Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2463/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu və Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona cavabdehin hərəkətlərinin və onun əlilliyinin ləğv olunması hesab edilməklə, onun əlilliyinin xx.xx.2017-ci il tarixdən bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. (i.v.72). İddianın əsaslarına əsasən 02.08..2012-ci il tarixdə ürək infarktı keçirmiş, Mərkəzi Xəstəxanada sol mədəciyin aşağı divarının miokard infarktı, kəskin mərhələ diaqnozu ilə həmin xəstəxanada ürək əməliyyatına məruz qalmışdır. Əməliyyat effktili olmadığına görə İran İslam Respublikasınnın Təbriz Tbb Universitetinin X6 adına dövlət ürək və damar xəstəlikləri xəstəxanasına müraciət edərək həmin xəstəxanada ürəyin açıq cərrahi əməliyyatı aparılmış, hər iki ayağından vena damarları çıxarılaraq ürəyin 4 damarını 7 saat ərzində narkoz altında dəyişmişlər. Bu müalicələrin və qəbul etdiyi antibiotklərin təsirindən onda böyrək çatışmazlığı yaranmışdır. Müayinə nəticəsində ona böyrək dializi diaqnozu qoyulmuş və Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona xx.xx.2017-ci il tarixdə böyrək daşı xəstəliyi, xroniki böyrək daşı xəstəliyi,xroniki qlomerilonefrit,tez-tez kəskəskinləşmələri, hər iki böyrəyin büzüşməsi, həftədə 3-4 saat böyrək dializi, proqramlı homodializ diaqnozu ilə 1-ci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra ona məhkəmənin qərarına əsasən əlillik pensiyası təyin olunmuşdur. Lakin cavabdeh onun əlilliyini şübhə altına almış əlilliyini etibarsız hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti X1 4086003AABRA saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və müddətsiz 1-ci dərəcə əllik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Göndərişi rəsmiləşdirən «Azərbaycan Dəmir Yolları QSC-nin Tibbi-Sanitar Xidməti tərəfindən əlilliyin təyininə əsas olan həmin göndəriş əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də əlillik altsitemində İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı əlilliyinin dayandırılmış tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, iddiaçıya əlilliyin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edərkən isə apellyasiya şikayətinin dəliləri ilə razılaşmamış, cavabdeh tərəfindən təyin edilmiş əlilliyinin etibarız hesab olunmasını əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda, iddiaçı Məcəllənin qeyd olunan tələbi qaydasında öhdəliyin icrası haqqında iddia vasitəsilə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə təyin olunmuş əlilliyinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, əlilliyinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi qərarında hesab etmişdir ki, «cavabdehin iddiaçını əyani müayinəyə cəlb etmədən, qəbul etdiyi hər hansı qərarı qanuni hesab oluna bilməz. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı əlilliyinin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan, iddiaçının etibarsız hesab edilmiş əlilliyi həmin tarixdən bərpa edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, inzibati orqan olaraq cavabdeh, əlillik təyinatı zamanı iddiaçının iştirakı ilə müayinəsini aparıldığı və həmin inzibati araşdırmanın nəticələri üzrə cavabdehin hüquq sələfi ona xx.xx.2017-ci il tarixli qərarı ilə əlllik dərəcəsi təyin etdiyi halda, sonradan əvvəlki praktikasına zidd olaraq, X1 4086003AABRA saylı göndərişi əsasında ona təyin etdiyi müddətsiz əlillik dərəcəsini, ona heç bir məlumat vermədən və iştirakını təmin etmədən ondan xəbərsiz, müvafiq qərar qəbul etmədən, “Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2018-ci il tarixli NVS-410 saylı məktubu əsasında faktiki hərəkətləri ilə “Əlillik” altsistemində etibarsız hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin sözügedən tələblərinə riayət olunmamış, qanuni mənafelərinə toxunduğu və iddiaçını cəlb eməklə onun iştirakı ilə barəsində inzibati icraat başlamağa borclu olduğu halda, qanunla üzərinə düşən bu öhdəlyini yerinə yetirməmiş, əlillik təyinatından xeyli müddət keçdikdən sonra onun etimad etdiyi barəsində olan əlillik təyinatı barədə qərarını faktiki hərəkətləri ilə etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının qanunla qorunan hüquqları əsaslı şəkildə pozulmuşdur. Ümumiyyətlə, sözügedən Əsasnamənin və “Qayda”nın müddəallarında əlilliyin qiymətləndirilməsi ilə şəxslərə təyin edilmiş əlillik dərəcəsinin etibarız hesab edilməsi nəzərdə tutulmur. Əgər cavabdeh hesab edirdisə ki, iddiaçıya təyin olunan əlillik dərəcəsi qanunsuzdur, belə olan halda “inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri qaydasında həmin qanunsu qərarını ləğv etmək imkanı var idi. Belə olan halda da həmin qərarla maraqlarına toxunan iddiaçının isə həmin qərarı mübahisləndirmək istifadə etmək imkanı yaranmış olurdu. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını mahiyyət etibarı ilə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2463/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2463/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver