Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2465/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, 3-cü şəxs Eldəniz Axundovun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4189/2021 saylı 02 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “X15” MTK ilə İddiaçı arasında bağlanmış 22.08.2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 01- ci mərtəbəsində 220 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin qeyriyaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 22.08.2006-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın A blokunun 01-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Qeyri-yaşayış sahəsinin pay dəyəri 700.000 AZN təşkil edir. Eyni zamanda “X15” MTK ilə X6 arasında bağlanmış 19.12.2007-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A1 blokunda 1- 2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m. təşkil edir. Kooperativ payçıya həmin qeyri-yaşayış sahəsinin verilməsini, payçı ilə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “X15” MTK ilə X6 arasında bağlanmış 04.05.2017-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı 12.10.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 3 ünvanında inşa edilən yeksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti hesabına tikilir. Buna əsasən tərəflər arasında imzalanmış 19.12.2007-ci il tarixli müqaviləyə əsasən sözügedən ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 1- 2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m., 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m və 4-cü mərtəbə ümümi sahəsi 300 kv.m, cəmi 860 kv.m olan qeyri-yaşayış sahəsinin kooperativ payçıya verilməsini, payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli qətnaməsi ilə “X15” MTK ilə X6 arasında bağlanmış 19.12.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1- 2-3- 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 860 kv.m, 0 cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbə ümümi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsinin X1 və istifadəsinə verilməsi vəzifəsinin “X15” MTK-ya həvalə edilməsi qət edilmişdir. Sözügedən qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, “X15” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən yaşayış binasının istismara qəbul aktının mövcud olub-olmaması, istismarına qəbul aktının olduğu təqdirdə həmin aktı və qeyd edilən binanın birinci mərtəbəsinə dair razılaşdırılmış layihə sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində aşkar olunmadığından məsələnin həllinin imkan xaricində olması qeyd edilmişdir. İddiaçı Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunun 01-ci mərtəbəsində yerləşən sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış **********70 saylı 04 oktyabr 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmalıdır. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onunla “X15” MTK arasında bağlanmış 22.08.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 01-ci mərtəbəsində yerləşən sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli məktubundan görünür ki, Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında sahəsi 203.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 avqust 2006-cı il tarixdə “X15” MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 01-ci mərtəbəsində yerləşən 220 kv.m. olan qeyri-yaşayış sahəsi ona verilmiş, həmin tarixdə “X15” MTK-nın sədri Hikmət Yigitdöllə mənzil müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən o, “X15” MTK-ya həmin qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Buna görə də ona “X15” MTK tərəfindən qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməsi və ona heç bir borcunun olmaması barədə 22 avqust 2006-cı il tarixdə maliyyə arayışı verilmişdir. Bundan sonra mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi məqsədilə bütün lazımi sənədləri əlavə etməklə Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinın iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmələrin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)4488/2017 saylı 04 oktyabr 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və qərar icra edilmişdir. Bununla bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 14.11.2017-ci il tarixli çıxarış verilmişdir. X2 hazırki iş üzrə 3-cü şəxs qismində işə cəlb olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin onun ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4488/2017 saylı 26.12.2019-cu il tarixli qərardadı ilə təmin olunmamışdır. Həmin qərardad apellyasiya qaydasında 2-1(103)-843/2020 saylı 18.03.2020-ci il tarixli qərardadla dəyişdirilmədən saxlanılsa da, sonradan verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1556/2020 saylı 25.08.2020-ci il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin 18.03.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)-1911/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadı ilə 1-ci instansiya məhkəməsinin 2-1(82)-4488/2017 saylı 04.10.2017-ci il tarixli qərarı və 26.12.2019-cu il tarixli qərardadı ləğv edilmiş və X6 hazırki iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2021 saylı 09 fevral 2021ci il tarixli qərardadı ilə “X15” MTK hazırki iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2021 saylı 02 iyul 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tam əsassızdır və formalaşmış məhkəmə təcrübəsinə tam ziddir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinin olduğunu, qeyri-yaşayış sahəsinin iddiaçıya “X15” MTK tərəfindən təhvil verildiyini, sahənin icarəyə verildiyini bildirmiş, bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3-cü şəxs Eldəniz Axundovun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilllərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 14.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və digər 3-cü şəxs “X15” MTK məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin və 3-cü şəxs “X15” MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdehin və 3-cü şəxs “X15” MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanı qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirdiyi üçün onun tərəfindən iddia müddəti ötürülməmiş sayılır. Bu baxımdan məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “onunla “X15” MTK arasında bağlanmış 22.08.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 01-ci mərtəbəsində yerləşən sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə əsaslanaraq tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbinin əsası kimi istinad edilən halların subut edilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuniistifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Sadalanan maddi hüquq normalarının məzmunundan da görünür ki, həm 01 yanvar 2013-cü il tarixədək inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə sənədi qeyd olunmuşdur. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir. Həmin Qanunun 19-cu maddəsinə əsasən şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq tikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndis nəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05.12.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.13.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissəhissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X11 Xidmətinin, Tikintidə X3 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X5 Görülməsi və X7 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitargigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Göründüyü kimi, həm mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalara görə tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktının olması tələb olunur ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması mümkün olsun. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Tikinti işlərinin dayandırılması barədə 0612 saylı 24.09.2018-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181-ci ünvanda yerləşən yaşayış binasının tikintisi tikintiyə icazə, tikintiyə icazə barədə xüsusi nişanın olmaması, 4 mərtəbəli qeyri-yaşayış binasının 2 və 3-cü mərtəbələrinin örtük tavanında boşluğun açılması səbəbindən tikinti işlərinin dayandırılması qərara alınmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddiaçının tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2021 saylı 02 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2465/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2465/2021
14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver