Məhkəmə qərarları › İş №2-1(103)-2464/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2464/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2464/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022- ci il tarixli **********198700 nömrəli qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********198700 nömrəli Qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) yanvar 2020 - avqust 2022-ci illər vergi dövrü üzrə inzibati orqanın xx.xx.2022-ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Yoxlamanın nəticəsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Qərar əsasında iddiaçıya ümumilikdə 277 494,96 manat əlavə vergi hesablanmışdır. Həmin Qərardan sahibkar tərəfindən şikayət verilmiş, lakin Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli **********011600 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı bildirmişdir ki, cavabdehin qərarı aşağıdakılara görə bütövlükdə əsassız olmaqla qanuna ziddir: Yoxlamanın keçirilməsi və qərarın çıxarılması zaman cavabdeh tərəfindən maddi və prosessual normaları ciddi pozmuşdur. Belə ki, cavabdeh Vergi Məcəlləsinin müddəalarını pozmaqla Aktda vergiləri sadəcə elektron yaddaş qutusunda olan məlumatlar və hər hansı təsdiqi olmayan "dövriyyə" rəqəmləri əsasında hesablamışdır. Cavabdeh digər vergi orqanının burada sözü gedən səyyar vergi yoxlamasından əvvəl və səyyar vergi yoxlamasına aidiyyəti olmayan operativ vergi nəzarəti zamanı götürülmüş və heç bir dəlil və rəsmi sənədlərlə təsdiqlənməyən rəqəmlər əsasında iddiaçıya əsassız olaraq külli miqdarda vergi hesablanmışdır. Lakin, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vergi orqanı əldə edilmiş rəqəmlərin ilk növbədə həqiqliyini sübuta yetirməli və vergiləri yalnız vergi ödəyicisinin (iddiaçının) və ya onun nümayəndəsinin rəsmi izahatları nəzərə alınmaqla və bunlara əsasən hesablamamalı idi. Cavabdeh sözügedən təsdiqsiz və həqiqiliyi yoxlanılmamış rəqəmləri 2022-ci il iyul ayında əldə etdiyi halda 2022-ci ilin sentyabrında başlanmış yoxlamada həmin rəqəmlərə istinad etməklə tələb etdiyi Aktda vergiləri hesablamışdır. Cavabdeh vergi orqanı yuxanda sözügedən dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etməli, onlann həqiqətə uyğunluğunun yoxlanılması məqsədilə xronometraj keçirməli və yalnız həmin dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etdikdən sonra hər hansı vergi məbləğlərini hesablaya bilərdi. Bunlan yoxlamaq üçün yoxlama dövründa kifayət qədər vaxtı və imkanları olduğuna baxmayaraq cavabdeh bu istiqamətdə heç bir tədbir görməmişdir. Digər tərəfdən götürülmüş cədvəllərdə göstərilmiş məbləğlərə gəldikdə isə vergi orqanı həmin məbləğlərin qəpiklə, manatla, dollarla, rubl və ya digər valyutada göstərilməsini müəyyən etmədən birbaşa öz mülahizəsinə əsasən həmin məbləğlərin manatla göstərildiyi qənaətinə gəlmişdir. Bütün bu xüsusiyyətlər nəzərə alınmaqla cavabdeh vergi orqanı həmin rəqəmlərin həqiqiliyini mütləq araşdırmalı idi. Lakin, yuxarıda göstərildiyi kimi cavabdeh vergi orqanı sözü gedən və vergilərin hesablanması üçün istifadə olunmuş dövriyyə rəqəmlərin heç birini araşdırılmamışdır. Cavadeh tərəfindən vergilərin hesablanması üçün istifadə olunmuş həmin məlumatlarda göstərilən rəqəmlər ümumiyyətlə həqiqəti əks etdirmir və ordakı rəqəmləri iddiaçıya aidiyyəti yoxdur. İddiaçı tərəfindən bütün alış və satışlar ciddi hesabat sənədləri ilə aparıldığına görə hər hansı əlavə uçot aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində (VÖEN: **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən fərdi sahibkarın xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2017-ci il tarixdə isə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi ödəyicisinin əsas fəaliyyətinin “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ilə Əhməd Rəcəbli küçələrinin kəsişməsi ünvanında yerləşən, ümumi sahəsi 43,0 kv. metr olan “Ərzaq mağazası“ adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2012-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin “Əməliyyatlar üzrə cəmi” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” hissəsində ümumilikdə 796 835,88 manat olaraq bəyan edilmişdir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus “Ərzaq mağazası“ adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar götürülmüş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli DVX seriyalı 002759 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol ilə rəsmiləşdirilmişdir. Fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlara (flaşkart) əsasən 2020-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayı üzrə satış dövriyyəsi (vergi ödəyicisi tərəfindən imzalanmış) müvafiq dövrlər üzrə 2 338 474,58 (ƏDV-siz) manat dövriyyə məbləğinin olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövlər üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində əks etdirilmiş 796 835,88 manat (ƏDV-siz) dövriyyə məbləği arasında 1 541 638,70 manat (ƏDV-siz) kənarlaşma müəyyən edilmişdir ki, nəticədə dövlət büdcəsinə hesablanmalı olan 277 494,96 manat ƏDV məbləği yayındırılmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********897300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən, 2022-ci ilin avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə 277 494,96 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********823400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən yenidən keçirilmiş kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 277 494,96 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, operaiv vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların İddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan döriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin birinci instansiya tərəfindən müəyyən edilmiş hallarından görünür ki, vergi ödəyicisi barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” **********198700 nömrəli xx.xx.2022-ci il tarixli qərar cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmişdir. Həmin qərar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus “Ərzaq mağazası“ adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında qəbul edilmişdir. Vergi Məcəlləsinin: 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Kollegiya bildirir ki, iddiaçı barəsində aparılmış operativ vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri (elektron yaddaş qurğusu) təşkil edir. Cavabdehin elektron yaddaş qurğusu əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, həmin qurğu vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəllidir. Digər tərəfdən iddiaçı təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının təsərrüfat obyektindən götürülmüş “elektron yaddaş qurğusunda mövcud olan məlumatlara (flaşkart) əsasən 2020-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayı üzrə satış dövriyyəsi (vergi ödəyicisi tərəfindən imzalanmış) müvafiq dövrlər üzrə 2.338.474,58 (ƏDV-siz) manat dövriyyə məbləğinin olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövlər üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində əks etdirilmiş 796 835,88 manat (ƏDV-siz) dövriyyə məbləği arasında 1 541 638,70 manat (ƏDV-siz) kənarlaşma müəyyən edilmişdir ki, nəticədə dövlət büdcəsinə hesablanmalı olan 277 494,96 manat ƏDV məbləği yayındırılmışdır. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi elektron yaddaş qurğusunun mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Vergi Məcəlləsinin tələblərinə əsasən cavabdeh operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, məsələn xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmışdır. Cavabdehin həmin elektron yaddaş qurğusunda olan məlumatların iddiaçıya aid olan sübut kimi istinad etməsi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin elektron yaddaş qurğusunun iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyəti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir. Cavabdeh apelyasiya şikayətində elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə iddiaçının razılaşdığını və müəyyən edilmiş dövriyyə cədvəlinin fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalandığını bildirsə də, məhkəmə iclasında iştirak edən iddiaçı elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razı olmadığını, həmin məlumatların onun işi ilə əlaqəli olmadığını, orda qeyd edilən bir çox avadanlıqların ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda iddiaçı cədvəldə göstərilən məlumatların doğruluğu ilə bağlı məlumatları imzaladığını, lakin həmin cədvəlin və cədvəlin alt hissəsində yazılan qeydlərin məzmunun ona aydın olmadığını, latın əlifbasını yazıb oxumaqda çətinlik çəkdiyini, cədvlənin altında yazılanların cavabdeh inzibati orqanın əməkdaşlarının göstərişi əsasında yazdığını və onun tərəfindən imzalandığını bildirmişdir. Kollegiya bildirirki, cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Digər tərəfdən Kollegiya hesab edir ki, cavabdeh tərəfindən operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz.” Bundan başqa Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ iki halla məhdudlaşıb kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsinin, sənədlərin və məlumatlar üzrlü əsas olmadan təqdim edilməməsi. Qeyd olunan halların baş verməsi isə məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Əlavə olaraq Kollegiya bildirir ki, yoxlama Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən aparılsa da, yoxlama materiallarında hər hansı başlanmış cinayət işinə istinad və ya cinayət işinin başlanması haqqında qərar yoxdur. Odur ki, məhkəmə həmin operativ nəzarət tədbirini cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparılan yoxlamalara aid olduğu qənaətində deyil. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar