Məhkəmə qərarları › İş №2-1(103)-2460/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2460/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2460/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (VÖEN – **********, hüquqi ünvanı – AZ1010, Bakı şəh., Nəsimi ray., Ü.Hacıbəyov küç., ev 72a; qanuni təmsilçi - X3, dövlət qeydiyyatına alındığı tarix- 13.09.1994-cü il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1333/2020 saylı, 11 mart 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 03.06.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 57928,39 manat borcun silinməsi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış və ödənilməmiş qalan, 20.656,55 manat borcun ödənilməsi müddətlərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə – 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı (nümayəndəsi) 21.10.2019, 21.11.2019 və 11.03.2020-ci il tarixlərdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrlə məhkəməyə müraciət edərək, müəssisənin "xxxx" ASC-də olan ******************** saylı hesablaşma hesabına həmin hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamın icrasının müvəqqəti olaraq dayandırılması və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmə üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilən əsaslara görə cavabdeh tərəfindən əsassız olaraq müəssisəyə 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmış və həmin borcun Şirkətin əmlakı hesabına ödənilməsi üçün əmlakın siyahıya alınacağı barədə xəbərdarlıq edilmişdir. Şirkətin 78584,94 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadığı halda, onun əmlakı hesabına ondan həmin pul vəsatinin tutulması əsassızdır, həmin məbləğin Şirkətdən tutulması, yəni şirkətin əmlakının siyahıya alınaraq hərraca çıxarılması şirkətin maliyyə vəziyyətini çıxılmaz hala salacaqdır. Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı ilə iddaçının həmin ərizələri təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan ******************** saylı hesablaşma hesabına qoyulmuş icra (ödəniş) sənədi olan 29.10.2019-cu il tarixli, **********7AZ saylı sərəncamının icrası dayandırılmış, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi, İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Məhkəmənin hazırkı qərardadı iddianın gələcəkdə uğurlu olmayacağı təqdirdə iddiaçının dövlət büdcəsinə olan borcların alınması ilə bağlı mühüm çətinliklər yaradacaqdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1216/2020 saylı 05.08.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı ləğv edilmiş, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilərək qərara alınmışdır : İşə mahiyyəti üzrə baxılıb qurtaranadək, vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcu ilə əlaqədar İddiaçı firmasının milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək hüququ istisna olmaqla, Azərbaycan Respublikasının bütün banklarında olan hesablarına pul vəsaiti ilə bağlı digər sərəncamların qoyulması cavabdehə qadağan edilmiş, iddiaçının ərizəsi, digər - məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi İddiaçı əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi barədə hissəsində təmin edilməmişdir. İddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2018/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılmış və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1178/2021 saylı 26 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçının ərizəsi müəssisənin hesablaşma hesabına qoyulmuş 29,10.2019-cu il tarixli sərəncamın icrasının dayandırılması hissəsində mümkün sayılmamış, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi müəssisənin əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan olunması hissəsinə isə ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan verdiyi kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1250/2021 saylı 28.07.2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərardadı, iddiaçının ərizəsinin, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi müəssisənin əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsinin rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, Ali Məhkəmənin qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qərardadı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin, inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək barədə vəzifə qoya bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. İddiaçının tələbindən görünür ki, müəssisəsiyə hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 57.928,39 manat borcun hesablanmasını əsassız hesab edərək həmin iborcun silinməsi və məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilməmiş qalan 20656,55 manat borcunun ödənilmə müddətinin 5 il müddətinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarından görünür ki, birmənalı olaraq iddiaçının tələbinin uğurlu olubolmadığını müəyyən edilməsi mümkünsüzdür. Çünki, iddiaçı müəssisənin məcburi dövlət sosial sığorta haqqı üzrə həqiqətən DSMF-yə 57.928,39 manat borcunun mövcud olmasını təkcə işdə olan, müəssisənin şəxsi hesab vərəqəsinə, cavabdehin iddiaçının bank hesabına qoyulmuş sərəncamları və onun iddia ərizəsinə etirazına əsasən müəyyən edilməsi mümkün deyil. İddianın uğurluluq ehtimalını görmək üçün geniş sayda sübutların, o cümlədən iddiaçının məcburi dövlət sosial sığorta haqqları ilə bağlı DSMF-yə təqdim etdiyi hesabatları, DSMF-nin iddiaçının mübahisələndirilən sığorta haqqına olan münasibəti barədə sübutlar toplanıb araşdırılmalı, zəruri olduqda məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunmaqla, borcun həqiqiliyi müəyyənləşdirilməlidir. İş materiallarınan hətta görünür ki, iddiaçı (nümayəndəsi) vəsatətlə məhkəməyə müraciət edərək, onun sosial sığorta haqları üzrə borcun miqdarının müəyyənləşdirilməsi üçün məhkəmə mühasibətlıq ekspertizasının təyin olunmasını da məhkəmədən xahiş etmiş, lakin iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə qəbul olunuş məhkəmə qərardalarından verilmiş şikayətlərlə bağlı məsələ açıq qalmış, hər bir halda, həmin vəsatətin məhkəmə tərəfindən müzakirə olunduğu işdən görünmür. Hər bir halda adıçəkilən sübutetmə vasitələrinin işdə olan sənədləri ilə birlikdə tədqiq olunub qiymətləndirilməsindən sonra konkret nəticənin əldə olunması üçün şərait yaranmış olur ki, həmin nəticədən də iddiaçının iddia tələbində haqlı olub-olmadığını müəyyən etmək mümkün olsun. Odur ki, konkret halda, məhkəmə kollegiyası, bütün bu qeyd olunanları, mübahisələndirilən sığorta haqlarının tutulması üçün iddiaçı müəssisənin əmlakının siyahıya alınmasının cavabdehə qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri edən meyarlar kimi qiymətləndirir və bu baxımdan birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi, onun əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsini düzgün nəticə kimi qəbul edir. Beləliklə də yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin – birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən, iddiaçının subyektiv mülahizələri əsasında qərardad qəbul etdiyini mübahisələndirən dəlilləri ilə qismən razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı yoxlanılan, yəni, iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi, əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi hissəsində, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə də qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(112)-1333/2020 saylı qərardadı yoxlanılan, “iddiaçının məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi, onun əmlakının siyahıya alınmasının cavabdehə müvəqqəti olaraq qadağan edilməsi” hissəsində, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar