Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2462/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“ müvafiq dövrlər üzrə müavinətin və təqaüdün ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1658/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və 1 aprel 2019-cu il tarixdən hal-hazıradək verilməmiş “Prezident təqaüdü”nün hesablanıb birdəfəyə ödənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Fondun Bakı 2 saylı Xidmət Nümayəndəliyinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir.
2. Cavabdeh inzibati orqan 5 dekabr 2022-ci il tarixli məktubunda 12 yanvar 2016-cı il tarixdən 12 yanvar 2022-ci il tarixədək ona İİ dərəcə əlilik təyin edildiyindən və sonrra əlillik müddətinin bitməsi ilə əlaqədar ödənişlərin 31 yanvar 2022-ci il tarixdən dayandırılması və bu səbəbdən də müavinət və ya təqaüdün təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, yalnız 1 fevral 2022-ci il tarixdən hər ay verilməli olan 80 manat məbləğində müharibə veteranlarına verilən “Prezident təqaüdü”nün məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməklə ödəniləcəyi bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müvafiq dövrər üzrə müavinətin və təqaüdün ödənilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Ona 7 fevral 2001-ci il tarixdə rəsmi qaydada 047816 nömrəli “müharibə veteranı vəsiqəsi” verilmiş və 1 yanvar 2006-cı il tarixdən başlayaraq müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətlərin ödənilməsinə başlanılmışdır. 12 yanvar 2016-cı il tarixdən ona İİ qrup müharibə əlilliyi (əlillik vəsiqəsi № 004643) təyin edilmiş və o, əlilliklə baglı pensiyaya çıxmışdır. Əlilliklə bağlı pensiyaya çıxması ilə əlaqədar 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və 1 aprel 2019-cu il tarixdən hal-hazıradək verilməmiş “Prezident təqaüdü”nün ödənilməsi dayandırılmışdır. İddiaçı hesab edir ki, ona verilməli olan sosial müvinətlərin dayandırılması qanunsuzdur və indiyədək verilməmiş bütün dövrlər üçün verilməlidir. Ona görə də 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və 1 aprel 2019-cu il tarixdən halhazıradək verilməmiş “Prezident təqaüdü”nün hesablanıb birdəfəyə ödənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Fondun Bakı 2 saylı Xidmət Nümayəndəliyinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Müraciətlərə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 5 dekabr 2022-ci il tarixli məktubunda 12 yanvar 2016-cı il tarixdən 12 yanvar 2022-ci il tarixədək ona İİ dərəcə əlilik təyin edildiyindən və sonrra əlillik müddətinin bitməsi ilə əlaqədar ödənişlərin 31 yanvar 2022-ci il tarixdən dayandırılması və bu səbəbdən də müavinət və ya təqaüdün təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, yalnız 1 fevral 2022-ci il tarixdən hər ay verilməli olan 80 manat məbləğində müharibə veteranlarına verilən “Prezident təqaüdü”nün məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdün üzərinə əlavə edilməklə ödəniləcəyi bildirilmişdir. İddiaçı cavabdehin bu hərəkətlərini qanunsuz və əsassız hesab edir. O, 1993 – 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılır. Bu isə o deməkdir ki, ona müharibə veteranı vəsiqəsinin 7 fevral 2001-ci il tarixdə verilməsi onun «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Belə ki, o, müharibə veteranı vəsiqəsini ondan asılı olmayan səbəblər nəticəsində uzun illər ərzində almamışdır ki, bu illər ərzində də müharibə veteranlarının hüquqları məsələsinə münasibətdə qanunvericiliyin normaları sabit olmamışdır. Belə dəyişikliyin ən sonuncusu ondan ibarətdir ki, müharibə veteranlarına verilən müavinətlər 1 aprel 2019-cu il tarixdən “Prezident təqaüdü” ilə əvəz edilmişdir. Lakin qanunvericilikdəki bu dəyişiklik onun sosial təminat sahəsindəki qazandığı hüquqlarını poza bilməz. Belə olan halda qanunvericiliyin dəyişkənliyinin onun müharibə veteranı kimi hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhz buna görə də o (iddiaçı), qanunvericinin sosial təminat sahəsindəki “qazanılmış hüquq” konsepsiyasını əldə rəhbər tutaraq 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlər və 1 aprel 2019-cu il tarixdən halhazıradək verilməmiş “Prezident təqaüdü”nün ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Göstərilənlərə və «Sosial müavinətlər haqqında» Qanunun 1.0.1, 3.1, 7.0.6, 9.1, 10-1.5-ci maddələrinə, İPM-in müddəalarına əsaslanaraq, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 12 yanvar 2016-cı il tarixdən 1 aprel 2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətin və 1 aprel 2019-cu il tarixdən sonrakı dövr üzrə “Prezident təqaüdü”nün hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur.
5. Cavabdeh iddia ərizəsinə etirazı təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 1 sentyabr 2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının 12 yanvar 2016-cı il tarixdən 12 yanvar 2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin olması müəyyən edilmişdir. Müvafiq olaraq iddiaçıya 12 yanvar 2016-cı il tarixdən İİ dərəcə əlilliyinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Prezident təqaüdü və əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçının əlilliyinin müddətinin bitməsi ilə əlaqədar ödənişləri 31 yanvar 2022-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən 1 aprel 2019- cu il tarixdən müharibə veteranlarına təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941 – 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri ən yüksəyi verilir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilirdi. 12 yanvar 2016-cı il tarixdən 31 yanvar 2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə müharibə əlilliyinə görə Prezident təqaüdü və əlilliyə görə əmək pensiyası təyin edilərək ödənildiyi üçün iddiaçıya ərizəsində qeyd etdiyi dövrlər üzrə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün və ya müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya 1 fevral 2022- ci il tarixdən (müharibə əlilliyinə görə ödənilən Prezident təqaüdünün ödənişinin dayandırıldığı tarixdən) 80 manat məbləğində müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir. Ötən dövr üzrə (1 fevral 2022-ci il tarixdən) hesablanmış Prezident təqaüdünün məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq təqaüdünün üzərinə əlavə edilməklə iddiaçıya ödənilməkdədir. Buna görə də hesab edilir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1658/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçıya “müharibə veteranı” vəsiqəsi 7 fevral 2001-ci il tarixdə verilsə də, o, müvafiq statusa həmin vaxtdan əvvəlki dövr üzrə xidmətlərinə görə malikdir. Qeyd olunmalıdır ki, hazırda iddiaçının “müharibə veteranı” adı və vəsiqəsi alması və ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi (vəsiqəsinin alındığı vaxtdan etibarən) işin mübahisəli hallarına aid deyil. Hazırkı inzibati mübahisə iddiaçıya 2016 – 2019-cu illər üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin, 2019- cu ildən sonrakı dövr üzrə isə “Prezident təqaüdü”nün ödənilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə diqqətə çəkir ki, iddiaçı müharibə veteranı statusunu təsfiqləyən vəsiqəni 2001ci ildə aldığından, «Sosial müavinətlər haqqında» Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq müraciətin ünvanlandığı vaxtdan üç il əvvəlki dövr üzrə verilə bilərdi. Lakin məlum olduğu kimi, iddiaçının cavabdehə müraciəti 24 oktyabr 2022-ci il arixə təsadüf edir və həmin tarixdən üç il əvvəlki tarixdə, yəni 24 oktyabr 2019-cu il tarixdə müavinət verilməsi nəzərdə tutulmurdu. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki dövrə münasibətdə ödənilməsi isə, hər hansı normativ hüquqi aktda, o cümlədən sözügedən Fərmanda müəyyən edilməmişdir. Odur ki, iddia “müavinətin verilməsi” hissəsində əsassızdır.
9. Birinci instansiya məhkəməsi , «İnzibati icraat haqqında» Qanuna, «Sosial müavinətlər haqqında» Qanuna, Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1658/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Prezident təqaüdü nə sosial müavinət və nə də ki, pensiya deyil və Prezident təqaüdünün əvvəlki 3 il üçün verilməsi qanunvericilikdə nəzərdə tutulmamışsa da, sosial müavinətin və pensiyanın əvvəlki 3 il üçün verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Digər tərəfdən cavabdeh inzibati orqana qarşı «xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və xx.xx.2019-cu ildən isə indiydək verilməmiş Prezident təqaüdünün hesablanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddia tələbi irəli sürmüşəm və bu tələblər qanunvericiliyin müddəalarına tam uyğundur və bu səbəbdən də təmin edilməlidir. Belə ki, o, iddia ərizəsində bildirmişdir ki, 12 yanvar 2016-cı ildən ona İİ qrup müharibə əlilliyi (əlillik vəsiqəsi № 004643) təyin edilmiş və əlilliklə bağlı pensiyaya çıxmışdır. Məhz həmin tarixdən əlilliklə bağlı pensiyaya çıxmağı ilə əlaqədar xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və xx.xx.2019-cu ildən isə indiydək verilməmiş Prezident təqaüdünün verilməsi dayandırılmışdır. Ona görə də iddia tələbində göstərdiyi kimi, hesab edir ki, əliliklə bağlı pensiya təyin edildikdən sonra ona verilməli olan sosial müvinətlərin və Prezident təqaüdünün dayandırılması tamamilə qanunsuzdur və indiyədək verilməmiş bütün illər üçün verilməlidir. Məhz buna görə də xx.xx.2016-cı il tarixdən xx.xx.2019- cu il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və xx.xx.2019-cu ildən indiydək verilməmiş Prezident təqaüdünün hesablanıb ona birdəfəyə ödənilməsi barədə iddia qaldırmışdır. Onun Prezident təqaüdü almağını müharibə veteranı kimi sosial müavinət və əliliklə bağlı pensiya almağı ilə əlaqələndirib sosial müavinət və pensiya almaq hüququndan məhrum edilməyi doğru deyildir və bu iddiaçı kimi onun Konstitusiyada və Beynəlxalq- hüquqi Aktlarda öz əksini tapan sosial təminat hüququnun pozulmasına gətirib çıxarır ki, bu da iş üzrə tətbiq edilmiş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmadığını göstərir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Konstitusiyada və Beynəlxalq-hüquqi Aktlarda öz əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə həm də müavinət və pensiya almaq hüquqlarını da ehtiva edir. Veteranların müavinət almaq hüququ «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216№-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şəıtləri haqqında Əsasnamə»si və «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 613№-li Fərmanı, «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin 11 iyul 2005-ci il tarixli, 257№-li Fərmanı ilə tənzimlənir. Həm də nəzərə alınmalıdır ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə sasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Belə olan halda hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Bu isə o deməkdir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq «Sosial müavinət haqqında» Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Burada diqqət yetirilə bilən ən mühüm məqam ondan ibarətdir ki, o, müharibə veteranları üçün təyin edilən müavinəti və Prezident təqaüdünü ilk dəfə olaraq müraciət edib almır, əksinə əvvəllər ona təyin edilmiş müavinət və Prezident təqaüdü əlilliklə bağlı pensiya təyin edildikdən sonra dayandırıldığından həmin dayandırılma qərarının qanunsuz və əsassız olmasını mübahisələndirərək əlilliklə bağlı pensiyanın verilməsi ilə yanaşı ona təyin edilmiş müavinət və Prezident təqaüdünün də verilməli olmasını tələb etmişdir. Məhkəmə isə ona təyin edilmiş müavinəti və Prezident təqaüdünü digər təqaüd növü hesab edərək onlardan yalnız birinin-ən yüksək olanın verilməsinin mümkünlüyünü bildirmişdir. Başqa sözlə birinci instansiya məhkəməsi bu xüsusatlara diqqət yetirmədiyi və ən əsası ona təyin edilmiş Prezident təqaüdünü sosial müavinət və əlillik pensiyası ilə eyniləşdirdiyi üçün iddianın təmin edilməməsi barədə qərar çıxartmış və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da AR MPM-nin 385.1.1-ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə iddianın təmin edilməməsini qərarın əsaslandırıcı hissəsində (qərarın 5-ci səhifəsinin 6-7-ci və 6-cı səhifəsinin 1-ci abzaslarında) gəldiyi nəticəni ümumi olaraq əsaslandırmışdır. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə diqqətə çəkir ki, iddiaçı müharibə veteranı statusunu təsdiqləyən vəsiqəni 2001-ci ildən aldığından, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq müraciətin ünvanlandığı vaxtdan üç il əvvəlki dövr üzrə verilə bilərdi.Lakin məlum olduğu kimi, iddiaçının cavabdehə müraciəti 24 oktyabr 2022-ci il tarixə təsadüf edir və həmin tarixdən üç il əvvəlki tarixdə , yəni 24 oktyabr 2019- cu il tarixdə müavinət verilməsi nəzərdə tutulmurdu. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 №-li Fərmanı ilə təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki dövrə münasibətdə ödənilməsi isə, hər hansı normativ hüquqi aktda, o cümlədən sözügedən Fərmanda müəyyən edilməmişdir. Odur ki, iddia «müavinətin verilməsi hissəsində» əsassızdır.Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 №- li Fərmanının 2.2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə iddia ərizəsinə etirazla oxşar məzmunlu etiraz daxil olmuşdur.
Prosses iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdiyini, ona 12 yanvar 2016-cı ildən İİ qrup müharibə əlilliyi təyin ediyini və əlilliklə bağlı pensiyaya çıxdığını, həmin tarixdən əlilliklə bağlı pensiyaya çıxmağı ilə əlaqədar xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin və xx.xx.2019-cu ildən isə indiydək verilməmiş Prezident təqaüdünün verilməsinin dayandırıldığını, odur ki, dayandırılmış Prezident təqaüdünün və əliliklə bağlı pensiya təyin edildikdən sonra ona verilməli olan sosial müavinətlərin ödənilməsini xahiş etdiyini bildirmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdiyini, iddiaçıya xx.xx.2016-cı il tarixində ikinci qrup əlillik müəyyən edildiyini və xx.xx.2022-ci ildə əlilliyin müddətinin bitdiyini, həmin tarixədək Prezident təqaüdü və əliliklə bağlı sosial müavinətlərin iddiaçıya ödənildiyini, Azərbaycan Respublikası Prezidetinin xx.xx.2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərmanında Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verildiyinin qeyd edildiyini, bu əsasla da iddiaçıya iki təqaüd almaq hüququ olduğu halda onlardan ən yüksək olanının ödənildiyini bildirmişdir.
Tətbiq edilən hüquq
15.“Sosial müavinətlər haqqında” Qanun:
Maddə 1.0.1. Sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddə 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;
16. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərmanının 1-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 759; 2002-ci il, № 12, maddə 728; 2003-cü il, № 8, maddə 438; № 9, maddə 472; 2005-ci il, № 3, maddə 162; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 may tarixli 234 nömrəli Fərmanı) 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əvəz edilsin.
17. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı:
1.“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. 2.Müəyyən edilsin ki: 2.1.bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1.2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2.dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2.bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.
18. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir.
19. İnzibati Prosessual Məcəllə (İPM):
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1.Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2.Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1).
23. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).
24. Belə ki, hazırki işin birinci instansiya məhkəməsinin icraatına və apellyasiya şikayətinə münasibətdə qeyd edilməldir ki, iddiaçının 12 yanvar 2016-cı il tarixdən 12 yanvar 2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyinin olması müəyyən edilmişdir. Müvafiq olaraq iddiaçıya 12 yanvar 2016-cı il tarixdən İİ dərəcə əlilliyinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Prezident təqaüdü və əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçının əlilliyinin müddətinin bitməsi ilə əlaqədar ödənişləri 31 yanvar 2022-ci il tarixdən dayandırılmışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı hüquqi marağı xx.xx.2016xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin və xx.xx.2019-cu ildən sonra isə Prezident təqaüdünün ödənilməsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Göründüyü kimi, iddiaçının tələbi 2 hissədən ibarətdir. Birincisi, xx.xx.2016-cı il tarixindənb xx.xx.2019-cu il tarixinədək olan müavinətin ödənilməsi, ikincisi isə 2019-cu il 1 aprel tarixindən 2022-ci ilin fevral ayınadək olan dövrlər üzrə təqaüdün alınmasıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda 2019-cu il ilin 1 aprel tarixinə və həmin tarixdən sonrakı hüquqi tənzimlənmələrə diqqət yetirmək zəruridir. Odur ki, məhkəmə tələbin birinci hissəsi olan xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin verilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1- dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir.
28. “Sosial müavinətlər haqqında” Qanununun 11.1.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinətlərin ödənişi dayandırılır.
29. Göründüyü kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət 2019-cu il aprelin 1-dən sonra ləğv edilmiş və onun əvəzinə Prezident təqaüdü ödənilməyə başlanılmışdır. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının veteran statusundan irəli gələrək tələb etdiyi vəsait 2019-cu il 1 aprel tarixinədək müavinət olduğundan, iddiaçıya 2016-2019-cü illər əlilliyə görə pensiya təyin edildiyindən “Sosial müavinətlər haqqında” Qanunun 11.1.5-ci maddəsinə əsasən müavinəti almaq hüququ olmamışdır. Odur ki, qeyd edilən hüquqi əsasdan irəli gələrək iddiaçıya pensiya aldığı dövrlərdə cavabdeh inzibati orqan tərəfindən əsaslı olaraq müavinət ödənilməmişdir.
30. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi olan xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək müharibə veteranlarına ödənilməli olan Prezident təqaüdünün verilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
31. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya 1 fevral 2022-ci il tarixdən (əlilliyi ləğv edildiyi və bundan irəli gələrək pensiya ödənişinin və müharibə ilə əlaqədar əlilliyinə görə ödənilən Prezident təqaüdünün ödənişinin dayandırıldığı tarixdən) 80 manat məbləğində müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir və iddiaçı hazırki dövrə qədər həmin təqaüdü almaqdadır. Göründüyü kimi iddiaçının xx.xx.2019-cu ildən tarixindən sonra, yəni yeni hüquqi tənzimləməyə əsasən hər iki Prezident təqaüdü (1.müharibə əlilliyinə görə ödənilən təqaüd, 2.müharibə veteranlarına ödənilən təqaüd) almaq hüququ olmuşdur.
32. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Prezident təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri ən yüksəyi verilir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə əlilliyinə görə Prezident təqaüdü aldığı işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, cavabeh inzibati orqan tərəfindən hər iki təqaüddən ən yüksək olanı iddiaçıya ödənildiyindən iddiaçının tələbi həmin hissədə də əsassızdır.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
35. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
39. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslıdır və qanunsuz sayıla bilməz.
42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1658/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1658/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.