iş yerləri barədə qeydlər əmək kitabçısının dublikatının hazırlanması zamanı qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər və məlumatlar əsasında aparılmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 7.3-cü bəndinə əsasən, əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. İddiaçının Azərbaycan SSR X7 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji” bürosunda işə qəbul edilmə tarixi və əmr nömrəsi əmək kitabçasında dəqiqliyi ilə göstərilmişdir. Həmin müəssisənin direktoru V.Musayev tərəfindən verilmiş arayış mövcuddur, lakin iddiaçıdan asılı olmayan səbəblərdən arayış müvafiq qaydada rəsmiləşdiriməmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi X4 xidmət və təminat üzrə X2 müəssisənin direktoru F.Məmmədov tərəfindən imzalanan, möhürlə təsdiq olunmayan 14 iyun 2005-ci il tarixli 01№li Arayışdan görünür ki, İddiaçı həqiqətən X4 xidmət və təminat üzrə X2 müəssisədə xx.xx.1997-ci ildən xx.xx.2001-ci il tarixədək mühəndis vəzifəsində işləmişdir. Arayış müəssisə tərəfindən hazırlandığınıdan ondan hazırlanmasındakı hər hansı qüsur vətəndaşın əleyhinə şərh oluna bilməz. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli, 000414 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən X4 xidmət və təminat üzrə t/h ixtisaslaşdırılmış müəssisə İddiaçı və digərlərinə satılmışdır. Müəssisənin Dövlət qeydiyyatı haqqında Şəhadətnamə mövcuddur. Eyni zamanda özəlləşmə prosedurunun yekunu haqqında Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədə də iddiaçının adı qeyd olunmuşdur. Qanunvericiliyə əsasən müəssisələr onların əməkdaşı olmuş şəxslərə özəlləşdirilir. Beləliklə, özəlləşmə sənədləri əsasında müəssisənin onun keçmiş əməkdaşlarına özəlləşdirilməsi həm müəssisənin mövcudluğunu həm də iddiaçının onun keçmiş əməkdaşı olmasını təsdiq edir. X5 Komitəsinin məktubunda müəssisələrin mövcud olduğu öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən, Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə görə işstajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş Solmaz Əsgərova və Gülnarə Məmmədova iddiaçının SSR X7 İstehsal-Texniki təminat Komitəsində işləməsini öz izahatları ilə təsdiq etmişlər. Hər iki şəxsin həmin müəssisədə işləməsi işin mübahisəsiz halıdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, xx.xx.1981-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Azərbaycan SSR X7 İstehscıl-Texniki təminat Komitəsinin “Konstruktortexnoloji” bürosunda və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək X4 xidmət və təminat üzrə X2 müəssisəsində olan əmək fəaliyyəti dövrləriniz barədə təqdim etdiyiniz arayışlar möhürlə təsdiq edilmədiyi üçün və Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək X4 xidmət və təminat üzrə X2 müəssisənin hüquqi və faktiki ünvanı məlum olmadığı və arxiv sənədləri Dövlət Əmlak Komitəsinə təhvil verilmədiyi üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bundan sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: -İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının dublikatının surətindən görünür ki, kitabçanın “İş haqqında məlumat” qrafasında “Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Avropa Liseyinə işə daxil olana qədər əlavə edilmiş arayışlara əsasən il, ay əmək stajı olmuşdur.” qeydi aparılmışdır. Əmək kitabçasında aparılmış digər qeydlərdən görünür ki, iddiaçı 09.19xx-xx.1978-ci illərdə Azərbaycan Dövlət İdman İnstitutunda laborant işləmiş, 09.19xx-xx.1980-cı illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun əyani şöbəsinin tələbəsi olmuş, xx.xx.1980-cı ilən xx.xx.1981-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ‘'AzDövSuTəsLayihə” İnstitutunun 2 №li layihə şöbəsində texnik, xx.xx.1981-ci ildən xx.xx.1997-ci illərdə Azərbaycan SSR X7 İstehsal-Texniki Təminat Komitəsi, Konstruktor- Texnoloji Bürosunun hesablama şöbəsində mühəndis, xx.xx.1997-xx.xx.2001-ci illərdə X4 Xidmət və Təminat üzrə X2 müəssisədə mühəndis, xx.xx.2001- xx.xx.2005-ci illərdə Bakı Avropa Liseyində laborant işləmişdir. İddiaçı təhsil illəri daxil olmaqla, o cümlədən əmək fəaliyyəti barədə müvafiq əmr qeydləri və həmin qeydlərin müəssisələrin məsul şəxsləri tərəfindən imza və möhürlə təsdiq edildiyi müəyyən edilməmişdir. -xx.xx.1983-cü il tarixli KB seriyalı 016241 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1978-ci ildə Azərbaycan Mehəndis İnşaat İnstitutuna daxil omuş, 1983-cü ildə həmin institutun “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi” ixtisası üzrə tam kursu bitirmişdir. -Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il, 141u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi” ixtisasının əyani şöbəsinə qəbul olmuşdur. xx.xx.1979-cu il, 115u/p saylı əmrlə həmin fakültənin əyani şöbəsindən qiyabi şöbəsinə keçmiş, xx.xx.1983-cü il, 200u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin qiyabi şöbəsinin “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “hidrotexnika-mühəndisi” ixtisası verilmişdir. Diplom: KB №016241, qeydiyyat № 172. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun adı dəyişdirilib, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən cavabdeh inzibati orqana ünvanlanan 31 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Arxiv Fonduna əsasən İddiaçı həqiqətən 1978-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) “Hidrotexnika mühəndisi” ixtisası üzrə qiyabi şöbəyə daxil olmuş və 1983-cü ildə tam kursu bitirmişdir. Ona 016241 №li diplom verilmişdir. -Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi X4 xidmət və təminat üzrə X2 müəssisəsi tərəfindən verildiyi bildirilən 01 nömrəli, xx.xx.2005-ci il tarixli müvafiq qaydada təsdiq edilməmiş arayışından görünür ki, İddiaçı həmin müəssisədə xx.xx.1997xx.xx.2001-ci il tarixlərdə mühəndis vəzifəsində işləmişdir. -Kənd Təsərrüfatı yanında Dövlət Meliorasiya və su X6 Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Layihə-Axtarış Birliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Arayışdan görünür ki, İddiaçı həqiqətən “Azdövsutəsislayihə” İnstitutunda xx.xx.1980-cı ildən (Əmr №323/LS-xx.xx.1980) 2 №li Layihə Şöbəsinə Texniki vəzifəyə qəbul edilmişdir, xx.xx.1981-ci ildə (Əmr №263/LSxx.xx.1981). -Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi X4 xidmət və təminat üzrə X2 müəssisənin direktoru F.Məmmədov tərəfindən imzalanan, möhürlə təsdiq olunmayan 14 iyun 2005-ci il tarixli 01№li Arayışdan görünür ki, İddiaçı həqiqətən X4 xidmət və təminat üzrə X2 müəssisədə xx.xx.1997- ci ildən xx.xx.2001-ci il tarixədək mühəndis vəzifəsində işləmişdir. -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001ci il tarixli, 000414 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən X4 xidmət və təminat üzrə t/h ixtisaslaşdırılmış müəssisə İddiaçı və digərlərinə satılmışdır. -Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixi məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan SSR X7 İstehsal-Texniki Təminat Komitəsinin “Konstruktor- Texnoloji Bürosu”nun və X4 Xidmət və Təminat üzrə X2 Müəssisəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan SSR X7 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji bürosu”na dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X1 Bürosu 24 dekabr 1996-cı il tarixindən 23 noyabr 2007-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X4 xidmət və təminat üzrə X2 müəssisə 09 yanvar 1998-ci il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. -Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan SSR X7 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji bürosu”nun sənədləri arxivə dövlət mühafizəsinə təhvil verilməməsi səbəbindən İddiaçı barəsində məlumatların verilməsi imkan xaricindədir. -Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixi məktubundan görünür ki, X4 xidmət və təminat üzrə X2 müəssisə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş, X7 İstehsal-Texniki Təminat Komitəsinin “Konstruktor-texnoloji bürosu” haqqında dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. - Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 13 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR X7 istehsal Texniki Təminat Komitəsi, Konstruktor-Texnoloji Bürosu və "AZAQRO” firmasının mövcudluğu, hüquqi fəaliyyəti, hüquqi ünvanı, mövcud digər məlumat və sənədlərin surətinin təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə'’yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqınd məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. Məktubda qeyd olunan Azərbaycan SSR X7 istehsal Texniki Təminat Komitəsi və Konstruktor-Texnoloji Bürosu barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. -Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçının nümayəndəsi və vəkilinin sorğusuna cavab olaraq ünvanladığı 13 mart 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən keçmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Azəraqrotəmirmaş” İB-nin Layihə və Konstruktor Texnoloji bürosunun özəlləşdirilməsi barədə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramf’na uyğun olaraq 30 aprel 1999-cu il tarixində qərar qəbul edilmiş, 30 aprel 1999-cu il tarixində qəbul edilmiş, 30 aprel 1999-cu iı tarixində hərraca çıxarılmış, 7 may 1999-cu il tarixli 13237 nömrəli “Müəssisənin alqsatqı müqaviləsi”nə əsasən hərrac qalibi olan əmək kollektivi tərəfindən özəlləşdirilmiş və bu barədə onlara 14 may 1999-cu il tarixli, 012847 nömrəli “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə verilmişdir. 33 (otuz üç) nəfərdən ibarət əmək kollektivi öz paylarını birləşdirərək 27 may 1999-cu İl tarixində “Azaqro” firmasının təsis edilməsi barədə təsis müqaviləsi imzalamışdır. “Azəraqrotəmirmaş” İB-nin Layihə və Konstruktor Texnoloji bürosunun özəlləşdirilməsi barədə təqdim edilmiş arxiv sənədlərinə əsasən müvəkkilinizin adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. İşin hallarında məlum olur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçının Azərbaycan SSR X7 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji bürosu”ndakı xx.xx.1981-xx.xx.1997-ci il tarixədək (16 il, 17 gün) və X4 Xidmət və Təminat üzrə X2 Müəssisəsindəki xx.xx.1997-xx.xx.2001-ci il tarixədək (4 il 4 gün) əmək fəaliyyəti müddətidir. Kollegiya hesab edir ki, sözügedən mübahisəli dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi üçün iddiaçının həmin dövrlərdə həmin müəssisələrdə işləməsi mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Kollegiyanın qənaətinə görə, iş stajını sübut edən əsas sənəd əmək kitabçası hesab olunsa belə, əmək kitabçasındakı məlumatların mötəbərliyi şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən faktlara dair həqiqi vəziyyəti əks etdirməlidir. İş materiallarında olan iddiaçının əmək kitabçasının dublikatındakı “iş haqqında məlumat” qrafasında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Avropa Liseyinə işə daxil olana qədər əlavə edilmiş arayışlara əsasən il, ay əmək stajı olmuşdur.” Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının sonuncu iş yeri olan Bakı Avropa Liseyinə əmək kitabçasının dublikatının doldurulması üçün əsas olmuş sənədlərin təqdim olunması ilə bağlı sorğu verilmiş, sonuncu tərəfindən isə məhkəmənin sorğusuna cavab olaraq yalnız həmin dublikatın təsdiq edilmiş surəti göndərilmişdir. Dublikatda iddiaçının "Konstruktortexnoloji bürosu”nda (xx.xx.1981-ci ildən xx.xx.1997-ci illər) işə daxil olma və işdən azad edilmə barədə əmrlərə istinad edilsə də, adıçəkilən müəssisəsinin sənədləri dövlət arxivinə təhvil verilmədiyindən həmin əmrlərin, yaxud iddiaçının əmək stajı dövrünü təsdiq edən digər sənədlərin əldə edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halla bağlı haqlı olaraq qeyd etmişdir ki, “....müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və həmin sənədlərin saxlanıldığı yerin məlum olmaması iddiaçının məsuliyyət sferasına aid deyil, bununla belə əmək kitabçasının dublikatının doldurulması ilə bağlı da qanunvericiliyin tələbləri mövcuddur. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 7.3-cü bəndinə əsasən, əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.” İddiaçı apelyasiya şikayətində şahid ifadələrinin olduğunu vurğulasada Kollegiya hesab edir ki, dublikatdakı qeydlərin hansı sənədlər əsasında doldurulduğu barədə sübut təqdim olunmadığından yalnız şahid ifadələri ilə onun mübahisəli dövrlər üzrə əmək fəaliyyətinin təsdiq edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Həmçinin Kollegiya qeyd edir ki, iddiaçının X4 Xidmət və Təminat üzrə X2 Müəssisəsindəki əmək fəaliyyəti dövrüdə (xx.xx.1997-xx.xx.2001-ci illər) işin haqlı olaraq mübahisələndirilən hallarından hesab olunur. Belə ki, həmin dövrlərlə bağlı əmək kitabçasının dublikatında iddiaçının nə işə daxil olması, nə də işdən azad olması ilə bağlı əmrlərə ümumiyyətlə istinad edilməmişdir. İddiaçı həmin dövlərdə işləməsini təsdiq edən arayış təqdim etsə də, həmin arayış mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 25-ci bəndinin 2-ci abzasına əsasən, əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının təqdim etdiyi və Bakı Avropa Liseyinə təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi X4 xidmət və təminat üzrə X2 müəssisəsi tərəfindən verildiyi bildirilən 01 nömrəli, xx.xx.2005-ci il tarixli arayış isə müvafiq qaydada təsdiq edilməmişdir. Apelyasiya şikayətinin “X4 xidmət və təminat üzrə t/h ixtisaslaşdırılmış müəssisəsinin İddiaçı və digərlərinə satılmış olması və qanunvericiliyə əsasən müəssisələr onların əməkdaşı olmuş şəxslərə özəlləşdirilir”lə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, həmin müəssisənin İddiaçı və digər şəxslərin adına özəlləşməsi iddiaçının xx.xx.1997xx.xx.2001-ci illər ərzində həmin müəssisədə işləməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin həmin dəlil mötəbər sübut qəbul olunaraq qeyd edilən dövrlər iddiaçının sığorta stajına nəzərə alınsa belə, qanunvericiliklə nəzərdə tutulmuş əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 illik staj tamamlanmır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1839/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar