Məhkəmə qərarları › İş №2-1(103)-2466/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2466/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2466/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3331/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilən ünvanlı dövlət sosial yardımının bərpa edilməsi, ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı məhdudiyyətin aradan qaldırılması və xx.xx.2023-cu il tarixindən ödənilməli olan sosial yardım ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 ünvanlı sosial yardımın dayandırılmasının qanunsuz hesab edilməklə dayandırıldığı 01 sentyabr 2023-cü il tarixindən bərpa edilməsi və ödənilməmiş ünvanlı sosial yardımın ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət sosial yardımının alınması ilə əlaqədar olaraq cavabdehə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ailəsinə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailəsinin 18 yaşına çatmamış üzvləri X1, X11, X3 və X4 barədə məlumat verərək, ailəsi üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün iddiaçının ailəni təmsil edən şəxs kimi qeydə alınması xahiş olunmuşdur. Sözügedən müraciətlərə cavab olaraq xx.xx.2023-cü il tarixindən etibarən ÜDSY (ünvanlı dövlət sosial yardımı) təyin olunmuşdur. Müvafiq orqan tərəfindən xx.xx.2023-cü il tarixli qeydiyyata sahib, mövcud gerçəkliyə (ÜDSY-nin gerçəktən ödənilməsi) uyğun olmayan imtina haqqında bildiriş də sonradan təqdim edilmişdir. Ünvanlı dövlət sosial yardımını almaq məqsədilə cavabdehə müraciət etmişdir. Təyin olunmuş ünvanlı dövlət sosial yardımı xx.xx.2023 tarixindən etibarən dayandırılmışdır. İddiaçı yenidən xx.xx.2023 tarixində cavabdehə müraciət etmiş, ona sosial yardımın alınması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində qeydə alınmış xx.xx.2023-cü il tarixli elektron müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq, ailəsinə VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixindən 755.06 manat məbləğində sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı bildirilmişdir. Bundan başqa, ailəsinin gəlirlərində uyğunsuzluq aşkar olunması səbəbindən ailəsinin sosial yardım almaq hüququnun xx.xx.2024-cü il tarixinədək məhdudlaşdırıldığı bildirilmişdir. Əlavə olaraq həmin sənəddə məlumat olaraq bildirilən, doğru olmayan bir məlumatı da qeyd etmək vacibdir ki, xx.xx.2023-cü il tarixində onunla müvafiq məlumatlandırmanı aparmaq məqsədilə telefon və ya digər vasitələrlə əlaqə saxlanılmamışdır. O və ya ailəsinin hər hansı bir üzvü tərəfindən sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verilməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-3331/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvanlı sosial yardımın dayandırılmasının qanunsuz hesab edilməklə dayandırıldığı 01 sentyabr 2023-cü il tarixindən bərpa edilməsi və ödənilməmiş ünvanlı sosial yardımın ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardımının bərpa edilməsi, ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı məhdudiyyətin aradan qaldırılması və xx.xx.2023cü il tarixdən ödənilməli olan sosial yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və ya hər hansı ailə üzvü tərəfindən sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə düzgün olmayan və ya natamam məlumat verilməmişdir, bu səbəbdən iddia tələbi təmin edilərək, ünvanlı dövlət sosial yardımı bərpa edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ünvanlı sosial yardımın dayandırılmasının qanunsuz hesab edilməklə dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi və ödənilməmiş ünvanlı sosial yardımın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X5 adına qüvvədə olan əmək müqaviləsi olduğu halda, həmçinin nə iddiaçının, nə də ki adıçəkilən şəxsin ailənin tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumat verdiyi sübut olunmadığından, ən əsası isə cavabdeh iddia etdiyi hal, yəni muzdlu işlə əlaqədar gəlirdən məcburi sosial sığorta ödənişlərinin olunmaması iddiaçının və ya onun həyat yoldaşının məsuliyyət sferasına aid olmadığından, hazırki halda iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırılması əsassızdır. Həmçinin hazırki işdə iddiaçıya ünvanlı dövlət sosial yardımın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçının ailəsinə xx.xx.2023-cü il tarixdən 755,06 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Sonradan monitorinq nəticəsində ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmadığına görə ünvanlı dövlət sosial yardımı verilməsi 12 sentyabr 2023-cü il tarixdən dayandırılmış, ailənin sosial yardım almaq hüququna xx.xx.2023-cü il tarixə qədər məhdudlaşdırılma qoyulmuşdur. Bu barədə VEMTAS vasitəsilə iddiaçının “Ərizəbəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinə məlumat göndərilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlara əsasən, iddiaçının əri X9 işəgötürən X8 ilə əmək müqaviləsi bağlayaraq 1217,33 manat gəlir əldə etmişdir. Lakin bu məlumat Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sığorta (Hesabat) - Baxış Altsistemində öz təsdiqini tapmamışdır. Belə ki, adıçəkilən altsistemdə olan məlumatlara əsasən Ş.Haciyevin fərdi hesabında axırıncı ödəniş 2017-ci ildə qeydə alınmışdır. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi sözügedən əmək müqaviləsinin ailəyə ünvanlı sövlət sosial yardımı təyin edilməsi üçün formal olaraq bağlanmasına əsaslı şübhələr yaradır. Həmçinin iddiaçıya sosial yardım təyin edilərkən xx.xx.2023-cü il tarixdə aparılmış maddi-məişət şəraitinin müayinəsi aktına əsasən, iddiaçının həyat yoldaşının 2023-cü ilin fevral ayından etibarən günəmuzd işləyərək aylıq 300 manat əməkhaqqı aldığı və başqa gəlirlərinin olmadığı bildirilmişdir. Həyata keçirilən müayinə zamanı iddiaçının verdiyi məlumatlara əsaslanaraq təyin edilmiş sosial yardımın sonradan kameral yoxlaması zamanı iddiaçının həyat yoldaşının işlədiyini bildirməsinə baxmayaraq, məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi aşkar olunmuşdur. Belə olan halda ailənin əvvəlki 12 ayda olan gəlirlərinin müəyyən edilməsi və sosial yardımın təyin edilib ödənilməsi, ödəniləcək məbləğin müəyyən edilməsi mümkün olmadığından təyin edilmiş sosial yardım dayandırılmışdır. İddiaçının işləməsi, əldə etdiyi gəlir və s. hallar birbaşa olaraq əmək müqaviləsi əsasında ödənilən məcburi dövlət sosial sığorta haqları ilə müəyyən edilir. Hazırki işdə ailəyə təyin ediləcək ünvanlı sosial yardımın məbləği və hər bir ailə üzvü üçün müəyyən edilmiş ehtiyac meyarından aşağı olan məbləğ təmsilçi İddiaçı tərəfindən bəyan edilmiş əməkhaqqı əsasında müəyyən edildiyindən daha sonra sözügedən işləmə faktının təsdiqini tapmaması imtina əsasıdır və dayandırmaya əsas verən hal kimi nəzərə alınmalıdır. Qeyd edilənlərdən aydın olduğu kimi, ailənin aztəminatlı hesab olunaraq ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün orta aylıq gəlir məhz onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olmalıdır. Yəni iddiaçının həyat yoldaşı əmək qabiliyyətsiz, orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və digər kateqoriyaya aid olmadığından işləməli və gəlirləri olmalıdır. Şəxsin işləyib gəlirlər əldə etməsi isə məcburi dövlət sosial sığorta haqları ilə müəyyən edilir. Hazırki halda isə iddiaçı tərəfindən Ərizəbəyannamədə qeyd edilmiş həyat yoldaşının əmək müqaviləsi üzrə gəlirləri qeyd edilənlərdən göründüyü kimi, müvafiq qaydada öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçı tərəfindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsində göstərilən tələblərin pozulması aşkar olunduğundan - ailənin gəliri barədə məlumat düzgün olmadığından sosial yardımın ödənilməsi dayandırılmışdır. Birinci instansiya məhkəməsinin qərarı qeyd olunan əsaslara görə düzgün olmadığından, beləliklə də, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli və qərar ləğv edilərək iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Ailənizi təmsil edən şəxs qismində sosial yardımın alınması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində qeydə alınmış xx.xx.2023-cü il tarixli elektron müraciətiniz əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə uyğun olaraq, ailənizə VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixindən 755,06 manat məbləğində sosial yardımın təyin olunması barədə qərar çıxarılmışdır. VEMTAS-da risk əsaslı auditin həyata keçirilməsi zamanı ailənizin gəlirlərində uyğunsuzluq aşkar olunduğuna görə təyin olunmuş sosial yardımın ödənişi Qaydalara uyğun olaraq “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmaması” səbəbi göstərilməklə VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Həmçinin ailənizin sosial yardımı almaq hüququ xx.xx.2024-cü il tarixinədək məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixində Sizinlə telefon vasitəsilə əlaqə saxlanılaraq tətbiq edilmiş məhdudlaşdırma müddəti bitdikdən sonra rəsmi qaydada VEMTAS-a müraciətiniz olduğu halda, ailənizin sosial yardım almaq hüququna mövcud qanunvericiliyə uyğun olaraq yenidən baxılacağı barədə məlumat verilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0-cı maddəsinə əsasən bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra - sosial yardım) - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı. 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 10.1-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2-ci maddəsinə əsasə sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3-cü maddəsinə əsasən bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X7 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.9. Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 4.10. Sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində sosial yardımın alınması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində qeydə alınmış xx.xx.2023-cü il tarixli elektron müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, ailəsinə VEMTAS tərəfindən xx.xx.2023-cü il tarixindən 755,06 manat məbləğində sosial yardımın təyin olunması barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının əri X6 fərdi hesabında axırıncı ödəniş 2017-ci ildə qeydə alındığından məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi əsası ilə “Ünvanlı yardım” (VEMTAS) altsistemində xx.xx.2023-cü il tarixindən dayandırılmış, ailənin sosial yardımı almaq hüququ xx.xx.2024-cü il tarixinədək məhdudlaşdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh orqan ünvanlı dövlət sosial yardım ilə bağlı məsələləri tənzimləyən normaları, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda ünvanlı dövlət sosial yardımın dayandırılması əsaslarının dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçının ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması halı həmin Qaydalarda ünvanlı dövlət sosial yardımın dayandırılması üçün əsas kimi nəzərdə tutulmamışdır. İddiaçının əri X5 adına əmək müqaviləsi mövcuddur və hal-hazırda qüvvədədir. X5 fərdi hesabında axrıcı ödənişinin 2017-ci ildə qeydə alınması onun iradəsindən asılı olan hal deyil, o, buna görə məsuliyyət daşımır. Belə ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Əmək müqaviləsi qüvvədə olduğu halda, işəgötürən tərəfindən işçiyə münasibətdə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyası aidiyyəti inzibati orqanın səlahiyyətlərinə aiddir. İstənilən halda, iddiaçının ailə üzvü olan X5 fərdi hesabında axırıcı ödənişinin 2017-ci ildə qeydə alınması və növbəti illərdə əmək haqqıdan məcburi sosial sığorta haqlarının tutulması istiqamətində əsas məsuliyyət işəgötürənin özünə və buna nəzarət funksiyası isə aidiyyəti inzibati orqana aiddir. Yəni, nə iddiaçının, nə də onun ərinin (X5) əmək haqqından məcburi sosial sığorta haqlarının ödənilməməsində təqsirli hərəkətləri olmamışdır. Bununla da, cavabdeh tərəfindən iddiaçının ailənin tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumat verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ünvanlı dövlət sosial yardımın dayandırılması və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq onlara 1 (bir) il müddətinə sosial yardım almaq hüququna məhdudiyyət tətbiq edilməsi əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3331/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar