Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2463/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair" iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinası əsassız hesab edilərək iddiaçıya 52 yaşdan xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. O, xx.xx.1981xx.xx.1987-ci illər (6 il 5 ay 13 gün) Faner sexində (Bakı DSP zavodu) quruducu vəzifəsində işləmiş, xx.xx.1989-xx.xx.1998-ci illər (8 il 9 ay 23 gün) 2-ci sexə (ACA-MEBEL ATSC) bəzəkçi peşəsində işləmiş, xx.xx.1998-xx.xx.2015-ci illər (17 il 3 ay 17 gün) Nəsimi rayonu 75 saylı Körpələr evində dayə kimi işləmişdir. Belə olan halda onun ümumi stajı 32 il 6 ay 23 gün edir. Bu səbəbdən də o, 52 yaşı tamam olan zamandan güzəştli şərtlərlə əmək pensiyası almalı idi. Bunun üçün də cavabdeh olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh iş stajının təqdim edilən əmək kitabçasına əsasən yoxlanılması zamanı az və səhv hesablayaraq yalnız əmək kitabçasında olan xx.xx.1089-xx.xx.1993-cü illəri götürərək cəmi 4 il 5 ay 29 gün güzəştli stajının olduğunu qeyd edərək ona güzəştli əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirərək pensiya təyin etməkdən imtina etmişdir. Bu isə iddiaçının hüquqlarının pozulması deməkdir. xx.xx.1981xx.xx.1987-ci illər (6 il 5 ay 13 gün) Faner sexində (Bakı DSP zavodu) quruducu vəzifəsində işlədiyi illəri tam, xx.xx.1989-xx.xx.1998-ci illər (8 il 9 ay 23 gün) 2- ci sexə (ACA-MEBEL ATSC) bəzəkçi peşəsində işlədiyi illərində 1993-cü ildən 1998-ci ilə kimi olan dövrü tam olaraq hesablamamışlar. Halbuki, bunlar əmək kitabçasında aydın göstərilmişdir. Cavabdeh isə hansı səbəbdən hesablamadığını qeyd etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin imtinası əsassız hesab edilməli və ona 52 yaşdan güzəştli əmək pensiyası təyin edilməlidir. Onun faner sexlərində işlədiyi quruducu, bəzəkçi vəzifələri də istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə 17.8.1. Faner istehsalında quruducular, 17.8.2. Ağac emalında digər peşələr-tərkibində təhlükəliİiyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan lak-boyaq materiallarını tətbiq etməklə işləyən ağac məmulatlarının bəzək vurucuları sahəsi uyğunluq təşkil edir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə (xx.xx.2017-ci il tarixədək) 23100 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18870,60 manat təşkil edir. İddiaçı Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajının 23 il 3 ay 8 gün (xx.xx.1981- xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), güzəştli iş stajnın isə 4 il 5 ay 29 gün (xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr) olduğu müəyyən edilmişdir. Bu da tələb olunan müddətdən (10 il) azdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş düzgün qərar qəbul etməmişdir. İddiaçının güzəştli iş stajı 10 ildən az olması səbəbindən onun müraciətinin müsbət həlli mümkün olmamışdır. «ACA-Mebel» ATSC-nin xx.xx.2022-ci il tarixli 03/K nömrəli arayışına əsasən iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək analıq məzuniyyətində olmuşdur. Buna görə də həmin dövr ümumi iş stajına daxil edilmiş, lakin güzəştli iş stajı kimi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi bu məsələyə münasibət bildirməmiş və qeyd olunan dövrü iddiaçının güzəştli stajına daxil etmişdir. İddiaçı AR Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına müvafiq iddiaçı xx.xx.1981-xx.xx.1987ci il tarixlərdə işləməsi ilə bağlı arayış təqdim etməmişdir. Birinci instansiya qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmənin gəldiyi həmin nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədli apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının tələbindən görünür ki, məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensmiyası təyin olunmasını məhkəmədən xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixdən qüvvədə olan dəyişikliklə bağlı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən 52 yaş təşkil etmişdir). Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdətuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçıya 52 yaşdan əmək pensiyası təyin olunması üçün güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı mövcuddur. Belə ki, iş materialları üzrə iddiaçıya məxsus 23 mart 1981-ci il tarixdə açılmış ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçının aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1981-xx.xx.1981 - Bakı Mebel yığma kombinatında «Faner» sexində quruducu şagirdi - 3 ay 14 gün; xx.xx.1981-xx.xx.1981 - Bakı DSP (Drevesno-strujeçnaya plita») zavodunda quruducu – 1 ay 2 gün; xx.xx.1981-xx.xx.1987 – həmin zavodda faner sexində «quruducu - 6 il 28 gün; xx.xx.1989-xx.xx.1998 - 1 saylı Mebel fabrikində naxışçı - 8 il 10 ay 6 gün; xx.xx.1998-xx.xx.2015 – Nəsimi rayon 75 saylı körpələr evində dayə (17 il 2 ay 18 gün) - xx.xx.2005-ci il tarixinədək - 6 il 2 ay 18 gün - İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 2006-cı ilə qədər 21 il 6 ay 8 gün ümumi stajı toplanır ki, həmin stajın da 10 ildən çoxunu o, güzəştli pensiya hüququ verən peşələrdə çalışmışdır. Belə ki, “ACA-Mebel” ATSC-nin xx.xx.2022-ci il tarixli 03/K nömrəli arayışında təsbit olunur ki, İddiaçı Məmədiyə qızı 74/k saylı 28 mart 1989-cu il tarixli əmrə əsasən 07 mart 1989-cu il tarixindən 13 yanvar 1998-ci il tarixinədək Bakı 1 saylı Mebel fabrikində ağac məmulatlarının bəzəkçisi peşəsində işləmiş olduğu dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında nəzərdə tutulan 21-ci bölmənin 7ci yarımbölməsinin 2-ci bəndində 22306020-16314 kod ilə göstərilən sahəyə aiddir. 26 avqust 1993-cü il tarixli 332\k saylı əmrlə 06 sentyabr 1993-cü il tarixindən 29 iyun 1996-cı il tarixinədək, 311\k saylı əmrlə 02 iyul 1995-ci ildən 17 iyul 1998-ci il tarixinədək analıq məzuniyyətində olmuşdur. 09\K xx.xx.1998-ci il tarixli əmrlə 13 yanvar 1998-ci il tarixindən işdən azad edilmişdir. Azərbaycan DÖvlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 926 saylı sərəncamına əsasən Bakı 1 saylı mebel fabrikinin əsasında “Aca - Mebel” ATSC yaradılmışdır. Sözügedən arayışdıan ən azından görünür ki, iddiaçının mebel istehsalatında 07 mart 1989-cu il tarixindən onun analıq məzuniyyətinə çıxdığı 26 avqust 1993-cü il tarixinədək olan dövrdə AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 21-ci bölmənin 7-ci (Abac emalı istehsalatı) yarımbölməsinin 2-ci bəndində 22306020-16314 kodunun göstəricisi(tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan lakboyaq materiallarını tətbiq etməklə, işləyən «ağac məmulatlarının bəzək vurucuları») üzrə peşədə 4 il 5 ay 19 gün iş stajı onun güzəştli stajı kimi qəbul edilməyə bilməz. İddiaçının qeyd olunan mebel istehsalatı sahəsində xx.xx.1993-xx.xx.1998 dövründə analıq məzuniyyətində olmasına gəldikdə, artıq formalaşmış məhkəmə təcrübəsinə və qanuni qüvvəsini almış məhkəmə qərarılarına əsasən analıq məzuniyyəti müddəti həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə tələbləri nəzərə alınmaqla, ümumi ümumi staj kimi nəzərə alınır. Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Bundan əlavə, iddiaçının əmək kitabçası üzrə qeyd olunan əmək fəaliyyətindən göründüyü kimi, xx.xx.1981-xx.xx.1987-ci illərdə Bakı «DSP» zavodunda faner sexində «quruducu» kimi 6 il 28 gün işləmişdir. Həmin istehsalat sahəsi hazırda qalmamış, və respublika ərazisində eyni fəaliyyətlə məşğul olan başqa bir müəssisənin mövcud olduğu da məhkəmə tərəfindən müəyyən olunmamışdır. Həmin dövr hər bir halda, SSRİ dövrünə düşür. Keçmiş SSRİ dövründə qüvvədə olan, SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli Qərarı ilə təsdiq olunmuş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəi Siyahısının XXİİİ (Kağız və faner istehsalı) bölməsinn 6-cı (Faner istehsalı) yarımbllməsinin “a“ (fəhlələr) bəndində “quruducular” güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulurdu. İddiaçının əmək kitabçasında aydın şəkildə onun faner sexində quruducu işlədiyi təsbit olunmuşdur. SSRİ dövründə qüvvədə olan, 3 avqust 1972-ci il tarixli 590 nömrəli «Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları haqqında Əsanamənin 117ci bəndinin «a» yarımbəndi staj hesablanprkən birinci növbədə əmək kitabçası nəzərdə tutulurdu. Qüvvədən düşmüş 11 dekabr 2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” isə yalnız işləyən şəxslərə münasibətdə güzəştli arayışın verilməsini nəzərədə tutulurdu. Ümumiyyətlə, qüvvədə olan «Əmək pensiyaları haqqında Qanunun 23.1-ci maddəsinin tələbinə görə “Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən isə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1981-xx.xx.1987-ci illərdə Bakı «DSP» zavodunda faner sexində 6 il 28 gün “quruducu” kimi işlədiyi dövrü də onun güzəştli stajı kimi qəbul edilməlidir. Həmin dövr iddiaçının yuxarıda mebel istehsalatında xx.xx.1989-xx.xx.1993-cü illərdə əmək fəaliyyəti (analıq məzuniyyət dövrü nəzərə alınmadan) dövründə ağac məmulatlarının bəzəkçisi kimi zərərli işdə işlədiyi 4 il 5 ay 19 gün müddət ilə toplandıqda, 10 il 6 ay 17 gün güzəştli stajı mövcud olur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının 10 il güzəştli stajının mövcud olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Onun işə əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən isə müəyyən olunur ki, xx.xx.1962-ci il tarixdə doğulmuşdur. Yəni onun 52 yaşı xx.xx.2014-cü il tarixində tamam olur. Belə olan halda da onun xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən də məhz, iddiaçıya güzəştli şərtlərlə pensyia hüququnun hüqunun yarandığı həmin tarixdən pensiya təyin edilmişdir. Lakin bu zaman məhkəmə təyin edilmiş pensiyanın keçmiş dövr üçün qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin prosedur qaydasını qərarında göstərməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2023 saylı xx.xx.2014-cü il tarixli qərarında yol verilən qeyd olunan çatışmazlıq aradan qaldırılmaqla, o cümlədən, nəticə hissəsində “əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra (“öhdəliyi” sözündən əvvəl) “pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün (yəni, xx.xx.2019cu ildən) hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın iş materiallarında olan iddiaçıya ünvanlanmış 8 mart 2022-c il tarixli imtina məktubundan görünür ki, iddiaçının pensiya təyinatı ilə bağlı müraciəti (ərizəsi) Filiala 24 fevral 2022-ci il tarixdə daxil olmuşdur). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı nəticə hissəsində - “əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün (yəni, xx.xx.2019-cu il tarixdən) hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2463/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2463/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver